"Ədalət"in vaxtı: Söhrab
Tahirlə
"Yaşıdlarıma
nisbətən daha nikbinəm"
"Zaman dəyişikliyi daha çox qələm adamları
üçün çətin olur”, - dedi budəfəki həmsöhbətim. Həqiqətən
də, zamanla ən çox çarpışan
yaradıcı insanlardır: həm özləri, həm də
başqaları üçün bu mübarizəni təsvir
etməyə çalışırlar... Özlərinə nə qədər
çətin olsa da, hər yeni zamanın təfəkkürünə,
ideallarına, marağına işıq tuturlar. "Ədalət”in
vaxtı”nda bu dəfə zaman yolçuluğuna illərin
sınağından keçmiş qocaman şairlə
çıxdıq:
Azərbaycanın xalq şairi, nasir,
publisist Söhrab Tahir
- 1926-ci il avqustun 6-da İranın Astara şəhərində
sənətkar ailəsində anadan olub. Sovet Ordusunun İrana
daxil olmasından sonra xalq hərəkatında fəal
iştirak edib. 1946-cı ildə Bakıya
təhsil almağa göndərilib. Bakıda əvvəlcə
Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası
alıb, sonra Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsində oxuyub, Moskvada Maksim Qorki adına
Ali Ədəbiyyat kurslarında müdavim olub. "Azərbaycan"
qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə
müdir, redaktor, "Səhər" ədəbi-tarixi
jurnalında baş redaktor müavini olub. Azərbaycan
Yazıçılar Birliyi idarə heyətinin,
"Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin,
"Yazıçı" nəşiryyatının bədii
şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə
heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun
üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir
şurasının sədri (1986-1991) olub. İnqilabi,
ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə
"21 Azər" medalı və bir sıra başqa
medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin
Fəxri Fərmanı ilə təltif olunub. 2006-cı ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə "Şöhrət"
ordeninə layiq görülüb. 2010-cu
ildə Rusiya Yazıçılar İttifaqı və onun
Moskva şəhər təşkilatı nəzdində fəaliyyət
göstərən Yazıçı-tərcüməçilər
İttifaqının qərarı ilə Beynəlxalq
V.V.Mayakovski ordeni ilə təltif edilib.
... Və Söhrab Tahirin zamanla
çək-çeviri:
– Zaman nədir və sizin
üçün nə əhəmiyyət kəsb edir?
–
Zamanın mənası çox dərindir. Zamana
çox məna verib, istənilən şəkildə şərh
etmək olar. Məhz mənim
üçün zaman dövranla, siyasi dünya, ictimai həyatla
bağlıdır. Zaman var idi biz başqa
ideologiya ilə yaşayırdıq. Başqa
təfəkkürlə düşünürdük, qələm
adamları o dövrün ideologiyasını tərənnüm
edirdi. O zəmanə ilə nəfəs alırdıq və
hesab edirdik dövran belə də davam edəcək. Amma zaman
dəyişdi və biz düşüncəmizi,
ideologiyamızı dəyişənə, yeni dövrün
siyasi, ictimai çağırışlarına
uyğunlaşana qədər 10-15 il
keçdi. Bu müddətdən sonra yeni
çağla, başqa zamanın ab-havasına
uyğunlaşdıq.
– Bu proses sizcə, asan oldu?
– Yox,
çətin keçdi. Xüsusilə də qələm
adamlarına, siyasi-ictimai şəxslərə. Bəlkə də, sıravi fəhlə, mühəndis,
müəllim, həkim üçün asan oldu,
çünki onlar həmişə gördükləri
işi yenidən davam etdirirdilər. Amma
ictimai təfəkkürü olan şəxslərə, ədiblərə
ümumiyyətlə, dəyişikliklərə
uyğunlaşmaq çətin olur. Çünki
bütün təfəkkür kökündən dəyişilməlidir.
Sovet rejimi ilə, müstəqil Azərbaycan
ideologiyası bir-birinə tamamilə zidd olan, bir-birini rədd
edən sistemlərdir. Zamanın
ağırlığı, bax, burda özünü göstərir.
"Zaman, siyasi rejim bir-birini əvəzləyəndə
olan ədəbiyyata olur”
– Bəs bir-birindən kəskin fərqlənən
bu zamanların hansında yaşayıb-yaratmaq bir qələm
adamı üçün rahat idi, hansında daha münbit
şərait olub?
– O
dövrdə ədiblər, xüsusilə şairlər
öz qələmi ilə dolanardılar. Şeir
qəzetdə çıxanda qonorar verilirdi, radioda, televiziyada
səslənirdi, ona da qonorar ayrılırdı. Üstəlik, tərcümə şöbəsində
rus dilinə tərcümə edilirdi, onun üçün də
ayrı bir qonorar ödəyirdilər. Yəni
bir şeirdən 4 dəfə gəlir
götürülürdü. Amma o
dövrdə tematik cəhətdən çox böyük məhdudiyyətlər
vardı. Şair kitabı çapa verəndə
başda mütləq Lenini tərənnüm etməliydi.
Bu tələbi həyata keçirib, senzuradan keçdikdən
sonra, o biri mövzular – ana, sevgi, təbiət və s.
haqqında rahatca yazmaq olardı. Amma müstəqillik
dövründə o məhdudiyyətlərin, senzuranın
hamısı qaldırıldı, mövzu genişliyi
yarandı. Amma qonorar məsələsi, ədiblərin
öz qələmi ilə qazanmağı da getdi, indi bir
şair öz kitabı ilə dolana bilmir. Hər
iki dövrün, əlbəttə ki, üstün tərəfləri
var. Düzü, Sovet dövrünü heç vaxt pisləməmişəm.
Çünki o dövrün həqiqətən
də yaxşı cəhətləri var idi. Xüsusilə ədəbiyyata, kitaba, elmə maraq
aşılayırdı, insanların maariflənməsi ön
plandaydı. Təbii ki, hər bir rejimin
çatışmazlıqları olur. Amma
zaman, siyasi rejim bir-birini əvəzləyəndə olan elə
ədəbiyyata olur. Nə
üçün 90-cı illərdə Yazıçılar
Birliyinin fəaliyyəti zəiflədi? Çünki
siyazi zaman dəyişmişdi. Qələm
adamları arasında çaşqınlıq
yaranmışdı. Bu da öz növbəsində
ədəbiyyata marağı azaltmışdı.
– Azərbaycan ədəbiyyatının
ən tanınmış simaları ilə – Mirzə
İbrahimov, Məmməd Araz, İsmayıl Şıxlı
kimi şəxslərlə çiyin-çiyinə işləyib,
dostluq etmisiniz. İndiki dövrün də ədəbi
nümunələri ilə, təbii ki,
tanışsınız. Ədəbiyyat bir nöqtədə
dayanmır, o da zaman selində öz axarı ilə davam edir. Zaman ədəbiyyatda nəyi dəyişdi?
Sizin dövrün ədibləri ilə bu dövr arasında
hansı fərqi, yeniliyi görürsünüz?
– Ən əsası keyfiyyət fərqini hiss edirəm. Daha
böyük fərq mövzuda özünü göstərir.
Dediyim kimi o dövrün ədibi Soveti tərənnüm
edirdi. Fikir azadlığı yox idi, dar
mövzularda yazırdılar. Amma bu
günün yazıçı və şairləri
üçün mövzu sərbəstdir, düşüncə
daha genişdir, qələmi, iradəsi azaddır. Bu günün yazıçısı Qabriel Markes
kimi dahi yazıçının mövzusuna rahatlıqla
müraciət edə bilir, ondan bəhrələnib Azərbaycan
təfəkkürünə, adət-ənənəsinə
uyğun əsərlər yarada bilir. Bu da
yerli oxucu ilə yanaşı, xarici ölkələr
üçün də maraqlıdır. Hansı
ki Sovet mövzuları, yaradıcılığı kapitalist
ölkələrin oxucuları və ya yazarlarına xoş gəlmirdi.
Görürdülər ki, yalnız bir mövzu
ətrafında yazılır, sanki bir heykəl qurub ətrafına
toplaşıblar, ona görə də qəbul etmirdilər.
Amma bu dövrün həm oxucularının, həm
ədiblərinin fikri artıq dünya düşüncəsinə
uyğun gəlir. Belə olanda da, mən
şəxsən üstünlüyü indiki ədiblərə
verirəm.
"Gənc ədiblərin
yaşlı qələmdaşlarını bəyənməməsi
bütün zamanlarda olub”
– İndiki qələm
adamları, xüsusən də gənc yazarların əksəriyyəti
əvvəlki dövr yazarlarını, əsasən
60-cıları çox vaxt qəbul etmirlər, hətta
müəyyən dərəcədə aqressiya da var. Sizcə,
bu, nə ilə əlaqədardır: nəsillərarası
savaş, ya həddindən artıq sərbəstlikdəndir?
– Bu məsələyə
toxunmağınız yaxşı oldu, çünki bu
mövzuda həmişə fikir
qarışıqlığı var, onu açmaq
lazımdır. Mənim fikrimcə, bu, nəsillərarası
qarşıdurmadır, ondan qaynaqlanır. Gənc
ədiblərin yaşlı qələmdaşlarını bəyənməməsi
bütün zamanlarda olub. Sovet dövründə də
beləydi: özündən yuxarıda olan,
tanınmış yazıçı və ya şairin əsərlərini
yeni nəsil bəyənməzdi. Sizə deyim ki, o vaxt Məmməd
Arazla bir yerdə Moskvada oxuyurduq, həm də yaxın dost
idik. Təxminən 1953-54-cü illər idi.
Səməd Vurğunun yeni kitabı
çıxmışdı. Zəng elədim
Məmməd Araza ki, təzə kitabı oxumusan? Dedi hə,
oxumuşam. Fikrimi soruşdu. Cavab verdim, o
şair deyil ki! Elə Məmməd Araz da təsdiqlədi
ki, hə yaza bilmir. Təsəvvür edin: Səməd
Vurğunu bəyənmirdik! Bizim öz aləmimiz
vardı. Az qala, yuxuda
özümüzə heykəl qoyurduq. Oyanan kimi
heykəlimiz dağılırdı (gülür).
Qayıtdıq Bakıya, doğma mühitə, öz adət-ənənələrimizə.
Azərbaycandan başqa heç bir ölkədə
bacı qardaşa "Can, qardaş” deməz, ana balasına
"ayağının altında ölüm, ay bala” deməz.
Bu əziz, şirin mühit bizi
özümüzə qaytardı. Oxuduğumuz
rus ədəbiyyatı, öyrəşdiyimiz rus mühiti
bizim üçün uçub getdi. Bir
gün yenə də Səməd Vurğunun yeni
kitabını oxuyurduq. Zəng elədim Məmməd
Araza ki, gəl bir bu kitabı müzakirə edək, dedi
ehtiyac yoxdur. Səməd Vurğun böyük
şair imiş, biz onu başa düşməmişik. Yəni biz hələ Səməd Vurğunu qavramaq
üçün yetişməmişdik.
– Vaxt
keçdikcə insan zamana bir az həssas
olur, hardasa küskünləşir. Öz əsərlərinizdə
zamanı nə dərəcədə əks elətdirmisiniz?
Başqa cür desək, zamanla çək-çeviriniz
olubmu?
– Bir həqiqət
var ki, insan yaşlaşdıqca, hər şeyə başqa
cür yanaşır, asan qəbul etmir, bəyənmir. Mənim yaşıma, yəni 89-a çatanda isə
daha həssaslaşır. Baxmayaraq ki,
yaşıdlarımla nisbətdə daha nikbinəm, amma yenə
də bir çox şeyi bəyənə bilmirəm. Bəzən hər şey mənə gülməli,
bəzən təkrar gəlir. Müşahidə edirəm
ki, bu gün oğlumun başına gələnlər, 40 il bundan öncə mənim başıma gəlib.
Amma çox şeyi demirəm, içimə
atıram, heç kəsə bildirmirəm. Əlbəttə, zaman keçdikcə insanın
xarakteri də dəyişir. Gözəlliyə,
poeziyaya, kitaba münasibət, zövq dəyişir. Vaxt
vardı gözələ baxıb heyran qalardım, indi gözələ
baxıb deyirəm ki, görəsən bu deyingəndir, ya
yox... İçimdə saxladığım
narazılıqları da vərəqlərə
köçürürəm. Fəlsəfi
şeirlər də elə bu zaman yaranır. Sevginin özündən çox, onun fəlsəfəsi
adamı narahat edir.
"İnsanı məhrumiyyətlər,
həsrət, ağrı-acı şair edir”
– Bu 89 ildə zaman sizə daha
çox verdi, yoxsa aldı?
– Mən
həyatımdan razıyam. Hərdən mənə deyirlər
ki, başına bu qədər hadisələr gəldi, 12 il sürgündə yaşadın. Ayaqqabın olmadı, qışda sürgündə
corabla məktəbə getdin. Təsəvvür
edin, anamın ayaqqabısı yox idi, atamın 45
ölçülü ayaqqabısının burnuna pambıq təpib
geyinərdi. 36-37 ölçülü
ayağında o ağır çəkmələri güclə
sürüyüb bazara gedərdi. Düşmənlərin
içində, ağır şəraitdə
yaşamışıq. Türk olduğum
üçün farslar məni həmişə təhqir ediblər.
Mən də onları cavabsız
qoymamışam, söymüşəm, döymüşəm.
Atama şikayət ediblər, axşam o da məni
döyüb. Bu çətin həyatdan
sonra Bakıya qayıtmışıq. 1946-cı
ildə Bakıda müharibə təzə qurtarmış bir
vaxtda, böhranlı günlər idi. Qara
çörək üçün camaat saatlarla növbədə
durardı. Özüm həftələrlə
ac qaldığım günlər olub. Yataqxanada
gecə ac yatanda kağız yazıb qoyurdum ki, mən ölsəm,
bilin ki, aclıqdan ölmüşəm. Amma
səhər yenə sağ-salamat, qıvraq oyanardım,
yazdığıma gülərdim. Əlimə
pul çatana qədər, işə düzələnə qədər
belə çətin şəraitdə yaşamışam.
Amma yenə də dözmüşəm. Yenə də həyatımdan razı
qalmışam. Çünki heç bir dövlətli
uşağı şair ola bilməz,
insanı məhrumiyyətlər, həsrət,
ağrı-acı şair edir. Varlı nə
istəyir qabağına gəlir, kasıb isə quru
çörəyi yeyib ləziz yeməkləri xəyal edir.
Zəngin adam istədiyi qızı ala
bilir, yoxsulun isə əli sevgisinə çatmır,
başqası ilə evlənsə də ilk məhəbbətini
unuda bilmir. Həsrət, kədər bu cür
yaranır. Beləcə onun təxəyyülü
güclənir, hər şeyi xəyalında təsvir edir,
gücü qələmə verir. Ona görə
kasıbdan dahi şair, yazıçı çıxır.
Düşünürəm ki, nə
yaxşı ki kasıb olmuşam, məhrumiyyətlər
görmüşəm, xalqı tanımışam. İndinin özündə də avtobusa minirəm,
halbuki oğlumun maşını var, hara istəsəm aparar.
Bunu heç kəsə deməmişdim, sizə
deyirəm. Niyə belə edirəm?
Xalqın içində olmaq üçün... İctimai nəqliyyatda
insanlar bir-biri ilə xalq dilində danışır, dava edəndə
bu dildə edir., sevinəndə də bu
dildə sevinir. Bunlar mənə ilham verir, belə
şeyləri görməsəm, yaza bilmərəm.
"Dostlarım ömürlərini
mənə bağışlayıb getdilər”
– Vaxtınızı necə
keçirirsiniz? Daha çox nəyə həsr
edirsiniz?
–
Dostlarımla görüşürəm, oturub söhbətləşir,
müzakirələr edirik. Düzdür, dostlarımın
çoxu – Məmməd Araz, Cabir Novruz, Nəbi Xəzri, Bəxtiyar
Vahabzadə yoxdu indi. Onlar ömürlərini mənə
bağışlayıb getdilər... Gözəl
xatirələrim var onlarla. Bir-birimizin evinə
gedib-gələrdik. Dostluğumuzun qədrini
bilmişik. Qələm dostlarım mənim
haqqımda çox şeirlər, poemalar yazıblar. İndi dostlarım azdı, amma sağ olsunlar, evə
gəlib mənə dəyirlər. Məmməd
Arazla zamanın sınağından keçmiş möhkəm,
40 ilin dostluğu olub aramızda. İradə
Tuncay gözümün önündə böyüyüb.
Tez-tez bizim evə gələrdi. Aqil Abbas da tez-tez deyir, əmi niyə bizə qonaq gəlmirsən?
Xətrimi çox istəyir. Oğlu
Tuncayın toyunda ağsaqqal kimi çıxış edib dedim
ki, dostum Məmməd Araz həmişə istəyib ki, oğlu olsun. Deyərdi ki,
oğlum olsa, adını Bahadır qoyacam.
Çıxışımda bunu xatırlayıb dedim ki, Məmmədin
oğlu oldu, amma adı Bahadır yox, Aqildir...
– Vaxtla bağlı insanlara nə
tövsiyə edərdiniz?
– Əgər insan ömrünü mərhələlərə
bölsək – yeniyetməliyə, gəncliyə,
qocalığa, ahıllığa hər biri üçün
ayrıca tövsiyə etmək olar. İndiki gəncliyin fəaliyyəti,
yaşaması üçün gözəl şərait var.
Üstəlik, daha çox yeni texnologiyalardan, ixtiralardan
baş çıxarırlar, bizdən daha informasiyalı,
dünyagörüşlüdürlər. Bunlardan faydalansınlar, öyrənməyə həmişə
meyilli olsunlar. Yetkin yaşda, qocalıqda
daha çox güzəştə getsinlər, həyata, ailəyə,
hadisələrə daha müdrik, məntiqli
yanaşsınlar. Bu günün
qadını daha təhsilli, fəaldır. Kişiləri demək olar ki, hər sahədə
üstələyiblər, xanımların qədrini bilsinlər.
Həmişə zarafatca demişəm ki,
kişinin gərək bir ayağı, qadının da bir
qulağı olmasın. Yəni kişi
çox gəzməsin, qadın da çox qeybət eşitməsin.
Allah hər kəsə can sağlığı versin.
Biz də "Ədalətin” vaxtı”nın
qonağına Vaxtın onunla həmişə ədalətli
davranmasını arzu edirik.
Şəfiqə
Şəfa
Ədalət.-2015.-4 iyun.-S.3.