MÜASİRİMİZ SABİR

("Sabir poeziya günləri"ndə aldığım təəssürat)

 

Ədəbiyyatda müasirlik problemi ilə bağlı çoxlu müzakirələr olub, elmi və publisistik əsərlər yazılıb, monoqrafiyalar qələmə alınıb. Həmişə bir sual bu müzakirələrin, yazılan əsərlərin məhvərində dayanıb, kimə, hansı sənətkara müasir demək olar, hansı əsər zamanın, əsrlərin sınağından keçir və müasirliyini hifz edir? Bu suala çoxlu cavablar verilib, amma zaman keçdikcə məlum olub ki, o sənətkar müasirdir ki, öz əsərləri ilə bu gün də bizi düşündürən, narahat edən suallara cavab verir. XX əsrin böyük klassiki Mirzə Ələkbər Sabir və onun əsərləri bu gün üçün də müasirdir.

Sabir nəinki 11 il yaşadığı XX əsrin, vəfatından keçən bu 104 il ərzində də həmişə bizim müasirimiz olmuş, ictimai-siyasi həyatımızda, mənəvi dünyamızda əbədi yol yoldaşımıza çevrilmişdir. Nəriman Nərimanovun bir fikrini xatırlayaq: "İnsan var ki, ölər, yox olar və onun yoxluğunu ancaq yaxın əqrəbası hiss edər. İnsan var ki, ölər və onun yoxluğu xüsusi bir milləti heyfsiləndirər. İnsan var ki, ölər və onun ölməyi bütün millətlərə təsir edir". Sabirin ölümü yalnız fiziki ölümdür. Çünki onun təsir gücü, millətin taleyində oynadığı rol o qədər böyükdür ki, biz bu ölüm haqqında qətiyyən fikirləşmirik.

Sabirin Azərbaycan ədəbiyyatında yeni bir parlaq şəxsiyyət olduğunu, şeirlərinin isə poeziyada novator xüsusiyyətini onun ölümündən az sonra xüsusi qeyd edildi. Bu barədə mərhum professor Abbas Zamanovun "Sabir və müasirləri" kitabında xeyli mülahizələrlə qarşılaşırıq. Sabirin ən yaxın dostu Abbas Səhhət "Məlumat" qəzetində "Qara xəbər" adlı məqalədə yazırdı: "yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm; bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyai-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdirg

Sabir! Alimlər, ədiblər, şairlər öləndə sən onlar üçün mərsiyə yazırdın, nitqlər söylərdin. İndi sənin üçün mərsiyə oxuyan yoxmu, əcəba? Xeyr, nə qədər ölməmişəm, səni yaddan çıxartmaram. Sən yaddan çıxmazsan, sən aləmi-mənada dirisən. Bir milləti diriltməyə çalışan özü ölərmi? Yox, ölməz!"

Sabirin həmyerlisi Əbdürrəhman Tofiq isə belə yazmışdı: "Sabirin adını tarix unutmaz. Onu bilənlər hər vaxt adını ehtiram ilə zikr edib, təzim edər. Çünki o, böyük bir şair idi, şeirin böyük bir ustadı idi, təbi-şairanəsi o qədər geniş və parlaq idi ki, istədiyini hər zaman və hər yerdə söyləməkdə azad idi... Sabir bizim o qədər böyük bir şairimizdir ki, ondan sonra onun yerinə gələn hənuz yoxdur".

Abbas Zamanovun kitabında Seyid Hüseynin bir xatirəsi təqdim edilir. Oxuyuruq: "Sabirgxəstəliyinin son zamanlarda çox inkişaf edib özünü narahat etdiyini söyləyərək, müəllimi Hacı Seyid Əzim ilə olan bir görüşünü misal gətirdi: "Mən, - dedi, - bir dəfə Hacı Seyid Əzimin görüşünə getdikdə gördüm ki, bütün şeirlərini qarşısına töküb onlarla məşğuldur. Hər zaman zarafat edib əylənən Ağa o gün çox bikef və kədərli idi. Səbəbini soruşdum. "Bir şair üçün, -dedi, - bundan böyük bədbəxtlik olmaz ki, gözünü həyata yumarkən bütün ömrünün məhsulu olan əsərlərinin müqəddəratını bilməsin. Məni kimi xatircəm edər ki, sabah öldükdən sonra bu əsərlərim təb və nəşr edilib adım tarixlərdə yaşayacaqdır. Mən bunların künc-bucaqlarda itib tələf olmayacağından arxayın deyiləm". Sabir Hacı Seyid Əzimin bu sözlərini öz əsərlərinə keçərək əlavə etdi: -Mən də indi eyni kədərlə kədərlənirəm. Ölüm insandan çox da uzaq deyil. Hələ vücudu mənim kimi hər xəstəliyə müstəid olan bir adam üçün lap qulağının dibindədir. Görünür, mən də Hacı Seyid Əzim kimi öz kitabımı görmədən həsrət ilə öləcəyəm".

Sabir "Hophopnamə"nin üzünü görmədi. Amma onun ölümündən sonra dostları əsərlərini kitab kimi çap etdilər. Sabir Sovet dönəmində də unudulmadı, Azərbaycan şairləri içərisində ilk heykəli ona ucaltdılar. Əsərləri dönə-dönə çap edildi, yaradıcılığı geniş tədqiqat obyektinə çevrildi. Çünki Sabirin əsərlərində həqiqət hissi o qədər güclü idi ki, onu mənəvi repressiyaya uğratmaq mümkün deyildi. Görkəmli tənqidçi Əli Nazim 1936-cı ildə yazmışdı: "Onun şeirləri əməkçilərin ən dərin hisslərinə qədər enmiş, anlaşılmış, sevilmiş və düşünülmüşdü. Doğrudur, Sabir təkfir olunur, baykot edilir. Mincidilir, ölümə sövq olunurdu. Lakin hamı anlayırdı ki, Sabir doğruçudur, doğru yazır, həqiqəti göstərir".

Sabir bizim canlı müasirimizdir və bu fikri söyləyərkən iki əsas məsələni açıqlamaq istərdik.

Birincisi - onun ədəbiyyat tarixində, xüsusilə çoxəsrlik poeziyamızda hansı missiyanı yerinə yetirdiyini açıqlamaq lazımdır. Bu barədə çox yazılıb. Sabirin köhnə şeirlə, yəni klassik poeziya ilə yeni şeir arasında bir əsrlik uçurum açdığını ilk dəfə Abbas Səhhət söyləyib. Amma bir sual: Sabir ənənəvi üslubda yazırdı, hətta şeirlərində köhnə formaları saxlayırdı, bəs necə olur ki, onun şeiri həm öz sağlığında, həm də ötüb keçən bu illər ərzində yüksək qiymətləndirilir, "novator şeir", "inqilabi şeir" adlandırılır? Sabir ənənəyə möhkəm bağlı idi, lakin ənənəyə təqlidçi kimi yanaşmırdı. Onun novatorluğu və şeirdə inqilabiliyi aşıladığı fikirlərdə, məzmunda idi. Görkəmli tənqidçi Yaşar Qarayev yazır ki, Sabirə qədər ənənə dirilik və həyat şəklində yox, sitat və mumiya şəklində yaşayırdı. Sabirə qədərki klassik lirika möhtəşəm bir monoloqa bənzəyirdi, eyni bir lirik mən eyni bir Aşiqin və filosofun dilində səslənirdi. Sabirdə isə poeziya artıq "Mən"in monoloqu yox, Mənlə Dünyanın, Mənlə Xalqın və Cəmiyyətin həqiqi dialoqu şəklinə keçir. Sabir poeziyasında Xalqın səsi eşidilir. "Hophopnamı" zülmə, ətalətə, insan haqqına çevrilən hər cür naqisliyə üsyan idi. Sabirin satiraları şeirimizdə əsl inqilabi rol oynadı və bu inqilab şüurlarda "oyan, haqqını tələb edə!" təkamülünü, hərəkət marşrutunu təyin etdi. İlk dəfə idi ki, Xalq-onun bütün zümrələri, kəndçisindən, fəhləsindən tutmuş ziyalısına, despotuna qədər hamı özünü görə bildi.

İkincisi-Sabir satiraları bu gün üçün də müasirdir və gəlin, "Hophopnamə"yə müraciət edək.

 

Millət necə tarac olur olsun nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 

Məgər bu gün belə düşünən, yalnız öz şəxsi mənafeyini güdən, kapitalını artıran, minlərin göz yaşları hesabına villalar ucaldan insanlar yoxmudur?

Məşhur "Fəxriyyə" şeirini yada salaq. Sabir bu şeirdə tarixə, bütün türk xalqlarının keçmiş dönəmlərinə boylanır.

Təbii ki, türk xalqların tarixində əzəmətli, şanlı səhifələr olmuş, qüdrətli şahlar, sərkərdələr yetişmişdir. Lakin bu tarixdə bir-birinə qənim kəsilmək, qardaş qanı tökmək, birləşib bir yumruq olmaq əvəzinə parçalanmaq, bir-birini didmək də müsibətlər, fəlakətlər törədib.

 

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,

Fitnə göyərir torpağımızdan, daşımızdan,

Tarac edərək bac alırız qardaşımızdan,

Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...

Əslafımıza çünki həqiqi xələfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

 

Bir vəxt dəxi Qaraqoyun, Ağqoyun olduq,

Azərbaycana, həm də Anadoluya dölduq,

Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,

Qırdıqca yorulduq və yorulduqca qırıldıq...

Turanlılarız, adiyi -şüğli -sələfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

 

Sabirin pulu "mədh" edən bir neçə şeiri var və bu gün o şeirləri oxuduqca, həyatını, varlığını pulda görən, sərvət toplayan və bu sərvətdən milləti üçün bir qəpik də faydası olmayan bəzi iş adamları, bu günün burcuyları yada düşür. Onların şüarı bu deyilmi?

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?

İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?

Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?

Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?

Məzhəbim, dinismmi, ayinimmi, imanımmısan?

 

Belə misalların sayını istənilən qədər artırmaq olar.

Sabir XX əsr Azərbaycan ədəbiyyatında poetik məktəb yaradan bir şairdir. Onun ardıcılları - Sabir ədəbi məktəbinin yetirmələri (Əli Nəzmi, Qəmküsa, Bayraməli Abbaszadə, Ordubadi, Cabbarlı və b.) şeirimizdə doğrudan da ictimai məzmunu, haqq səsini, millətin, xalqın ədalət çağırışlarını ifadə edən parlaq nümunələr yaratdılar. Sovet dövründə də Sabir ənənələri yaşadı. Satirik şairlər o yolu tutdular. Doğrudur, onlar Sabir kimi çox da cəsarətli deyildilər, bəzən hədəfləri kiçik idi, amma buna baxmayaraq Sabir onlar üçün cəsarət simvolu idi. Rəsul Rza, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qabil, Kürçaylı, H.Arif kimi qüdrətli şairlərimizin yaradıcılığında, həmçinin Rüfət Əhmədzadə, Rüfət Zəbioğlu, Hüseyn Nadir kimi sırf satirik şairlərin şeirlərində cəmiyyətdə baş verən mənfi hallar sabiranə bir üsulla tənqid hədəfinə çevrilirdi. Elə Rəsul Rzanın "Sabir sağ olsaydı" silsiləsindən olan şeirləri xatırlamaq kifayətdir. Müstəqillik illərində isə Sabirə qayıdışın, onun poeziyasından bəhrələnməyin bir dövrü başladı. Baba Pünhan kimi qüdrətli bir satirik şair yarandı (heyf ki, dünyadan tez köçdü).

Xalq şairi Nəriman Həsənzadən Sabirə həsr etdiyi bir poemasında sonuncu iki misranı xatırlayaq:

 

Şair olmaq asandır,

Sabir olmaq çətindir!

 

Doğrudan da çətindir! Elə bir şair ki, zamanlara, əsrlərə sığmır, işığı yaşadığı dövrdən bu günə də gəlib çatır.

 

Ədalət.-2015.-2 iyun.-S.7.