SABİR ƏHMƏDLİ: NƏSR USTASI

 

 

(Anadan olmasının 85 illiyi münasibətilə)

 

Unudulmaz Sabir müəllim. Yaşasaydın bu ay 85 yaşın olacaqdı. Nə etmək? "Dünyaya gəlmək getmək üçündür" (Seyid Əzim). Ancaq siz yaşayırsınız: oxucuların qəlbində, yaddaşında. Əsərləriniz hələ də sevilə-sevilə oxunur. Hərdən "Ədəbiyyat qəzeti"nə yolum düşəndə sizi xatırlayıram. Əlli il bu qəzetdə işlədiniz, ədəbi işçi, şöbə müdiri, baş redaktorg Bu yazıda sizin yaradıcılıq yolunuza qısaca "səyahət" etmək istəyirəm, ustad!

O, ədəbiyyata keçən əsrin əllinci illərində gəlmiş, ilk hekayələrini məhz o illərdə, kənddə müəllim işləyərkən çap etdirmişdir. Kənddə yaşadığı illər heç şübhəsiz, onun həyatı, gerçəkliyi daha dərindən müşahidə etməsinə, insanları, onların psixologiyasını, fərdi aləmini öyrənməsinə kömək etmişdir. Ona ədəbi aləmdə ilk uğur gətirən "Arabaçı" hekayəsi olmuşdur. Əllinci illərdə, gənc yazıçıların Bakıda keçirilən ikinci toplanışında görkəmli yazıçı Mirzə İbrahimov öz çıxışında bu hekayə barədə xoş sözlər söyləmiş, gənc yazıçının həyatı real əks etdirdiyini nəzərə çarpdırmışdır. Görkəmli tənqidçi Qulu Xəlilov Sabir Əhmədliyə həsr etdiyi "Zirvəyə qalxan araba" məqaləsində yazır: "Sabir Əhmədovun yaradıcılığı barədə düşünəndə gözlərim önünə axar-baxarlı bir çay gəlir. Bu çayın başlanğıcı xalqımızın yaradıcılıq dünyası, müasir həyatı, zəngin mənəviyyatı, istək və arzularıdır, haqq-ədalət, təmizlik uğrunda çırpınanların aləmidir. S.Əhmədov əlinə qələm aldığı ilk gündən kotanlı-belli, oraqlı-çinli, dəryazlı bir kənd müdriki, el adamı, torpaq oğlu kimi bu aləmdən bütün varlığı ilə yapışmış, xalqın sevinj və kədərini, yeni həyat tərzini, düşüncələrini, yaşamaq uğrunda mübarizəsini yaradıcılığına hopdurmuşdur".

Sabir Əhmədlini bir yazıçı kimi şöhrətləndirən ilk əsər onun "Aran" romanı oldu. "Aran" romanı göstərdi ki, S. Əhmədli kəndə, torpağa, burada yaşayan insanlara yaxşı bələddir. Bu əsərdə o illərin kəndli təsərrüfatı üçün çox mühüm əhəmiyyət kəsb edən bir məsələ diqqəti cəlb edirdi. Qadınların, qızların ağır əməyini yüngülləşdirmək üçün pambıqyığan maşınlar-texnikaya keçmək zəruri idi, ancaq bunu həyata keçirmək o qədər də asan məsələ deyildi. Yenilik həmişə müqavimətlə qarşılaşır və romanda təsvir olunan gənclər çətinliklə olsa da, bu müqaviməti aradan qaldıra bilirlər. Romanın bir mühüm məziyyəti bundan ibarət idi ki, S.Əhmədli qəhrəmanlarının təkcə təsərrüfat həyatını deyil, onların mənəvi aləmini də nəzərdən qaçırmamışdı. İstər "Aran", istərsə də onun davamı olan "Görünməz dalğa" romanında qəhrəmanların ictimai və şəxsi həyatının paralel şəkildə əks olunması o dövrün nəsri üçün yeni idi.

İlk iki romanı sübut etdi ki, Sabir Əhmədli xarakter ustasıdır. Onun təsvir etdiyi qəhrəmanlar cəmiyyətdə, yaşadıqları mühitdə baş verən mənfiliklərə qarşı laqeyd deyillər. O, yetmişinci illərdə "Yamacda nişanə" povestini qələmə aldı -bu povestin qəhrəmanı Laçın ədəbiyyatda yeni bir qəhrəman tipinin ifadəsi idi.

Sabir Əhmədlinin yaradıcılıq yoluna nəzər yetirdikdə bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır.

Birincisi: onun nəsrini keçən əsrin Azərbaycan gerçəkliyinin bədii salnaməsi hesab etmək olar. Keçən əsrin ikinci yarısından ta əsrin sonuna qədər Azərbaycanda baş verən ən mühüm hadisələr onun diqqətindən yayınmamışdır.

İkincisi; Sabir Əhmədli Azərbaycan kəndinin son altmış illik sosial və mənəvi mənzərəsini əks etdirən bir yazıçı kimi diqqəti cəlb edir.

Əlbəttə, ədəbiyyatda "kənd nəsri", "şəhər nəsri" anlayışları şərtidir. Lakin bu bölgü üzərində dayanmalı olsaq, doğrudan da, Sabir Əhmədlini kəndi duyan, onun problemlərini doğru-düzgün əks etdirən bir nasir kimi ön sırada görürük.

S.Əhmədli kəndi, onun problemlərini çox gözəl bilirdi, bəlkə də gözəl bilir demək azdır, o, bu problemlərlə yaşayırdı. Ancaq S.Əhmədlinin əsərlərində hadisələrin hansı məkanda cərəyan etməsindən asılı olmayaraq insan, xalq və cəmiyyət, ziyalı problemləri öz bədii ifadəsini tapır. Əgər "Aran" romanında əllinci illərə xas olan kənd təsərrüfatının mexanikləşdirilməsi, pambığı maşınla becərmək kimi istehsalat problemi ön plana çıxırdısa, həmin romandakı hadisələrin bilavasitə davamı kimi yazılan "Görünməz dalğa" romanında mənəvi-əxlaqi problem diqqəti cəlb edir. İnsanları işdən, məhəbbətdən, ailə duyğusundan soyudan, sevgini bətnindəcə boğan, əməyi zövqsüzləşdirən gizli, görünməz dalğalar bu əsərdə bütün mahiyyəti ilə üzə çıxır. Bu dalğaların yaydığı viruslar ijtimai bir bəla kimi S.Əhmədlinin "Dünyanın arşını", "Toğana", "Yamacda nişanə", "Mavi günbəz", "Qanköçürmə stansiyası" əsərlərində tənqid hədəfinə çevrilir.

Üçüncüsü; S.Əhmədovun əsərlərində müxtəlif tipli obrazlarla qarşılaşırıq, o, öncə qeyd etdiyimiz kimi, xarakter ustası idi, hansı obrazı təqdim edirdisə, həmin obraz həyati və inandırıcı təsir bağışlayırdı. Altmışıncı illərin sonlarında (1969) yazılan "Yamacda nişanə" povestinin qəhrəmanı Laçın "tragik bir ömrüntaleyin acı tarixçəsi"ni (Yaşar Qarayev) yaşayır. Əsgərlikdən evinə dönən, amma çılğınlığına, həqiqəti hamının üzünə çəkinmədən söyləyən, dəli-dolu xasiyyətli Laçına vermirlər. Çox götür-qoydan sonra onu yanğınsöndürmə idarəsində sürücülüyə götürürlər. Bu idarənin başçısı Həsənxan isə xasiyyətinə görə soyuqdur, buz adamı xatırladır. Ancaq Laçın bu buz adamın yanında işləməklə xasiyyətini dəyişmir və günlərin birində sürdüyü maşınla qəzaya uğrayır.

Sabir Əhmədlinin qəhrəmanlarını səciyyələndirən xüsusiyyətlər sırasında biz dövrün eybəjərliklərinə qarşı etirazı, Şərə qarşı mübarizədə ardıcıl mövqe tutmalarını xüsusi qeyd etməliyik. "Dünyanın arşını"ndakı filosof Arif, "Yaşıl teatr"dakı Kainat, "Qanköçürmə stansiyası"ndakı Hüsən, "Yasamal gölündə qayıqlar üzür"dəki Hikmət müəllim keçən əsrin 60-80-ci illərinin ədəbi qəhrəmanları idideyir ki, bu obrazlar daha çox "əməl" qəhrəmanları kimi deyil, "düşünən" qəhrəmanlar kimi diqqəti cəlb edirdilər. Onların Şərə qarşı mübarizəsi fikir çarpışmaları, bir-birinə zidd dünyagörüşlərinin qarşılaşması kimi təsvir olunurdu və əlbəttə, burada Şəri təmsil edən qüvvələr də acizpassiv göstərilməyib. Onların da öz "fəlsəfəsi", öz mübarizə üsulları vardı.

Dördüncüsü; Sabir Əhmədlinin Azərbaycan nəsrində bir roman ustası kimi dəyərləndirilməsi məsələsidir. Məlumdur ki, həmişə roman janrı ilə bağlı mübahisələr gedir və bəziləri iddia edirlər ki, Azərbaycan romanı hələ dünya romanı səviyyəsinə gəlib çatmayıb və olsa-olsa, yaranan bir sıra yaxşı nümunələr də povest adlandırıla bilər. Bu, kökündən yanlış bir fikirdir. Azərbaycan romanının da öz məxsusi özəllikləri var və əgər dünya romanı səviyyəsi məsələsi ortalığa qoyulursa, mən "Qılınc və qələm" kimi klassik nümunədən tutmuş ən azı on-on beş romanın ("Gələcək gün", "Şamo", "Geriyə baxma, qoca", "Dəli Kür", "Qarlı aşırım", "Qətl günü", "Mahmud və Məryəm", "Fətəli fəthi", "Dünyanın arşını" və s.) adını çəkə bilərik ki, bu əsərlər Azərbaycan romanını dünyada tanıtdıra bilər. Bu sırada Sabir Əhmədovun da uğurları az deyil. Doğrudur, onun iyirmiyə yaxın romanları içərisində hamısı uğurlu deyil, amma o, roman ustası idi. Xüsusilə "Axirət sevdası", "Kef", "Ömür urası" kimi ömrünün son illərində yazdığı romanları onu sübut edir ki, S.Əhmədli artıq janrın bir sıra ənənəvi, daşlaşmış stereotiplərindən imtina edir, roman poetikasına yeniliklər gətirir. Azərbaycan romanında müxtəlif elementlər (folklora, mifə istinad, fəlsəfi çalarlar, retrospektiv təsvirlər və s.) daxil olur, janr-üslub xüsusiyyətləri yeni meyllərlə zənginləşir ( roman-dialoq, roman-reportaj, neoromans.) və S.Əhmədlinin sonuncu romanlarında da bunu görməmək insafsızlıq olardı.

Beşincisi; Sabir Əhmədlinin əsərlərinin dili, ifadə tərzi çox zəngindir və onun yaradıcılığından söz açan müəlliflər bəzən bu faktın üstündən yan keçmişlər. Bəlkə də, bu, ondan irəli gəlib ki, onun təhkiyə tərzi bəzilərinin iddia etdiyi kimi "dinamik" və "axar-baxarlı" deyil, bir qədər ağırdır, hətta yorucudur. Amma diqqətlə nəzər yetirdikdə, görürük ki, bu, sırf epik təhkiyə üslubudur, müqayisə nöqsanlı olsa da, deməliyəm ki, bir az da Süleyman Rəhimovun təhkiyə tərzinə oxşayır. Amma oxşarlıq zahiridir. Sabir Əhmədlini öz ustadlarından (S.Rəhimovdan, M.Hüseyndən, M.İbrahimovdan, İ.Əfəndiyevdən) fərqləndirən cəhət təsvirdə özünəməxsus olmasıdır. Bu özünəməxsusluq isə detallarda, cümlə quruluşunda, nəsrin sintaksisində özünü göstərir. Məsələn, S.Əhmədli "Yamacda nişanə" povestində Laçının xarakterini bir neçə detalda elə ümumiləşdirir ki, sonra əlavə təfsilata heç bir ehtiyac qalmır. "Qorxsalar da, qorxmasalar da, sevsələr də, sevməsələr də, Laçın kiçik şəhərin bir ərköyün, dəlisov balası idi. Ərsəyə yetib, qənşərə çıxdığı gündən adamların üz-gözü ona elə öyrəşmişdi ki, buranı Laçınsız ağıllarına gətirə bilməzlər. Küçədə, dükanlarda, bazarda Laçın görünməsə, nə dükan dükandı, nə bazar bazar. Əlləri gah dalında, gah əsgərsayağı yanlarında yellənə-yellənə girirdi bazara.

gYerişində, hərəkətində elə od, hərarət vardı ki, guya keçib havaya kibrit çəksən alovlanacaqdı".

İnsan münasibətlərinin mənalandırılması, obrazların daxili aləminin çoxçalarlı ifadəsi də S.Əhmədlinin bədii dilində sənətkarlıqla çatdırılır. "Dünyanın arşını" romanı bu mənada S. Əhmədlinin ən maraq doğuran əsərlərindən biridir. Əsərin qəhrəmanı filosof Arif Arazın o tayına həsrətlə boylanır və bu həsrəti görün müəllif necə ustalıqla canlandırır: "Mən bir üzü qırmızı, bir üzü sarı körpü daşlarını göz yaşlarımla yumaq istərdim. Alaq basmış nəhəng qəbirə bənzəyən torpaq körpüyə döşənib, o torpağı qucaqlamaq istərdim. Mən qan-qırmızı tuman-qofta geymiş elat qızlarını doğma bacımtək bağrıma basıb öpmək istərdim. Köçəri-tərəkəmə gözəllərini lap yaxından görüb, onların bizə necə bənzədiklərinə baxmaq... istərdim. Məngheç bir zaman, ömrümdə heç bir vaxt doğma bacımın, yeganə əziz Bənövşənin həsrətini bunlar qədər çəkməmişdim. Könlümü, qəlbimi heç bir zaman həmin dəqiqələrdə, saatlarda olduğu kimi acı hicran zəhəri parçalamamışdı. Mən müəllimdim, müəllim olmaq arzusunda idim. Ömrümü son dəqiqəsinədək bax orada, o alaçıqlarda, o obalarda maarifə həsr edərdim".

"Dünyanın arşını" Azərbaycan nəsrində öz fəlsəfi-publisistik yönü ilə seçilirdi. Zahirən bir rayonda baş verən hadisələri təsvir etsə də, əslində, problem əhatəli idi, durğunluq illərində bütün ölkəni və xalqı sarmış mənəvi və sosial bəlaların bir rayon timsalında ümumiləşdirilməsi o zaman yuxarı dairələri qıcıqlandırmaya bilməzdi. İndi lap ucadan, qorxusuz-ürküsüz söylədiyimiz həqiqətləri Sabir Əhmədli qırx-qırx beş il əvvəl açıq söyləmişdi. Həyatın durğunluq illərindəki faciələri romanda kifayət qədər əks etdirilibo da təəccüblü deyil ki, həmin səhnələr indi də əvvəlkindən daha sürəkli oynanılır. "Bəzən fikirləşirəm ki, milyon yaşı olan bəşəriyyəti, Yer kürəsini bütünlüklə öyrənib kəşf eləmək üçün görəsən neçə il lazım gələcək? Axı, biz kainatın intəhasızlığı, zamanın ölçülməzliyi qarşısında çox həqiqətlərdən xəbərsizik. Lakin ən vacibi odur ki, biz hələ İnsanı - özümüz kifayət qədər dərk etməmişik" - "Dünyanın arşını"ndakı filosof da məhz bu nəticəyə gəlir və quru, nəzəri mühakimələr orbitindən qanadlı həyata enir. Həyatın isə öz bilməjələri var. "Dövran öz qaydası ilə sürür. Kim bu hərəkətin çəmini tapmırsa, istənilən nöqtədə dayanmırsa, çıxdaş olacaq". Laçın da ("Yamacda nihanə"), Hüsən də ("Qanköçürmə stansiyası"), Hikmət müəllim də ("Yasamal gölündə qayıqlar üzürdü") dövranın bu hərəkət ritmini, daha doğrusu, dəyişməni, başqalaşmanı, özgə havasına oynamağı bacarmırlar. Laçın faciəli şəkildə həlak olur, Hüsü Zəlioğlunun xəyanətini təzəcə anlayır, Hikmət müəllim elmi kəşfinə görə dünyanın ən böyük mükafatına layiq görülüb, lakin bu hadisədən sonra onun həyatında hansı yenilik ola bilər... Mühit ki dəyişməyib. Dövran isə Fatehlərin ("Toğana"), Kişibəyovlarındır ("Yaşıl teatr").

"Dünyanın arşını"nda təsərrüfat problemi ilə mənəviyyat problemi vəhdət halında, biri digəri ilə əlaqəli şəkildə diqqəti cəlb edirdi. Amma sonrakı romanlarında Sabir Əhmədli əsasən mənəviyyat probleminə üstünlük verir, tənqidi pafosu da gücləndirir. Bu baxımdan "Yaşıl teatr" onun ən gözəl romanlarından biridir. Daha sonrakı illərdə "Azıxa doğru", "Toğana", "Gülmalı kişinin axırı", "Gedənlərin qayıtmağı" romanları nəşr edilir. Doxsanıncı illərin sonlarında-yeni əsrin ilk illərində isə müasir həyatın ən mühüm problemlərini (Qarabağ müharibəsi, müstəqillik dövrünün ictimai-siyasi-mənəvi mənzərəsi və s.) özündə əks etdirən "Ömür urası", "Axirət sevdası", "Kef" romanları meydana çıxır.

O, qardaşı - Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovu itirəndə on dörd-on beş yaşı vardı. Cəmil kimi qəhrəmanın qardaşı olmaq böyük şərəf idi. Amma 1994-cü ildə Sabir Əhmədli-Ata daha bir itki ilə üzləşdi. Bu dəfə oğlu Məhəmməd Qarabağ uğrunda döyüşlərdə həlak oldu. O, könüllü olaraq cəbhəyə getmişdiilk döyüşlərin birində ölümcül yaralandı vəgSabir Əhmədlinin "Axirət sevdası" romanı bu ata dərdini əbədiləşdirən bir əsər kimi yarandı. Bu roman "Ata ağrısı" da adlana bilərdi. İlk dəfə idi Azərbaycan bədii nəsrində Yazıçı-Atanın oğul itkisindən doğan dağ boyda dərdi ilə üzləşirdik. "Orta-böyük otaqda çəhrayı ipək örtük salınmış cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.

-Y O X! Yox! Yoxg Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram!-jənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım.

-Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm!.. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə".

Onun son romanları içərisində Qarabağ müharibəsindən söz açan "Ömür urası" xüsusilə fərqlənir.

"Bağlar sovulanda yığılan axır bara el arasında "peşxurd", "meşari" deyirlər. Biçilmiş zəmidən düşən tək-tük sünbül "başaq" adlanır. Bostan, dirrikdən qalma son məhsulsa "ura"-dır. Məsəl var: "Gedər bostan urası, qalar üzün qarası". İnsan ömrünün sovulan çağına da "ura" söyləmək olar. Oxuculara çatdırılan bu romança yazıçı ömrünün son yetirməsi "ura"dır. Bundan sonra yazsa, həmin ad altında gedəcək".

Roman düşüncələr axarı formasında qələmə alınıb. Yəni burada sırf ədəbi qəhrəman, yaxud da bu qəhrəmanla bağlı personajlar axtarmaq əbəsdir. Bütün hadisələr reallıqlar təhkiyəçi obrazında təmərküzləşib. Əslində, bu təhkiyəçi S.Əhmədlinin özüdür... Onun "keçmişlə" bağlı təsvirləri heç bir şübhə doğurmur!

Əslində, romanda Cəbrayılın işğaldan azad olunma "faktı" onun işğala qədərki işğal dövründəki mənzərəsi bütün reallığı ilə canlandırmağa xidmət edir. Məlumdur ki, Cəbrayılda-rayon mərkəzində-Bazar başı-Yuxarı meydanda Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun abidəsi vardı. "Bazar başı-Yuxarı meydanda ucalan qəhrəman abidəsi-qardaş heykəli yerində idim". Bunun simvolik mənası var.

Beləliklə, bizim təsəvvürümüzdə indi işğal altında olan, amma haçansa görəcəyimiz həsrətində olduğumuz bir kənd, bir rayon gerçəkliyə dönür. Roman bu sözlərlə başa çatır: "Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən abad olacaq. Qaçqın-köçkün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər".

Sabir Əhmədli-bu böyük yazıçı, roman ustası haqda söhbətimi də elə onun nikbin sözləri ilə bitirdik.

 

Ədalət.- 2015.- 11 iyul.- S. 15.