Başlanğıcı silmək olmaz...
Bu günkü müsahibim Gənc
Tamaşaçılar teatrının aktyoru, əməkdar
artist Elşən Rüstəmovdu.
-Elşən bəy,
deyirlər aktyorluq elə bir
sənətdir ki, insanın ömrünü qısaldır. Sizin ömrünüzə, həyatınıza
necə təsir etdi peşəniz?
-Mənə elə gəlir ki, sənətin özü yox, sənətdən kənar məişət problemləri daha çox mənfi təsir edir. Çünki aktyorluq spesfik bir sənətdir. Onunla məşğul olan adam kərpiç haqqında, ev haqqında fikirləşməməlidi. Tutaq ki, əgər aktyorun evi yoxdursa, o, evlə təmin olunmalıdır. Bu işlə məşğul olan insanlar aktyoru evlə təmin etməlidilər. Lakin, həmin adamlar bu işlə məşğul olmurlar.
Belə məqamlar da aktyora səhnədə öz rolunu ifa etməyə mane olur. İşinə köklənməyə imkan vermir. Fikir hər zaman dağınıq olur. Bizim sənətdə isə dağınıqlıq yolverilməzdir.
-Bəs tutaq ki, bir
il ərzində səhnədə beş rol ifa
edirsinizsə, bu sizin
mənəvi aləminizə necə təsir edir?
-Aktyor səhnədə beş rol ifa edə də bilər, etməyə də bilər. Amma əslində isə il ərzində beş rol olmamalıdı. İl ərzində iki rol da məncə kifayıt edər.
Bir roldan o biri rola keçid şəxsən məndə çox çətin alınır. Bəzən bir tamaşanın premyerasından sonra ertəsi gün başqa rolu həvalə edirlər. Bu isə düz deyil. Axı o biri obraz hələ mənim içərimdə yaşayır, onu tam bitirməmişəm. Bu səbəbdən müəyyən müddət keçməlidi, aktyor bir az özünə gəlməlidi. İfa etdiyi rolun təsirindən çıxandan sonra yeni rola hazırlaşmalıdır.
-Ehtiyat etmirsiniz ki, rejissorlar bu fikirlərinizi eşidib rollarınızı azaldarlar?
-Həmişə arzum olub ki, rollarımı
azaltsınlar. İldə bir rol ifa edim, amma
yaxşı rol olsun. Necə ki, alimlər elmi iş üzərində
uzun müddət işləyirlər, aktyor
da öz rolu üzərində elə işləməlidi.
Nə qədər peşəkar
və təcrübəli
olsaq da, bu o demək deyil ki, ildə
on rol ifa edə bilərik. Həm də ki, aktyor
ifa etdiyi roldan ləzzət almalıdı. Yorula-yorula olmamalıdı.
-Sənətdə
kimlərinsə köməyi
olub sizə?
-Bu sənətdə nə kömək ola
bilər? Əgər rejissor rol verirsə, onun etimad göstərməsi artıq özü bir köməkdi. İstedadlı adam
işini görəcək.
İstedadsız adam isə neyləsə də mütləq bir yerdə büdrəyib yıxılacaq. Təbii ki, universitet
illərindən müəllimlərimizdən
nələrsə öyrənmişik.
Rejissorların da köməyi
olur o mənada ki onlardan da
öyrənirik. Hər bir
rejissorun öz dəsti-xətti, yolu var.
Bu da aktyoru püxtələşdirir.
-Filmlərə də çəklimisiniz. Özünüzü həm də kino aktyoru hesab
edirsiniz? Yoxsa, mən
sırf teatr aktyoruyam. Teatr başqa aləmdir deyirsiniz..
-Mən nədənsə kinoya çox çəkilən aktyor təəssüratı yaratmışam.
Amma bir az fikirləşəndə
çəkildiyim filmlər
barmaqla sayılacaq qədərdir. Mənim ilk işim elə
filmlə başlayıb.
1992-ci ildə tələbə olarkən
iki filmə çəkilmişdim. Yəni teatra
gələndə artıq
iki filmim var idi. Amma son beş,
altı ildi ki filmə çəkilmirəm.
Yalnız qısametrajl filmlər
və seriallar olub.
Film mənim üçün
daha maraqlıdı. Bəlkə də
ilk işim filmlə bağlı olduğu üçün belə fikirləşirəm. Amma hal-hazırda
filmdə işləmək
və müəyyən
axtarışlarımı orda
etmək istərdim.
Amma təbii ki, teatrda aktyora lazım olan məkandır. Aktyor teatrda
püxtələşir, loru
dildə desək diri qalır.
-Bir çox aktyorlar onları məşhurlaşdıran rollar
barədə olan sualları sevmirlər. Tamaşaçı da sizi daha çox "İtkin gəlin" serialındakı Elməddin
obrazı ilə tanıyıb. Sizdə necə
nisbətən zəif
rollarla bağlı komplekslər olur?
Bəzən olur ki, mən
özümdə tələbə
vaxtı çəkildiyim
filmlərə baxanda fikirləşirəm ki, bunu gərək belə edəydim, filan şey olmayaydı və.s. Amma bütün
bunlara baxmayaraq, həmin rollar da aktyorun yaradıcılıq
tarixinin başlanğıcıdı.
Həmin
rolları silmək, atmaq olmaz. Çünki ilk addım, ilk pillə
ordan başlayıb.
Bu səbəbdən də mən onların silinməsinin tərəfdarı deyiləm.
Başlanğıcı silmək olmaz.
Pis, yaxşı nə varsa qəbul etmək lazımdı.
"İtkin gəlin"
serialı da o vaxtı texniki cəhətdən nə qədər qeyri-peşəkar
olsa da, tamaşaçı tərəfindən
sevilmişdi. Elməddin obrazı isə
təbbi ki, mənə doğmadı.
Çünki kütləvi tamaşaçı
məni ilk o rolla tanıdı.
-Aktyorluq ailə həyatınıza və
yaxud da ailə həyatı peşənizə mane olub
zaman-zaman peşmançılıq
yaratmır?
-Şükürlər olsun ki, peşmançılıq
yaratmayıb. Yəni o qədər də
şikayətlənməyə dəyməz. İki teatrda
işləyirəm, seriallara
çəkilirəm, bəzən
dublajlara da gedirəm. Yəni dolanışııq baxımından yaşamaq
olur. Düzdü
xarici aktyorlar kimi güzəran keçirtməsək də,
amma çulumuzu sudan çıxarda
bilirik. Daha pis vəziyyətdə
olanlara baxıb şükür edə bilirəm.
Ümumiyyətlə diqqət yetirəndə görürük ki, bütün dünyada vəziyyət yaxşılığa
doğru getmir. Getdikcə halqa
daralmağa başlayır.
-Aktyor tamaşaçısı üçün
əlçatmaz olmalıdır
fikri ilə razılaşırsınız?
-Bilirsiniz, indi onsuz da elə
bir dövrdü ki, istəsək də bu mümkün
olmur. Televiziya kanallarının çoxluğu, internet vasitələri
buna imkan vermir. İndi hər şey
əlçatandı. Tamaşaçı hər şeyi
bilir və onu aldatmaq mümkün
deyil. O əvvəlki
dövr idi ki, aktyor əlçatmaz
idi. Bu gün
mümkün deyil.
Və mən bundan qorxmuram. Tamaşaçılar bəzən məni
küçədə görürlər
yaxınlaşırlar, söhbət
edirlər. Bunlar məndə
narahatçılıq yaratmır.
Əsas odur ki, səhnədə
başqa cür olmağı bacarasan.
Həyatda biz də hamı
kimi insanıq.
-Fuad Poladov verlişlərin birində
özündən sonra
Hamlet rolunda sizi gördüyünü demişdi. Özünüzü
hazır hiss edirsiniz
Hamlet roluna?
-Fuad Poladov çox böyük sənətkardı. "Hamlet" tamaşasında da mən onunla tərəf müqabili olmuşam. Sonralar da başqa tamaşalarda. O, bizim
uğurlarımıza uşaq
kimi sevinən insandı. Yadıma gəlir ki,
bir dəfə dubyajdan çıxıb dəhlizlə gedirdim.
Fuad müəllim məni görüb yaxınlaşdı.
Qucaqlayıb dedi ki- o günləri "İstanbul reysi" filminə baxdım və sənin həmin filmdəki ifan mənim çox xoşuma gəldi. Yəni bu insan təkcə mənim yox, bütün istedadlı insanların uğuruna sevinir.
O ki qaldı Hamlet obrazına. Sözün düzü Fuad
Poladovdan sonra həmin rolu ifa etmək mənim üçün çətindir. Mənim əsas
prinsipim budur ki, hansı rol olur, olsun
onu ustalıqla ifa edim.
-Gənc
Tamaşaçılar teatrında
uşaqlar üçün
hazırlanan tamaşalarda
da iştirak edirsiniz. Uşaqları
sevindirmək, onların
sevincini görmək necə hissdi?
Bu yaxınlarda Nicat
Kazımovun qurluşunda
"Çirkin ördək
balası" tamaşasını
təhvil verdik. Çox gözəl
hisdi inanın uşaqlarla təmasda olmaq. Əslində aktyor fantaziyası
üçün də
uşaq tamaşaları
çox yaxşdı.
Düzdü biz indi uşaq
tamaşası deyirik.
Amma orda faciə də olur. Tutaq ki, "Çirkin ördək balası"
tamaşasında ördəyin
ətrafdakılar tərəfindən
qəbul olunmaması özü artıq faciədi. Və ən əsas məsələdə bunu
uşaqlara hiss etdirə
bilmək bacarığıdı.
Samirə Əşrəf
Ədalət.-2015.-9 iyun.-S.8.