ONU
HƏMİŞƏ XATIRLAYIRAM
O,
aydınlarımızdan biri idi
Bu gün yaşımın elə bir məqamıdır ki,
artıq xatirələrə üz tuturam.
Daha çox xatirələrlə baş-başa
qalmağa üstünlük
verirəm. Bunun da səbəbini
yarı yaşımdan
sonra torpağın insanı daha çox özünə çəkməsi ilə
bağlayıram. Ağıllı adamların dediyi kimi, torpağın altındakı dostların
sayı artdıqca, torpağın üstündəki
dostların sırası
seyrəlir, yeri daralır. Bax, buna görə
də çalışıram
ki, həmin o sırası seyrələn
dostlara azacıq da olsa borcumdan,
yəni mənəvi borcumdan qaytarım. Çünki onların hamısı sözün,
şəxsiyyətin, lap sadə
desəm, ruhun özünün təqdimatçıları
idi. Bu adamlarla bir yerdə olmaq həm istirahət idi, həm öyrənmək,
həm də yaşamaqdan zövq almaq...
Onu hələ
tələbəlik illərindən
tanıyırdım. Lap dəqiq desəm, orta məktəbin 6-7-ci siniflərində oxuyanda
"Azərbaycan" jurnalında
şeirlərini oxumuşdum.
O şeirlər öncə
mənə çatmamışdı,
onları qavraya bilməmişdim. Hətta bu
şeirlərin niyə
çap olunduğunu özüm-özümdən soruşmuşdum.
Sonra bir az yaşım
artdı, bir az söz adamları
ilə təmas qurdum, xüsusilə ədəbiyyat müəllimimdən
soruşdum... Və bütün bunların nəticəsində mənə
məlum oldu ki, Ələkbər Salahzadə çox böyük şairdi!!! O həm də mükəmməl bir insan, dəyərli bir aydındı!
Bakıya
gəldim... Ədəbi orqanlara gedib-gəlməyə,
yazılarımı təqdim
etməyə başladım.
Və həmin o ədəbi orqanların birində Ələkbər Salahzadə
ilə qarşılaşdım.
İlk dəfə onu dəhlizdə görəndə
üz-gözündən nur
qarışıq bir yorğunluq tökülən
bu insanın içində özəl
bir dünyanın olduğunu duydum. Hiss
etdim ki, Ələkbər müəllim
cismən bizim yanımızda olsa da, ruhən bizdən xeyli qabaqdadı...
Bəli, Dağlıq Qarabağ hadisələri başlayanda
Xankəndindən Bakıya
gəlmişdim. "Ulduz"
jurnalında çox hörmətli və mənə doğma olan Abbas Abdullanı
Ələkbər müəllim
əvəz etmişdi.
İndiki "İçərişəhər"
metrosunun qarşısındakı
böyük binanın
üst qatında yerləşirdi "Ulduz",
"Azərbaycan" jurnalları.
Onun otağına yaxınlaşanda
qəflətən qapı
açıldı. Ələkbər müəllim dəhlizə
çıxdı. Barmağının arasında siqaret tüstülənirdi. Məni
görəndə özünəməxsus
təbəssümlə:
- Əbülfət, gəl görək, dəqiq xəbərlər səndə
olar...
Onun ardınca
otağa keçdim. Kəndimizdən,
Dağlıq Qarabağdan,
xüsusilə Xankəndində
gördüyüm, şahidi
olduğum, eşitdiyim
bütün son xəbərləri
ona söylədim. Vəziyyətin necə olduğunu dedim. Dərindən bir ah çəkdi.
Siqaretin birini də yandırdı və dedi:
- Çox çətin məsələdi. Amma ümidsiz məsələ
deyil!
Və sonra da əlavə
etdi:
- Yazı-pozudan nə gətirmisən?
Qoltuğundakı papkanı ona tərəf uzatdım:
- Təzə şeirlərimi
gətirmişəm Ələkbər
müəllim...
Papkanı açdı, bir
neçə şeiri
oxudu və dedi:
- Qoy qalsın. Özüm seçib təqdim edərəm. - Və
sözünü bitirməmiş
də, başqa bir fikri ona
caladı:
- Nahar vaxtıdı, sən də yol gəlmisən. Düşək bu yaxındakı
kafelərin birinə.
Ələkbər müəllimlə çay
içmişdim, amma çörək kəsməmişdim. Belə bir
insanla süfrə arxasında əyləşib
həmsöhbət olmaq,
çörək kəsmək
mənim heç xəyalıma da gəlməmişdi. Xəyalıma gəlməyəni o, mənim
üçün reallaşdırdı.
İndiki İqtisad Universitetindən
üzü aşağı
düşüb "Azərnəşr"in
arxasındakı kafedə
oturduq. Üzümə
baxdı:
- Ürəyin nə istəyir sifariş ver...
Bugünün özündə də əlimi ürəyimin üstünə qoyub and içə bilərəm
ki, mən həmin o kafeyə gələnə qədər
öz-özümə qəti
qərar vermişdim ki, naharın xərcini çəkəcəm. Çünki o vaxtkı əməkhaqqı
və üstəlik ailə problemlərinin azlığı maddi durumumu kifayət qədər diqqətçəkən
etmişdi. Bir sözlə,
sıxıntım yox
idi. Ona görə də
Ələkbər müəllimin
qarşısındakı menyuya
baxıb özümün
yeyəcəklərimi dilə
gətirib onun nə istədiyini də soruşdum. Hərəkətlərim onu bir balaca gülməyə məcbur etdi. Hiss etdim ki, nə
etmək istədiyimi göydə oxuyub. Büruzə
vermək istəmir.
Amma deyəsən həmişə səbri ilə seçilən Ələkbər müəllim
bu dəfə dözmədi:
- Birinci mən yaşda səndən böyüyəm. İkinci sən
qonaqsan. - Və sonra da gülüb
əlavə etdi:
- Qardaş, indi hamı Qarabağ yardım edir. İcazə ver, mən də sənə yardım edim...
Bəli, Ələkbər müəllimin bu səmimiyyəti birdəfəlik yaddaşıma yazıldı. Biz xeylit söhbət etdik. İçindəki ağrısından da danışdı, həyatdakı problemlərindən də, Qarabağdan da, ən çox da ədəbi mühitdən, sözün necə ayağa düşdüyünü dilə gətirdi. O məclis mənim yadımda məhz bu detallarla, bu səmimiyyətlə yadımda qaldı. Gördüm ki, Ələkbər Salahzadə özünə qapılan insan deyil. Öz dünyası olsa da, o dünyanın qapısı sevincin də, kədərin də, dostların da üzünə açıqdı. Və o, büruzə vermədən bütün ağrıları öz ağrısı kimi yaşayır... Bütün sevincləri öz sevinci kimi bölüşə bilir.
Mən Ələkbər Salahzadə ilə məhz
həmin gündən başlayan dostluğumu onun ömrünün sonuna qədər
həyatda ən böyük qazancım kimi qürurla
daşıdım. Bu gün
də daşıyıram. O, "Ulduz" juranlından "Qobustan"a dəyişəndə də alnını
qırışdırmadı. Sanki elə
belə də olmalı idi və mən bir də onda gördüm ki, həqiqətən
Ələkbər Salahzadə ətrafından, bizdən çox-çox qabaqdadı. Çünki
o, Azərbaycanın aydınlarından biri idi. Aydınlar isə
həmişə uzaqdan işıq
saçırlar - Ələkbər Salahzadə kimi!
Əbülfət
Mədətoğlu
Ədalət.- 2015.- 24 iyul.- S.3.