Reallıqdan yoğurulan mətbuat
Keçmiş həmkarımız,
bu gün isə məmur kimi çalışan Elman Babayev
mediamızın gələcəyi ilə bağlı nikbindir
Bir neçə gündən sonra milli mətbuatımızın
140 illiyini qeyd edəcəyik. Bu illər ərzində
media ilə dövlət qurumları arasında münasibətlər
heç də həmişə ürəkaçan səviyyədə
olmayıb.
Son
dövrlər bu sahədə xeyli iş görülüb,
problemlərin həlli istiqamətində əməli və
xoş niyyətli addımlar atılıb. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işə
öz töhfəsini verən rəsmi qurumlardandır. Jurnalistlər arasında aparılan sorğular da bunu
sübut edir. Nazirliyin İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri,
keçmiş həmkarımız Elman Babayevlə mətbuatımızın
keçdiyi yola nəzər saldıq, indiki durumunu incələdik.
Həmsöhbətimiz təmsil etdiyi dövlət
orqanının son illərdəki fəaliyyəti barədə
də danışdı.
- Elman bəy,
milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində
medianın bugünkü mənzərəsinə sizinlə
birgə nəzər salmaq istərdik...
- Hesab
edirəm ki, Azərbaycan mətbuatı keçib gəldiyi bu
140 illik yolda bəlkə də min ilin təcrübəsinə,
müdrikliyinə yiyələnib. Çünki 140 il əvvəl "Əkinçi"dən
başlanan bu yol heç də həmişə hamar
olmayıb, bir-birilə davan-dabana zidd ictimai-siyasi-ideoloji mərhələlərdən,
zamanın çətin sınaqlarından keçərək
bu günə gəlib çatıb. Və bu uzun yolda milli
jurnalistika məktəbi "Əkinçi" ənənələrinə,
"ictimai həyatın aynası" olmaq, milləti maarifləndirmək,
cəmiyyəti mütərəqqi proseslərə səfərbər
etmək missiyasına sadiqliyini və ən
başlıcası, özünün milli simasını dəyanətlə
qoruyub saxlaya bilib.
Hər bir ölkənin mətbuatı üçün ən
vacib keyfiyyət meyarı onun cəmiyyətə təsir
imkanlarının səviyyəsi ilə
ölçülür. Bu mənada Azərbaycan mətbuatı elə
"Əkinçi"dən üzü bəri cəmiyyətə
təsir imkanlarına malik, ictimai düşüncəni
formalaşdırmaq və ya dəyişdirmək gücündə
olan, lazım gəldikdə cəmiyyəti hətta öz
ardınca apara bilən mətbuat olub. Bütün
dönəmlərdə Azərbaycan mətbuatının belə
demək mümkünsə, xəmiri məhz Azərbaycan
reallıqlarından yoğurulub və onun qisməti də məxsus
olduğu xalqın taleyindən kənara çıxmayıb.
Bu gün də milli mətbuatımız ölkənin,
xalqın, dövlətin həyatının bir hissəsi
olaraq, azad, müstəqil, daim inkişaf edən, məhz yeniləşməyə,
gələcəyə istiqamətlənən mətbuatdır.
140 illik yolun ən yaxşı ənənələrini,
dəyər və prinsiplərini, müdrikliyini qoruyub
saxladıqca və eyni zamanda təkmilləşməyə, zənginləşməyə
meyl etdikcə, qlobal informasiya məkanında özünü
sübut etdikcə milli mətbuatımızın
qarşısında daha geniş üfüqlər, yeni
uğur səhifələri açılacaq.
Azərbaycan mətbuatının hazırkı mənzərəsi
məndə yalnız nikbin təəssüratlar oyadır,
xüsusən də ölkə mediasına dövlət siyasəti
səviyyəsində davamlı və güclü dəstək
onun inkişafının stimullaşdırılmasında
mühüm rol oynayır.
- Bir
müddət əvvəl mətbuatda
çalışmış həmkarımız, bu gün isə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
informasiya siyasətinə cavabdeh bir məmur kimi
mediamızın problemlərini aydın görmək
imkanlarınız var...
- Mətbuatla
iş bizim gündəlik fəaliyyətimizin ana xəttini təşkil
edir. Bu iş, çap və elektron
KİV-lərin ümumi mündəricəsi barədə
gündəlik əldə etdiyimiz məlumatlar bununla
bağlı müəyyən nəticələrə gəlməyə
imkan verir. Bəli, mediamızda problemlər var və
əminliklə demək olar ki, bunların çoxu məhz
subyektiv səbəblərdən qaynaqlanır.
- Mətbuatın
ən böyük problemi, sizcə, hansıdır?
- Qələm
əhlinin çoxalması fonunda peşəkar, öz fəaliyyətinə
tələbkar yanaşan, öz üzərində daim işləyən,
araşdırmaçı jurnalistlərin sayının
azalması narahatedici məqamdır. Mediaya ən
asan fəaliyyət sahəsi kimi baxaraq bu sahəyə
qeyri-ciddi məqsədlərlə yönələnlərin
sayı isə artır. Ömründə bir bədii ədəbiyyat,
bir qəzet-jurnal belə oxumayan, savad səviyyəsi
aşağı olan, üç-dörd cümləlik bir mətni
tərtib etməyi bacarmayan birisi necə jurnalist ola bilər? Amma təəssüf ki, belələri
var. Ya da görürsən hansısa
mövzuda yazı yazmaq istəyir, amma o mövzuda heç bir
təsəvvürü yoxdur, heç o mövzuda öyrənmək
belə istəmir, sadəcə istəyir ki, hazır material
götürüb müəlliflik etsin. Yəni
peşəkarlıq səviyyəsinin, jurnalist
işgüzarlığının müəyyən qədər
zəifləməsi, başqa sözlə, kəmiyyətin
keyfiyyəti bir qədər üstələməsi diqqəti
cəlb edir.
- Nazirliyin
mətbuatla əlaqələri necə qurulur, hansı yeni
layihələr həyata keçirilir?
- Qeyd edim
ki, ictimaiyyətlə əlaqələrin təşkili hər
bir qurum, o cümlədən ƏƏSMN üçün
mühüm önəm kəsb edir. Bu, cəmiyyət
qarşısında mütəmadi hesabatlılığın
və cəmiyyətə məlumat
açıqlığının təmin olunmasında, digər
tərəfdən nazirliyin öz fəaliyyəti ilə
bağlı ictimai rəy və təşəbbüslərin,
eləcə də cəmiyyət üzvlərinin fərdi
münasibətlərinin öyrənilməsi və nəzərə
alınması baxımından vacibdir. Bizim
şöbənin fəaliyyətində də bu mühüm
faktor əsas götürülür və şöbə, belə
demək mümkünsə, nazirliyin ictimaiyyətlə əlaqələrində
sanki bir körpü funksiyasını yerinə yetirir.
Bunu jurnalistlər də təsdiq edərlər ki, bu
gün mətbuatla əlaqələri açıq cəmiyyət
prinsiplərinə uyğun səviyyədə və kifayət
qədər işgüzar müstəvidə qurulan dövlət
orqanlarından biri də Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyidir. Bunun əsas səbəbi kimi, mən
ƏƏSMN rəhbərliyinin, şəxsən nazir cənab
Səlim Müslümovun nazirliyin ictimaiyyətlə əlaqələrinin,
xüsusən KİV-lə əməkdaşlığının
yüksək səviyyədə təşkilinə, mediaya məlumat
açıqlığının təmin olunmasına
xüsusi diqqətini qeyd edə bilərəm. Çünki
bu, bir həqiqətdir ki, hər hansı bir qurumun rəhbərinin
mətbuata münasibəti həmin qurumun mətbuatla əlaqələrinin
səviyyəsini müəyyən edən əsas faktordur.
Son illərdə
nazirlik tərəfindən milli əmək və sosial
müdafiə sisteminin şəffaflaşdırılması, əhaliyə
xidmətin mütərəqqi dünya təcrübəsi əsasında
təkmilləşdirilməsi, bu sahədə məmur-vətəndaş
təmaslarının azaldılması və bununla neqativ halların
aradan qaldıılması, əmək bazarına nəzarət
sisteminin innovativ texnologiyalar üzərində qurulması və
s. istiqamətlərdə uğurlu islahat tədbirləri həyata
keçirilib və bu işlər davam etdirilir. Bütün bu
islahat tədbirləri, eyni zamanda ənənəvi sosial
müdafiə tədbirləri, onların nəticələri,
vətəndaş müraciətlərinin yerində və
obyektiv araşdırılaraq cavablandırılması,
bölgələrdə keçirilmiş vətəndaş qəbulları,
əhaliyə elektron xidmətlərin təşkili və s.
barədə mütəmadi olaraq mediaya məlumatlar verilir. Hər gün press-relizlər hazırlanaraq KİV-lərə
ötürülür və bu press-relizlər nazirliyin rəsmi
saytında da yerləşdirilir. Sayt
gündəlik olaraq yenilənir.
- Mətbuatın
gündəlik monitorinqi də aparılırmı?
- Bəli,
ölkə mətbuatının gündəlik monitorinqi və
yayımlanan aidiyyəti materialların qeydiyyatı, Nazirliyin fəaliyyət
sahələri barədə yayımlanan məlumatların
vaxtaşırı təhlili aparılır. Bununla
bərabər, hər gün şöbəyə jurnalist
sorğuları daxil olur ki, onların qısa müddət ərzində
və obyektiv cavablandırlması işimizin bir hissəsidir.
Nazirliyin fəaliyyəti barədə mütəmadi
şəkildə mətbuat konfransları, brifinqlərin,
müsahibələrin təşkili təmin olunur. Həmçinin
nazirliyin rəsmi facebook səhifəsi və twitter hesabı
da daim yenilənir. Nazirliyin fəaliyyət sahələrindəki
bütün tədbirlər barədə məlumatlar, foto və
video materiallar mütəmadi olaraq həmin səhifələrdə
təqdim edilir. Rəsmi facebook səhifəmiz
vasitəsilə vətəndaşların aidiyyəti üzrə
müraciətləri də cavablandırılır. Eyni zamanda, şöbənin qarşısında
duran digər vəzifələrin icrası yönündə
də müvafiq işlər aparılır.
Onu da deyim ki, ölkə mətbuatında nazirliyimizə
islahatçı, işgüzar bir dövlət qurumu kimi
böyük maraq və diqqət var. Ona görə də media
orqanları nazirlikdən hər gün yeni bir məlumatın
gözləyir və bu, təbiidir.
-
Keçmiş jurnalist Elman Babayev bu gün hansı bir
mövzu barədə yazı yazmaq istərdi və həmin
yazını hansı mətbu orqanda dərc etdirərdi...
- Jurnalistlik fəaliyyəti dövründə əsasən ictimai-siyasi proseslərlə əlaqədar analitik yazılar yazmışam. Yəqin ki, yenə də bu mövzuda davam edərdim. Əlbəttə, bütün mətbu orqanlara həmişə xoş hisslər bəsləmişəm. Amma yazdığım yazını uzun illər çalışdığım və mənə doğma olan "Trend"ə və "Kaspi" qəzetinə verərdim.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdəki fəaliyyətində hansı mühüm tədbirləri xüsusi qeyd etmək istərdiz?
- Son illər nazirliyimizin həyatında Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi, onlara dövlət qayğısının artırılması yönündə fəal işlərin görülməsi, eyni zamanda milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi, əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin formalaşdırılması, müasir və şəffaf, əhali üçün əlçatan xidmətlər sisteminin qurulması, xidmət sahələrində məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılması məqsədilə uğurlu islahatların aparıldığı dövr kimi səciyyələndirmək olar.
Öncə sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi yönündə görülən işləri diqqətə çatdıraraq, qeyd edim ki, dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən, ötən il nazirlik tərəfindən 2014-cü ilədək növbəyə dayanmış bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin, hətta 2014-cü ilin mart ayınadək növbəyə dayananların dövlət büdcəsi hesabına pulsuz olaraq "Naz-LİFAN" markalı minik avtomobili ilə təminatı həyata keçirilib. Həmçinin son illərdə bu şəxslərin və şəhid ailələrinin mənzil təminatı sürətlənib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təminatının xeyli sürətlənməsini şərtləndirir.
2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin bu Sərəncama əsasən 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur. ƏƏSMN bu Sərəncamın da uğurlu icrasını həyata keçirir. Bu ilin iyun ayında Tərtər rayonunda daha bir çoxmənzilli yaşayış binası müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Hazırda bu təbəqələrdən olan şəxslər üçün Bakıda 96 mənzilli, İmişli, Beyləqan rayonlarında hər biri 54 mənzilli, Şamaxı rayonunda 36 mənzilli yaşayış binaları, bölgələrdə 375 fərdi ev inşa edilir. Digər tərəfdən, hazır yaşayış binalarından onlar üçün mənzillər alınıb və təmir edildikdən sonra onların istifadəsinə veriləcək.
Bunlarla yanaşı, qeyd etdiyim kimi, sosial təminat sisteminin, o cümlədən ünvanlı dövlət sosial yardımı proqramının icra mexanizminin şəffaflaşdırılması, ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflıq və ünvanlılığın təmin edilməsinə nəzarətin gücləndirilməsi yönündə uğurlu addımlar atılıb. Nəticədə bu yardımları alanların sayı azalmaqla, ödənilən yardımların məbləği artmaqda davam edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bu sahədə görülən işləri yüksək dəyərləndirərək: "Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər. Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır..."-deyə vurğulayıb.
Hazırda mühüm islahat tədbirlərindən biri kimi, Azərbaycan Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, ünvanlı dövlət sosial yardımı üçün müraciət edilməsi və həmin yardımların təyinatı prosesinin avtomatlaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planı üzrə işlər aparılır.
Digər tərəfdən, ötən il əmək bazarına dövlət nəzarətinin müasir tələblərə uyğun və səmərəli təşkili üçün MDB məkanında ilk dəfə olaraq Azərbaycanda mükəmməl proqram təminatına malik əmək müqavilələrinin elektron qeydiyyatı sistemi yaradılıb. Beləliklə də ölkədəki mövcud əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılması təmin edilib. Bu gün mötəbər beynəlxalq təşkilatlar tərəfindən ümumən Azərbaycanın mütərəqqi bir təcrübəsi kimi dəyərləndirilən həmin sistem mövcud əmək bazarındakı prosesləri izləməyə, eyni zamanda işçi hüquqlarının təminatına operativ və səmərəli şəkildə nəzarət etməyə imkan verir.
Son illər nazirlik tərəfindən əhaliyə
elektron xidmətlərin göstərilməsi sahəsində
mühüm uğurlara nail olunub, yeni və əhali
üçün olduqca faydalı e-xidmətlər
yaradılaraq istifadəyə verilib. Təkcə
son 6 ayda "Elektron hökumət" portalı vasitəsilə
nazirliyin təqdim etdiyi elektron xidmətlərdən 1 milyon 93
min dəfə istifadə edilib ki, bu, ölkə üzrə ən
yüksək göstəricilər sırasındadır.
Ümumilikdə son illər ƏƏSMN-nin fəaliyyətinin
bütün istiqamətlərində səmərəli
və məhsuldar bir dövr olub.
Ədalət.- 2015.- 17 iyul.- S. 11.