BURA AĞCABƏDİDİ

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Gəlib görsən məmnun qalarsan

 

"Azərbaycanda təhsilə, elmə dövlət qayğısı danılmazdır. Ona görə də biz çalışmalıyıq ki, imkanlarımızdan, göstərilən qayğıdan tam şəkildə istifadə edək. Uşaqlarımızın savadlı, bilikli olması və onların ali məktəblərə yüksək ballarla daxil olması halları bizə daha çox sevinc gətirsin".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən sayımızda)

 

Qarabağın bir parçası olan Ağcabədidə həyatımızın bütün sahələri paralel bir şəkildə həm inkişaf etdirilir, həm də bu inkişaf zamanın tələbinə uyğun şəkildə müasirləşir, yeniləşir. Yəni istər sosial sahələr, istər iqtisadi sahələr bir-biri ilə yanaşı addımlayır. Ona görə də qazanılan uğurlar digər tələblərə kölgə salmır. Əksinə, bu yanaşı addımlama reallığı daha mükəmməl edir.

Rayon mərkəzinin küçə və yolları, səkiləri, ümumiyyətlə burada daş üstə qoyulan daş bir milli ornament nümunəsidir. Dərhal hiss olunur ki, görülən işlər arxitektura baxımından da nəzərə alınır. Yəni bu işlərdə bir standartlıq, basmaqəliblik yoxdur. Bu da öz-özlüyündə göz oxşayır, bir gözəllik yaradır. Hələ işıq dirəklərindən, küçə boyu uzanan daş hasarlardan asılmış gül dibçəkləri və bu dibçəklərdəki rəngarəng güllər özü-özlüyündə adamın əhval-ruhiyyəsində bir müsbət dəyişiklik yaradır. Digər tərəfdən həmin dibçəklərə qulluq edənlərin bir yeri tapması, evinə, ailəsinə çörək aparması da məsələnin digər bir tərəfidir. Deməli, istənilən sahədə, istənilən yerdə qurmaqinsanlara təklif etmək mümkündür. Bunun üçün öncə torpağını, xalqını sevməlisən, üstəlik də sənə tapşırılmış vəzifəni bir vətəndaş olaraq vicdanla, şərəflə yerinə yetirməlisən. Bu dediklərim Ağcabədidə birmənalı şəkildə öz ifadəsini tapıbdı. İstər rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun və onun komandasının, istər həm dövlət vəzifəsi icra edən, həm də sahibkar, adamı olan ağcabədililərin doğma rayonuna yanaşması, rayonun inkişafı üçün əl-ələ verib birgə çalışması məhz bugünün Ağcabədisini sevilən bir diyara çeviribdi.

Birmənalı şəkildə vurğulamaq lazımdır ki, Ağcabədidə tikinti-abadlıq işləri, yeni yolların çəkilişi, istismarda olan yolların bərpası, onlara qulluq edilməsi sahəsində demək olar ki, problemin çox böyük hissəsi öz həllini tapıbdı. Həmin sahələrdə çalışan insanlar öz vəzifələrinə vicdanla yanaşır və bütövlükdə Ağcabədinin gözəlliyini, bu məkanın rahatlığını artırıb onu inkişaf edən şəhərlərimizin sırasına çıxarıbdı.

Bununla yanaşı, Ağcabədidə həyatımızın ən önməli sahəsi olan təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sahələrdə mühüm işlər görülüb. Əgər adını vurğuladığımız həmin sahələri ardıcıl olaraq araşdırıb gözdən keçirsək, onda görərəik ki, son illərdə, xüsusilə 2014-2015-ci tədris ilində Ağcabədidə təhsil sahəsində xeyli nailiyyətlərə imza atılıbdı. Yəni həm regionların inkişafına dair dövlət proqramının, həm də bütün Azərbaycanda reallaşdırılmaqda olan və Heydər Əliyev Fondu tərəfindən irəli sürülmüş "Yeniləşən Azərbaycana yeni məktəb" şüarı altında keçirilən tədbirdə fəal iştirak edən Ağcabədinin təhsil işçiləri, pedaqoji kollektivləri öz uğurlu nailiyyətləri ilə yüksələn təhsil səviyyələri ilə həm rayonda, həm də ölkə miqyasında diqqətçəkən bir məqama yüksələ bilmişdilər. Heç də təsadüfi deyil ki, son illərdə Ağcabədidə 28 yeni məktəb tikilmişdi ki, bu məktəblərdə də 9160 şagird elmi biliklərə yiyələnmək imkanı qazanmışdı. Üstəlik rayonda 12 məktəb tam əsaslı şəkildə bərpa olunmuş, 19 məktəbdə isə əlavə sinif otağı tiklib şagirdlərin istifadəsinə verilmişdi. Özüburada bir məqamı da unutmaq olmaz ki, həmin məktəblərin müasir texniki avadanlıqlarla təmin olunması, kompüterləşdirmə işinin daha geniş bir sahəni əhatə etməsi istiqamətində də köklü işlər görülmüşdü. Birmənalı şəkildə qeyd etmək yerinə düşər ki, bu gün Ağcabədidə təhsilə rayon rəhbərliyinin çox böyük diqqəti var. Dəfələrlə Azərbaycan prezidenti hörmətli İlham Əliyev cənablarının vurğuladığı kimi, "Azərbaycanda təhsilə, elmə dövlət qayğası danılmazdır. Ona görə də biz çalışmalıyıq ki, imkanlarımızdan, göstərilən qayğıdan tam şəkildə istifadə edək. Uşaqlarımızın savadlı, bilikli olması və onların ali məktəblərə yüksək ballarla daxil olması halları bizə daha çox sevinc gətirsin".

Ağcabədi rayonunda 2014-cü ildə olduğu kimi, bu ilin birinci rübündə də yeni məktəb binalarının tikintisi istiqamətində işlər uğurla davam etdirilir. Bu gün faktiki olaraq üç yeni məktəb binasının istifadəyə verilməsi, yəni Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbinin, R.Quliyev adına Taynak kənd orta məktəbi, həmçinin Köyük kənd tam orta məktəbi tikilib başa çatdırılmışdı. Məktəb binalarının müasir tələblərə cavab verə bilən bir səviyyədə tikilməsi özü-özülüyündə pedaqoji kollektivlərin üzərinə xeyli məsuliyyət hissi qoyub. Yəni hər cür şəraiti olan məktəblərdə işləmək və ilbəil təhsil sahəsində nailiyyətləri artırmaq indi müəllimlərin bir vicdan məsələsinə çevrilib. Üstəlik rayon rəhbərliyinin davamlı nəzarəti, həmçinin rayon təhsil şöbəsinin öz üzərinə düşən işi məsuliyyətlə icra etməsi müəllim və şagirdlərin təhsilə olan qayğıdan yararlanması son nəticədə Ağcabədi məktəblilərinin yarışlarda, olimpiadalarda uğur qazanmasına, ali məktəblərə yüksək ballarla daxil olmasına imkanlar yaradıbdı. Burada onu da vurğulamaq lazımdır ki, rayonda yüksək qiymətlər alan, öz biliklərini nümayiş etdirən məktəblilərə, həmçinin əlaçı və xüsusi istedad sahibi olan şagirdlərə rayon icra hakimiyyətinin təşəbbüsü ilə "Ölkəmizi tanıyaq" devizi altında keçirilən tədbirdə iştirak üçün şərait yaradılmışdı. Yəni rayonun 40 nəfər əlaçı və istedadlı şagirdi İsmayıllı, Qəbələ və Şəki şəhərlərini gəzib görmək, tanımaq imkanı əldə etmişdi.

Bütün bunlar onu göstərir ki, rayonun məktəblərində yaradılan işgüzar pedaqoji şərait həm müəllimlər, həm də onların bilikləri aşıladıqları şagirdlər tərəfindən Azərbaycanın layiqli vətəndaşları olmaq üçün böyük imkanlar yaradır. Onlara daha inamlı olmaqelmin sirlərini öyrənmək, eləcə də Ağcabədi gənclərini hər yerdə uğurla təmsil etmək haqqı qazanırlar. Bu da öz növbəsində bugünkü məktəblilərin sabahkı həyatının təmin olunması deməkdir. Çünki bilikli, savadlı gəncliyin üzünə bütün qapılar açıqdır.

 

(Ardı var)

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2015.-2 iyun.-S.7.