Metamorfoz
"Mən həyatı
sevmişəm və onun gözəlliyi uğrunda
döyüşmüşəm"
Yulius Fuçik
Dan üzünün qızartısına nə
vaxtsa tapınmısanmı?.. Sevincin dadına-tamına necə,
aldanmısanmı? Kədərin necə, o qoca, qosqoca kədərin nə
vaxtsa şəklini çəkmisənmi?..
Çəkə bilmisənmi? Xatirələr, necə, bilirsənmi nə rəngdədir?
Ölmüş duyğularla baş-başa
qalanda Tanrıya deməyə söz tapdınmı, dualara
tapına bildinmi? Əllərin dərgaha uzananda əllərindən
yapışan oldumu?.. Suallar nə qədər
desən... Dünya bütövlükdə elə
özü də bir sual işarəsi deyilmi? Cavab
axtarırsansa, Məzahir Əhmədoğlunu oxu! Amma bu suallar onda cavablanmaq əvəzinə, yeni bir
suallaşma biçimində boylanacaq. Bəşəri
və ağır kədərilə, dərin və heyrətamiz
sevgisiylə, dünyaya, insana doğru aparan, onun dərkinə
hayqıran güclü nəfəsi və ruhuyla bu
sualların cavabını səninçün açıq
qoyacaq. Sonra istəsən də, istəməsən
də oxuya-oxuya ona qoşulub duyğular aləmində bu
cavabların axtarışına birgə
çıxacaqsınız. Burda, bu
dünyada, Məzahir məmləkətində çox adama
rast gələcəksən. Dosta-tanışa,
doğmaya-yada, sevənə-sevilənə... Dünya
qarşında canlanacaq, bütün gözəlliyi və qəribəliyilə.
Və sən sevəcəksən... İnsanı,
həyatı, elə Məzahirin özünü və
yazılarını. Biz hamımız orda,
Məzahir dünyasında görüşəcəyik. Təbii, Məzahirin münsifliyilə. Onun
böyük kədərinin kölgəsində
özümüzü axtaracağıq, itmiş ümidlərimizin
sorağına düşəcəyik...
Sevgi məktubları kimi...
Sevginin yaşını bilən varmı? Bəlkə o
doğrudan da eləcə 15-20 yaşında olur? Min illər yol gəlsə də. Sevgi bəlkə təzəlikdədir? Duyğular da köhnəlir, hisslər də
korşalır... sevgi də qocalır. Bəlkə
sevgi müəmmadadır, anlaşılmazlıqdadır.
Şair demiş (Camal Yusifzadə), bəlkə ona görə
məhəbbət uzaqdan gəlir, lap çox uzaqdan! Haradır o uzaqlıq? Bəlkə
bəşəriyyətin durmadan getdiyi ünvan elə
üzü məhəbbətədir? Bəlkə
elə bütün elmi-texniki tərəqqilər, kəşflər-
kibritdən tutmuş atom silahınadək, fəlsəfi-estetik
ayrıntılar, bədii əsərlər, poeziya, səmavi
kitablar sevgiyə doğru yolumuzun kəsişən, kəsişməyən
uçuşlarıdır? Hər halda, nə
ediriksə, bütün ibtidai eksperimentlərimizdən
tutmuş, mürəkkəb konstruksiyalı nəticələrimizə
qədər hər şeyin mayasında sevgi yaşayır.
Bu məqamda sözə olan sevgini, əbədən,
qeyd etməmək olmur. Sözə olan sevgi, sevginin
söz dili... Bəlkə də hər bir yaradıcılıq,
hər bir əsər, eləcə sevgi yaşındadır?
Danmayaq.
Müasir dövrdə, cəmiyyətimizdə
sözün də, sevginin də dəyəri, dəngi
düşüb. Çünki dəyərsizliyin
dəyərlənən vaxtıdır. Bu
gün sözün keşiyində dayanan, sözlə sevgi, məhəbbət
ehtişamı quran, müqəddəslik ehramı ucaldanlar
azalıb, çox azalıb. Sanki
sözün də, sevginin də anoxronizmi yaşanır.
Bu gün onları qorumaq və yaşatmaq nə qədər
ağrı-acılı olsa da, kişi
işidir, mərdlikdir. Mən əziz dostum,
qardaşım Məzahir Əhmədoğlunun bu konuda cəfalarını,
çabalarını böyük heyrət və məmnunluqla
qeyd etməyə bilmərəm. Biz bir az
köhnə adamlarıq, sovetdən qalmayıq, Sovet
jurnalistikasının patriarxlarıyıq, amma arxaik deyilik. Köhnəliyi burda müəyyən mənada
oturuşmuş, professional və həm də təəssübkeş,
mərd, yenilməz kimi də almaq olar. Və
alın. Mən bunu həm də ona görə deyirəm
ki, bu meydanda jurnalistikanın Məzahir Əhmədoğlu kimi
müqtədir, qürurlu, nüfuzlu və istedadlı bir
nümayəndəsi də var. Və məhz, məxsusən
buna görə də fəal yazı-pozu aləmindən
müəyyən mənada uzaq düşməyim məni
heç də ilgiləndirmir. Məzahir var, Məzahir Əhmədoğlu...
Düşünürəm ki, qələmə "xəyanət"
edən mənim kimi dostların da əvəzinə yazır, ədəbiyyat
və jurnalistika qarşısındakı
"üzüqaralığımızı"
"pudralayır"...
Dedim ki, Məzahir
köhnə jurnalistdir. Mərd, dönməz, sözü
bütöv, peşənin təəssübkeşi və həm
də sevdalısı... Hər türlü inancların
sarsıldığı, bayağılığın və
arsızlığın at oynatdığı indiki zəmanəmizdə
qələmə, yazıya, sözə,
yaradıcılığa bu Məzahir inamı, bu inamdan
boylanan Məzahir sevgisi, məhəbbəti hardandır? Bu
gücü, bu qüvvəti o hardan alır?..
Sönməyən ehtiras, uşaq
şıltaqlığı, yeniyetmə dəcəlliyi, gənclik
qaynarlığı bu yazılara hardan süzülüb gəlir?
Yenə sevgiyə qayıdaq, eleksiri sevgidə
arayaq. Məzahir yazılarındakı
mövzunu da, süjeti də, fabulanı da, obrazları da sevgi
ilə süsləyir. Onun hər
yazısı bir sevgi dastanıdır, hər biri bir sevgi
ömrü yaşayan, sanki öz sevgi yaşı olan sevgi məktublarıdır.
Əziz qardaşım, sən həyatda olduğun kimi,
yazılarında da sevgi mücəssəməsisən. Səni hamı elə belə
sevmir ki?.. Sevən, sevilməlidir.
Sən nədən yazırsan yaz (hətta rəsmi
üslublu regionların sosial-iqtisadi inkişafı barədə
qeydlərində də), ora öz qəlbinin istisini, səmimiyyətini,
sevgisini, dünyaya və insanlara, Vətənə və
torpağa olan məhəbbətini qatırsan. Belə
yazıçıya aşiq olmamaqmı olar?..
L.Tolstoy A.Çexov haqqında deyir: "Başlıca olaraq o,
səmimi idi, bu, yazıçı üçün
böyük bir ləyaqətdir. Səmimiliyi sayəsində
də Çexov yeni bir dünya üçün tamamilə
yeni bir yazı şəkli yaratdı".
Əzizim
Məzahir! Bəs bayaqdan mən nə deyirəm?..Sən,
sənin yaradıcılığın bu sözlərə
layiqdir. Bu isti, səmimi sözlərə
tuş gətirən sənin
yaradıcılığının özüdür. Obyekt özü özü haqqında
danışır, ədəbi-bədii informasiya verir. Mən
hər dəfə deyəndə ki, sənin "köşə"
deyib basmaqəlib elədiyin bu yazıların hər biri kamil
nəsr nümunəsidir, təvazökarlıqla gülümsəyirsən...
Mən deyəndə ki, bu hekayətlər ciddi bir ədəbiyyat
hadisəsidir, şedevrlərdir, Mirzə Cəlilin,
Ə.Haqverdiyevin, Mopassanın, E.Zolyanın, A.Cexovun, Turgenevin
(siyahını nə qədər desən uzatmaq olar) hekayə
və novellalarının "qan qardaşı"dır,
zarafata salırsan. Bu "köşələr"
xalis nəsrdir, bitkin hekayələrdir. Mövzusu,
süjeti, dili, bədii ifadə vasitələri ilə...
Bu yerdə mən Azərbaycan nəsrinin və
jurnalistikasının mogiqantlarından olan Əli
İldırımoğlu yaradıcılığını
xatırlamaya bilmirəm. Azərbaycan jurnalistikasına bir sıra
yeniliklər gətirən Ə.İldırımoğlunun
hekayə və novella səciyyəli oçerk və
felyetonları yadıma düşür. Üslubi
çalar, poetik vüsət, həyat hadisələrinə
yanaşma və onun gerçək təqdimatı
baxımından sənin "köşə"lərin də
bu sinfə, bu məktəbə, ruslar demiş, bu
"şkolaya" mənsubdur. Ə.İldırımoğlunun
istənilən oçerk və felyetonlarından gerçək
faktları, konkret məkanı, mövcud insan adlarını dəyişib
ümumiləşdir, tam süjetli, obrazlı-qəhrəmanlı
bədii nümunələr alacaqsan. Sənin
"köşə"lərin də eynən belədir...
Məzahir Əhmədoğlunun "Ədalət" qəzetində
oxuduğum yazılarının orqanizmi bu keyfiyyətlərdən
yoğrulub. Məsələn,
"Kanyon", "Qartalı sevmək", "Sevimli
şou"dan reportaj" və s. Bundan başqa, poliqrafik cəhətdən
son dərəcə nəfis hazırlanmış, içi
çölündən də ləzzətli və cazibədar
"Uembli arayışı" adlı kitabında toplanan
yazılarını bir neçə dəfə baş-ayaq eləmişəm.
Bu yazıların hamısı bitkin hekayədir,
təmiz nəsrdir. Hətta elə
yazılar var ki, onda bir neçə hekayənin materialı
sıxılıb. Zamanında bu barədə
danışarıq. Sadəcə, birini qeyd edim, hələlik...
Məsələn, "Vampyurum" adlı
yazıda üç hekayənin materialı var. Bu da Məzahirin
ədəbi potensialının gücündən,
yaradıcılıq enerjisinin hüdudlarından soraq verir.
Onun ayrı-ayrı yaradıcı şəxslər,
ictimai-siyasi xadimlər, dostlar, doğmalar barədə
yazdıqlarında da nə qədər faktoloji struktur
hökmranlıq göstərsə də, bədii siqlət, təxəyyül,
estetik yanaşma tərzi bədiiliyin sərhədlərini
kifayət qədər nəfəs genişliyi həddinə
çatdırır. Məsələn,
İradə Tuncay haqqında yazdığı "Çətin
söhbət" yazısında istedad və təxəyyül
bədii improvizə, səmimi nəqletmə,
"povestovaniye" lirik bir yaddaşda çərçivələnir.
Və bütün bunların fonunda İradə
xanımın ədəbi obrazı, bir insan kimi portreti,
xarakter cizgiləri üzə çıxır, bəlkə
heç eləcə İradə xanımın özü
üçün də gizli olan maraqlı və gözlənilməz,
eyni zamanda cəlbedici portret cizgiləri Məzahir qələmində
səmimiyyətlə cilvələnir. Məgər
bütün bunlar nəsrin işi deyilmi?..
Nəsrin ölçü vahidlərinin çərçivəsini
müəyyən etmirmi? İnsan yaratmaq,
yaratdığın insanın xarakter cizgilərini ortaya qoymaq,
onun ən mübhəm, daxili gizlinlərini, özəlliklərini,
doğal və yapma görüntülərini ədəbi
fakta çevirmək nəsrin əzəli və əbədi
missiyası deyilmi?..
Sentimental nostalji
Məzahir Əhmədoğlunun
yaradıcılığında, heç şübhəsiz,
aparıcı xətt həyatın sosial üzü, ictimai sifəti
və sosiumun problemləridir. Lakin böyük sənətkarlıqla
qələmin iş əmsalına çevrilən bu faktoloji
ayrıntılar, eləcə həmin qələmin bədii
siqlət və poetik vüsətilə yeni çalarlar
alır. Və bəzən sosial mənzərə
və sosial mühit o dərəcədə bədii müstəvidə
təqdim olunur ki, qabardılan problemdən daha çox bədii
sözün cazibəsində vurnuxmalı olursan. Həyat hadisələrinin ən adi detalları Məzahir
qələmində bədiiliyin şahanə mənzərəsində
aydınlığı və gözəlliyi ilə cilvələnir.
Vətən,
el-oba, doğma yurd, munis insanlar haqda yazılan bu yazılarda nə
yoxdur?.. Sevgi, məhəbbət, hörmət,
bəzən təlaşlı narahatlıq, bu xalqın əxlaq
və mənəviyyatına, yaşam tərzinə xal salan
saçma keyfiyyətlərdən narahatlıq, hətta xəcalət
hissinədək emosional və sentimental, kövrək bir
nigarançılıq, nostalgiya... Yazılarında
gerçəkliyin fantaziyasını yaşadan və onu
sentimental duyğularla süsləyən Məzahir, son anda bu bədii
keyfiyyətləri yaradıcılıq leytmotivi kimi, əsas bədii
xətt kimi təqdim edir. Emosionallıq və
sentimental dəyərlər, artıq ürək söhbətidir,
qəlb hadisəsidir. Bəli,
"sentimentallıq əgər səmimidirsə, onunla da
yaşamaq olar". Məzahir böyük
kədərindən danışanda və yazanda, məhz bu səmimi
sentimentallığa söykənir. Bu yazılardan bəzisinə
nəzər salaq...
"Kanyon",
"Qartalı sevmək", "Sevimli şou"dan
reportaj", "Milyarderlər yuxu görürmü",
"Uembli arayışı", "Kaktus", "Əndazə",
"Xəcalətli düşməniniz olsun" və
başqa yazılarında, özü demiş, "köşələrində"
mövzu, üslub, hadisələrə yanaşma tərzi,
qabardılan realizm və sətirlərin altında közərən
sürrealizm, bədii ritm, obrazlılıq, kompozisiya, hadisələrin
əlvanlığı bir-birini tamamlayır və bu
yaradıcılıq tam bir orqanizm kimi nəfəs alır. Mən bunu ədəbi-bədii hadisə kimi qiymətləndirirəm.
Çünki yaradıcı bir şəxsin təqdimatı
kimi bu əsərlər və onların simasında bu
yaradıcılıq bütövdür, qəlpdən,
saxtalıqdan uzaqdır, tam orijinal və özünəməxsusdur.
Bu yazıların hər biri Məzahirin qələmindən
çıxıb və bunu yalnız bu şəkildə, bu
formada, bu ictimai-sosial və bədii-publisistik biçimdə
yalnız Məzahir yaza bilər. Bu
nümunələr, bu hadisələrə yanaşma tərzi,
bu obrazlı düşüncə, bəzən tapmacalı və
sirli, bəzən baş açılmayan keçidlərlə
zəngin dil Məzahirindir. Bir sözlə,
sevinirəm ki, Məzahir çağdaş Azərbaycan
jurnalistikasında öz möhürünü vurmuş,
öz müstəqil və orijinal üslubunu yaratmış, bənzərsiz
yaradıcılığı ilə deyərdim ki, yeni bir məktəb
yaratmışdır. Bunu onun zəhmət
və istedadının bəhrəsi olan istənilən
yazısı ilə sübut etmək olar.
Xoşbəxt
qələm sahibi odur ki, hansısa bir mövzunu, yaxud həyat
hadisəsini heç kim onun kimi yaza bilməsin.
Məzahir belə xoşbəxtlərdəndir.
İmzası qoyulmasa belə, onun yazdıqlarının
müəllif hüququ üstündədir.
Yazıçının, jurnalistin böyüklüyü həyatda çoxlarının görüb sezə bilmədiklərini gözaltı eləmək, ən sadə həyat hadisələrində qeyri-adilikləri, dünyanın mürəkkəb proseslərinin cizgilərini tapıb üzə çıxarmaqdır. Məzahirin əsərlərində biz bunun geniş spektri ilə qarşılaşırıq. O, adilikdə qeyri-adilikləri görə bilir. Həm də çox məharətlə onu bədii publisistikanın predmetinə çevirə bilir. Bəzən yanından sükut və laqeydliklə keçdiyimiz bir hadisəni Məzahirin qələmində oxuyanda, doğrudan da onun çox böyük ictimai yük daşıdığını sonradan dərk edirik. Bu vasitə ilə Məzahir bizi həm də maarifləndirir və bəzən də diqqətsizliyimizə və laqeydliyimizə asta-asta, xısın-xısın "gülümsəyir". Onun yazılarını diqqətlə oxusaq, sətiraltı mənalarında o qədər laqeyd oxucu portreti görərik ki...
Onun "Qartalı sevmək" adlı maraqlı bir "köşə"si var. İlk baxışdan yazı təbiət mövzuludur. Yəni problem təbiətin mühafizəsidir. Elə, belə də var. Azərbaycan təbiətinin zəlil günü anılır, professor Qara Mustafayev, onun "yüz şou əhlindən qiymətli və şirin tembrli "çətin səsi" anılır... və s. Və gözlənilmədən çox önəmli sosial və bir az da dərinə getsək, siyasi mətləblərə keçid alır. Qartalın (Azərbaycan xəritəsi qartal şəkillidir axı) yaralı qanadını (çox güman ki, Qarabağ dərdinə işarədir) məlhəmləmək əvəzinə, ancaq şoularla məşğul olduğumuzu milli bəla kimi qabardır.
Sözlərlə, kəlmələrlə oynamaq, oxucuya mübhəm, sirli mesajlar vermək, onlar üçün intellektual testlər tərtib edərək onları düşünməyə vadar etmək onun üslubi keyfiyyətlərindəndir. Bəzən onun bu testlərini açmaq, bu sualları cavablandırmaq üçün tarixin bir çox künc-bucağına baş vurmaq, bir çox hadisələri tutuşdurmaq, müəyyən paralellər tapmaq, elmi analizlər, sintezlər aparmaq, yaxud bir neçə məlumat kitablarını vərəqləmək, bir-iki cümlənin sirrinə vaqif olmaq üçün yüzlərlə səhifələri oxumaq lazım gəlir. Məzahir istedadlı olduğu qədər də savadlı və intellektual yazardır. Odur ki, oxucusundan da intellektual səviyyə tələb edir. Və həmişə oxucunu öz səviyyəsinə qaldırmağa çalışır. Özü isə heç vaxt oxucunun (sözsüz, səviyyəsiz oxucudan danışılır) səviyyəsinə enmir. "Qartalı sevmək" yazısı da oxucunu düşüncələrə salan, əndişədə qoyan, axtarışa çağıran sonluqla bitir. Buyurun, oxuyun. Açması da yenə sizin öhdənizdə: "Eh, Qoderzi Çoxeli, sən cavan yaşında bu dünyadan köçüncə "öz yaralı qartalından" yazmağa macal tapdın. Həm də necə dahiyanə..." Bu, bir çoxları üçün tapmaca olsa da, ariflər üçün məlum işarə, məhrəm haraydır.
Böyük filosof C.Mur yazırdı: "Sözlərin arxasında predmet, yaxud anlayış dayanmalıdır". Məzahirin yaradıcılığında böyük və ciddi yazı və istedadlı yazar üçün bu "qəlibə" hörmət və sadiqlik mövcuddur. Sözlərin arxasından hiss olunan predmetlər bəzən özü danışır, anlayışların özü obrazlı təfəkkürün cildində boylanır, onu əvəz edir. Yəni boş və quru sözlər, arxasız və dayaqsız, özüldən məhrum substansiyalar yoxdur. "Kanyon" yazısının əsasında da sözlər, obrazlı deyimlər, hətta elmi informasiya və məlumatlar da məlum bədii və fəlsəfi-estetik tələblərdən mayalanır. "Kanyon" uzunluğu 18-20 km, eni 15-20, bəzi yerlərdə 120-150 metrə çatan Göyçayın Əlvan dərəsi... Bu gün ən acınacaqlı günlərini, yaxud belə demək mümkünsə, son nəfəsini yaşayan Vətənin bir parçası. O nə vaxtsa qürrələndiyi və qürrələndirdiyi şırıltılı çay ömrünü də yaşaya bilərdi, yaxud bu gün toxunulmaz, əziz-girami, müqəddəs bir təbiət abidəsi də ola bilərdi. Çox təəssüf, heç biri olmadı. Müəllifi ağrıdan da budur. Ümumiyyətlə, Məzahirin əksər yazılarında ən adi (bəzən də elə qeyri-adi) ictimai motivlər bəşəri problem səviyyəsində təqdim edilir. Bu yanğı və hayqırtılar çox təəssüf ki, elə sətirlər arasında öləziyib qalır... Belədə Məzahir neynəsin?.. Jurnalst silah götürüb döyüşməlidirmi?..
Əlvan dərəsini uzunluğu 320 km, eni 1.800 metr olan Amerikanın Kolorado ştatındakı "Böyük Kanyon"a bənzətməsi, müqayisəli təhlilləri də bu ağrıdan, bu yanğıdan doğur. Niyə, nə üçün, bu yerin, yurdun, elin, obanın öz "Böyük Kanyon"u ola bilməzmi? Oxuduqca sətirlərin tropik istisi vurur adamı. Sərin meh əvəzinə. Axı "Kanyon"luğunu itirən dərələrdən meh də qaçaq düşür...
Yazının sonu yenə Məzahirvari alqoritmik metomarfozayla bitir - yenə də professor Qara Mustafayevə müraciətlə. Bilirsinizmi bu müraciətdə hansı məntiq yatır?.. Çox ağrılıdır. Bu məntiqin açılışına bir kitab bağlamaq olar. Nə olar, qoy bu da qalsın hər bir ayıq oxucunun öz öhdəsinə.
Qeyd etdiyimiz kimi, Məzahir ən adi-operativ jurnalist yazılarında - reportaj, zarisovka, korrespondensiyalarında da (qəzetlərimizdə çoxdan unudulmuş janrlar... O da məqalələrində göstərmir, amma oxuyan kimi bu janrların tələblərini hiss edirsən) yenilikçidir, obrazlı düşüncə sahibidir. "Region" rubrikası ilə Şəkinin sosial-iqtisadi inkişafından yazdığı "Hər səhəri xoş güzarla açılan şəhər" (görürsünüz, ad da poetikdir) adlı zarisovkada bir sıra vacib rəqəmlərin sadalanmasıyla yanaşı, poetik düşüncə və deyimlər də kifayət qədərdir. Cümlələrin biri belədir: "Bu qədər işgüzar və ciddi bir adam Şəkinin təbəssümünü, gülüşünü də geri qaytara bildi..." Sözsüz, belə cümlələr adi bir operativ və ciddi yazıya da şirinlik, təbiilik verir.
Uşaqlıq barədə filosofların, mütəfəkkirlərin fikirlərinin bir məntiqi var: uşaqlıq dövrü insanlığın məhək daşıdır. İnsanın varlığı, mənəvi aləmi, potensiyası, ruhi yüksəlişi və ehtirasları, daha çox uşaqlığın əksidir. A.Ekzüperi: "Biz hamımız öz uşaqlığımızdan gəlirik" - deyir. Məzahirin yazılarında da bu hiss və duyğular dalğavari, lakin nostalji notların yüksələn xəttilə keçir. Uşaqlıq xatirələri onunçün əlçatmaz deyil: "Orda bir kənd var - uzaqlarda", "Stadion", "Bağışla, doğma məktəbim", "Kanyon" və başqa yazılarda yaşanan o uşaqlıq məkanları, xatirə guşələri bu gün də mövcuddur, pis-yaxşı yaşayır, elə tənbəllik eləməyib ayağını irəli qoysan, o kənddəsən, yaxud həmn stadion yenə köhnə missiyasını yerinə yetirə-yetirə ayaqdadır, yaxud məktəb, yaxud... Amma bu məkanlar o məkanlardımı?... Səni sənə qovuşduran o uşaqlıq həmin məkanlara da qovuşdururmu? İndi yoxdur o yerlər, o uşaqlıq guşələri, o xatirə dolu isti yuvalar, qaranquş yuvası kimi dağılıb. A.Çexov deyir ki, biz hamımız uşaqlıq adlanan məmləkətdən gəlmişik. Bizim ilk vətənimiz uşaqlıqdır. Amma biz, sanki nə vaxtsa oradan qovulmuşuq. Sanki bir günahımız olub, suçumuz olub, qovulmuşuq o məmləkətdən və ora qayıtmaq şansımızı itirmişik. Və ondan sonrakı ömrümüzü elə bil qürbətdə yaşamağa məhkum edilmişik...
Məzahir Əhmədoğlunun köhnə uşaqlıq xatirələrini çözələyən yazılarında bu nostalji bir az da ağrı-acı kimi, fəryad kimi səslənir. O yerlər hamısı durur, əlçatandır. Həmin məkanlara qayıdanda o yerləri başqa biçimdə görürsən, dəyişmiş, adətən, sanki balacalaşmış, sıxılmış... Sanki o yerlər deyil, onların proyeksiyasıdır. Əslində isə dəyişən, sıxılan, ölçülərini itirən və havasını dəyişən xatirələrimizdir. Gedirsən, görürsən, toxunursan, amma sənə yad gəlir, sən yaşamaq istədiklərini yaşaya bilmirsən. Sən duymaq istədiklərini duya bilmirsən, əlin çatır, ünün yetmir, ərkin keçmir, eynən qürbətdəki kimi. Sanki ilğım içərisində çabalayırsan... Məzahir yazır: "Elə bil bu kəndin əzəli gözəlliyini, doğallığını, əzəmətini hifz edən görünməz bir təbəqəni hansısa cadugər feli ilə onun üzərindən çəkib uzaq-uzaq səhralara atıblar". Yox, əzizim, kənd o kənddir, insanlar da, təbiət də odur. Dəyişən sənsən, zamanın cadusu səndədir. (Qürbətdəsən axı...) Dəyişən o böyük duyğular, o nəhəng hisslərdir. Onları uşaqlıq çağları oğurlayıb aparıb...
O gözəl,
cazibədar jurnalist adı...
80-ci illərdə "Sovet kəndi" qəzetində yeni jurnalistika məktəbi yaratmış böyük alim, pedaqoq, istedadlı jurnalist, müdrik redaktor, ən başlıcası da gözəl, xeyirxah insan Nəriman Zeynalov həmişə deyərdi ki, peşənizi sevin və onun qədrini bilib qoruyun. Jurnalistika qədər azad peşə, jurnalist qədər müstəqil sənətkar yoxdur. Amma əsl jurnalist. Bütün rəsmi və qeyri-rəsmi məclislərdə, yığıncaqlarda ilk badəni jurnalistikanın sağlığına qaldırardı, böyük şövqlə, ehtirasla, "içək peşəmizin sağlığına",- deyərdi... Ruhu şad olmuş, nə yaxşı ki, jurnalistikanın indiki zəlil gününü görmədi. Bu da bir dərd olardı ona...
Lakin vəziyyət o dərəcədə ümidsiz də deyil. Necə deyərlər, ümidsiz şeytandır. Jurnalistikada professionalların küncə sıxışdırıldığı indiki məqamda sənətin Məzahir kimi təəssübkeşləri, qoruyucuları və müdrik apostolları da var... O xəstə canıyla, məhdud fiziki imkanlarıyla jurnalistika yolunda fədakarcasına döyüşür. Publisistik yazıları, ədəbi-bədii etüdləri, fəlsəfi qeydləri bu gün də jurnalistikamızı zənginləşdirmək, irəli aparmaq amacındadır. Bunun bir adı var - sevgi və fədakarlıq. Sənəti sevəndə istər-istəməz onun fədaisi olursan. Sevgidə eyni zamanda sadiqlik əsas şərtdir. O, sevgisinə sadiqdir, məhəbbətində baqidir. Peşəsinə vurğun bu adam həm də ona sadiqdir. O, jurnalistikanın təəssübünü təkcə vizual şəkildə, adi sözlərdə, hərəkətlərdə deyil, yazılarında, toxunduğu mövzularda, qaldırdığı problemlərdə daha çox çəkir...
Sel gələndə zir-zibil də gətirir. Demokratiya, insan azadlıqları, sərbəst iqtisadiyyatın da müsbət tərəfləri kimi, mənfi aurasını, xəstə, infeksion sosial bəlalarını da yaşamalı olduq. Mətbuat, xüsusilə ciddi zərbə aldı, başlı-başına buraxıldı. Yeni adlar da qazandı - "reket", "bulvar" qəzetləri, "sarı" mətbuat... Kənd yerlərində fikir veribsinizmi, dəlisov bir dana çatısını qırıb düşür kəndin canına. Heydən düşənədək ora-bura yortur. Yorulandan sonra dayanıb nə edəcəyini bilmir, laqeyd-laqeyd qulaqlarını qırpır, quyruğunu bulayır... Bu azadlığı həzm eləyə bilməyən dana nə edəcəyini kəsdirə bilmir, qalır veyl bir vəziyyətdə. Mətbuatımız da elə lap ilk günlərdən azadlığın yükünü çəkə bilmədi. Bu işdə professionallar da az günahkar deyil. Azca aşım, ağrımaz başım, deyib kənara çəkildlər. Meydanı boş, dərəni xəlvət görən tülkülər meydan sulamağa başladılar. Nəticəsi nə oldu?.. Dediklərimiz, "sarı"lar, "bulvar"lar, "reket"lər mətbuatın simasına çevrildi. Və baytar, zootexnik, mexanik, tacir və s. redaktorların sayı artmağa başladı...
Mətbuat dünyasının patriot vətəndaşı
olan Məzahir ömrü boyu bu çəyirtkə misallı
qəzet dəllallarına qarşı həmişə
döyüşüb və öz gözəl
yazılarında onları satira, sarkazm, incə yumor və
kinayə ilə ustalıqla sancıb. Məzahir
jurnalistikamızın bu gün yaşadığı
ağrı-acıları öz şəxsi dərdi,
qayğısı, problemi kimi yaşayır və yazır...
"Qəzet məsələsi", "Vəlvələ",
"Məscidin qapısı", "Pressa-PRESS",
"Post Skriptum", "Peşəkarlığın
imperiyası", "Peşə oğruları",
"İmla qonaqlığı" və başqa
yazılarında Məzahir yumoru və sarkazmı onun ürək
ağrıları kimi çırpınır. Bir-iki misal gətirmək
istəyirəm: "...Ölkəmizdə hər yerindən
duran elə hey bu məkana dürtülür. Qapılar
taybataydır axı" (Yəni məscidin açıq
qapısı və həyasız köpəklər məsələsi).
Qabağına "Pressa" yazılmış
maşınlar... "onlar hətta yol hərəkəti
qaydalarını poza da bilər, üstəlik sənəd-filan
da göstərmədən, keçər gedərlər.
Arvad-uşaqlı, yemiş-qarpızlı..." "Məsələ
burasındadır ki, ölkə mətbuatı, indiki halda bəlkə
də qəribə səslənən bazar iqtisadiyyatına tam
sərbəstliklə daxil oldu. Başqa heç bir sahədə
bu dərəcədə sərsəm və ironik demokratiya
töhfəsinin şahidi deyilik..."
Loğman
RƏŞİDZADƏ,
yazıçı- publisist
(Ardı var)
Ədalət.- 2015.- 23 iyul.- S. 4.