MƏNİM TƏLƏBƏ DOSTLARIM...

 

Biz 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişik. O vaxtdan bəri çox tələbə dostlarım öz istedadları, qeyri-adi yazıları ilə tarix yazıblar. Təbii ki, hər bir istedadlı adam zaman gələndə öz mükafatını alır. Ümumiyyətlə, mənim tələbə dostlarım çox istedadlı, peşəkar ziyalı bir insanlardılar. Onların hər dəfə xoş səsini, uğurunu eşidəndə sanki dünyanı mənə verirlər.

Bu günlər isə Milli Mətbuatımızın 140 illiyi münasibəti ilə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə iki tələbə dostum - Flora Yusif qızı Sadıqova "Əməkdar jurnalist", Rəhman Salman oğlu Həsənov isə "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüblər. Hər iki tələbə dostum uzun müddətdir ki, "Azərbaycan" qəzetində işləyirlər. Özlərinin maraqlı orijinal yazıları ilə çoxsaylı oxucuların dərin hörmətini qazanıblar. Sadəcə olaraq bu insanlar öz halal haqlarını alıblar. Ən azından ona görə ki, qırx ilə yaxındır hər iki tələbə dostum vicdanla, namusla millətinə, vətəninə xidmət eləyir.

Flora Sadıqova ilə qəbul imtahanında eyni qrupda imtahan vermişik. Ədəbiyyat şifahidən verdiyimiz imtahan indiyə qədər yadımdan çıxmayıb. O vaxtı bizdən qəbul imtahanını universitetin müəllimləri deyil, Pedaqoji İnstitutun professorları götürürdü. Ədəbiyyat imtahanın da sədri xalq yazıçısı İsmayıl Şıxlı idi. Həm Flora xanım, həm mən imtahandan yüksək qiymət aldıq elə gətirdi ki, universitetdə eyni qrupda oxuduq. Flora Sadıqova tələbəlik illərindən çox bacarıqlı zəhmətkeş bir insan idi. Hələm-hələm tələbə-jurnalist televiziya kanalında veriliş apara bilməzdi. Onda indiki kimi çoxlu televiziya kanalları fəaliyyət göstərmirdi. Bir kanal vardı, o da Azərbaycan Televiziyası adlanırdı. Flora xanım hərbi vətənpərvərlik mövzusunda apardığı verilişləri tamaşaçılara o qədər özünəməxsus peşəkar bir formada təqdim edirdi ki, istər-istəməz növbəti dəfə həmin verilişi izləmək istəyirdin. O, dərslərini əla oxuyurdu rus dilini çox gözəl bilirdi. Bir sözlə, Flora Sadıqova heç vaxt Sovet İttifaqı Qəhrəmanı olan atası Yusif kişinin adına xələl gətirməmişdi. Əksinə, özünün əxlaqı, dərin savadı, istedadı intellekti ilə bu adı daha da şərəfləndirmişdi. Son dərəcə sadə, səmimi mehriban bir jurnalistdi Flora xanım. Sanki ötən illərdən bəri heç dəyişməyib. Elə mənim uzun illər bundan əvvəl tanıdığım Flora xanımdı.

Rəhman Salmanlı da qrupumuzun ağsaqqallarından sayılırdı. Bir dəfə məni yoldan çıxarıb araq içirdib. Sonra da zarafatla deyirdi ki, istədim kefin kökəlsin biləsən ki, arağın dadı necədi. Elə arağın dadından o vaxtdan zəhləm getdi. Amma Rəhmanın yoldaşlığından, dostluğundan etibarından olmaz. Ən çətin ən ağır günlərimdə həmişə mənə həyan olub. 1986-cı ilin sentyabrında atam dünyasını dəyişəndə tələbə yoldaşlarımdan yeganə Rəhmandan teleqram aldım. Başsağlığı verirdi keçmiş olsun deyirdi. Ondan sonra da həmişə mən Rəhmanın saflığının, duruluğunun, sədaqətinin şahidi olmuşam. Başım ağrıyan kimi xəbər tutub hal-əhval eləyib. Tələbə vaxtı çətinə düşəndə, çıxıntılarımız olanda bir ağsaqqal kimi Rəhman Salmanlıdan məsləhət almışam. O məsləhət həmişə məni düz yola aparıb çıxarıb.

Rəhman gözəl jurnalist olmaqla yanaşı, həm çox istedadlı tədqiqatçı araşdırıcıdı. O, Əhməd Cavadla bağlı çoxlarının bilmədiyi faktları aşkarlayıb üzə çıxarıb. Uzun illər arxivlərdə, müxtəlif yerlərdə axtarışlar aparıb axırda da istədiyinə nail olub. Əhməd Cavadla bağlı bir neçə kitabın müəllifidir. Filologiya üzrə fəlsəfə doktorudu.

Rəhmanın çox sadə uşaq kimi səmimi ürəyi var. Kim desə ona inanır. Bəlkə Allah-Təala bu ürəyə, bu əmələ görə onun qəlbini sevindirib. O, yaxşı ata, yaxşı dost, yaxşı da jurnalistdir. Bu gün Rəhman Salmanlı araşdırmalarını arxiv axtarışlarını davam etdirir. Çünki onun ürəyində qəlbində hələ çox yazılmamış qələmə alınmamış yazılar var.

Bu yüksək mükafat münasibətilə bir daha hər iki tələbə dostumu - Flora Sadıqovanı və Rəhman Salmanlını təbrik edironlara can sağlığı, uzun ömüryeni yaradıcılıq uğurları arzulayıram. Sevinirəm ki, hər iki istedadlı yazar öz halal haqlarını aldılar. Həmişə ucalıqda olasınız, mənim tələbə dostlarım!

 

Ədalət. - 2015.- 24 iyul.- S.3.