YAZMAYA BİLMƏDİYİM YAZI
Bu bir şokun
diqtəsidi
İnsan ömrü həm çox uzun, həm də
çox qısadı, hətta bəzən bir andı -
göz qırpımıdı. Burda söhbət
yaşanan ayların, illərin sayından getmir.
Çünki yüz ili dağdan
aşıran, necə deyərlər, 150-nin kürəyini yerə
vuranlar var ki, onların necə yaşadığı və
ümumiyyətlə, yaşayıb-yaşamadığı
heç kim üçün maraqlı olmayıb. Təkcə Gennesin kitabını yazanlardan başqa.
Onlar da rekord xatirinə həmin o 150 il
yaşayanın adını kitabın bir küncünə
yazıblar. Amma ömrü barmaq sayı illərdən
ibarət olan elə Allah bəndələri olub və var ki,
onlardan zaman-zaman danışılır, onların barəsində
yazılır, filmlər çəkilir, xatirələr
çap olunur, adları yeni doğulanlara
bağışlanır. Bax, bu mənada insan
ömrünün ölçüsünü, yəni zaman kəsiyini
düşünəndə, göz önünə gətirəndə
şəxsən mən 37 yaşında həyata əlvida deyən
söz adamlarının ruhu qarşısında baş əyirəm
və onların bu qısa ömürdə nələr
yazdıqlarını və nələri özləri ilə
apardıqlarını heyrət, həm də təəssüf
hissi ilə yaddaşımın süzgəcindən
keçirib bu gündən sabaha boylanıram. Və
görürəm ki...
Bəli, hamı bu dünyanı qınayır. Tanıdığım,
oxuduğum bütün söz adamlarının ən
böyük irad yerləri, ən böyük günahkar
saydıqları bu dünyadı. Hətta böyük Səməd
Vurğun özünün məşhur "Komsomol"
poemasında yazıb ki:
Bir də görürsən ki,
açılan solur,
Düşünən bir
beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa
dünya.
Və
böyük Səməd Vurğun onu da yazıb ki:
Biz gəldi gedərik, sən
yaşa, dünya!
Hə, bu
misraları sizə xatırladarkən söylədiyim fikrin
bariz nümunəsini sərgiləməklə yanaşı, həm
də demək istəyirəm ki, xalq bayatılarımızda
da bu dünyanın vəfasızlığını, bu
dünyanın zülmkar olduğunu, bu dünyanın insana
ancaq dərd yüklədiyini, ayrılıq gətirdiyini də
çoxlarımız dinləmişik, oxumuşuq. Və
çoxlarımız da:
Bu dünya bir pəncərə
Hər gələn baxıb gedər
- deyirik.
Doğurdan
da daha çox insanın baxıb getdiyi, daha az
insanın isə şərəfləndirdiyi bu dünya bizim
hamımızın müəyyən zaman kəsiyi
üçün evimizdi. Biz də bu dünyada
kirayənişinik. Çalışıb
hansısa bir formada bu dünyanın, yəni kirayənişin
olduğumuz evin haqqını ödəyirik - birimiz sözlə,
birimiz daş-divar hörməklə, birimiz yol çəkməklə,
birimiz körpü salmaqla. Amma içimizdə
elələri də var ki, evimiz olan bu dünyanı barıt
çəlləyi üstündə saxlayıb gah onu
partladır, gah onu bombalayır, gah da elə ağıla gəlməyən
cinayət üsullarına əl atıb hamını heyrətləndirir
ki, adamın dünyaya yazığı gəlir. Bax, məhz
həmin məqamda düşünürsən ki, dünya bu qədər
nankorluğun qarşısında yaxşı ki, bizi, yəni
insanları ayaq üstə min il
saxlamır. Yoxsa dünyanın torpağını da, suyunu da,
daşını da elə bir hala gətirərik ki, min ildən
sonra heç kim bu dünya haqqında nə
danışa bilər, nə yaza bilər, nə də onunla
üz-üzə gəlməyə gücü və yeri olar. Təəssüf ki, bu gerçəyi anlamaq istəyənlər
çox azdır. Özü də böyük Məmməd
Arazın dediyi məşhur bir fikri ortada olduğu halda:
Dünya sənin, dünya mənim,
dünya heç kimin.
Doğurdan da mənim, sənin və heç kimin olmayan
bu dünyayla öcəşmək, onu sınaq, özü də
cinayətlərin sınaq meydanına çevirmək
insanlığın ən böyük
yaramazlığıdı. Necə deyərlər,
çörək yediyi qaba... kimi. Nə isə...
Mən dünyanın vəkili deyiləm, nə də
onun hüquqlarını qorumaq fikrim yoxdu. Sadəcə, biz
insanların, xüsusilə söz adamlarının bəzən
haqsız yerə dünyadan inciməyimiz, onu
qınamağımız, ona etiraz etməyimiz mənə bu
fikirləri yazmaq imkanını verdi. Təbii ki, bu da adı böyük hərflərlə
yazılan, əməli böyük hərflərlə
vurğulanan, insanlığın şərəfi, namusu kimi
uca tutulan dahilərin, dühaların yaşayan xidmətlərinin
diqtəsidi. Yəni məhz mən bu
vurğuladığım İNSANlara söykənərək dünyanı
müdafiə etmək fikrinə düşdüm. Amma...
Amma bir gerçək də var ki, baxıb getdiyimiz bu
dünyada bir insan ömrünün halal və haram, doğru və
yalan, nəhayət, sevgi və nifrət anlayışları
da ortağına çevrilir.
Bir az da açıq ifadə etsəm, yəni
insan öz içində mələyə də, iblisə də
yer vermək gücündədi. Həmin o mələk
və iblisin hansı ürəkdə yerləşməsi
artıq digər insanlara da münasibətdə elə
dünyaya olan münasibət kimi formalaşa bilir. Yəni insan insanı sevirsə, onun bu dünyaya olan
sevgisi də, təbii ki, ya sabun köpüyüdü, ya da
ümumiyyətlə heç nədi. O nə qədər
gözüaclıq etsə də, onun-bunun haqqını yesə
də, ona-buna tor qursa da sonu məhz həmin unudulmaq, öz
qazdığı quyuya düşmək deməkdir. Məhz bu mənada mən dünyanın əbədiliyinə,
ədalətinə haqq verirəm. Hələ
bu günə qədər kiminsə haqqının kimdəsə
qaldığının nə şahidi olmuşam, nə də
eşitmişəm, günahkar mütləq və mütləq
layiq olduğuna çatır. Ən azından o, bir insan
kimi dəfn olunmur, basdırılır, üstü
torpaqlanır və elə həmin andaca itir...
Hə, mən də kirayənişin olduğum bu
dünyada bütün bu gerçəkliklərin fonunda
aydın şəkildə görüb və dərk edirəm
ki, rəhmətlə lənətin arasında məsafə
bir göz qırpımıdı, bir andı. Necə ki, hər
kəsin sevgisini, hər kəsin könlünü fəth edənlər,
yəni zaman-zaman xatırlananlar o bir anda əbədiyaşarlığı
qazanırlar.
Qazancım bir çörək, bir də
ki, kirə
Dərdimi üyüdür dişsiz
kirkirə...
Qapı da açılmır mən
də bir girəm-
Deyəm dərdim budu, dərmanımı
ver!
Bilmirəm savabla günah
yarımı
Düzür muncuq kimi gün
ahlarımı...
Söyləyib üzümə
günahlarımı-
Mənim də yazılı fərmanımı
ver!
Sıxdıqca azalır, tükənir
şirə
Mən nə and yeriyəm, nə də
ki, pirəm...
Sənə ünvanlanan sual, fikirəm-
Əlimdən aldığın hər
anımı ver!..
***
Mən bu yazını bir gün öncə tamam fərqli
düşünmüşdüm, tamam fərqli yazmaq niyyətindəydim. Amma ötən
gecənin yaşantıları mənim içimi alt-üst
etdi. O şoku düşünmək, xatırlamaq belə
istəmirəm. Sadəcə, əl boyda bir
uşağın qışqırtısı, göynərtisi
hələ də qulaqlarımda səslənir və elə
bilirəm ki, bu, dünyanın sonu deməkdi, bu, mənim
gücsüzlüyüm deməkdi. Və
ümumiyyətlə, kiçiklərin, hələ
özünü ifadə edə bilməyənlərin
qarşısında böyüklərin
yazıqlığı, hətta sınıb çiliklənib
tökülməyi deməkdi. Təsəvvür
edin ki, bir-iki sözdən başqa heç nəyi deyə
bilməyən bir uşağın öz
ağrısını çatdırmaq üçün
bütün gücüylə bağırması və
heç vəchlə sakitləşməməsi böyükləri
hansı duruma salır. Bunu təsəvvür
etməyin özü də məncə ağırdı.
Ona görə də mən həmin o
ağırlığın içərisində
çabalaya-çabalaya özümə də,
insanlığa da, dünyaya da az qala asi
olmaq istəyirdim və bəlkə də oldum və bundan da xəbərim
olmadı. Sadəcə, bağıran uşaqla
birlikdə gizlədə bilmədiyim göz yaşlarım da
nə ağrını, nə də uşağı sakitləşdirdi.
Eləcə bir gecənin şoku bir gün öncə
düşündüyüm və az qala
yazıb bitirdiyim mövzunu yaddaşımdan sildi. Ona görə də indi bilgisayara diqtə etdiyim bu
yazının dünyayla, həyatla, insanla bağlı
notları məhz o bir andan qaynaqlandı. Yəni
bir an içərisində gözdən yayınan uşaq
özünə də acılar çəkdirdi, böyüklərin
də acizliyini ortaya qoydu. Deməli, ən
böyük güc sahibi elə o bir andı. Onu
yaşamaq da olur... onu yaşatmaq da... onda ölmək də...
İndi düşünürəm ki, biz gerçək
faktları görə-görə, bilə-bilə
özümüzü görməməzliyə, bilməməzliyə
yuvarlayıb niyə özümüzdən bu qədər
uzaqlaşırıq. Axı hər şeyi ölçmək,
biçmək, düşünmək, ağıllı qərar
vermək, özü də hamımızın xeyrinə qərar
vermək imkanımız olduğu halda niyə məhz kimisə,
nəyisə düşünüb kimə görəsə, nəyə
görəsə addım atırıq. Axı
o atılan addım da, o deyilən söz də, o
çıxarılan qərar da elə bir anın bəhrəsidi,
göstəricisidi.
Təəssüf ki, məhz həmin o dediyim bir anı
hamıya şamil etmək, ondan hamını bəhrələndirmək
mümkünsüzdü. Bu yerdə duyğusal
adamların hissə qapılması, ürəyinin
param-parça olması, acı çəkməsi
qaçılmaz və təbiidi. Çünki
duyğusallar o anı duyurlar, o anı hiss edirlər, o anı
özlərindən keçirirlər.
Bir anda paralandı
Neçə yerə ürəyim...
Göy ondan aralandı-
Köçə yerə ürəyim!..
Sızıldadı dil, dodaq
Selə batdı göz, yanaq...
Düşdü bir anda oddaq-
Üçcə yerə ürəyim!..
Od fələkdi kömürü mən
Çınqıl qopmaz
kömrümdən...
Ağrın kəsdi
ömrümdən-
Heçcə yerə
ürəyim!..
Bizim bir xoşbəxtliyimiz var. Təbii ki, söhbət yazı adamlarından gedir. Bu xoşbəxtliyi bizə alın yazımız kimi Tanrı bağışlayıb. Yəni biz başqalarından fərqli olaraq içimizi, düşüncələrimizi kağıza köçürüb özümüz özümüzə təsəlli verə bilirik, azacıq da olsa rahatlanırıq. Bax, bu mənada mən bütün dualarımda Allahıma mənə verdiyi bu xoşbəxtliyə görə sonsuz minnətdarlığımı ifadə edirəm.
Öyünmək üçün demirəm və bunu mənə qəbahət də saymayın. Ola bilsin ki, mənim yazdıqlarım oxucu üçün heç nədi. Ən yaxşı halda deyək ki, bir cızmaqaradı, bir topa sözdü. Amma mənim özüm üçün hər yazı bir övladdı - istər qüsurlu olsun, istər hər nöqtəsi, hər vergülü yerində!..
Bax, bu yazının özü də mənim bir gecədə yaşadığım, düşündüyüm, ağlımdan gəlib keçənlərdi. Onun bəlkə də oxucuya iynəucu boyda da dəxli yoxdu. Amma tam əminəm ki, mənim həmin o yaşadıqlarımı bu məmləkətin insanlarının ən azı bir faizi yaşayıb. Və o bir faizin içərisində onu yazmaq istəyənlər də mütləq olub, bəlkə də yazıblar. Amma onlar öz düşündükləri kimi yazıblar, mən də öz yaşadığım kimi yazdım və bunun üçün də rahatsız deyiləm. Əksinə, belə hesab edirəm ki, həmin o bir faizin sözünü, duyğularını bölüşdüm. Hər halda bu həyatda mütləq düşüncələrini bölüşərək bununla da kiminsə yanında olduğunu, kiminsə uzanan əlindən tutduğunu göstərməlisən. Təbii ki, insan kimi!
Hə, mən indinin özündə də, yəni bilgisayarın yanında dayananda da, siz bu yazını oxuyanda da bölüşdüklərimə görə daxilən rahatam, həm də sizin məni necə qəbul edəcəyinizin parametrlərini özüm üçün cızmaq istəyirəm. Bilmirəm alınacaq yoxsa yox, hər halda bu yazıya elə bu kövrək misralarla nöqtə qoymaq istəyirəm. Çünki bu misralarda da mən yaşantılarımı sizinlə paylaşıram.
Özün
özünə, gülüm,
Çox olsa da dost-tanış...
Hərdən məndən də
danış-
Yadında təzələnim...
Söylə üzümə,
gülüm
Mənəm sənin qadan da...
Şirin tikə dadanda-
Dadında təzələnim!..
Kaş ki, özüm də,
gülüm
Qəlbə işıq tək
dolan...
Sevgimə ana olan-
Qadında təzələnim!..
Bütün yaşadıqlarıma və sizə
yaşatıqlarıma görə üzülsəm də,
amma yazmaya bilməzdim.
Əbülfət Mədətoğlu
Ədalət.- 2015.- 17 iyul.- S. 8.