Mən səndən gözələm...

 

"Dəlilər tanrının əmanətidi"

 

M. F. Dostoyevski.

"Karamazov qardaşları" əsərində məni ən çox sarsıdan yuxarıdakı cümlə olmuşdu. Tanrının bilə-bilə insanlara əmanət etdiyi ruhi xəstələrə, insanlara sağlam insanların amansız münasibətinin həqiqəti məni daha çox ağrıtmışdı.

Ümumiyyətlə əhalisi geriqalmış, dindar, mühafizəkar bölgələrdə ruhi xəstəlik daha çox pərvəriş edir. Qadağalar, azadlıq hüququnun pozulması, ətrafda baş verən amansız hadisələr insanları bu xəstəliyə təhrik edir. Heç kim durduğu yerdə ağlını itirmir.

Yaşadığm qəsəbədə bir neçə ruhi xəstə var. Adamların onlara qarşı ikrahı məni hər zaman kədərləndirib. Bir oğlan var, daima başının üstündə dosxanıncı illərdən qalma maqnitafon tutub gəzdirir. Deyilənə görə həmin maqnitafonu ona müharibədə həlak olan atası hədiyyə alıbmış... Bir qadın da var yaşı qırxa çatmış olar. O, da ruhi xəstədi. İşi gücü bəzənib-düzənib küçələri gəzməkdən ibarətdi. Bir az gözəgəlimli, yaraşıqlı qadın görən kimi ona yaxınlaşıb sakitcə deyir: Mən səndən gözələm. Vəssalam. Sonra da uzaqlaşıb gedir öz işinin ardınca.

Bir dəfə həmin qadın mənə yaxınlaşıb eyniylə həmin sözləri demişdi. Mən gülümsəyib - bilirəm demişdim.

Dəlilik elə bir haldır ki, heç kəs bundan sığortalanmayıb. Ən sağlam adamlar belə. Həyatdır, taledi bir görürsən ki, insanın başına elə bir qəzavü-qədər gələr ki, dünən tam sağlam, ağıllı başlı biri qəfildən ağlını itirər.

Biz rayonda yaşayanda elə öz rayonumuzda dəfələrlə qaçqınlıq həyatı yaşamışdıq. Elə bil allah qəsdən bizi sınağa çəkir, qarşıdan gələn ağır, məşəqqətli günlərə hazırlaşdırırdı. Birgörürdün ki, gecənin bir aləmi atışma başladı. Yuxudan qəfil oyananlar gecənin qaranlığında canlarını götürüb qaçırdılar. Top, qırad, güllə dil bilmirdi. Hara gəldi düşüb oranı xaraba qoyur, insan həyatını məhv edirdi. Bəzən elə olurdu ki, atışma günlərlə, həftələrlə davam edirdi. Bu səbəbdən də atam bizi aparıb qıraq kəndlərdəki qohumlarının, tanışlarının evində yerləşdirərdi.

Bir ailə vardı. Bu ailənin bütün uşaqları atamın şagidrləri olmuşdular. Atam onlarla çox simsar idi. Ona görə də qaçhaqaç vaxtı ən çox qaldığımız ev həmin ev olmuşdu. O evə tez-tez bir qadın gəlib gedərdi. Adı Qızbəs idi. Ruhi xəstəydi. Əslində ona həm qadın, həm də kişi kimi münasibət göstərirdilər. Çünki bir gün qadın paltarı geyinər, qadın kimi bəzənib düzənərdi. Ertəsi gün isə qiyafəsəni dəyişib kişi libasına bürünərdi. Bu səbəbdən idi ki, saçlarını həmişə oğlansayağı kəsdirərdi. Əyninə kişi şalvarı, kişi köynəyi geyinib gəlib oturardı biz qalan evin həyətindəki tut ağacının altında. Evin ağbirçəyi ilə bir az ordan burdan danışıb, bir stəkan çay içib sonra çıxıb gedərdi evinə. Deyilənə görə xəstələnməzdən əvvəl Qızbəs böyük bir mağazanın müdiri olmuş, atadan yetim qalmış qardaş, bacılarını həmin mağazanın gəliri ilə böyüdüb evləndirib, ərə vermişdi. Amma günlərin bir günündə bu Qızbəs elə bir sarsıntı keçirir ki, dəli olmamaq üçün heç bir çıxış yolu qalmır.

Qızbəsin atası II dünya müharibəindən geri qayıtmamışdı. Anası da yataq xəstəsiydi. Yeddi, səkkiz uşaqlı ailənin ən böyük övladı Qızbəs idi. Rayondakı ticarət texnikumunun bitirən kimi mağazada satıcı işləməyə başlayır. Sonra da əli yaxşı gətirir. Yavaş-yavaş pullanır. Qardaş, bacılarını yerbəyer edir. Evdə sonbeşik olan bircə bacısı qalır ki, Qızbəs də onu hamıdan çox istəyir. Onun üçün əlinə keçən bahalı qabdan-qaşıqdan cehiz alıb yığır. Bu arada Qızbəs özü də nişanlanır. Gün gəlir keçir görür ki, nişanlısı onlara tez-tez gəlib getsə də, ondan yavaş-yavaş soyuyur. Məsələdən heç cür agah ola bilmir. Ta ki, doğma bacısının nişanlısına qoşulub qaçma xəbərini eşidənə qədər. Elə həmin gündən Qızbəs ağlını itirir.

Bir zamanlar böyük bir külfətə başçılıq edən, məsləhət verən, ağıllı başlı bir qız bircə dəqiqənin içərisində heç kimə çevrilir. Qəddar həyat qanunları şillə kimi Qızbəsin sifətinə dəyir. O gündən sonra Qızbəs hamıdan uzaq düşür, qapıya gələn qohum əqrabasının, doğmalarının hamısının qovur. Özünə qapılır. Və ən sonunda Dəli Qızbəs adını qazanır.

Avtomobil qəzasında ərini və iki uşağını itirən nankor bacısı dəfələrlə onun ayağına gəlir, bağılşanmasını istəyir. Amma Qızbəs kinli çıxır heç nəyi ona bağışlamır.

Ancaq deyilənə görə sonralar bacısının meyiti yaxınlıqdakı kanaldan tapılanda Qızbəs evinin həyətində oturub günlərlə hönkür-hönkür ağlayırmış...

Kimdeyir desin qan, doğmalıq, ət-qan məsələsi öz işini görür. Qanı-qanından olan biri insana nə qədər pislik etsə də, damarlarda axan qan imkan vermir ki, pislik edən qarşı nifrət bəsləyəsən. Ola bilər ki, görüntü olaraq nifrət kin nümayiş etdirəsən, amma ürək həmin nifrəti, kini qəbul etmir. Təbii ki, doğmaların, əziz insanların etdiyi pislikləri unutmaq olmur. Bəlkə də nə vaxtsa nələrsə unudulur, güzəştlər edilir. Lakin, zərbənin yeri hər zaman təzə qalır. Həmin yeri sağaltmağa heç nəyin gücü çatmır. Hətta ölümün belə.

 

Samirə Əşrəf

 

Ədalət.- 2015.- 17 iyul.- S. 6.