Həsən bəy Zərdabi və Azərbaycan
kitabı
Azərbaycanın tərəqqipərvər, millətini
sevən ziyalılarından
biri də H.B.Zərdabi olmuşdur. O, həmişə
xalqının gələcəyini
düşünür, onun
millətlər içində
tanınmasına, yüksək
nüfuza malik olmasına çalışırdı.
Dünyada inkişafın hara
apardığını yaxşı
bilən H.B.Zərdabi
yuxarıda deyilənlərin
yalnız elmlə, təhsillə, kitabla mümkün olacağını
da yaxşı görürdü.
"Əkinçi" qəzeti H.B.Zərdabinin uzaqgörənliyinin, millətinə və vətəninə sevgisinin bəhrəsi idi. O, bütün ömrünü xalqının savadlanmasına həsr etmişdir. "Əkinçi" qəzeti bu sahədə böyük işlər görmüşdür. Onun hər sayı o dövr üçün bir kitaba bərabər idi. Qəzetdə verilən xəbərlər, elmi məsləhətlər xalqın savadlanması və gözünün açılması məqsədini güdürdü.
H.B.Zərdabi "Əkinçi" qəzetini açarkən onun kitab nəşr etmək üçün heç bir imkanı yox idi. Qəzetdə Bakı quberniya idarəsinin mətbəəsində çar xəfiyyələrinin nəzarəti və basqıları altında çıxırdı. Lakin H.B.Zərdabinin əsas fikri və məqsədi Azərbaycanda kitab nəşrinə başlamaq olmuşdur. Qəzet səhifələrindəki ayrı-ayrı məqalələrdən bunu aydın görmək mümkündür. Məsələn, qəzetin altıncı sayında yazırdı: "Firəngistan əhli zükur və ünasən üç-dörd müxtəlifə dillər ilə danışırlar. Amma müsəlmanlar içində savadlı olan adamlardan çox az tapılır ki, öz dilində bir dürüst məktub yazsın". Bu sözlər H.B.Zərdabinin ürək ağrılarının ifadəsi idi. Qəzetin ikinci il birinci sayında "Təzə xəbərlər" başlığında kitabxanalar haqqında verilən məlumat da maraqlıdır: "Peterburqda bir padşahlıq kitabxanası var ki, onun hər ildə 800 000 manat xərci olur. O kitabxanada 900 000 basma, 30 000 yazma kitab və 75000 kitab surəti var. Qiymətli kitabları şüşə altında saxlayırlar ki, onlara dəyməsinlər. O cümlədən bir qızıl cildli "Quran" var ki, qiyməti 33000 manat".
Qəzetin ikinci il doqquzuncu sayında alman alimi Kamberinin müsəlman ölkələrini gəzməyindən və onlardakı elmə, təhsilə münasibət haqqında dediklərindən danışılır: "Məğrib, yəni xaçpərəst vilayətləri və Məşriq, yəni islam vilayətləri elm, təhsil etməyə qeyr tövr baxırlar, Məğrib səy edir ki, elm xalqa bəyan olsun və hər kəs elm yolu ilə iş tutsun ki, ziyadə mənfəət tapsın. Amma Məşriq elm yollarını xalqdan gizlin saxlayır".
H.B.Zərdabi öz qəzetində bunları ürək ağrısıyla yazırdı, kitabın nə demək olduğunu xalqa başa salmaq istəyirdi. Kitabın elm, təhsil, bilik mənbəyi olduğunu göstərirdi. Qərb dövlətləri bu yolu tutub inkişaf etdikləri halda, Şərq ölkələrinin geri qaldığını məhz onlarda kitaba, elmə, təhsilə pis münasibətlə bağlayırdı. Kitabsız xalq gözü bağlı adam kimidir. Kitab, elm, təhsil xalqın gözünü açmağın ən yaxşı yoludur. Ona görə, H.B.Zərdabi qəzetin ikinci il on dördüncü sayında yenə kitabdan danışır, Osmanlıdan gətirib tərcümə edilən kitabların dəyərini diqqətə çatdırır, nəhayət, Məkkəyə ziyarətə gedənlərə üz tutur ki, hərəniz ordan bir kitab gətirsəniz çox yaxşı olar: "Əgərçi zikr olan fəsil ibtidai-elm olmadığına çətin görünəcək, amma onun belə görünməyinə səbəb odur ki, biz elmi-hikmətdən bixəbərik. Əlbəttə, ibtidai-elmdən danışan kitabı çox asanlıq ilə oxumaq olur. Bəs bizim dərdimiz ancaq o kitablar vilayətimizdə olmadığıdır, ona binaən İstanbulda sakin olan həmvətənlərimiz yaxşı elərdilər ki, Məkkəyə gedənlərimizə ibtidayi-elm kitabların göstərəcəydilər və əgər hər Məkkəyə gedən özü ilə bir neçə kitab gətirsə, bir neçə ilin müddətində məktəbxanalarımızın hamısında ol kitablar oxunur".
Burada H.B.Zərdabi üzünü İstanbulda yaşayan soydaşlarımıza tutaraq onlara deyir ki, Məkkəyə gedənlərin ölkəmizə kitab gətirmələrinə kömək etsinlər.
Bunlar H.B.Zərdabinin kitab haqqında arzuları idi.
Bu arzuların bir qismi "Əkinçi" qəzetində həyata
keçirilmişdir. Əslində qəzetin
hər sayı bir kitabça
idi. Onun səhifələrində
xalqın savadlanmasına, elmlənməsinə, gözünün açılmasına xidmət
göstərən dəyərli və maraqlı yazılar dərc
olunmuşdur. H.B.Zərdabi
"Əkinçi" qəzeti ilə xalqına misilsiz xidmətlər göstərmişdir.
Adil Abdullayev,
ADMİU-nin baş müəllimi
Əməkdar mədəniyyət işçisi
Ədalət.- 2015.- 16 iyul.- S. 4.