YENİ TƏDQİQAT ƏSƏRİ: "BÜTÜN YÖNLƏRİ İLƏ YARADICI"

 

 

Bəzən onlarla irihəcmli tədqiqat əsəri ilə tanışlıq bizə mövzunun əhatə olunması baxımından dolğun təsir bağışlamır. Yəni əsərdə xeyli sayda mənbə-məxəzlərə müraciət olunsa da burda ədəbi tənqidin meyarı, əsas göstəriciləri öz əksini tapmadığından müəllifin amalı aydın görünmür. Mövzudan kənar fikirlərin baş alıb getməsi əsərin əsas qayəsini arxa plana keçirir. İşin elmi yeniliyinin, ciddi araşdırmanın, özünəxas üslubun olmaması və problemin öz həllini tapmaması əsəri uğursuzluğa düçar edir. Bu, tədqiqatçının predmeti tədqiq etmək imkanının aşağı səviyyədə olduğunu göstərir. Belədə dövrün, ədəbi qəhrəmanın ictimai-mənəvi xarakteri yetərincə açılmadığı da ortada olur. Nəticədə bu kimi monoqrafiyalara mənbə kimi müraciət olunmur və bu "tədqiqat əsərləri" rəflərdə illərlə qatı açılmamış qalır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin yeni - "Bütün yönləri ilə yaradıcı" tədqiqat əsəriylə tanış olanda, ədəbiyyata təfəkkürün işığında yanaşmanın ədəbi tənqidimizə qazandırdığı dəyərləri bir daha dərindən duydum. Kitabı vərəqlədikcə qarşımda forma və məzmunca yeni bir elmi araşdırma gördüm. Müqəddimə ilə yekun da daxil olmaqla 9 bölməni əhatə edən bu əsər ilkin olaraq məndə belə bir fikir doğurdu ki, İsa Həbibbəylinin Rəşad Məcid yaradıcılığına bələdliyi, onun ictimai-ədəbi fəaliyyətini sərf-nəzər etməsi bu ədəbi ömrə olduqca ciddi və əhatəli yanaşmanın təzahürüdür. Ədəbiyyatşünas-alim Rəşadın yaradıcılığından əxz etdiyi fərdi xüsusiyyətləri ədəbi tənqidin predmeti etməyi, mətnlərin içərisindən görünən düşüncə adamının obrazını yaratmağı vacib bilmişdır. Bunlar təbii ki, ədəbiyyat tariximizin zaman-zaman yetişdirdiyi simaları gələcək nəslə tanıtmaq, ədəbi yaddaşa ötürmək yükünü şərəflə daşımaq missiyasıdır. Başqa bir tərəfdən, İ.Həbibbəylinin belə bir monoqrafik əsəri ərsəyə gətirməsi ədəbi tənqidin problemlərinə akademik yanaşmanın ziyalı təəssübkeşliyindən yaranıb. Burda müəllif Rəşad Məcid yaradıcılığını bütün istiqamətlərdən və ən xırda, eyni zamanda əhəmiyyətli olan detallarınacan tədqiq etməklə ədəbiyyatşünaslıq elmini yeni bir ədəbi sima ilə zəngiləşdirmiş, ona ictimai marağı artırmış oldu. Bununla çoxluğun belə bir fikrini də qüvvətləndirdi ki, ötən əsrin sonlarından ədəbi yaradıcılığı ilə yol gələn şair, yazıçı-publisist Rəşad Məcid milli düşüncənin ləyaqətli davamçısı olan bir ziyalıdır.

Belə düşünürəm ki, yazıçı-publisist, şair Rəşad Məcidi mətbuat-ədəbiyyat adamları, ictimai-ədəbi mühit yetərincə tanıyır, onun çoxçeşidli yaradıcılığına da bələddirlər. Bu gün bu yaradıcılığın mahiyyəti ictimai şüura rəsir etmək gücündə olsa da nəsillər dəyişildikcə bunlar unudulur. Elə ədəbiyyatın kəsb etdiyi milli-mənəvi dəyərlərin yaşamasından ötrü ədəbi tənqidin belə əsərləri tədqiq edərək ədəbiyyatşünaslıqda yerini və rolunu göstərməsi olduqca vacibdir.

"Bir yüngülvari müqəddimə"də İsa müəllim bu yaradıcılığın içində gəzişmələr etmiş, "ədəbiyyat cəmiyyətində" Rəşad Məcid yaradıcılığını "bütün yönləri ilə" təhlil süzgəcindən keçirərək ortaya yığcam, eyni zamanda sanballı bir tədqiqat əsəri qoymuşdur. Burda yazıçının yaradıcılığı dövrlər üzrə qruplaşdırılmış, hər dövrün ədəbi məhsuluna özünəxaslıq prizmasından yanaşılmışdır. Bununla, İsa müəllim ədəbi tənqidimizdə forma və məzmun baxımından belə tədqiqatların vacibliyi məsələsini də ortaya qoymuşdur.

Müəllif dövrlərə böldüyü yaradıcılıq yolunu səciyyəvi başlanğıcdan inkişafa aparan xüsusiyyətləri, bütün janrlarda özünüifadəyə söykənən amilləri, bədii-publisist düşüncəni, ciddi təhlil obyekti kimi aktuallıq prizmasından işıqlandırır. Rəşadın ədəbi fəaliyyətinin elmi-nəzəri aspektdən araşdırılması bu yaradıcılığın bir neçə istiqamətdən öyrənilməsinə əsaslanır. Bunlar yeni dövr ədəbiyyatın tam fərqli, özünəxas xüsusiyyətləri, vəzifələri çərçivəsində tədqiq edilmişdir.

İ.Həbibbəylinin R.Məcid yaradıcılığına, ictimai-ədəbi fəaliyyətinə nəzər yetirməsi bu ədəbi ömrə olduqca ciddi və əhatəli yanaşmasından irəli gəlmişdir. Müəllif Rəşadın yaradıcılığından əxz etdiyi yeni fərdi xüsusiyyətləri ədəbi tənqidin predmeti etməyi, mətnlərin içərisindən görünən düşüncə adamının obrazını yaratmağı vacib sanmışdır. Bunlar təbii ki, zaman-zaman ədəbiyyat tariximizin yetişdirdiyi simaları gələcək nəslə tanıtmaq, ədəbi-elmi, ictimai yaddaşa ötürmək ənənəsinin yeni dəyərlər qazanması təcrübəsindən doğmuşdur.

İsa müəllim tədqiqat işığını Rəşadın 18-20 yaşlarından ədəbi yaradıcılığa marağının poetik düşüncəsində, gənclik təxəyyülündə xəfif rənglərdən yaratdığı mənzərəyə salmış, bütövlükdə əsərlərini ədəbiyyatşünas baxışları ilə sərf-nəzər etmişdir. Onun ilk yaradıcılıq dövrünün hiss-həyəcanlarına həssaslıq göstərmiş, ustad şairlərin (M.Araz, Ə.Kərimli...) ədəbi təsirilə şeirlər yazdığını və bu lirik-ictimai məzmunlu nümunələrdə lirik "mən"in düşüncəsində yetişib-formalaşdırdığı ədəbi məhsullarına elmi-nəzəri baxışlarını sistemli şəkildə ifadə etmişdir.

Elə ədəbiyyatşünaslıqda, ədəbi tənqiddə elmi-nəzəri təhlil, mövzunun bütün istiqamətlərdən tədqiqi başlıca meyardı. Burda müqayisə, ümumiləşdirmə, fərdiləşdirmə prinsipləri təhlilin canını ifadə edir. Akademikin araşdırmasının əsasını da bu xüsusiyyətlər təşkil edir. R.Məcidin yaradıcılığında oxşarlıqları da həssaslıqla duyan müəllif bu yaradıcılığın kökündə dayanan təbiiliyin mahiyyətinə diqqət yetirir. Nədir bu təbiilik?

"Nəzərə almaq lazımdır ki, bədii yaradıcılıqda əsas məsələ cavan yaradıcı şəxsin bu təbii prosesi keçib, daha tez özünü ifadə edə bilməsindən ibarətdir. Və Rəşad Məcid də böyük ədəbiyyata gedən yolun başlanğıc mərhələsinin öyrənmə-təsirlənmə dövrünü yaşayaraq, keçərək qısa müddət ərzində şeirdə öz sözünü deməyi bacarmışdır". Beləliklə, müəllif R.Məcidin getdikcə bu təsirlərdən ayrılaraq şeirdən-şeirə fikir və poetikanın fərdi, cilalı xüsusiyyətləri ilə öz cığırına, yoluna düşdüyünü mətnlərdən aldığı nümunələrlə təhlil-tədqiq müstəvisinə çıxarmışdır. Əsərlərinin mahiyyətində ifadə olunmuş ideyanı açmış, fikir qatlarında ümumiləşdirmələr apararaq, özünəxaslıq, fərdilik xüsusiyyətinə nəzəri qənaətini bildirmişdir. Burdan aydın olur ki, buna qədər R.Məcid haqqında deyilmiş fikirlər müəyyən qədər təəssürat xarakteri daşıyırdısa, "Bütün yönləri ilə yaradıcı" tədqiqat əsəri müəllifin elmi-nəzəri süzgəcindən keçirilərək ədəbiyyatşünaslığın, ədəbi tənqidin mövzusuna, predmetinə çevrilmişdir.

Əsərdə mənə, ümumən ədəbi tənqidimizə maraqlı görünən tərəflər, xüsusi məqamlar yetərincədir. İsa müəllimin ədəbiyyata qayğısı, ədəbi tənqidə ciddi və davamlı münasibəti, tədqiqatın ağır zəhmətinə qatlaşması ictimai fikrin inkişafı prosesinə xidmətinin göstəricisidir. Belə bir yığcam formada monoqrafik əsərin bir çox aspektdən işlənilməsi, sənətkarın ədəbi imkanlarının üzə çıxarılması baxımından da təqdirəlayiqdir. Tədqiqatçı bununla onu göstərdi ki, söz-fikir adamının ədəbi yaradıcılığının nəzəri cəhətlərini, elmi yeniliyini, xarakterini yığcam formada, özünün tempi-ahəngi ilə də təhlil-tədqiq etmək mümükündür.

İ.Həbibbəyli müqəddiməsində, sonrakı bölmələrdə "10 sentyabr" hekayəsinin Rəşadın yaradıcılığında "nasirlik fəaliyyəti qazanması" fikrini önə çıxarsa da, təhlilin miqyası əsla bu hekayənin kölgəsində qalmamış, yaradıcılığının başqa bir qanadı olan poeziyasının özəlliklə dolu səciyyəsini maraqlı formada təqdim etmişdir. Bu bənzətmə-təhlilə fikir verin: "Rəşad Məcid üçün şeir "bir dolu ürəyin püskürmə çağıdı, "dikəlib asfaltı deşən bənövşə"dir, "sinədə boğmaq olmayan qəfil hönkürtü" kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir". Göründüyü kimi, belə bir maraqlı, tutarlı təhlilin obyekti, ana yatağı Rəşadın poeziya gülüstanıdır.

Rəşad Məcidin ədəbiyyat adamı olaraq böyük həyata gəlişi özünün xatırlamasında olduqca sadə təsir bağışlayır. "Yazıçı tənqidi: "Esselər" mənim də böyük maraqla oxuduğum məqaləsini yadıma saldı. Və gördüm ki, bu məqalədə ədəbi tənqid elementləri Rəşadın özünün də elmi təfəkkürə malik olduğunu göstərir.

Xatırladım ki, ötən il Rəşad Məcid bir maraqlı əsərini, "Dəlicəsinə" kitabını ictimai-ədəbi fikrin diqqətinə təqdim etməklə yaradıcı mühitdə bir rezonans yaratdı. Və bu kitab yaşından, ictimai mövqeyindən asılı olmayaraq, çoxluğun diqqətini çəkdi, mətbuatda əsər haqqında dəyərli fikirlər səsləndi. "Dəlicəsinə sevə bilsək" məqaləsində bu sətirlərin müəllifi də Rəşadın yaradıcılığına münasibətini bildirdi. Sözümün bu məqamında bunacan dediklərimlə səsləşdiyindən, həmin yazıdan bəzi fikirləri xatırlamağı vacib sayıram: "Rəşadın yazılarında dilin sadəliyi, fikrin sanbalı, müşahidələrinin itiliyi, hadisələrə çevik publisist münasibəti, qərəzsizliyi və bu sıradan çox xüsusiyyətləri onun ictimai-ədəbi mühitdə kifayət qədər tanınmasını şərtləndirir. O, yaşadıqlarının içindən görünən ovqat adamı kimi də maraqlıdır. Burda müəllif tarixi məqamlara həssaslıqla yanaşmış, mövzunu xarakterindən irəli gələn tamlıqla, yazı manerasına uyğun bir üslubda təqdim etmişdir. Bunun başlıca səbəbi müəllifin, hadisələrin mərkəzində olması, müşahidələrinə doğru mövqedən münasibət bildirməsidir. O, yazılarında elə keçidlər edir ki, burda soyuq mühakiməylə araşdırılan məsələlərə, ədəbi priyomlara, çevik, analitik çözümə heyrət etməyə bilmirsən. Dildə də, əməldə də yekrəngliyi müəllifin öz peşəsində səbatlı, dəqiq olmasından irəli gəlir. O, ədəbiyyat adamı kimi dünəndən bu günə uzun, həm də uğurlu bir yol qət etmişdir. Oxucuya maraqlı və inandırıcı görünən də məhz yazıçının yaşadıqlarına ictimai məzmun verə bilməsidir". Bu fikirləri yada salmaqda bir nüansa diqqət yetirilməsini istəyirəm: Əgər "Dəlicəsinə" haqqında mənim və başqalarının yazılarında müəllifin əsasən ictimai mövqeyi, naşirlik fəaliyyəti, şəxsi keyfiyyətləri təqdim edilmişdirsə, İsa müəllimin tədqiqatında hələ heç kimin cəhd etmədiyi, bəlkə də görmədiyi cəhətlər, bu ətrafda düşünmədiyi məqamlar ədəbiyyatşünas təfəkkürünün işığında təhlilə cəlb edilmiş, şəxsiyyətin ədəbi kimliyi, yaradıcılıq yolu hərtərəfli, bütün yönləri ilə müstəviyə gətirilmişdir.

Bu təhlillərdə mənə maraqlı görünən əsas cəhət, çoxları haqqında təkrarlanan ümumi fikirlər, ütülü müddəalar, bənzətmələrdən uzaq olan səciyyəvilik, mətnlərin dərinliyinə, mahiyyətinə vararaq fərqli, xarakterik detalları araşdırması boyu seçərək təhlil-tədqiq etməsi olmuşdur.

Bu şeirlərin ruhunun göz-könülə, düşüncəyə axan "ağ işıq"ı təhlil predmeti kimi çox uğurludur. İsa müəllim, məhz şairin içində tapındığı bir işığın şeirlərə süzüldüyünü mətnlərin özündən seçib-sonalayıb aydınlığa çıxarmışdır. Bu şeirlərdə çeşidli məna çalarlarının "poetik hadisə" olduğunu dəyərləndirmiş, "onun təqdimatında ağ işıq daha effektlidir", deyərək bu lirik-epik nümunələri, yaradıcılığındakı fərqliliyi, özünəməxsusluğu arayıb-darayıb oxucuya təqdim etmişdir. Müəllif bu cür vətəndaşlıq qazanmış şeirlərində "zahirən" görünməsə də, hiss olunacaq tərzdə "süjet əlamətləri", "nağıl-təhkiyə"ni maraqlı predmet kimi təhlil edir. Və bütün bunları şairin bənzərsiz yaradıcılıq uğurları kimi dəyərləndirir. Şeirlərinin adlarının "epik təhkiyə, danışıq kimi səslənməsi" də bu poeziyanın ideya-mahiyyətini ifadə edir. Müşahidə-müqayisələrin, orijinal görünən təhlilin necə bir yeni düşüncə və baxışlara tapındığı aydın görünür. İsa müəllimin təqdimatından o da bəlli olur ki, Rəşad ədəbi mühitin bir sıra hadisələrini yüksək erudisiyası, ədəb-ərkanıyla, müsahibiylə üzbəsurət söhbətləşirmiş kimi səmimi ifadə edə bilən yaradıcı şəxsdir. Zənnimizcə, bu tip monoqrafik tədqiqat əsərləri ədəbi personalı bütün prizmalardan təqdim etməyin faydalı üsuludur. Mənə görə Rəşadın şeirlərinin ahəngində, rəngli təsvirində ipək ştrixlər var.

Bəzən kimlərinsə yaradıcılıq yolunun özünəməxsusluğunu elə bu sözün səslənişi ilə, ümumi şəkildə ifadə edirik. Əslində bu "özünəməxsusluğun" nədən ibarət olması, detalları açılmamış qalır. İsa müəllim bu sözün şablon ifadəsindən fərqli olaraq özünəməxsusluğun səciyyəsini özünəxaslığı ilə açıqlayır. Həm də çətin, diləyatmaz, anlaşılmaz terminlərdən uzaq, sadə deyim tərzilə belə ifadə edir: "Publisistikadakı özünəməxsusluq Rəşad Məcidin bu sahəyə qəzetçiliklə bədii yaradıcılıq arasında xüsusi bir fəaliyyət növü kimi yanaşdığını göstərir. Əslində Rəşad Məcidin publisistikası problemləri etibarilə qəzetçilikdən, ifadə vasitələri baxımından isə yaradıcılıqdan gəlir. Rəşad Məcidin publisistikasında məsələnin hər iki tərəfinin özünəməxsus ağırlığı vardır. Məhz həmin özünəməxsusluqların bir bütöv, tam halında ayrılmaz ifadəsi Rəşad Məcidin publisistikasındakı möhürüdür". Budur özünəməxsus yaradıcılıq xüsusuyyətləri. Bu özünəməxsusluq Rəşadın bütün yaradıcılıq növlərində olduqca aydın görünür.

Tədqiqatçının bölmələrə yekun fikrinin özü də özünəməxsusdur. Bu da əsərin ənənəvilikdən uzaq olan fərqli üsluba və formaya malik olduğunu göstərir. Əsərinin sonuncu, "Bütün yönləri ilə yaradıcı" bölməsi də indiyə qədər elmi-monoqrafik əsərlərdə görməyə adət etdiyimiz nəticədən forma-məzmunca fərqlənir. Bir ədəbi şəxsiyyətin çoxçeşidli yaradıcılığında bəlkə də çoxluğun duymadığı, sezə bilmədiyi xüsusiyyətləri İsa müəllim ədəbiyyatşünas təfəkkürü, düşüncəsi, məntiqi mahiyyətilə sənətkarlıq baxımından bir məcrada yekunlaşdırıb.

Və sonda İ.Həbibbəyli oxucu düşüncəsini hələ çox uzaqlara aparacaq bu yaradıcılıq yolunun pöhrədən inkişafa addımlayan "qayə"sini belə dəyərləndirib: "Bu böyük qayə aydın, işıqlı və mənalı bir amalın poetik ifadəsi, gerçək bir vətəndaşlıq duyğusunun bədii əks-sədası, müəyyən olunmuş həyat yolunun mühüm bələdçisidir".

Vəssalam.

 

Şəfəq Nasir,

 

filologiya üzrə

fəlsəfə doktoru

 

Ədalət.- 2015.- 11 iyul.- S. 11.