SÖZÜ ADI KİMİ UCA TUTAN
Bu, Füzuli
Rüzgardı
Açığını deyim ki, onunla
üz-üzə
gəlib bir-birimizə
doğru uzanmış
əlimizi sıxanda
özümdən asılı olmadan çox diqqətlə gözlərinə
baxdım. Onun baxışları, çöhrəsi
adını bütünlüklə
tamamlayırdı. Çünki adı Füzuli olan insan görkəmində
həqiqətən bir
nuranilik, bir işıq, şairsayağı
desəm, bir Füzulilik var idi. Hiss olunurdu ki, salamı rüşvət kimi vermir və rüşvət kimi də almır. Salamı elə Füzuli kimi içindən, ürəyindən gəlir.
Bax, həmin o dəqiqədən
başlayaraq mən ürəyimdə Füzuli
müəllimə qarşı
çox səmimi bir münasibətin öz-özünə göyərdiyini,
öz-özünə böyüdüyünü
hiss etdim. Və zaman
da, bir-birini əvəz edən illər də göstərdi ki, nə ona Füzuli
adını qoyanlar, nə də mənim ürəyim yanılmayıbdı. Çünki
o...
Bəli, mən Füzuli Rüzgarla "Ədalət"
qəzetinin redaksiyasında
qarşılaşdım. Bizi bir-birimizə
Babək Yusifoğlu ilə rəhmətlik Oqtay Salamov təqdim
etdi. O andan başlayaraq "Ədalət"
qəzetinin bölgə
müxbiri kimi yazılarını daha yaxından izlədiyim Füzuli Rüzgar bir insan kimi
də, bir şəxsiyyət kimi də mənim gözümdə ucaldı.
Bunun ən başlıca səbəbi Füzuli müəllimin sözə,
jurnalistikaya, mətbuata
olan böyük sevgisi, həm də yazdığı hər bir sözə,
bütövlükdə mətbuata
çox böyük məsuliyyətlə yanaşması
idi. Onun demək olar
ki, bizimlə əməkdaşlıq etdiyi
zaman kəsiyində öz sakit təbiətinə
uyğun olaraq həm həmkarları ilə davranışı,
həm də yazdığı hər bir yazıda konkret öz mövqeyini ortaya qoyması onun peşəkarlığının xarakterik tərəfi olmaqla bahəm, həm də səmimiyyətinin göstəricisi
idi. Açıq
şəkildə hiss olunurdu
ki, Füzuli Rüzgar sözü zərgər dəqiqliyi ilə özü də yorulmadan, onun hər qatını
görərək arayıb
axtarır və cümlələrə, yazılara
çevirir. Bax, bu keyfiyyətləri
müəyyən bir zaman kəsiyindən sonra məndə onun jurnalist kimi keşdiyi yola bir diqqət
yetirmək marağı
oyatdı. Elə
həmin maraqla da...g
Necə
deyərlər, arayıb-axtarıb
öyrəndim ki, həmkarım Füzuli Rüzgar, yəni Füzuli İmran oğlu Qasımov Gəncədə doğulub,
burada ali
təhsil alıb və 1968-ci ildən Jurnalistlər Birliyinin üzvüdü. Hətta onun
ilk yazıları orta
məktəb illərində
həm Gəncənin,
həm də respublikanın mətbu orqanlarında işıq üzü görüb.
1966-cı ildən əmək
fəaliyyətinə başlayan
Füzuli öncə
"Daşkəsən" qəzetində ədəbi
işçi, şöbə
müdiri, sonra bugünkü Göygöl
rayon qəzetində, sonra
o vaxtkı "Kirovabad kommunisti"
qəzetində müxtəlif
vəzifələrdə çalışır.
2012-ci ildən isə o, həm də jurnalistikanın sirlərini gənclərə
öyrətməklə məşğul
olub. Belə ki, Azərbaycan
Kənd Təsərrüfatı
Akademiyasının nəzdindəki
ictimai peşə fakültəsinə rəhbərlik
edib. Paralel olaraq bir neçə jurnalın təsisçisi və redaktoru olubdu. Bu gün isə...g
Füzuli
Rüzgarın həyatında
ağrılı-acılı unudulmaz bir tarix
də var. Belə ki, 2006-cı ilin may ayında qardaşı Rüzgar İmran oğlu torpaqlarımızın
müdafiəsində dayanarkən
şəhid olmuşdu.
Atəşkəs olmasına baxmayaraq
öz çirkin əməllərindən əl
çəkməyən namərd
düşmən gülləsi
Rüzgarı şəhidlik
zirvəsizə yüksəltmişdi.
Bax, həmin o tarixdən qardaşının adını
yaşatmaq və həm də içindəki sözün
işığını hər
kəsə çatdırmaq
üçün Füzuli
İmranoğlu "Rüzgar"
adlı qəzet təsis etdi. Artıq 9 ildir ki, bu qəzet
oxucularla ayda iki dəfə görüşür və
onun hər sayında təsisçi və baş redaktorun, eləcə də yaradıcı kollektivin peşəkarlığı,
sözə dəyər
verməsi, sözü
urvatlı tutması, mövzuların rəngarəngliyi,
bir sözlə, oxucu rəğbətini qazanmış mükəmməl
səhifələrin, yazıların
mütaliəsi şəxsən
məndə xoş ovqat yaradır. Hətta etiraf edim ki,
bəzən öyrədir
də. Bütün bunların fonunda
bir gerçək də var. O da "Rüzgar" qəzetinin təkcə bir mətbu orqan yox, həm də
bir xeyriyyə ünvanı kimi də fəaliyyət göstərməsidi. Belə ki,
bu 16 səhifəlik qəzetin yaradıcı kollektivinin dəstəyi ilə Qarabağ qaçqını olan üç şairin kitabına sponsorluq edib milli bayramlarda
qocalar və uşaqları unutmayaraq onların sığındıqları
evlərə yardımlar
çatdırır, bayram
sovqatlarını əsirgəmirlər.
Bu da onu
göstərir ki, Füzuli müəllim sözlə, qələmlə
yanaşı, maddi imkanı ilə də oxucularının yanındadı. Bu qədər məsuliyyətli,
gərgin işin içərisində o həm
də bir yazıçı-publisist kimi
də bizləri, yəni onun imzasını gözləyənləri,
izləyənləri sevindirib
- 2 bədii, 4 publisist
kitabın müəllifi
kimi də söz dünyamıza ərməğan veribdi.
Bəli, əvvəldə vurğuladığım kimi, sözü də adı kimi yüksək tutan, sözün işığını heç kimdən əsirgəməyən Füzuli Rüzgar paytaxtdan uzaqda yaşasa da, amma böyük Azərbaycan mətbuatının qaynar qazanında öz yerini çoxdan təsdiq edibdi. Elə Milli Mətbuatımızın 140 illiyi ərəfəsində onun "Rüzgar" qəzeti bir daha sübut etdi ki, o, ənənələrə, yəni Zərdabidən gələn böyük yola sadiqdi. Necə deyərlər, o, sözün sadiq əsgəridi!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2015.- 16 iyul.- S. 4.