YÜKSƏK MÜKAFATA LAYİQ ƏSƏR

 

Poliqrafiya sözü geniş məfhumdur. Lüğətlərdə onun mənası çapçılıq, mətbəə işləri kimiizah edilir. Mətbəə işləri isə çox müxtəlifdir. Bir çap işini başa çatdırıb ortalığa keyfiyyətli məhsul qoymaq üçün bu sistemin neçə-neçə dar sahələrinin mütəxəssislərinin əməyindən istifadə edilir.

Əsl poliqrafçı bu sistemin bütün incəliklərini bilməlidir. Otuz yeddi illik zəngin təcrübəyə malik, "Azərbaycan" nəşriyyatının istehsalat şöbəsinin müdiri İradə Ələsgərova məhz belə poliqrafçılardandır. İradə xanım təcrübə ilə nəzəriyyənin vəhdətini yaradan mütəxəssislərdəndir. O, fəaliyyətini təkcə istehsalatda çalışmaqla məhdudlaşdırmamış, topladığı təcrübəni elmi əsaslarla da möhkəmləndirmişdir. Daim yaradıcılıq imkanlarını zənginləşdirib təcrübədə qazandıqlarını gələcək nəsillərə çatdırmağa çalışan, kitab tərtibatına, mətbəə işlərinin, ümumiyyətlə poliqrafiyanın inkişafına öz töhfələrini verməyə səy göstərən İradə Ələsgərova bu günlərdə öz oxucularına və Azərbaycan elminə dəyərli hədiyyə bəxş etmişdir. Müəllifin milli mətbuatımızın 140 illik yubileyinə ithaf etdiyi "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" adlı monoqrafiya-kitabı "Təhsil" nəşriyyatında nəfis şəkildə çap olunmuşdur. Müvafiq ali məktəblərin müəyyən fakültələrinin müəllim və tələbələri, naşirlər, ədəbi, bədii, texniki redaktorlar, kitab müəllifləri, redaksiya, mətbəə işçiləri, kitabşünaslıq, sənətşünaslıq və s. sahələrdə fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuş monoqrafiya qısa müddətdə böyük oxucu kütləsinin, redaksiya, nəşriyyat işçilərinin stolüstü kitabına çevrilmişdir.

Azərbaycan kitabının bədii və texniki tərtibat tarixinə həsr olunmuş bu ilk əsaslı elmi-tədqiqat əsəri barədə geniş danışmazdan əvvəl oxucuları onun müəllifinin ömür naməsinin bəzi məqamları ilə tanış etmək istəyirəm.

İradə Ələsgərova Ağdam rayonunun 1 saylı orta məktəbini bitirmiş, ali təhsilini isə keçmiş SSRİ-də poliqrafiya üzrə baza məktəbi sayılan Ukrayna Poliqrafiya institutunda almışdır. Yeri gəlmişkən, İradə xanım bu institutun ilk azərbaycanlı məzunudur. 1978-ci ildə təyinatla "Yeni kitab" mətbəəsinə işə göndərilmişdir. Burada sex ustası kimi işə başlayan bu gənc mütəxəssis müxtəlif məsul vəzifələrin öhdəsindən ləyaqətlə gəlib qısa müddətdə mətbəədə Baş mexanik, daha sonra isə, "Dövlətnəşrkom"da Baş mühəndis vəzifəsinə yüksəlmişdir. 1979-cu ildən "Azərbaycan" (keçmiş "Kommunist") nəşriyyatında texniki nəzarət şöbəsinin rəisi kimi fəaliyyətə başlayan İradə xanım 20 ildən çoxdur ki, istehsalat şöbəsinə rəhbərlik edir.

İradə Ələsgərova bu illər ərzində poliqrafiya işlərinin incəliklərini mənimsəmişdir. Bunun nəticəsidir ki, o, uzun müddətdir ki, mütəxəssis kimi müxtəlif dövlət səviyyəli təftiş komissiyalarının işində ekspert kimi iştirak edir, obyektiv rəyləri ilə tanınır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin bədii-texniki tərtibatı üzrə eksperti kimi də fəaliyyət göstərən İradə xanımın ölkəmizdə və xaricdə nəşr olunan nüfuzlu jurnallarda 50-dən çox elmi məqaləsi dərc edilmişdir. O, Azərbaycan kitabının bədii və texniki tərtibatı məsələlərini elmi cəhətdən dərindən araşdırmış, elmimizə yenilik gətirmişdir.

Tədqiqatçının bu mövzuda müdafiə etdiyi dissertasiya işi alimlər, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Dissertasiya işinin dəyərliliyi və yeniliyi nəzərə alınaraq onun monoqrafiya-kitab şəklində kütləvi tirajla çap edilməsi məsləhət görülmüşdür. Və yuxarıda dediyimiz kimi, "Təhsil" nəşriyyatı monoqrafiyanı yüksək keyfiyyətlə çap edib oxuculara çatdırmışdır. "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" adı ilə işıq üzü görən bu dəyərli vəsait, həm də milli mətbuatımızın 140 illik yubileyinə ən layiqli töhfədir.

"Qızıl qələm" və "Xan qızı Natəvan" mükafatları laureatı İradə Ələsgərovanın yubiley hədiyyəsi-monoqrafiyası Azərbaycan kitabının yazı yaranandan 2010-cu ilə qədər keçdiyi minillik tarixi inkişaf yolunu əhatə edir. Mühüm bir cəhəti də qeyd etmək vacibdir.Bu çox dəyərli elmi-tədqiqat əsərində kitab texniki oxu vasitəsi, poliqrafiya məmulatı kimi araşdırılmır, ədəbi, elmi, texniki və bədii redaktorların, poliqrafiya mütəxəssislərinin, ümumiyyətlə yazarların birgə əməyinin məhsulu kimi təhlil edilir. Bu isə, müəllifin təbiricə desək, məhz belə yanaşma həmin sənət sahiblərinin funksiyalarının qarşılıqlı uzlaşdırılmasının vacibliyini açıb göstərir, hər kəsin vəzifəsini dəqiqləşdirməyə, uyğunsuzluqları şərtləndirən amillərin aşkar edilib aradan qaldırılması yollarını müəyyənləşdirməyə imkan verir.

Monoqrafiyada yalnız kitabın bədii və texniki tərtibat məsələləri təhlil edilmir, orada həm də bədii tərtibat üsullarının təsnifatı verilir. Kitab tərtibatında ifadə vasitələrinin, maddi-texniki bazanın yeri dəqiqləşdirilir.

İradə Ələsgərova ilk dəfə olaraq kitabın tərtibat xüsusiyyətlərinin çap üsullarının texniki imkanları, poliqrafiya texnikası və texnologiyasının inkişaf səviyyəsi ilə əlaqəli araşdırılmasını həyata keçirmiş və belə demək olar ki, tədqiqatçının gəldiyi qənaətlər kitabçılığın, bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin inkişafına təsirini həm elmi, həm də təcrübi müstəvidə tədqiq etməyə əsas verir.

Söhbət zamanı İradə xanımın nəşrlərin tərtibatının, naşir və kütləvi informasiya vasitələri işçilərinin yüksələn statusunun cəmiyyətə təsiri barədə fikirlərini öyrənmək istədik. O dedi:

-İstənilən nəşrin kökünü onun ideyası, mövzusu təşkil edir. Tərtibatın köməyilə nəşrin oxucuya göstərə biləcəyi təsiri dəyişmək, onu buya digər istiqamətə yönəltmək olar. Deməli, bu üsulla yazarın ictimai rəyə təsirini tənzimləmək mümkündür. Çox təəssüflər olsun ki, informasiya məkanında hələ də mənəvi dəyərlərimizi maddiyyətə qurban verən təsadüfi şəxslər var. Kütləvi informasiya vasitələri belə ünsürlərdən təmizlənməlidir. Axı, milli maraqlarımızı təmin edən, mənəvi dəyərlərimizə sayğı ilə yanaşan yazarlarımızın ictimai rəyə təsir imkanları təkcə ideoloji problem deyil, həm də dövləti əhəmiyyətli mühüm strateji məsələdir. Araşdırmalar, bu sahədə çoxdan öz həllini gözləyən ciddi problemlərin olduğunu təsdiqləyir. İstənilən əsəri yazıb yaymaqda başlıca məqsəd cəmiyyətə buya digər ideyanı çatdırmaq, onu qoyulmuş məsələnin həllinə kökləməkdir. Bu gün çapdan çıxan əsərlərin böyük əksəriyyətində bu prinsip pozulur, oxucu yazarın nə istədiyini anlamaqda çətinlik çəkir. Bu da, kitabın ən etibarlı oxu vasitəsi imicinioxucular arasında populyarlığını itirməsinə səbəb olur. Bu gün nəşriyyat fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunmur. Bu fəaliyyətlə məşğul olanların həmin sahə üzrə təhsil alıb-almamasına nəzarət edilmir. Əksər hallarda nəşrlərin ideya yönümünə, faktların inandırıcılıq dərəcəsinə və düzgünlüyünə, fikirlərin ardıcıllığına və məntiqliliyinə, redaktə prinsiplərinin gözlənilməsinə diqqət yetirilmir. Ümumiyyətlə, bu sahədə qeyri-peşəkarlıq hökm sürür. Hesab edirəm ki, bu mexanizmin tez bir zamanda işlənilib hazırlanması və həyata keçirilməsi üçün Dövlət Proqramı hazırlanmalı, orda monoqrafiyada haqqında söhbət gedən problemlərin həlli, o cümlədən orta məktəb dərsliklərinin məzmun, bədii və texniki tərtibat cəhətdən qiymətləndirilməsi, ali məktəb dərsliklərinin dövlət tərəfindən maliyyələşdirilməsi və onları yazıb ərsəyə gətirə bilən yüksəkixtisaslı mütəxəssislərin əməyinin dəyərləndirilməsi mexanizmləri, nəşriyyatların lisenziyalaşdırılması, ixtisaslaşdırılması və s. kimi məsələlər öz əksini tapmalıdır.

Monoqrafiya gənc tədqiqatçılar üçün dəyərli mənbə, ölkənin ali təhsil ocaqlarının müvafiq fakültələrində təhsil alan tələbələr üçün qiymətli dərs vəsaitidir.

Qaldı ki, Azərbaycan kitabının minillik bədii və texniki tərtibat tarixinin öz əksini tapdığı monoqrafiya milli kitab sənətimizin qədimliyini və zənginliyini açıb göstərməklə yanaşı, həm də xalqımızın beynəlxalq aləmdə formalaşmağa başlamış imicinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir, milli mədəniyyətimizin təbliği üçün geniş imkanlar açır. Axı, istənilən xalqın mədəni səviyyəsinin başlıca göstəricisi sayılan, bütün dövrlərdə siyasi-ideoloji mübarizə silahı, təbliğat-təşviqat vasitəsi, ən etibarlı informasiya mənbəyi kimi qəbul olunan kitabın dövlətçilik ənənələ-rinin möhkəmlənməsinə, milli təfəkkürün formalaşmasına, intellektual səviyyənin yüksəlməsinə təsiri böyükdür. Bu mənada, "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" Həsən bəy Zərdabi tərəfindən bünövrəsi qoyulmuş milli mətbuatımızın 140 illiyinə ən layiqli töhfədir.

Monoqrafiyanın müəllifi, təcrübəli poliqrafçı, bacarıqlı tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru İradə xanım Ələsgərova poliqrafiya və mətbuat sahəsinin ən yüksək mükafatına layiqdir!

 

P.S. Biz də, "Ədalət" qəzeti olaraq jurnalist həmkarlarımıza qoşulub Milli Mətbuatımızın 140 illik yubileyinə ithaf edilmiş bu əsəri "Ali Media" mükafatına təqdim edilə biləcək ən layiqli nəşr kimi dəyərləndirir, kitab mədəniyyətimizin qədimliyini və zənginliyini bir daha təsdiqləyib isbata yetirən 1000 illik bədii və texniki tərtibat tariximizin tədqiqatçısını - bu məsuliyyətli işin ağırlığını zərif çiyinlərində daşıyan istedadlı tədqiqatçı alimi ürəkdən təbrik edir, ona gələcəkdə daha böyük uğurlar arzulayırıq.

 

Ənvər Məşədiyev,

 

"Bakı" və "Baku" qəzetlərinin

Baş redaktoru

 

Ədalət.- 2015.- 16 iyul.- S. 3.