YAP jurnalistləri mükafatlandırdı
Bu
gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında milli mətbuatın
140 illiyi ilə bağlı tədbir keçirilib.
Adalet.az-ın
xəbərinə görə, tədbirdə YAP-ın
İcra katibinin müavinləri Mübariz Qurbanlı,
Siyavuş Novruzov və KİV nümayəndələri
iştirak ediblər.
Tədbirdə
çıxış edən YAP İcra katibinin müavini
Mübariz Qurbanlı bildirib ki, Dövlət
başçısının milli mətbuatın 140 illiyik
yubiley tədbirləri ilə bağlı Sərəncamı əsasında
ölkəmizin bütün bölgələrində
çoxsaylı tədbirlər keçirilir.
Azərbaycan
mətbuatının Həsən Bəy Zərdabinin
"Əkinçi” qəzeti ilə
başladığını deyən M. Qurbanlı söyləyib
ki, Azərbaycan mətbuatı ötən illər ərzində
milli təfəkkürümüzün, milli
inkişafımızın təmin edilməsində əhəmiyyətli
rol oynayıb: "Azərbaycan mətbuatı istər XIX əsrin
sonları istərsə də XX əsrin əvvəllərində
Azərbaycan maarifçiliyinin, milli inkişafın, milli dərkin təmin edilməsində
çoxsaylı əsərlər yaradıb, eyni zamanda ölkəmizlə
məhdudlaşmayıb türk dünyasında mühüm
izlər qoyub”.
Ulu Öndər Heydər Əliyevin 1969-ci ildə hakimiyyətə gəlişindən sonra mətbuatla bağlı ciddi işlər görüldüyünü xatırladan M. Qurbanlı söyləyib ki, müstəqilliyimiz bərpa olunduqdan sonra da Ümummilli Lider mətbuatın inkişafına dəstək verib: "Prezident İlham Əliyev də mətbuatın inkişafına böyük dəstək olur. Mətbuatın inkişafı üçün vəsaitlər ayrılır, fondlar yaradılıb. Mətbuatın təminatı üçün dövlət tərəfindən ayrı-ayrı qəzetlərə yardım olunub. Eyni zamanda jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülüb. Milli mətbuatın 140 illik yubileyi ilə bağlı jurnalistlərə adlar veriləcək, mükafatlar təqdim olunacaq”.
M. Qurbanlı çıxışında YAP-ın mətbuatla əlaqələrindən də danışıb. İcra katibinin müavini söyləyib ki, YAP ənənəvi olaraq hər il mətbuat günü ilə bağlı jurnalistlərlə görüşür, onların əməyini qiymətləndirir.
Daha sonra çıxış edən YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov mətbuat nümayəndələrini bayram münasibətilə təbrik edərək söyləyib ki, Azərbaycan mətbuatı istənilən dövrdə özünü hərtərəfli şəkildə göstərib: "Azərbaycan müstəqillik qazanandan sonrakı dövrdə mətbuatda kifayət qədər peşəkar kadrlar yetişdi. Azərbaycanın qısa müddətdə çox böyük, çoxistiqamətli mətbuat orqanları yarandı. Cəmiyyətin inkişafında və irəli getməsində söz azadlığının təmin olunmasında mətbuat kifayət qədər böyük rol oynayıb. 14 respublika ilə müqayisədə Azərbaycanın müstəqillik qazanması prosesi çox ağır oldu, torpaqlarımız işğala məruz qaldı, separatizm baş qaldırdı. Mətbuat xalqın Azərbaycan ərazilərinin müdafiəsinə səfərbər olunmasında, dövlətçiliyimizin qorunmasında mühüm rol oynayıb. Mətbuat daim bu istiqamətdə fəaliyyət göstərir”.
Prezident İlham Əliyevin mətbuata qayğısından danışan S. Novruzov söyləyib ki, mətbuat da adekvat olaraq daim Azərbaycan dövlətçiliyinin, xalqının maraqlarını müdafiə edib və etməkdə də davam edir: "Biz bunu Azərbaycanda keçirilən Avropa Oyunları zamanı bir daha şahidi olduq. Bir neçə media orqanı çıxmaq şərti ilə Azərbaycan mətbuatı birlikdə ümumxalq maraqları bütün maraqlardan üstün tutaraq ölkəmizin , xalqımızın əleyhinə aparılan qarayaxmalara qarşı birmənalı şəkildə öz mövqeyini ortaya qoydu. Aparılan tədqiqatlar göstərdi ki, istər virtual məkanda, istər çap materiallarında, istərsə də televiziya kanallarında Azərbaycan mətbuatı əleyhimizə olan bütün mətbuatları üstələdi onlara layiqli cavab verdi. Bu il ölkəmiz üçün aktual ildir. Qarşıdan parlament seçkiləri gəlir. Burada bizim mətbuat orqanları həm seçici, həm iştirakçı, həm təşviqatçı, həm də təbliğatçıdırlar. Seçkilər müddətində mətbuatın rolu iki dəfədən çox artır. Bu baxımdan hesab edirəm ki, seçkilərdə mətbuatın rolu böyük olacaq”.
Çıxışının sonunda mətbuat nümayəndələri təbrik edən Siyavuş Novruzov müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və jurnalistləri təbrik edib.
Sonda bir qrup jurnalist Milli Mətbuat Günü ilə bağlı mükafatlandırılıb.
Qeyd edək ki,
"Səs” İnformasiya Agentliyinin
əməkdaşı Nailə Məhərrəmova və
"Səs” qəzetinin əməkdaşı İlham
Əliyev mükafat alanlar
sırasında olub.
Ədalət.- 2015.- 17 iyul.- S. 7.