İlham Zəkiyev:
"O,
bizə salam verəndə özümüzü
dünyanın ən xoşbəxti sanırdıq"
"Avropa Oyunlarında
qazandığım qələbənin karyeramdakı yeri əvəzolunmazdır"
Avropa Oyunlarının qalibi,
tanınmış paracüdoçu İlham Zəkiyev
"Ədalət" qəzetinə müsahibə verib.
-
İlham bəy, Bakı - 2015 I Avropa Oyunları artıq tarixə
çevrildi. Gəlin,
turnirin Açılış mərasimini və sizin
çıxışınızı bir daha yada salaq...
- Xəbər
veriləndə ki, ilk Avropa Oyunları ölkəmizdə
keçiriləcək və mən bu turnirdə iştirak edəcəm,
açığı, çox həyəcanlandım. Bu işin məsuliyətini yaxşı dərk
edirdim.
Açılışdan
təxminən üç ay əvvəl mənə zəng
edib dedilər ki, İlham bəy, sabah
BEGOC-da olun. Gənclər və idman nazirimiz Azad Rəhimov orda
mənə dedi İlham, cənab prezident və Mehriban
xanım Açılış mərasimində məşəli
alovlandırmaq vəzifəsini sənə həvalə edib. Amma bu sirr olaraq qalmalıdır. Xəbəri
eşidəndə şokda idim. Bunun nə
demək olduğunu bilirdim.
Üç ay ərzində
həftədə bir-iki dəfə stadiona gedir, orda məşq
edirdik. Şükürlər olsun ki, hazırlıqlar
öz bəhrəsini verdi və biz tam sərbəst
şəkildə bu şərəfli missiyanın öhdəsindən
layiqincə gəldik.
Aprel ayının 26-da cənab prezident Atəşgah məbədində
məşəli alovlandıranda mənim onunla qısa dialoqum
oldu. O, mənə
dedi ki, İlham, yarışa necə hazırlaşırsan?
Cavabında dedim ki, Cənab Ali Baş Komandan, mən iyunun
26-da - Silahlı Qüvvələr Günündə tatami
üzərinə çıxacam və çalışacam
ki, bu əlamətdar gündə Sizə qızıl medal hədiyyə
edim. O da məndən ancaq qızıl medal gözlədiyini
dilə gətirdi.
Avropa Oyunlarına qitənin ən güclü 8
cüdoçusu dəvət olunmuşdu. Onların hər
biri ilə ayrı-ayrı turnirlərdə
qarşılaşmışdım. Hazırlıq
prosesində məşqçilər korpusu ilə birlikdə
hər birinin üzərində ciddi şəkildə işləmişdik.
İlk görüşdə
qarşılaşdığım Yunanıstan təmsilçisi
ilə bunadək dəfələrlə
görüşüb, qalib olmuşdum. Şükür
ki, bu dəfə də hər şey qaydasında oldu, cəmi
29 saniyəyə onu tam üstünlüklə məğlub
etdim. Həlledici görüşdəki rəqibim
Pominovla bunadək bir dəfə - komandalararası Avropa
çempionatının finalında
qarşılaşmışdıq. Ümumi
hesab 2-2 olarkən biz görüşürdük. Qalib tərəf həm də çempion
komandanı müəyyənləşdirəcəkdi. İki dəqiqə ərzində onu "ippon"a
saldım. Bundan sonra mənə yaxınlaşıb dedi
ki, İlham, mən məşq edib, gələcək
yarışlarda səni məğlub edəcəm. Dedim,
yaxşı, get məşq elə, görək, neyləyəcəksən
(gülür).
- Final
görüşünün ilk dəqiqələri sizin
üçün yaxşı başlamadı. Sanki
görüşü qurmaqda çətinlik çəkirdiniz.
Bu nə ilə əlaqədar idi?
- Çətinlik
çəkdiyimi deməzdim. Sadəcə hakimlərin mənə
qarşı qərəzi hiss olunurdu. İkinci "şido"
cərimə balı mənə heç
bir səbəb olmadan verilmişdi. Bunu
bütün cüdo mütəxəssisləri də təsdiq
etdi.
Final görüşündə üzərimdə həyəcan
da çox idi.
Xəbər edəndə ki, İlham Əliyev sənin
görüşünü izləmək üçün
arenaya təşrif buyurub, həyəcan ikiqat artdı. Bu səbəbdən tələsməmək qərarına
gəldim, gözləmə mövqeyi tutdum. Çünki cüdo elə bir idman
növüdür ki, ani bir ehtiyatsızlıq, saymazlıq
görüşün əldən getməsi ilə nəticələnə
bilər. Vaxtımı gözlədim və
rəqibi tam üstünlüklə məğlub etdim. Onu da qeyd edim ki, mən "ippon" xalını
ayaq üstdə atdığım fəndlə qazanmalı
idim. Nədənsə bu fənd
"vazari" ilə qiymətləndirildi.
Və
kuliminasiya anı.. Cənab
prezident təltif etmək üçün mənə
yaxınlaşanda əvvəlcə Silahlı Qüvvələr
Günü münasibətilə onu təbrik etdim, sonra
xahiş etdim ki, mənim yanıma - fəxri kürsüyə
çıxsın. Çox sağ
olsun, o da xahişimi yerə salmadı. Bu anda mən ona dedim
ki, Cənab Ali Baş Komandan, əsgər Zəkiyev sizin
döyüş tapşırığınızı yerinə
yetirdi. O da məni qucaqlayaraq dedi ki, İlham, bil ki,
bütün Azərbaycan səninlə fəxr edir!
Mən onu kürsüyə dəvət edəndə həm
də onu demək istədim ki, İlham Əliyev özü
bir qalibdir.
Avropa Oyunlarının Bakıda keçirilməsinə nail
olmaq ən böyük çempionluqdur.
- İkiqat paralimpiya, ikiqat dünya və beşqat Avropa
çempionu, dəfələrlə Dünya Kuboku və digər
mötəbər turnirlərin qalibi olmusunuz. Avropa
Oyunlarındakı qələbə digərləri ilə
müqayisədə karyeranızda hansı yeri tutur?
- Mən
üç Paralimpiya Oyunlarında güləşmişdim,
amma bu qədər həyəcan, məsuliyyət hiss etməmişdim.
Bu, ilk idi və doğma divarlar arasında
keçirilirdi. Məsuliyyəti istər
Afinadakından, istər Pekindəkindən, istərsə də
Londondakından daha artıq idi. Çünki
hər kəsin nəzəri məndə idi, hamı
çempionluq gözləyirdi. Avropa
Oyunlarında qazandığım qələbənin
karyeramdakı yeri əvəzolunmazdır.
- Sizi
ölkə ictimaiyyəti onsuz da çox sevirdi. Maraqlıdır, son günlər ərzində daha nə
kimi dəyişikliklər var?
- Hər
kəs yaxınlaşır, təbrik edir, öz
ehtiramını bildirir, şəkil çəkdirir. Bu cür münasibət məni sadəcə
sevindirir. Mənimlə fəxr etdiklərini
bildirirlər. Mən də öz növbəmdə qədirbilən
xalqımızla fəxr edirəm!
- Qələbədən
sonra xarici medianın da sizə qarşı xüsusi diqqəti
hiss olunurdu. Nəylə maraqlanırdılar?
- Onlar
daha çox yaramın xarakteri ilə maraqlanırdılar. Səbəbini bilməyə
çalışırdılar. Mən fəxrlə
bildirdim ki, Azərbaycan torpaqlarının müdafiəsi
uğrunda başımdan aldığım güllə
yarası nəticəsində görmə qabiliyyətimi
itirmişəm. Bundan qətiyyən
utanmıram. Daha sonra məlumat verdim ki, biz
hazırda müharibə şəraitindəyik və 20 faiz
torpaqlarımız işğal altındadır.
Bu da bir təbliğat oldu.
- Turnirdən
sonra ictimaiyyət arasında keçirilən sorğunun nəticələrinə
görə Avropa Oyunlarının əsas qəhrəmanı
seçildiniz. Bunu gözləyirdiniz?
-
Xalqın gözü tərəzidir. Özləri
seçiblər, səbəbini də özləri bilir.
Açığı, bu sorğudan və nəticələrindən
heç xəbərim yox idi. Mənə
bu barədə məlumat verəndə çox sevindim.
-
Sorğunun nəticələrinə görə ikinci yerdə
qərarlaşan Rafael Ağayev və Toğrul Əsgərovu
açıq-aşkar qabaqlayırdınız...
-
Bütün çempionlar qəhrəmandır əslində.
Yarışdan əvvəl bizim bu dərəcədə
uğurlu çıxış edəcəyimizi gözləmirdilər.
Hətta onluqda qərarlaşacağımız
belə, sual altında idi. Amma Azərbaycan
idmançıları yüksək səviyyədə
çıxış edərək, Avropanın hegemon idman
ölkələrini geridə qoydular.
- Sizcə,
bu Oyunlar Azərbaycana nə verdi və nə
verəcək?
-
Dünya ictimaiyyəti hələ də
Açılış mərasiminin təsiri altındadır.
Mən mərasimdə Avropa Olimpiya Komitəsinin
bayrağını stadiona gətirən 8 Olimpiya çempionu
ilə bir yerdə idim. Onlar
Açılış mərasiminin Olimpiya Oyunları səviyyəsində
olduğunu bildirdilər. Böyük Britaniya
boksçusu Keti Teylor, fransız cüdoçu Lusi Dekoss,
türkiyəli taekvondoçu Sərvət Təzəgül
və digərləri təəssüratlarının
bolluğundan susmaq bilmirdi.
Yarışdan əvvəl çox qarayaxmalar oldu. Bəziləri
fikirləşirdi ki, nəyə lazımdır bu qədər
pul xərcləmək. Amma bilmək
lazımdır ki, çəkilən bütün xərclər
Azərbaycanın təbliğatına və gələcək
inkişafına hesablanmışdı. Tək
Açılış mərasimində Azərbaycanın
tarixi, mədəniyyəti, ümumilikdə bütün
gücü dünyaya nümayiş etdirildi. Tikilən kompleksləri götürüb
aparmadılar ki. Hamısı bizə
qaldı də. Gələcəkdə
idmançılarımız onlardan yararlanacaq. Ölkədə idmana maraq birə yüz artdı.
Hər bir valideyn istəyər ki, onun da
övladı İlham, Rəsul, Elvin, Toğrul, Rafael, Teymur
kimi çempion olsun.
-
Yunanıstanlı Olimpiya çempionu İlias İliadis də
bizə müsahibəsində sonuncü dəfə 2011-ci ildə
Bakıda olduğunu və keçən dörd il ərzində paytaxtımızın çox
dəyişdiyini bildirmiş, fərqi hətta "yerlə
göy qədər" deyə, müqayisə etmişdi.
Yarışların təşkilatçılıq səviyyəsinin
isə iştirak etdiyi Olimpiya Oyunlarından artıq
olduğunu vurğulamışdı...
- Afina və
London Olimpiadaları Bakı - 2015-in təşkilatçılığına
heç yaxın dura bilməzdi. Atletlər kəndində
elə bir şərait yaradılmışdı ki, xarici
idmançılar ordakı xoş mənzərə ilə
inanmıram bundan sonra hardasa rastlaşsınlar.
Bildiyimiz
kimi, bir il sonra Braziliyanın Rio de Janeyro
şəhərində növbəti Paralimpiya Oyunları
keçiriləcək və siz böyük ehtimalla
dördüncü dəfə dördilliyin zirvə
yarışında iştirak edəcəksiniz. Bu
Oyunlarla bağlı nə vədləriniz var?
- Ondan
öncə bu ilin noyabr ayında Portuqaliyada Avropa
çempionatı keçiriləcək. Hazırda
qitə turnirinə hazırlaşırıq. Bundan sonra bütün diqqətimizi Rioya yönəldəcəyik.
Həmişəki kimi, hər kəs məndən
qızıl medal gözləyir. Amma deyim
ki, bu o qədər də asan olmayacaq. Yeni
güclü rəqiblər gəlib. Hər
biri mənə başağrısı olacaq gücdədir.
Onlarında arasında Braziliya, Kuba və Yaponiya
cüdoçularını xüsusilə qeyd edərdim.
İnşallah, əlimdən gələnin ən
yaxşısını etməyə çalışacam.
- Cüdo
üzrə Azərbaycan olimpiya yığması ilə də
kifayət qədər yaxınsınız. Onlarla
birgə təlim-məşq toplanışlarına
qatılırsınız, yığmanın demək olar
bütün üzvlərinin potensialına bələdsiniz.
Onların turnirdə göstərdiyi uğursuz
nəticəni nə ilə əlaqələndirərsiniz?
- Bu,
idmandır. Belə hallar qaçılmazdı.
Uğursuz nəticə bir yana qalsın,
idmançılarımızın çoxu ciddi zədə
aldı. Ən yüngül çəkidə
gümüş medal qazanan Orxan Səfərovun
aldığı zədə qarşıdan gələn
dünya çempionatında onun iştirak etməməsinə
gətirib çıxardı. Nicat
Şıxəlizadə də ağır zədə aldı.
Rüstəm Orucovdan hər kəs qızıl
medal gözləyirdi, amma qolundan aldığı zədə
elə ilk görüşdəcə onun turnirlə
vidalaşmasına səbəb oldu.
- Bəs
Elxan Məmmədovla Elmar Qasımov?
- Biz
onların hər ikisindən də ən azı medal gözləyirdik.
Alınmadı... Nə etmək olar...
- Bu
turnirdə bir neçə gənc idmançımız, xüsusilə
də Ayxan Tağızadə və Pərviz Bağırov
böyük sürprizə imza atdı. Razılaşaq
ki, ən nikbin idman azarkeşləri belə, onların qalib
olacağını əvvəlcədən proqnoz etməzdi.
Bu idmançıların sizinlə birgə
"Neftçi" İdman Klubunda hazırlıq
keçdiyini nəzərə alsaq, perspektivləri barədə
fikirlərinizi bilmək maraqlı olardı; Sizcə, bu
uğurun ardını Rioda gətirmək mümkün olacaq?
-
Razıyam sizinlə. Onların nəticəsi həqiqətən
də sürpriz oldu. Mən Pərvizlə
Ayxanın gələcəyinə inanıram. Onların Rioda ən azından
mükafatçılar sırasına düşəcəklərinə
ümid edirəm.
Qeyd edim ki, Ayxanın atası da taekvondoçu olub. Hazırda
paraktaekvondo millisinin baş məşqçisidir.
- Biz
sizinlə start götürdüyümüz "Fəxri
kürsü" rubrikası çərçivəsində
bütün qonaqlarımıza ənənəvi olaraq belə
bir sual ünvanlayırdıq; "Məşhur
idmançılarmızdan kimlər sizə mənəvi dəstək
olur?" Onların çoxu - xüsusən də
gənc idmançılar ilk olaraq məhz sizin
adınızı çəkirdilər. Maraqlıdır,
bu dəstək nədən irəli gəlir?
-
Çalışdığım qədər hər birinə
dəstək olmağa çalışıram. Çünki mən də onların yaşında
olanda bu dəstəyə ehtiyac duymuşam, nə demək
olduğunu yaxşı bilirəm. Uşaq
olarkən sumqayıtlı məşhur güləşçi,
Azərbaycanın ilk Avropa çempionu Rövşən
Hacıyev bizim hamımızın kumiri idi. O, bizə salam verəndə özümüzü
dünyanın ən xoşbəxti sanırdıq. Onun hər məsləhəti, dəstəyi bizi fərəhləndirirdi.
Nəyə görə biz də o sevinci yeniyetmə
və gənc idmançılara yaşatmayaq? Axı bu onlara çox lazımdır.
Vaxtım və imkanım olanda hava limanına gedir, onların
qarşılanma və yolasalma mərasimində də
iştirak edirəm. Baxıram ki, bu onları çox
sevindirir.
-
Yaxınlarda belə bir xəbər yayıldı ki, Həcc
ziyarətinə gedəcəksiniz...
- Bəli.
Bu, mənim ilk ziyarətimdir. London Olimpiadasından sonra getmək fikrim vardı,
amma müəyyən məsələlərə görə
təxirə salındı. Həcc ziyarəti
İslamın beş vacib şərtindən
biridir. Bütün müsəlmanlara o
torpaqları ziyarət etməyi arzu edirəm.
Sahib ƏSƏDBƏYLİ
Ədalət.- 2015.- 23 iyul.- S. 3.