KƏNDİM ÜÇÜN DARIXIRAM...
Vətən anlayışı hər kəs üçün müxtəlif mənada anlaşılsa da, ümumi ortaq bir nöqtə var, o da doğulduğun, böyüdüyün yurdla bağlılıqdı. Doğrudu, bəzən yurdu tərk edib başqa yuva quran və oraya vətən deyənlər də olur. Amma nə qədər inkar etsələr də, o insanlar da ilk qədəm basdığı torpağı yuxusunda görür, nostalji yaşayır...
Son illərin çoxlu problemləri, çətinlikləri, iş-güc, məşğuliyyət başımı qatsa da, doğulduğum kənd, məhlə, xatirələr bir gün də olsa yadımdan çıxmır. Hər hansı bir film, oxşar bir hadisə, bir kəlmə söz bəzən uzun bir xatirəni çözələməyimə səbəb olur və bu xatirələrin də bir ucu mütləq gedib kəndimə çıxır. Mənim üçün həqiqət olan o xatirələr uşaqlarım üçün nağıla, əfsanəyə bənzəyir. İllərdir ard-arda oxşar yuxular görməyimsə bəzən məni hətta psixoloq köməyinə ehtiyacım olduğu qənaətinə də gətirir.
İşğaldan sonra bərpa edilmiş kəndimizi heç cür mənimsəyə bilmirəm. Sanki murdar ayağı dəymiş doğma yurdum yadlaşıb, özgələşib. Yuxuda kəndimizin yalnız keçmişlə bağlı mənzərələrini, dağıdılıb viran qoyulmamışdan əvvəlki halını görürəm. O vaxtlar əhəmiyyət belə vermədiyim kiçik detallar belə yuxumda canlanır, təzələnir, yaddaşımı itiləyir. Bəzən bunun mistik bir qüvvəylə bağlı olduğunu zənn edirəm. Beynimdə xəritəsi "qazılmış" keçmiş kəndimin indi dəyişmiş, bəlkə də heç kimin xatırlamadığı yerlərində yuxuda elə canlı-canlı gəzirəm ki, ayılanda təəccüb edirəm.
Son ayların hər gecəki yuxunun sonunda isə mütləq müharibə - ya ermənilərin, ya rusların hücumunu açıq-açıq görürəm və özüm də müharibənin iştirakçısı oluram, yaxud erməniyə girov düşürəm. O anları elə dəhşətlə yaşayıram ki, oyananda bir müddət özümə gələ bilmirəm. Türk qadının erməniyə girov düşməsi nə deməkdir, təsəvvür etmək çətin deyil. Mən bunları eşidərək, yuxuda görərək bu qədər əzab çəkirəmsə, əsir, girov düşənlərin halını siz təsəvvür edin...
Amma heç kim qaçmır, heç kim geri çəkilmir, hər kəs yurdunun, elinin, evinin müdafiəsi üçün döyüşür və hər dəfəki yuxuda bu, eyni ilə təkrar olunur. Hər dəfə oyanıb hələ özümə gələnə qədərki o dəqiqələri içimdə böyük bir məmnunluq olur - bu dəfə düşmən qarşısından qaçmadıq, qaçqın-köçkün düşmədik, kəndimizi, el-obamızı qoruduq. Bunun yuxu olduğunu anlayanda isə yenə təəssüf hissi...
Anam yaddaşıma həkk olunan bir hekayə danışmışdı: Gözəl səsi ilə ətrafı valeh edən bir bülbül olur. Tutub qızıl qəfəsə salaraq şahın sarayına gətirirlər. Hər cür qulluq olunur, amma bülbül get-gedə saralıb-solur, cəh-cəh vurmur. Şah səbəbini öyrənmək üçün quş dili bilən birini çağırtdırır. Dilmanc deyir ki, şah sağ olsun, bülbül vətənini mədh eləyir, deyir ki, məni yalnız vətənimin gözəlliyi, məhəbbəti oxuda, cəh-cəh vurdura bilər. Şahı maraq bürüyür ki, o necə bir yerdi ki, mənim cah-cəlalımdan daha üstündü. Bülbülü qəfəsdən azad edib arxasınca hara uçacağını izləyirlər. O, bir kolun dibinə qonub cəh-cəh vurmağa başlayır: Oh, Vətənimə gəldim, imana-dinə gəldim - deyir.
Bəli, hər kəsə öz vətəni əzizdi, doğmadı, gözəldi. Mənim kəndim də Aran zonasının kiçik bir kəndidi. Nə turistik keyfiyyətləri var, nə buz bulaqları, nə keçilməz meşələri... Uşaq vaxtı fantaziyalarımla çox vaxt bulanıq olan "Qarasu"yu gömgöy sulu çay, İranla olan sərhəd zolağındakı ağacları sıx meşə təsəvvür edir, kəndin üst tərəfində uzaqdan görünən dağları "yaxına çəkib" kəndimizi onun ətəyinə "yerləşdirir" və mənzərəli bir kənd yaradırdım. Gecə səhərəcən bizi müşaiyət edən "Qurbağaların simfoniyası"nın ocağı, şor sulu "Daş Kanal"ı isə mavi dənizə, yaxud buz kimi sulu bulağa bənzədirdim. Amma böyüdükcə dağları da yerinə "qaytardım", meşəni də, kəndimin qaratikanlı, pıtraqlı düzünü də qəbul etdim, otlaq sahələrini də, tut bağlarını da, üzüm, pambıq tarlalarını da, ilıq sulu kanalını da, Arazın bir qolu olan "Qarasu"nu da olduğu kimi sevdim - qışda az, yazda yağışlarla əlaqədar çox suyuyla.
Amma onlara uzun müddət həsrət qaldıq. Qaçqınlıq illərində o düzlər, çöllər üçün, o istidən həyətə çıxa bilmədiyimiz günlər üçün belə çox darıxdıq. "Köçən yurdun qədrini düşən yurdda bilərlər" deyib atalarımız. Qaçqınlar çox məhrumiyyətlərlə üzləşdilər, öz vətənində təhqirlər eşitdilər, yurd itkisinin nə qədər acı olduğunu anladılar və ən gözəl şərait yaradanların çoxu belə əldə etdiyi hər şeyini dəyər-dəyməzinə satıb geri döndü, Vətən məhəbbəti çağırdı onları, yurda bağlılıq məcbur etdi.
Amma təəssüf ki, nə yurd həmin yurddu, nə də geri dönən insanlar həmin insanlar. Dünyasını dəyişənləri demirəm, insanların halı, xasiyyəti, davranışı, münasibəti dəyişdi. Öncəki səmimilikdən, mehribanlıqdan, böyük-kiçik yeri bilmə mədəniyyətindən, ağsaqqal sözünə qeyd-şərtsiz əməl etmək, bir ağbirçəyin xətrinə güzəştə getmək ... kimi gözəl keyfiyyətlərdən əsər-əlamət qalmadı. O, bir neçə illik zaman kəsiyi insanları üç yüz altmış dərəcə dəyişdi, iç üzünü açıb göstərdi. Hər sahədə alverçiyə döndülər - satmaq adi hala çevrildi, qeybəti, şəri-böhtanı adi söhbət halına gətirdilər, bir kiçik otlaq sahəsi üstə, bir-birinin boğazından keçməyən adi bir söz üstə küsülülüklər, məhkəmələr başladı. Bütün münasibətlər komersiyaya kökləndi. Anlayışlılarsa bütün bunlara təəssüflənərək, keçmişlə müqayisələrdən yoruldular və reallığı qəbul edərək yaşamağa başladılar. Mənim üçün ən acınacaqlısı isə odur ki, böyük təəssüf hissiylə yazım ki, mən artıq o kənd üçün darıxmıram... mənim darıxdığım kəndim, o kəndin qiymətli insanları, ağsaqqalları, ağbirçəkləri, igidləri, ismətli gözəlləri, hörmətli müəllimləri, hər an sayqı ilə yanaşdığımız ağsaçlı veteranları - bir sözlə birsifətli, səmimi insanları artıq yuxularıma, xəyallarıma köçüblər. Süleyman baba, Əvəz əmi, Haqverdi kişi, İsmayıl baba, Talıb kişi, Misir kişi, Mansırxan kişi kimi qan bağlayan, sözü ikinci dəfə çevrilməyən ağsaqqallar, onların layiqli el anası xanımları Aman nənə, Fatma nənə, Tavad bibi və onlardan sonra gələn və onların yolunun davamçısı olan məhləmizin, kəndimizin sayılıb-seçilən kişilərindən törəyənlərin indiki hallarına ancaq təəssüflənmək olar. Bu ifadələrimə görə hələ içində qeyrət, insanlıq, məsumluq, səmimilik, təəssübkeşlik qalmış insanlar inciməsinlər məndən. Mən kənd deyəndə hər kəsin xeyrini-şərini, dərd-sərini özününkü bilən, xoş günündə də, bəd günündə də bir-birinin yanında olan, sakininin namusunu namusu bilən, el sirrini kənara çıxarmayan bir toplum təsəvvür edirəm. Mənim uşaqlıq, gənclik illərimdəki kəndim məhz elə idi. İndi isə çevrilmiş, iç üzləri açılmış, mənfi mənada ayılmış adamların toplumuna çevrilib kəndlərimiz.
Beyinlərə şüuraltı təsirindən qalmayan, xarici ölkələrdən gələn tərkibi modifikasiya olunmuş qida məhsullarının, yabançı musiqilərin, serialların, internet şəbəkələrinin təsirindən ölkəmiz kimi yeni inkişafa qədəm qoymuş, üçüncü tip ölkələr həmişə təcrübə siçovulları rolunu oynayıblar. İnsanları da anlamadan bu "göydəndüşmə yeniliyi, mədəniyyəti" mənimsəməklə nələri itirdiklərinin fərqində deyillər...
Qorxuram ki, beyinləri, məqsədləri, istəkləri beləcə dəyişməklə bir müddət sonra heç kimi nəinki Bütöv Azərbaycan arzusu, heç Qarabağ məsələsi də düşündürməyəcək. Şuşada ermənilərin universitet tikməsi, rusiyalı milyonerin Şuşada iş quraraq məhsulları xarici ölkələrə ixrac edəcəyi etirafı, xarici turistlərin "Dağlıq Qarabağ Respublikası"na səfərləri, Rusiyanın Ermənistana ən son model "İskander M" aerodrom, idarə məntəqələri, rabitə qovşaqları kimi stasionar hədəflərin 500 km məsafədən məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki-əməliyyat raket komplekslərinin satması haqqında məlumatlar və sair kimi ürəyimizi partladan xəbərlər çoxlarının tükünü belə tərpətməyəcək.
Nooldu sizə, nooldu bizə, əziz həmvətənlərim! Kəndinizə gəlin, özünüzə dönün. Təkəbbürü, mənəmliyi, böhtanı, qeybəti bir kənara buraxın, içinizi təmizləyin, beyninizi yuyun, duyğularınızı gözəlləşdirin, mənəviyyatınızı paklaşdırın, kökünüzə, əzəlinizə baş vurun, kimliyinizi xatırlayın. Onda hər şeyi yenidən qurmaq, dəyişmək bəlkə mümkün olar.
Ramazan xeyir-bərəkət, bağışlanma, bağışlama, huzur-bərəkət ayıdır. Bu bayram günündə içinizə baş vurun, kin-küdurəti özünüz qovun ordan, çünki insanı çamurun içindən çəkib çıxarmaq olur, amma insanın içindən çamuru çıxarmaq olmur.
Nə dünyaya o qədər aludə olmayın ki, axirəti unudasınız, nə də dünyaya o qədər etinasız olmayın ki, başqalarının hesabına yaşayasınız. Cəhənnəmdə od yoxdu, o odu hər kəs öz əməlləriylə ilə oraya aparır. Allahım hər kəsi o oddan qorusun!
Sevdiklərinizə hər gün sevgi etirafınızı əsirgəməyin, hər kəsə xoş söz söyləyin, bir çirkinə gözəl deyib qəlbini sevindirin, üç loxma yox, ikisini yeyərək ehtiyaclı birinə əl tutun... ömür çox qısadır!!! Sonra gec olacaq...
Ramazan Bayramınız
mübarək!
Ədalət.- 2015.- 17 iyul.- S. 13.