"Rio olimpiadasında iştirak edəcəyim
təqdirdə medal qazanacağıma əminəm"
"Avropa Oyunlarında qitənin ən güclüləri mübarizə aparacaq"
Orxan İlham oğlu Səfərov 1991-ci ildə Azərbaycan respublikasının Lənkəran şəhərində dünyaya gəlib. İdmanın cüdo
növündə mübarizə aparan Səfərov indiyədək
beynəlxalq arenada bir çox uğurlar qazanıb. O, 2011-ci ildə keçirilən
Avropa kuboku turnirində birinci olub. Bir il
sonra Praqada keçirilən 23 yaşadək cüdoçular
arasında Avropa çempionatının bürünc
mükafatını qazanan cüdoçumuz Bakıda
keçirilən Qran-pri turnirində də fəxri
kürsünün üçüncü pilləsinə
qalxıb. O, 2013-cü ildə gözlənilmədən
Braziliyanın Rio de Janeyro şəhərində keçirilən
mundialın bürünc mükafatını qazanmaqla dünya
cüdo aləmində adından söz etdirib.
Bundan başqa, o, ayrı-ayrı vaxtlarda
"Böyük Dəbilqə" və Qran-pri
seriyasından olan turnirlərin qalib və
mükafatçısı olub.
Səfərov iştirak etdiyi son turnirlərdə liderlər
qrupunda əbəs yerə qərarlaşmadığını
sübut edib.
O, bu ilin aprelində Samsunda keçirilən Qran-pri-nin və
mayın sonlarında "qara qitə"də təşkil
olunmuş "World Masters" turnirinin gümüş
mükafatını qazanıb. Bu nəticələrdən
sonra Beynəlxalq Cüdo Federasiyasının reytinqində
dördüncü pilləyə yüksəlib.
Adalet.az-ın "FƏXRİ KÜRSÜ"
rubrikasının növbəti qonağı cüdo üzrə
Azərbaycan yığma komandasının aparıcı
üzvlərindən biri, dünya
üçüncüsü, bir sıra beynəlxalq turnirlərin
qalib və mükafatçısı Orxan Səfərovdur.
"Koreya
cüdoçusu ilə görüşüm heç cür
alınmır"
- Orxan,
bir neçə gün öncə Mərakeşin Rabat şəhərində
keçirilən "World Masters" turnirində ikinci oldunuz.
Turnirlə bağlı təəssüratlarınızı
öyrənək...
- Bu, mənim
iştirak etdiyim ilk "World Masters" turniri idi. İlk olduğu üçün üzərimdə
bir qədər həyəcan vardı. Şükürlər
olsun ki, yüksək səviyyədə çıxış
edə bildim. Finalda məğlub olduğum
Yaponiya təmsilçisi çox güclü cüdoçu
idi. Buna baxmayaraq, onunla başabaş
mübarizə apardım. Sadəcə, cərimə
ballarının nisbətində yenildim. Açığı,
cərimə ballarının biri mənə heç bir səbəb
olmadan verildi.
- Finaladək
heç də asan yol keçmədiniz. Məğlub
etdiyiniz rəqiblər dünya cüdo aləmində kifayət
qədər ad çıxarıblar. Onlardan son dünya
çempionu Qanbat Boldbatarı xüsusilə qeyd edərdim...
- İsrail təmsilçisi Arşanski ilə bunadək
iki dəfə qarşılaşıb, məğlub
etmişdim.
Üzərimdə start həyəcanı olsa da, birtəhər
onu keçməyi bacardım. İkinci
görüşdə mübarizə apardığım alman
cüdoçusu son vaxtlar uğurlu çıxış
göstərir. Onunla Tiflis Qran-pri-sində
qarşılaşıb, hakimlərin müəmmalı qərarları
ilə məğlub olmuşdum. Onu yenməklə
Tiflisdəki məğlubiyyətin revanşını
aldım. Yarımfinalda
görüşdüyüm Boldbatar Qanbat dünya cüdo aləmində
sözünü demiş idmançıdır, onunla
görüşmək bir çox cüdoçular
üçün çətindir. Hazırda
da reytinqdə birincidir. Boldbatar
görüşün əvvəlində çox inamlı
görünsə də, get-gedə nəzarəti əldən
verdiyini hiss etdim. Vaxtın bitməyinə
2 dəqiqə qalmış artıq onu məğlub edəcəyimi
qətiləşdirmişdim. Kəşfiyyatçı
mövqeyi tutaraq üzərimə gəlməsini gözlədim
və əks-hücumda "vazari" fəndi işlətdim.
Sonradan onu "osae-kome" vəziyyətində
saxlayaraq təmiz qələbə qazandım.
-
Hazırda əsas rəqibləriniz yaponiyalı Takato,
koreyalı Kim Von Jin, Rusiya təmsilçisi Beslan Mudranov, gürcüstanlı
Amiran Papinaşvili və bayaq haqqında bəhs etdiyimiz
Monqolustan cüdoçusudur. Onlardan hansı ilə
görüşmək daha ağırdır?
-
Heç birindən xüsusi çəkinəcəyim yoxdur. Sadəcə, Koreya cüdoçusu ilə
görüşüm heç cür alınmır. Mudranovla isə, əksinə, yaxşı alınır.
Onunla görüşlərimin tarixi 2013-cü
ildə keçirilən dünya çempionatından
başlanır. İki il əvvəl
mundialda ilk görüşdə onu məğlub etmişdim.
Son Avropa çempionatında hakimlər onunla görüşdə
sona 3 saniyə qalmış mənə cərimə balı verərək haqlı qələbəmi
əlimdən aldırlar. Mudranov titullu
cüdoçu olsa da, mənim üçün asan rəqibdir.
Mudranovun özü də məndən çəkindiyi
dilə gətirir. Keçən il
Çelyabinskdə keçirilən dünya
çempionatı öncəsi deyirdi ki, kiminlə - hətta
Takato ilə düşsəm də, Səfərovla
düşməyim.
O, "World
Masters" turnirində ilk mərhələdə mənim 1/4
finalda üstələdiyim Almaniya təmsilçisinə məğlub
oldu deyə bu dəfə qarşılaşa bilmədik.
-
Heç yerli idman ictimaiyyətinin belə,
tanımadığı bir cüdoçu Orxan Səfərov
adının ilk dəfə hallandığı mundialda
mükafatçılar sırasına düşməyi
bacardı... 2013-cü ildə Braziliyada keçirilən
dünya çempionatına qayıdaq...
-
2013-cü ilin birinci yarısında iştirak etdiyim
bütün turnirlərdə uğursuzluqla üzləşmişdim.
Buna baxmayaraq, məşqlərdə
özümü yaxşı tərəfdən göstərməyi
bacarırdım. Dünya
çempionatına bir həftə qalmış bütün
çəkilərdə iştirakçılar müəyyənləşsə
də, 60 kiloqramda kimlərin gedəcəyi qətiləşməmişdi.
Üç namizəd vardı ki, onlar İlqar
Müşkiyev, Vüqar Şirinli və mən idim. Mən onların arasında üçüncü
nömrə kimi gedirdim. Rioya da iki nəfər
getməli idi. Komandanın o vaxtkı
baş məşqçisi Piter Zeyzenbaxer sonda seçim edərkən
İlqar Müşkiyevlə mənim üzərimdə dayandı.
Bu, hər kəsdən öncə elə mənim
özüm üçün sürpriz oldu. Medal qazanmağım isə əsil sensassiya idi.
Mundialın ilk
görüşündə bir il öncəki
Avropa çempionu Mudranovu məğlub etdikdən sonra
özümə inamım ikiqat artdı. Ard-arda
qələbə qazanaraq, yarımfinalda Koreya
cüdoçusuna yenildim. Bürünc
medal uğrunda görüşdə isə rəqibim son Avropa
çempionu reytinqdə birinci yerdə gedən gürcü
Papinaşvili idi. Halbuki, çempionat
öncəsi mən 71-ci pillədə qərarlaşmışdım.
Onu məğlub edəcəyimə heç kim
inanmazdı
"Mən
Zeyzenbaxeri çox uğurlu məşqçi kimi xarakterizə
edirəm"
- Çoxları Zeyzenbaxeri bəyənmir, onun
haqqında kəskin tənqidi fikirlər səsləndirirlər. Amma sizi məhz avsrtiyalı
mütəxəssisin tapıntısı kimi qələmə
vermək olar...
- Kim nə
desə də, mən onu çox uğurlu məşqçi
kimi xarakterizə edirəm. Bütün məşq
proqramları yüksək səviyyədə idi, məni
çox qane edirdi.
- 60
kiloqram çəki dərəcəsində sizinlə
dünya və Avropa çempionatlarının
mükafatçısı İlqar Müşkiyev arasında gərgin
daxili rəqabət var. Rio olimpiadasına da artıq 1 il qalıb. Necə fikirləşirsiniz,
olimpiadada iştirak baxımından hazırda kim
daha şanslıdır?
- Bu barədə
qəti fikir bildirmək tezdir. Açığı,
rəqabətin olması çox sevindirici haldır. Məni arxayınlaşmağa qoymur.
- Son
dörd turnirin ümumi yekunlarına əsasən,
Müşkiyev rəqabətdə sizə
açıq-aşkar uduzur. Bu, reytinqdə də
özünü biruzə verir; Siz dördüncü, o isə
on ikinci pillədədir...
- İlqar zədəli olduğu üçün son
turnirlərdə uğurlu iştirak edə bilmədi. Hazırda da bərpa
prosesi keçir.
-
Maraqlıdır, şəxsi görüşlərdə nisbət
necədir?
-
İlqar məni iki dəfə - 2011-ci ildə Azərbaycan
çempionatında və bir il sonra
Qran-pri-də məğlub edib, mən isə onu bir dəfə
- keçən il Bakıda keçirilən "Böyük
Dəbilqə" turnirinin yarımfinal görüşündə
məğlub etmişəm. Onunla
görüşlərimiz həmişə gərgin
alınır. Amma məşq prosesində
qüvvəmizi sınamırıq.
- Bu rəqabət
şəxsi münasibətlərinizə təsir göstərmir
ki?
- Bizim
şəxsi münasibətlərimizə tatamidəki
mübarizənin heç bir aidiyyatı yoxdur.
-
Mübarizə apardığınız çəki dərəcəsi
Azərbaycan cüdosunun ən parlaq səhifələrindən
birini təşkil edir. 60 kiloqramda Nazim
Hüseynov olimpiya və Avropa çempionu, Elçin
İsmayılov isə iki dəfə Avropanın ən
güclüsü olub. Bu çəkinin məsuliyyəti
sizin üçün nə dərəcədə
ağırdır?
- 60
kiloqram çəki dərəcəsi Azərbaycan
cüdosunun nəinki ən parlaq səhifələrindən
biri, hətta deyərdim ki, birincisidir. Digər
çəkilərdə yalnız son vaxtlar canlanma varsa, 60
kiloqramda bünövrədən güclü
idmançılar olub. Siz adını
çəkdiyiniz ünlü cüdoçularımızdan
başqa Nicat Şıxəlizadə də bu çəkidə
fərqlənməyi bacarıb. Hazırda
gənclər yığmasında da ən yüngül
çəkidə perspektivli cüdoçular var.
Təbii, məsuliyyəti olduqca ağırdır. Çalışıram,
etimadı artıqlamasıyla doğruldum.
- Boyunuz 60 kiloqram çəki dərəcəsi üçün bir qədər çoxdur. Hətta 66 kiloqram çəkidə mübarizə aparan cüdoçuların çoxundan - elə bizim Nicat Şıxəlizadədən xeyli hündürsünüz. 1.70 boyla ekstra-yüngül çəkini qoruyub saxlamaq çətin deyil ki?
- Yaş artdıqca çətinləşir. Rio olimpiadasından sonra 66 kiloqram çəki dərəcəsinə keçmək fikrim var.
-
Avropa Oyunlarının startına cəmi bir neçə
gün qalıb. Bu turnir barədə nə vədləriniz
var?
- Avropa Oyunlarında cüdo yarışları paralel
olaraq Avropa çempionatı da hesab olunduğundan qitənin ən
güclüləri mübarizə aparacaq. Həm də
cüdo elə bir idman növüdür ki, gözlənilməzliklərlə
zəngindir, əvvəlcədən proqnoz vermək
düzgün olmazdı. Avropa çempionatı
Qran-pri, "Böyük Dəbilqə" və "World
Masters" turnirlərinə bənzəməz, ab-havası
daha ağırdır. Beynəlxalq turnirlər
sınaq, Avropa çempionatı isə hünər
meydanıdır. İdmançının
adı gəldikdə demirlər ki, bu, filan beynəlxalq turnirdə
filan medalı qazanıb, deyilir ki, Avropa və dünya
çempionatının, olimpiadanın qalibi,
mükafatçısıdır.
Bilirsiniz,
Avropa Oyunları, qarşıdan gələn qitə və
dünya çempionatlarını deyə bilmərəm, amma
Rio olimpidasında iştirak edəcəyim təqdirdə medal
qazanacağıma əminəm. Nədənsə,
məndə belə bir hiss formalaşıb.
"Cüdoda
görüş vaxtı 5 dəqiqə deyil, 3 dəqiqə
olsa, Elxan hər turnirdə qalib olar"
-
Yığma komandanın kapitanı Elxan Məmmədovun son
turnirlərdə göstərdiyi nəticələr qətiyyən
ürəkaçan deyil. Artıq onun
karyerasını bitirməli olduğu məsələsi
gündəmə gəlib. Bu barədə
siz nə fikirləşirsiniz?
- London
olimpiadasından sonra da hər kəs Elxanın
karyerasını bitirəcəyini deyirdi, amma o, bir il sonra dünya çempionu oldu. Özü
də başqa çəki dərəcəsində. Son turnirlərdə uğursuz nəticər göstərib
deyə onu hesabdan silmək olmaz. Elxan
çox güclü cüdoçudur. Bilirsiniz,
cüdoda görüş vaxtı 5 dəqiqə deyil, 3 dəqiqə
olsa, o, hər turnirdə qalib olar. Elxanın
əsas problemi sonadək mübarizə aparmaqda çətinlik
çəkməsidir.
- Məmmədovun
yaşı da az deyil. O isə demək olar
bütün turnirlərdə iştirak edir. Praktikaya
nəzər salsaq, bu yaşda nailiyyət qazanan
idmançılar turnirlərdə az-az görünür.
Əgər Elxan da gücünü qorusa -
özünü hər yarışa sərf etməsə, diqqətini
sırf məşqlərə yönəltsə, dünya və
Avropa çempionatlarında rahatlıqla
mükafatçılar sırasına düşər. Razısınızmı?
- Tamamilə
razıyam.
-
Keçək söhbətin ikinci hissəsinə... İdman aləmində kimlərlə yaxın
ünsiyyətiniz var?
-
Yığma komandamızda demək olar ki, hamıyla yaxın
münasibətim var. Nicat Şıxəlizadə, Rüstəm
Orucov və Elmar Qasımovla xüsusilə sıx ünsiyyət
saxlayıram. Digər idman növlərindən
isə boksçu Tamerlan Abdulllayevlə dostluq edirəm.
- Bir xeyli
nəticələriniz olsa da ictimaiyyət arasında çox
tanınmırsınız...
- Ad olaraq
çoxları tanıyır, amma vizual yox. İnanırsınız,
elə olub ki, verilişdə olarkən yanımda ola-ola
aparıcı soruşub ki, Orxan Səfərov hardadır?
( gülür)
- Sevimli məşğuliyyətiniz
nədir?
- "Playstation" oynamağı sevirəm. Daha çox
futbolu yaxşı oynayıram.
- Futbol
azarkeşisiniz?
-
Azarkeş deyiləm, amma oynamağı çox sevirəm. Çox güclü də oynaya bilirəm.
- Belə
demək olarsa, cüdoçu olmasaydınız, futbolçu
olardınız...
- Yüz
faiz. Hətta əvvəllər çəkim
artmırdı deyə məşqçim Fərhad Məmmədov
valideynlərimə zəng edib deyirdi ki, onu qoymayın futbol
oynasın. (gülür)
-
Cüdoya gəlişiniz barədə
danışardınız...
- Mən
ilk məşqlərə Sankt Peterburqda getmişəm. İki ilə yaxın orda məşq etmişəm.
Bu müddət ərzində müəyyən
uğurlarım da olub. Yeniyetmələr
arasında şəhər çempionu olmuşam. Bakıya köçdükdən sonra atam məni
"Atilla" idman klubuna apardı. Orda Fərhad
müəllimin rəhbərliyi altında məşqlərimi
davam etdirdim. Mənim bir idmançı
kimi formalaşmağımda, hazırkı səviyyəyə
çatmağımda Fərhad Məmmədov və Əli Dəvrişovun
böyük rolu olub.
"İlham
Zəkiyev həmişə mənə və digər
cüdoçulara dəstək olur"
- Kumiriniz kim olub?
-
Elçin İsmayılov. Uşaqlıqda daim
onun görüşlərini izləyirdim. Yeniyetmə
olarkən o, bizim zala gələr, ustad dərsləri keçərdi.
İsmayılov mükəmməl texnikaya malik
cüdoçu idi.
Sizcə,
cüdoçuda tələb olunan əsas xüsusiyyət nədir?
-
Dözümlülük və ağıl. Görüşü
düzgün qurmaq, qüvvəni bölmək mütləqdir.
Əks təqdirdə ilk dəqiqələrdə
"yuko" və "vazari" fəndi işlədib,
sonradan "ippon"la məğlub ola bilərsən.
- Veteran
cüdoçularımızdan kimlər sizə mənəvi dəstək
verir, bir növ qələbələrə ruhlandırır?
-
Açığı, heç biri. Amma məşhur
paralimpiyaçı cüdoçumuz İlham Zəkiyev həmişə
mənə və digər cüdoçulara dəstək olur.
Ətrafımda olan insanların çoxu
yalnız qələbə qazandıqda məni yada
salırlarsa, Zəkiyev üçün nəticənin
heç bir fərqi yoxdur. Sözün əsl
mənasında gözəl insandır.
- Cüdo
yığmamızın üzvləri haqqında - onların bəzi
xarakterik xüsusiyyətləri barədə məlumat əldə
etmək oxucular, xüsusən də idman azarkeşləri
üçün çox maraqlı olardı... Nə
deyirsiniz, komanda yoldaşlarınızı
ayrı-ayrılıqda xarakterizə edək?
- Edək.
(gülür)
-
İlqar Müşkiyevdən başlayaq...
- İlqar çox yaxşı insandır. Ona aramızda
"professor" deyirik. Proqnoz verməyi
xoşlayır. Hər
yarışqabağı komandanın bütün üzvləri
bununla bağlı onun "qəbuluna düşür".
(gülür)
- Düz
çıxır?
- Hərdən
hə, hərdən yox.
- Nicat
Şıxəlizadə...
- O, mənə
çox kömək olub. Daim tövsiyyələr
verir. Nicatı bir növ ustam hesab edirəm
(gülür).
- Tərlan
Kərimov...
- Kərimov
bizim ağır qardaşlarımızdandır. Ciddi və sakit xarakteri ilə seçilir.
- Rüstəm
Orucov...
- Rüstəm
özünü həlak edən insandır. (gülür)
Komanda arasında ona "tükənməz
enerji" deyirik. Tatamidə necə
mübarizə aparırsa, həyatda da elə emosionaldır.
- Tural
Safquliyev...
- O,
komandanən ən sakit üzvüdür. Heç
kimlə sıx ünsiyyət saxlayan deyil.
- Ramin
Qurbanov...
- Ramin
çox əsəbi, səbirsiz insandır. Komandanın
ən tez özündən çıxan üzvüdür.
- Elmar
Qasımov...
- Elmar
komandanın dəlisidir. Birdən hamının
ciddi olduğu vaxtda elə məzəli söz deyir ki, gülməkdən
özümüzü saxlaya bilmirik. Hərdən
də əksinə olur; Hamı deyib gülür, şənlənir,
qəflətən Elmar ortaya elə ciddi mövzu atır ki,
adamın gözü kəlləsinə çıxır.
(gülür)
- Elxan Məmmədov...
- Elxan Məmmədov komandanın ağsaqqalıdır. Onun yanında
bir-birimizlə münasibətdə mümkün qədər
pərdə saxlamağa çalışırıq. Ciddi və sözün yumşaq mənasında
özünə hörmət tələb edən insandır.
- Kifayət
Qasımova...
- Onunla
indiyədək hər hansı ünsiyyətim olmayıb. Münasibətimiz ancaq "salam- sağ ol" səviyyəsindədir.
- Bəs
onlar sizi necə xarakterizə edir?
- Mən onların dilindən desəm, səmimi çıxmaz. Onu deyim ki, xarakter etibarilə çox mülayim insanam. Hamıyla münasibətimi tənzimləməyi bacarıram. Uşaqla uşaq, böyüklə böyük oluram.
- Demək
istədiyiniz nə isə qaldısa, buyurun...
- Artıq Avropa Oyunlarına sayılı günlər qalır. Bu cür mötəbər, tarixi bir turnirin təşkilatçılığının ölkəmizə həvalə edilməsi Azərbaycan idman ailəsinin bir üzvü kimi məni çox sevindirir. İnanıram ki, "Bakı 2015" idmançılarımızın uğurları ilə əsl zəfər təntənəsi kimi yadda qalacaq. Bütün növlərdə mübarizə aparan idmançılara qələbə arzu edirəm. Allah əziyyətlərini yerdə qoymasın!
Sahib
ƏSƏDBƏYLİ
Ədalət.-2015.-3 iyun.-S.6.