Gizli eşq
(Esse)
Bağışla məni, Nəsibə,
bağışla Gizli Eşq!
Məni sevdiyini çox gec bildim. Nədən gizlin eşqini
izhar etmədin mənə?! Utandınmı?! Yox, yox sən haqlısan.
Qızlar sevgisini oğlanlara
etiraf etməkdən çəkinirlər. Bu addımın həmişə
qarşı tərəfdən
atılmasını gözləyirlər.
Bəs mən hardan biləydim ki, sən məni gizlicə sevirsən?
Amma mən bunu hiss etməli, duymalıydım. Sən mənə
hətta o "zapiska"da
da işarə etmişdin. Görünür, günah məndə
olub. Sənə qarşı çox
laqeyd davranmışam.
Bir az
yaddaşımı çözməyə
başladım. O vaxt fevralın 23-də qızlar
birlikdə yığışıb
mənə hədiyyə
alanda, sən mənə həmişə
ayrıca hədiyyə
verərdin. Bax bunu anlaya bilməmişdim o zaman.
Hələ mənə qarşı
olan səmimi, isti münasibətini demirəm. Bu münasibət qrup qızlarınkından tam fərqliydi.
Bir dəfə stolumdan kiçik bir kağız parçası
tapdım. Orada yazılmışdı: "Qəlbin
gözüylə görünməyən
eşqi, insanın gözlərindən aydınca
oxumaq olur". Demək, bunu sən yazmışdın
o vaxt. Yenə də haqlısan,
çünki mən heç bir zaman sənin gözlərinin içinə
baxmamışdım. Əgər baxsaydım, bəlkə bu od saçan
eşqi, sevgini görə bilərdim. Amma etiraf edim ki,
o zaman mən bu sahədə çox naşıydım.
Mən sevgi, məhəbbətin necə bir hiss, necə duyğu olduğunu hələ bilmirdim, anlamırdım.
O ki qala gizli eşqi. O gündən sonra məndə sənə qarşı ülvi bir istək baş qaldırdı. Amma artıq geciydi. Sənin gizli eşqini duymadığım
üçün sifətin
birdən-birə dəyişdi,
bərk qızdın mənə, möhkəm əsəbiləşərək çox pərişan oldun o gün...
Həmin gün dostum Əlinin təklifini Nəsibəyə söylədim. Dostumu onunla qrup yoldaşımın
ad günündə tanış etmişdim.
O gündən sonra Əli instituta, mənim yanıma tez-tez gəlməyə başladı. Və günlərin birində
Nəsibəni sevdiyini
söylədi mənə.
Mən də dedim: "Bəs bunu özünə niyə söyləmirsən?"
O, dedi: "Nəsibəni
görəndə dilim
tutulur. Mən bu halda onu sevdiyimi necə
deyə bilərəm".
Dostluğumuz xatirinə mən
Əlinin eşqini Nəsibəyə elan etdim o gün. Həmin gün dərsdən çıxanda
Nəsibəyə dedim
ki, bir az asta yerisin,
ona deyəcək vacib sözüm var. Bu sözdən sonra qızın çöhrəsində
sanki Günəş parladı, sifəti alışıb yalap-yalap
yanmağa başladı.
Hiss olunurdu ki, Nəsibə deyəcəyim
sözü böyük
intizarla gözləyir.
Mən onu ağacın kölgəsinə
çəkib dedim:
- Nəsibə, dostum Əlini tanıyırsan da? Hər həftə yanıma
gələn oğlanı
deyirəm. Səni
onunla Nəzakətin
ad günündə tanış etmişdim.
- Hə, hə tanıyıram. Sənin yanına tez-tez
gəlib gedir, - deyə Nəsibənin səsinin titrədiyini duydum.
- Bax, Əli həmin
gündən sənə
aşiq olub. Amma sevgisini utandığından
sənə söyləməyə
heç cür cəsarəti çatmır.
- Cəmil, sevgi cəsarət tələb
edir. Əgər o, sevgisini sevdiyi
qıza söyləməyə
cəsarəti çatmırsa,
deməli onun eşqi, sevgisi yalandır. Ax, Cəmil, mən sənə daha bundan sonra nə
deyim?! Mən elə bildim ki, sən bu
gün mənə öz sevgini etiraf edəcəksən, sənsə mənə başqasının eşq
təklifini söyləyirsən!
Demək, sən mənə hər zaman dost gözüylə
baxmısan. Mənsə,
sənə tamam başqa gözlə... Sən bu gün mənim
sənə qarşı
olan bütün ülvi hisslərimi darmadağın, tar-mar etdin.
Mənim üç il boyunca
zərrə-zərrə sənə
qarşı qurduğum
könül dünyamı
dağıtdın! Sən
elə bil heç bu dünyanın
adamı deyilsən! Nədən bu illər uzunu
gözlərimdə sənə
qarşı od-alov saçan eşqimi görə bilmədin?!
Sənin
həyata baxan gözlərin, sevgiyə qarşı bilmədim nədən belə kor oldu?! Eşq, məhəbbət gözlərdə
özünü büruzə
verir, gözlərdə
özünü bəyan
edir. Çox təəssüflənirəm ki, bu illər
boyunca bircə dəfə də olsun gözlərimə heç baxmadın. Əfsuslar olsun. Daha bu gündən sonra mənə heç bir söz demə! Bu gün səni həmişəlik itirdim,
Cəmil!" deyərək
göz yaşlarıyla
məni tərk etdi...
Növbəti yay tətilindən
qayıdanda, Nəsibənin
barmağında nişan üzüyü
gördüm. Ona sadəcə: "Təbrik
edirəm, Allah hər
ikinizi xoşbəxt etsin!" deyə bildim. Sonradan məndə qəribə
hisslər baş qaldırdı. Məndə qızlara
qarşı münasibətdə
birdən-birə soyuqluq
yarandı. Bacardıqca onlardan
kənar gəzməyə
çalışdım. Amma buna baxmayaraq qızlar hər zaman ətrafımda dolanırdı. Mənim
qızlara qarşı
son zamanlardakı qəribə
davranışımı görən
qrup nümayəndəsi
Aygün xanım bir gün məni
kənara çəkib
dedi: "Cəmil, incimə Nəsibə məsələsində sən
özünə heç
vaxt haqq qazandıra bilməzsən.
O qızın illər
boyunca, elə birinci kursdan səni sevdiyini necə hiss edə bilməmisən? Sən onun sənə
qarşı olan sevgi, eşqlə dolu qəlbini qırdın. Bax, biz bunu
heç cür anlaya bilmirik". Haqlı iradlardı. Bəli, günah
məndəydi. Mən Nəsibəyə
qarşı çox laqeyd və hissiyyatsız davranmışam.
Vaxtıyla Nəsibənin mənə
dediyi sözlərin fərqinə varmamışam.
O mənə tez-tez deyirdi: "Cəmil, bütün vaxtını
kitablara, dərs oxumağa sərf edirsən. Arada bir özün barədə də düşün, şəxsi
həyatına nüfuz
et, hal-əhval tut. Yoxsa, bir gün tənha
qaldığını anlarsan.
Bir də gördün ki, sənə qalan ancaq bu
kitablardır. O zaman
peşman olacaqsan. Hər halda məsləhətim budur ki, bir
az da şəxsi
həyatın haqqında
düşün!"
Mənim tələbəykən eşq macərası yaşamamağının səbəbkarı yaxın bir dostumun məsləhətinə əməl etməyim oldu. O, instituta qəbul olduğumu eşidəndə çox sevinmişdi. Və mənə bunları qardaş və dost məsləhəti kimi qəbul etməyi tövsiyə etmişdi: "Cəmil, sən arzuna çatmaq üçün çox çalışdın, zəhmətə qatlaşdın. Şükür Allaha ki, arzuna qovuşdun. Amma instituta daxil olmaq, hələ arzuna tam yetişmək demək deyil. Əsl gərgin, zəhmət tələb edən yuxusuz gecələr bundan sonra başlayır. Sən gələcəkdə yaxşı mütəxəssis, yaxşı peşə sahibi olmaq istəyirsənsə, müəllimlərinin mühazirə və seminarlarında fəal iştirak etməli, günlərini kitabxanalarda keçirməlisən. Tələbə vaxtının qədrini və qiymətini bilməlisən. Ən əsası da odur ki, qız sevdasından, eşq, məhəbbət məcərasından uzaq durmalısan. Çünki bu bəlaya tutuldun, ona mübtəla oldun o zaman hər şey - kitab oxumaq, dərsə davamiyyətin axsamağa başlayacaq. Get-gedə təhsildən soyuyacaqsan və bir də görəcəksən ki, çoxlu kəsrlərin olduğu üçün institutdan qovulmağın barədə əmrin divardan asılıb. Məncə, bunu nə sən, nə mən, nə də ki, valideynlərin istəməz. Ona görə də başını aşağı salıb ancaq dərslərinlə məşğul olmalısan! Eşqə, məhəbbətə həmişə vaxt olacaq".
Mən dostumun tövsiyəsini
heç zaman
unutmadım. Eşq, sevgi,
məhəbbətdə uduzsam da, təhsildə həmişə qazandım,
uğurlarıma sevindim. Nə qədər
haqlı və ya haqsız olduğumu
qoy dəyərli oxucularım söyləsin.
Gizli eşq məsələsində məni
çoxları qınasalar da, bunları qəbul
etməyə hazıram. Çünki indi başa
düşürəm ki, yaşanmayacaq
qədər gözəl, dərk edilməyəcək qədər
sadə, ruhumuzun gözəllik simvolu olan, doyulmayacaq
qədər duyğunu nə görə,
nə də duya bilmişəm. Deyirlər,
sevgisiz həyat yoxdur.
Amma mən bu həyatı
yaşadım. Bir daha
anladım ki, könül
işləri həmişə ağıldan qabaq
gəlir. Anladım ki,
dünyanı lərzəyə gətirən, insanlara
sonsuz güc, qüvvət
verən, daş qəlbli insanları həlimləşdirən,
düşmənləri barışdıran, bir-birinə dost edən, qarşısında heç bir güc tanımayan, hər cür
xəstəliyə qarşı ən yaxşı məlhəm
olan ecazkar sevgiyə
qarşı böyük bir
haqsızlıq etmişəm! Bunu səmimi
etiraf edirəm. İndi
deyirəm: "Bağışla məni, Gizli
Eşq, bağışla!!!"
Ədalət.- 2015.- 1 iyul.- S. 6.