ŞƏRƏFLİ ÖMÜR YOLU
Bakı Dövlət Universitetinin (o dövrdə M.Ə.Rəsulzadə adına adlanırdı) humanitar fakültələr üzrə siyasi kafedrasının sabiq müdiri, tarix elmləri doktoru, professor, millət vəkili, Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları daimi komissiyasının və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının sabiq sədri, məşhur "91"lərdən biri mərhum Səfiyar Bəylər oğlu Musayev 1935-ci ilin iyulun17-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Yeni Bayazid qəzasının Basarkeçər rayonunun Nərimanlı (Hüseynqulu Ağalı) kəndində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illərini təbiətin gözəl guşəsi olan Göyçə mahalında keçirmişdir.
Səfiyar Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ilə qədər Basarkeçər rayonunun Çaxırlı kəndində orta məktəbdə müəllim və "Sovet Ermənistanı" qəzetinin Basarkeçər, Martuni, Krasnoselsk və Yeni Bayazid rayonları üzrə xüsusi müxbiri vəzifələrində çalışmışdır.
S.Musayev 1962-ci ildə Bakı Dövlət Universitetinin
aspiranturasına daxil olmuşdur. Səfiyar müəllim
1965-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsinə,
1980-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə
layiq görülüb. 1981-ci ildə ona
yüksək elmi rütbə -professor adı verilib.
Tarix elmləri
doktoru, professor Səfiyar Musayev 1986-cı
ildə BDU-nun humanitar fakültələr üzrə siyasi
tarix kafedrasının müdiri vəzifəsinə
seçilir və ömrünün axırına kimi bu vəzifədə
müvəffəqiyyətlə
çalışmışdır.
Mərhum professor Səfiyar Musayev çox gərgin, səmərəli
və məhsuldar işləyən görkəmli tədqiqatçı
alim idi. O,
tarixin başlıca elmi istiqamətlərindən hesab edilən
siyasi tarix sahəsində geniş tədqiqatlar aparan, onu dəqiq
fakt və sənədlərlə zənginləşdirən
yeni elmi məktəb yaradan alimlərdən idi. Onun
ictimai-siyasi hərəkatlar və partiyalar, ölkəmizin
iqtisadi və mədəni problemlərini elmi cəhətdən
işıqlandıran monoqrafiyaları, məqalələri,
müəllifi və redaktoru olduğu kitablar və dərsliklər
indi də öz aktuallığını saxlamaqdadır.
Səfiyar
müəllimin apardığı çoxcəhətli elmi tədqiqatların
nəticələri 400-dən çox elmi əsərlərin,
o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifi
olan S.Musayev onlarla aspirantın elmi rəhbəri, doktorantın
elmi məsləhətçisi olmuşdur. Onun rəhbərliyi
altında 30-a qədər namizədlik dissertasiyası
müdafiə olunmuşdur. O, Almaniya, Avstriya, Türkiyə,
İran, Çin, Çexiya, Kipr və s. ölkələrində
siyasi tarixin tədrisi, türkdilli xalqları
düşündürən problemlərlə bağlı
simpoziumlarda, konfranslarda iştirak edərək maraqlı məruzələr
və təkliflər irəli sürmüşdür.
Mərhum professor S.B.Musayev ömrünün 40 ilindən
çoxunu BDU-da keçirmişdir. O, bu müddət ərzində
universitetin ictima-siyasi və elmi həyatında mühüm
xidmətlər göstərmişdir. Təxminən on beş il bundan əvvəl Səfiyar müəllimin
rəhbərliyi altında ilk dəfə BDU-da "Siyasi
tarix" kafedrası yaradılmış və əsrin sonuna
kimi səmərəli fəaliyyət göstərmişdir.
Onun rəhbərliyi ilə 1991-ci ildə respublikamızda ilk dəfə
olaraq ali məktəb tələbələri
üçün fundamental xarakterli "Siyasi tarix" dərsliyi
çap edilmişdir. 1998-ci ildə çap edilən
bu dərsliyin ikinci cildi (ümumi həcmi 60 çap vərəqi)
respublikanın təhsil həyatında mühüm hadisəyə
səbəb oldu. Siyasi fənlərin tədrisində
yaranan boşluğun aradan qaldırılmasında dərsliyin
xüsusi əhəmiyyəti vardır. Siyasi
fənlərin tədrisində yaranan boşluğun aradan
qaldırılmasında dərsliyin xüsusi əhəmiyyəti
oldu. Görkəmli alim Səfiyar Musayev təkcə
müəllimlik fəaliyyəti ilə kifayətlənmirdi.
O, eyni zamanda respublikanın ictimai-siyasi həyatında
yaxından iştirak edirdi. Onun həyatı və
fəaliyyəti Azərbaycaın müstəqilliyi, suverenliyi
və ərazi bütövlüyü uğrunda gedən
ictimai-siyasi döyüşlərlə sıx bağlı
idi. 80-ci illərin axırı 90-cı illərin əvvəllərində
Azərbaycanda dərəbəylik hökm sürdüyü
vaxtda, ölkədə vətəndaş müharibəsi və
qarşıdurma, öz müstəqilliyini tamamilə itirmək,
bir dövlət kimi yenidən tarix səhnəsindən silinib
getmək təhlükəsi yarandığı bir dövrdə
ölkəmizin dərin iqtisadi, siyasi, mənəvi və hərbi
böhrandan çıxarmaq üçün böyük
dövlətçilik təcrübəsinə malik Heydər
Əliyevin Respublikaya yenidən rəhbər seçilməsinə
böyük ehtiyac duyulduğu bir vaxtda Səfiyar Musayev
universitetin bir qrup cəsarətli və qorxmaz müəllimləri
ilə birlikdə bu ehtiyacı hamıdan əvvəl hiss edən,
bu yolda ardıcıl və yorulmadan mübarizə aparan şəxs
idi. Səfiyar müəllim 1992-ci ilin oktyabrın 16-da "Səs"
qəzetində dərc etdiyi "Mən niyə
Əliyevçiyəm" məqaləsində Heydər
Əliyevin tarixi xidmətlərini qeyd etməklə
yanaşı belə bir nəticəyə gəlir ki, Azərbaycanı
düşmüş olduğu bu bəladan yalnız və
yalnız Heydər Əliyev cənabları xilas edə bilər.
Həmin illərdə belə bir məqaləni dərc
etdirmək çox qorxulu, mürəkkəb və çətin
idi. Dərəbəyliyin hökm sürdüyü o illərdə
Heydər Əliyevin adının belə çəkilməsi
yasaq edilmişdir. Xalqa yad ünsürlər
bütün qüvvələrini səfərbər edirdilər
ki, Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə
gəlməsin. Onlar Heydər Əliyevə böhtanlar,
iftiralar ataraq onu ləkələməyə, xalqın
gözündən salmağa çalışdıqları
bir vaxtda, 91-lərin Heydər Əliyevə müraciətindən
hələ xeyli əvvəl mərhum professor Səfiyar
Musayevin Murtuz Ələsgərovun və Əli Əhmədovun
rəhbərliyi ilə Azərbaycanda ilk dəfə məhz
BDU-nun humanitar fakültələr üzrə siyasi tarix
kafedrasında "Heydər Əliyevin müdafiəsi mərkəzi"
yaradılmış və H.Əliyevin sədrliyi ilə Azərbaycanda
yeni bir partiya təsis edilməsi ideyası ortaya
çıxmışdır. YAP 1992-ci ilin noyabrın 21-də
Naxçıvan şəhərində yarandıqdan dərhal
sonra mərhum Səfiyar Musayevin rəhbərliyi ilə Azərbaycanda
birinci olaraq məhz bu kafedrada, 17 nəfərin iştirakı
ilə 1993-cü ilin fevralında YAP-ın ilk təşkilatı
yaradıldı. Xalqımızın dahi rəhbəri Heydər
Əliyevin xidmətlərini və fəaliyyətini dəstəkləmək
istiqamətində Səfiyar Musayevin apardığı
çoxtərəfli iş, Heydər
Əliyevlə və respublikamızın digər rəhbərləri
ilə qurulan yaxın əlaqələr, Heydər Əliyev məktəbini
keçən Səfiyar Musayev respublikamızda görkəmli
ictimai-siyasi xadiminə çevrilmişdir. Xalqımız onu
1995-ci il 12 noyabrda 74 saylı Goranboy-Naftalan
seçki dairəsindən Azərbaycan Respublikasının
Milli Məclisinə deputat seçmişdir. Milli
Məclis isə onu öz növbəsində İnsan
hüquqları daimi komissiyasının, daha sonra isə
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası
Assambleyasında Sosial siyasət və İnsan hüquqları
daimi komissiyasının sədri seçmişdir. O, hər
iki məsul vəzifənin öhdəsindən ləyaqətlə
gəlmişdir. Səfiyar Musayev Azərbaycanın 1995-ci il 12 noyabr qəbul olunan ilk suveren demokratik
dövlət Konstitusiyasını hazırlayan konstitusiya
komissiyasının fəal üzvü olmuşdur.
Mərhum
millət vəkili Səfiyar Musayev zəngin elmi-pedoqoji irs qoyub getmişdir. O, istedadlı alim,
bacarıqlı təşkilatçı olmaqla bərabər
məhsuldar bir müəllim idi. Elmi-pedaqoji fəaliyyəti
dövründə özünə qarşı həmişə
tələbkar olmuş, mühazirə və seminarlarında
dövrün elmi nailiyyətlərindən məharətlə
istifadə etmiş, müəllim ləyaqətini həmişə
uca tutmuşdur.
Səfiyar müəllim hər kəsə, o cümlədən,
rəhbərlik etdiyi kollektivin bütün üzvlərinə
qarşı olduqca səmimi, nəzakətli və mehriban idi. Onlara daim
qayğı göstərirdi. Rəhbərlik
etdiyi kollektivin və başqalarının irəli
sürdüyü təşəbbüslərini qiymətləndirməklə
yanaşı onların həyata keçirilməsi
üçün dərhal şərait yaradırdı. Səfiyar müəllim hər kəsə köməklik
göstərərdi, sözün həqiqi mənasında
xeyirxahlıq onun amalı idi. O, görkəmli alim olmaqla
yanaşı özünə və ətrafındakılarına
qarşı tələbkar və eyni zamanda humanist, alicənab
insan idi.
Səfiyar müəllim sərişdəli təşkilatçı,
bacarıqlı siyasətçi, işgüzar və prinsipial
şəxs idi. O, ədalətsizliyə və haqsızlığa
qarşı barışmaz mübariz, adamları tanımaq və
onların qəlbinə yol tapmaq, onları özünə cəlb
etmək kimi yüksək insani keyfiyyətlərə malik idi.
Mərhum professor Səfiyar Musayevin arzusu hər yerdə
rüşvətin kökünü kəsmək, qanunun
aliliyini qorumaq, onun qarşısında hamının bərabərlik
prinsipini müdafiə etmək idi. Zəhmətsiz sərvət
toplamaq, layiq olmadığı halda yüksək vəzifə
tutmaq istəyən və bundan öz məkrli məqsədləri
üçün istifadə edən adamlara qarşı
mübarizə aparmaq amalı idi. Mərhum
Səfiyar müəllimin ən böyük arzusu ölkəmizin
ərazi bütövlüyünü bərpa etmək, onu
göz bəbəyi kimi qorumaq, erməni
işğalçıları tərəfindən zəbt
olunmuş ərazilərimizin azad edilməsi, milyondan çox
qaçqının öz yurd-yuvalarına qayıtmasına
nail olmaq idi.
Mərhum Səfiyar Musayev böyük bir ailənin
başçısı idi. Özü kimi gözəl
xasiyyətli, mehriban və qabiliyyətli övladlar tərbiyə
etmişdir. (2 oğlan, 3 qız və 12 nəvə və
nəticə) Səfiyar müəllimin yadigar qoyduğu ailəsi
xalqımızın zəngin adət-ənənələrini
özündə cəmləşdirən və
çoxlarına örnək ola biləcək
nümunəvi bir azərbaycanlı ailəsidir.
Mərhum Səfiyar müəllimin ən böyük
arzularından biri də 40 ilə qədər üzvü
olduğu və uzun müddət rəhbəri olduğu BDU-nun
siyasi tarix kafedrasını qoruyub saxlamaq idi.
Görkəmli alim Səfiyar Bəylər oğlu Musayev
dünyasını çox tez dəyişdi. Amma onun
qısa, eyni zamanda çox şərəfli ömür yolu gəncliyə
örnəkdir. O, bacarıqlı elm xadimi və təşkilatçı
olmaqla yanaşı, həm də yüksək elmi əxlaqa
malik bir insan idi. Mərhum Səfiyar müəllim
Məhəmməd Peyğəmbərin tövsiyyə etdiyi
nümunəvi amilləri yadigar qoyub getdi. "İnsan
özündən sonra üç xeyirli iş nümunə
qoyub gedir: Əbədi rəhmət, özündən sonra
yaşayan ikinci ömür, tükənməz-xeyirxah əməllər.
Özünə dua edən təmiz və
yaxşı övlad, ona daimi rəhmət oxutduran sədəqə
və özündən sonra xalqa faydalandıran bilik".
Mərhum Səfiyar Musayev özünün
çox qısa, lakin məzmunlu və mənalı
ömür yolunda təmiz-pak şəxsiyyət olduğunu
sübut edə bildi. Allah ona rəhmət eləsin.
Ədalət.- 2015.- 17 iyul.- S. 12.