DÜNYANIN İŞIQLI VƏ QARANLIQ
LÖVHƏLƏRİ
(SEYRAN SƏXAVƏTİN NƏSRİ
HAQQINDA)
I məqalə
Onun çağdaş Azərbaycan ədəbiyyatında
öz yeri, öz məkanı var - bu ərazi yalnız Seyran Səxavətə
məxsusdur, yəni bu ərazinin sahibi odur. Biz oxucular həmin
əraziyə daxil olub Seyran Səxavətin
yaratdığı qəsri görə bilərik. Təmiz
Azərbaycan sözlərindən hörülmüş bu qəsr
çox möhkəm və davamlıdır, hər hansı
küləyin, qasırğanın və "xarici istila"nın hücumları ona kar eləməz. Bəs bu qəsrin sakinləri kimlərdir?
Qəsrin
içərisinə daxil oluruq... Yox, bu qəsr
yox, gerçək Azərbaycan dünyasıdır.
Müxtəlif, amma tanış insan sifətləri
bir-bir gözlərimizin önündən keçir: bu
insanların gözündə hirs var, qəzəb var, sevinc
var, mərhəmət var, işıq var, qaranlıq var. Bir
anlığa bu qəsr mənə Seyranın "Nekroloq"
romanındakı xəstəxananı xatırladır:
"Dünyanın heç bir yerində bu boyda xəstəxana
yoxdu, yaşı min illəri çoxdan keçib.
Dünyanın xəritəsinə də düşüb və
başqa xəstəxanalardan fərqi oradadı ki, buranın xəstələri
burda doğulur, yaşayır və burda da dəfn olunurlar,
artırlar, azalırlar, yeyirlər, qırılırlar,
uçurlar, sürünürlər, şərab içirlər,
qan içirlər, ac qalırlar, tox qalırlar, xəcalət
çəkirlər, şəkil çəkirlər, əziyyət
çəkirlər, dərd çəkirlər, araq çəkirlər,
nəşə çəkirlər, qonşunun xainliyini
çəkirlər, bir-birinə kəm baxırlar, ələ
baxırlar, dilənirlər, ev tikirlər, ev yıxıllar, qanırlar,
qanmırlar, yalaqlanırlar, rüşvət alırlar,
analarının əmcəyini kəsirlər, heç kəsi
bəyənmirlər, halal çörək qazanırlar,
haramlıq edirlər, borc alırlar, borc verirlər, tez gəlirlər,
tez gedirlər, qəzet buraxırlar, televiziyada
danışırlar, alver eləyirlər, alınırlar,
satılırlar, teatr çıxardıllar,
çalıb-oxuyurlar, toyuq oğurlayırlar, uşaq
oğurlayırlar, allahsız-allahsız danışırlar,
qoyun başı kəsirlər, adam başı kəsirlər,
hərdən-birdən də sevirlər".
Bir sözlə, mənəvi dünyamızın
bütün mənzərəsi əks olunan o söz qəsri
real həyatın XX əsr dünyasını bütün
ziddiyyətləri ilə gözlərimiz qarşısında
canlandırır. Hər hansı istedadlı bir
yazıçıda bir neçə zərrə olsa da Balzak
tutumu var və çeşidli insan mənzərələrini
böyük sənətkarlıqla yaradan Balzaka oxşamaq
heç də pis deyil. Amma Seyran Səxavət
Balzaka niyə oxşamalıdır, gəlin onu Mirzə Cəlilə,
Haqverdiyevə, Çəmənzəminliyə oxşadaq.
Çünki Seyran Səxavət təpədən-dırnağa
milli yazıçıdır. Ancaq oxşatmaq
sözündə də bir təqlid çaları var, ona
görə də adlarını çəkdiyim bu
böyük Azərbaycan yazıçılarını Seyran
Səxavətə bir müəllim hesab edək və əgər
bu meyarla yanaşsaq, Seyran Səxavət öz müəllimlərindən
çox həqiqətlər əxz edib. Seyran Səxavət
öz böyük müəllimi Mirzə Cəlil Məmmədquluzadədən
həyatı real əks etdirməyi, həyata böhtan
atmamağı və əlbəttə, cəsarətli
olmağı öyrənib, öz böyük müəllimləri
Haqverdiyevdən və Çəmənzəminlidən isə
koloritli və duzlu yazmağı, xarakter yaratmağı əxz
edib.
Seyran Səxavəti
bir yazıçı kimi səciyyələndirmək
üçün bir çox sözlərdən, ifadələrdən
istifıdə eləmək olar, ancaq mənim ağlıma gələn
birinci söz AZADLIQ sözü oldu və Seyran Səxavət həmişə
daxilən azad olub, müstəqil olub və indi də bu
müstəqilliyi və azadlığı bir kimsə onun
özündən və qələmindən qopara bilməz. Bunu təkcə mən demirəm. Ramiz Rövşən
də deyir: "Seyran Səxavət bizim ədəbi nəsildə
zamana yaxa verməyən birinci oğuldur. Zamandan
asılı olmayaraq Seyran Səxavət həmişə bir
sifətdə, bir namusda, bir qeyrətdə olan dostumdu".
Bu həqiqəti Fuad Poladov da təsdiqləyə bilər:
"Yaşadığımız keçid dövrünün
çətinlikləri, sınaqları, yalnız Seyran Səxavət
kimi güclü, bütöv insanların "Mən"ini,
azadlığını əlindən ala bilmədi". Yazıçı isə o zaman azaddır ki,
yalanı həqiqət, həqiqəti yalan kimi qəbul eləmir,
ta əzəldən azad doğulur və içindəki qul
stixiyasını boğub öldürür və millətini
düşünür. Daxilən azad və müstəqil
yazıçı ölkəsi müstəqil
olmamışdan da müstəqil ola bilər
və biz bunun bariz nümunəsini İsa Hüseynovun, Yusif Səmədoğlunun,
Anarın, Elçinin, İsi Məlikzadənin və bir
sıra yazıçıların timsalında
görmüşük. Seyran Səxavəti də
bu cərgədən ayırmaq olmaz.
Məsələ
onda deyil ki, Seyran Səxavət bir sıra əsərlərini
ədəbiyyət üçün yasaq olunmüş
mövzularda yazırdı, qətl günü
yaxınlaşan quruluşun siyasi və mənəvi
böhranından söz açırdı, cəmiyyəti
bürümüş kataklizmləri bədii sözün cənginə
verirdi, Azərbaycan gerçəkliyini bəzəksiz-düzəksiz,
yalansız-boyasız təsvir edirdi, məsələ
ondadır ki, onun ədəbi tərbiyəsi elə əzəldən
bunun üstündə qurulmuşdu.
Məşhur estetik Y.Borev yazır ki, əsərin əsasında
duran həyat materialı bəzən sənətkarı
öz arxasınca aparır və o, qətiyyən istəmədiyi
nəticəyə gedib çıxır. Fikrimcə, bu
mülahizənin Seyran Səxavətin bir çox əsərlərinə
dəxli var, o da qələmə aldığı geniş həyat
materialı ilə üz-üzə dayanması və bəzən
bu həyat materialının arxasınca getməsidir. Seyran Səxavət adətən öz hekayə və
povestlərində cəmiyyət hadisələrinə nisbətən
dar, lokal bir məkandan qiymət verməyə
çalışır, hadisələr və insan xarakterləri
də bu prizmadan nəzərə çarpırdı. Ancaq dar sözü burada nisbi məna daşıyır,
çünki S.Səxavət dar və xırda məkanı
BÖYÜK MƏKANın bir parçası kimi ümumiləşdirə
bilir. Onun "Sanatoriya" povestində belə bir fikirlə
qarşılaşırsan ki, "elə dünyanın
özü də sanatoriya kimi bir şeydir. Əməlli-başlı
fikirləşəndə görürsən ki, dünya xəstəxanaya
oxşayır. Lap dərindən fikirləşəndə
görürsən ki, dünya qəbiristanlığa
da..."
"Sanatoriya" povestində hadisələr bir
sanatoriya dairəsində baş verir, ancaq elə buradan da cəmiyyəti
seyr eləmək mümkündür. S.Səxavət çürüməkdə
olan bir cəmiyyətin son günlərini təsvir edir,
özü də adi, bəlkə də ilk baxışda ciddi
maraq doğurmayan hədisə və əhvalatlarla... Əsərin
personajlarından biri sanatoriya binası haqqında deyir: "Bu
boyda bina: qəşəng, gözəl,
çürüyüb gedir - baxan yoxdu. Sahibi
olsa belə olmaz axı. Kimi qoyurlarsa fikirləşir ki,
mən düzəltməyə gəlməmişəm
axı, bir-iki il işləyib
çıxıb gedəcəm. Elə bil ki,
bostandı - hərənin çiynində bir xurcun
daşıhadaşıdı. Heç kəs
də fikirləşmir ki, bu bostan bir gün sovulacaq axı,
onda noolsun". Doğrudan da sanatoriya ilə
cəmiyyətin içi arasında bir elə fərq
görünmür, sanatoriya sanki cəmiyyətin ümumiləşdirilmiş
modelidir.
"Nekroloq romanında isə S.Səxavət bədii təsvirdə
Zaman və Məkan hüdudlarını genişləndirir. Açıq
demək lazımdır ki, romanda çağdaş Azərbaycan
mənzərəsi (ictimai-siyasi-mənəvi) əks
olunmuşdur. Mənzərə bütöv və
genişdir, cəmiyyətin bütün zümrələrini əhatə
edir: çadırlarda yaşayan və cəhənnəm həyatı
keçirən soydaşlarımızdan tutmuş nəhəng
maliyyə fırıldaqları ilə məşğul olan
mafioz qruplara qədər... Romanda sanki zaman
anlayışı da şərtidir. Şərti
simvolik, rəmzi vasitələr də romanda həyat həqiqətinin
məntiqili uyuşur. Əsərdə təsvir olunan Məkan
da bizə tanışdır: "Buraların ərazisi
indikindən qat-qat böyük olub: əvvəl qeyri-bərabər
şəkildə iki bölüblər - Quzeyə və
Güneyə. Qonşular bölüşdürüb,
alışma eləyiblər, "uf" da deməyiblər,
dillənməmişik, ufuldamamışıq,
ağrımamışıq, ağrıya bilməmişik,
çünki sağlam can ağrıyar... Ölmüş
adamı şaqqalasan da xəbəri olmaz - ölüdü.
İki yerə bölünəndən sonra da
ağılları başına gəlməyib, elə yeyib
yatıblar, düşməni süfrələrinin
başına keçiriblər, düşmən də
düşmənçiliyini eləyib, girib bunların
qılığına ki, bəs qardaşıq. Elə o
vaxtdan da evləri yıxıldı, düşmən üstlərinə
ayaq açdı: xanlıqlar, mahallar, şəhərlər,
kəndlər asta-asta əldən getdi. Torpağı
torba ilə daşındı. Dedilər: "bir torba
torpaq nədi kig"...Bilmədilər ki, bir torba
torpağı göylər kişnəyib, buludlar ağlayanda,
qərib eldə canını tapşıran yüzlərlə
qəribin gözünə tökmək olar. Hardan biləydilər..."
Deməli, məkan məlumdur, söhbət məmləkətimizdəki
məlum olaylardan gedir. Ancaq S.Səxavət
romanda konkret olaraq kimə isə işarə eləmir, bu son
illərin ictimai-siyasi hadisələrinin canlı
iştirakçıları da nəzərə
çarpmır. Ustalıq elə
bundadır. Lövhələr isə nə qədər tanış və həm də realdır.
Soydaşlarımızın zillətlə ömür
sürdüyü çadır həyatı, işsizliyin
barometri olan "Qul bazarı" və böyük varidat
sahibi olanların cəm olduğu təmtəraqlı kef məclisləri
sizə də tanış deyilmi? Digər tərəfdən, S.Səxavət xalqın
düçar və məhkum olduğu maddi və mənəvi
fəlakətlərin qədəri azmış deyə
romanın lap başlanğıcında təğii fəlakəti
- böyük qasırğa və seli də buraya əlavə
edir.
Öncə qeyd etdiyimiz kimi, romanda böyük bir xəstəxana
təsvir olunur. Əslində, bu, adi xəstəxana deyil,
məmləkətin rəmzidir. "Xəstəxana
xəstə idi. Soyuqdan ölülərin
də dişi-dişinə dəyirdi". Bu əsərdə də S.Səxavət
"Sanatoriya" povestindəki priyomdan istifadə etmişdir
- Məmləkətlə Xəstəxananın, məmləkətin
adamları ilə xəstələrin bir-birindən fərqi
yoxdur. Romanın bir neçə fəslində
müxtəlif xəstələr verdikləri analizlərin
cavabları üçün həkimə müraciət edirlər.
Cavablar qeyri-adi və gözlənilməzdir .
"-Sənin diaqnozun, - həkim əlindəki qələmi
yerə qoydu, stolun sağ tərəfindəki
kağızı götürüb diqqətlə baxdı - sənin
diaqnozun, alçaqlıq.
-Müalicəsi
var?
-Yox!"
Yaxud:
"Analizlərdən
belə görünür ki, sizin diaqnoz belə olacaq:
deklarasiya xəstəliyi. Sizdə deklarasiya xəstəliyinin
mikrobları tapılıb. Deklarasiya
haqqında qanun çıxandan sonra o mikroblar aktivləşə
bilər".
S.Səxavət təsvirlərində tünd boyalardan
çəkinməyən yazıçıdır. Qrotesk onun təkcə
çox sevdiyi bədii təsvir məqamlarından biri deyil, həm
də yaradıcılığının üslubi məziyyətlərindən
biridir. "Nekroloq" romanı bu mənada
qrotesk-roman da adlandırıla bilər. Hətta
deyək ki, "Nekroloq" adı özü də qroteskdir.
Çünki romanda bir adamın, yaxud bir ailənin
yox, bir xalqın mənəvi ölümündən söhbət
gedir.
Bəs bu xalq niyə ölür? Dünyanın
bu xalqın ölümündən xəbəri varmı?
Birinci suala romanda süjetin öz
inkişafından, hadisələrin gərginliyindən
doğan kəskin kolliziyaların
qabarıqlaşdırılması ilə cavab tapmaq olar.
Düşüncədə baş verən partlayışlar,
ölkəni, məmləkəti uçuruma aparan
sarsıntılır, insanların insan ola
bilməməsindən doğan faciələr bir küll
halında romana daxil olur, həyat öz axarını dəyişdirir.
Şəhərə əvvəlcə həzin
meh əsir, sonra güclü külək başlayır, sonra
isə bu külək qasırğaya çevrilir.
"Bu güclü sel bəzi zirzəmilərdəki əyyaşların,
fahişələrin və iş adamlarının meyitlərini
vurub küçəyə çıxartmışdı...gBu
şəhərdə yaşayanların hamısı
ölüm qorxusunu yaşadı, hamının yadına
düşdü ki, dünyada ölüm də var". Yazıçı bu vahiməli gecənin fonunda iki səhnə
təqdim edir-biri şam səhnəsidir. Körpə
bir qız təkqollu gənc atasının sinəsinə
qısılmışdı. Ölmək
istəmir bu qız. Şam
yandırırlar və birdən hamı görür ki,
şam ağlayır. "Onun göz
yaşları işıq saçırdı. Bütün şəhər şam
yandırmışdı-ancaq bu şamlar məbədlərdə
yandırılan şamlara daha çox
oxşayırdı". Bu səhnə bəlkə
də romanda əhəmiyyətli bir detal deyil, amma hər halda
kədərlidir. Başqa bir lövhə:
"Qasırğa öz yuvasına çəkiləndən
sonra Diribaş əl fanarını götürüb
aşağı düşür, küçədə selin gətirdiyi
və qoyub getdiyi nə varsa yığışdırmağa
başlayır, meyitlərin ciblərini, sumkalarını gəzir.
Axırda "işığı kök qadının
üstünə saldı, sonra da qalstuklu kök kişinin. "Bəlkə bunlar ər-arvad imiş...
Bacı-qardaş da ola bilərlər..." Kök
qadının yanına gəldi, dizini qadının enli buduna
qoyub üzüyü çıxarmaq tstədi, xeyli əlləşdi,
"zəhrimara qalsın". İstədi
çıxıb getsin, tamah qoymadı, onu qadına tərəf
itələdi.
- Oğraş, bir də bu şəhərə nə
vaxt sel gələcək?!" Doğrudan da, lap cəhənnəmi
xatırladan bir səhnədir, qrotesk həddini aşır
burada. Amma bütün bunların
kökündə acı reallıqlar dayanır. Ümumiyyətlə, romanda elə hadisələr təsvir
edilir ki, onların reallığına heç bir şübhə
eləmirsən. Deyə bilərik ki,
yazıçı real görünən bu dəhşətli
səhnələri təsvir edərkən ifrata varmaya da bilərdi,
amma romandakı həqiqət gerçəklikdəki həqiqətin
özüdür ki, var məntiqi ilə
razılaşırsan.
"Qaçqın
əlillərin özlərinin dəlləyi var: ayda bir-iki dəfə
ülgücünü bülövləyir düşür
bunların canına. Suları var - şəhərə gedən
böyük su kəmərini bir az
deşiblər. Qoelro planının bu şəhərciyə
heç bir dəxli yoxdu - yəni işığa həsrətdilər.
Dədə-baba qaydasıynan yaşayırlar -
neft lampası, kiroqaz və s.
Bu çadır şəhərciyində nə toy
olmuşdu, nə də yas.
...Dörd
nəfər çiynində kiçik bir tabut aparırdı:
Gənc ata, qardaşı, atası və bir başqası.
Burda məskunlaşanlar bir kəndin, bir şəhərin də
bünövrəsinə daş qoya bilərdilər - lakin
onlar qəbiristanlıq bünövrəsi qoyurdular və bu
bünövrəyə qoyulacaq ilk daş - körpə cənazəsi
indi onların çiynində idi... Tabutun
dalınca bir dəstə çolaq gedirdi. Adamı vahimə
basırdı və vahimə basdıqca adama elə gəlirdi
ki, bu gedən elə Xalqdı...
Xalq qoltuq ağaclarına, çəliklərə
çevrilmişdi və gedirdi-gedirdi qəbiristanlıq
bünövrəsi qoymağa".
Beləcə, romanda kədərli və hüznlü səhnələr
bir-birini əvəz edir. Əlbəttə, bu səhnələrin bir çoxu
real məntiqlə yanaşdıqda bəlkə bir az hiperbolik
səviyyədə nəzərə çarpır, ancaq Seyran
çadır şəhərciyində adiliyə çevrilmiş
vərdişləri, yaşayış tərzini daha
qabarıq vermək üçün, ən
başlıcası isə bu vərdişin və
psixologiyanın gələcəkdə daha qorxulu bəlaya
çevrilməməsi üçün bədii sözün
bu çalarına üz tutur.
"Bu gün bu uşağın toyu idi. Ancaq nə
yaxın-uzaq kəndlərin, nə şəhərlərin, nə
külli halında məmləkətin, nə də
dünyanın bu uşağın gözündəki kədərdən
xəbəri yox idi. Xəbərləri yox
idi ki, bu uşağın gözündəki erkən kədərin
bir damcısı yerə düşsə, bütün
dünya bu kədərin altında qalacaq.
...
Körpənin alnı qırışıb ki, ilahi! Və bu
qırışları heç kəs görmürdü -
heç bu toydakı qırışlara baxanda, adam oğluna
elə gəlir ki, qırışlar körpənin
alnından yaşlıdı..."
Romanda məcazi-simvolik mahiyyət daşıyan,
Xalqın ölümü ilə bağlı heykəllərin
mitinqi səhnəsi müəyyən qədər
plakatçılıq təsiri bağışlasa da, hər
halda, bədii təsiri etibarilə maraqlıdır. Xalqın
keçdiyi yolun və qarşılaşdığı
bütün müsibətlərin mənzərəsi dahilərin
fikir və mülahizələri fonunda ümumiləşdirilir.
Ədalət.-2015.-9 iyun.-S.8.