DÜNYANIN İŞIQLI VƏ QARANLIQ
LÖVHƏLƏRİ
(SEYRAN SƏXAVƏTİN NƏSRİ
HAQQINDA)
II məqalə
Mən Seyran Səxavət haqqında söhbətə "Nekroloq"
romanından başladım
və əlbəttə,
bu romanla bağlı yazdığım
bir məqalədə
iradlarımı da bildirmişdim. Ancaq bu iradlar İŞIQ anlamıyla
bağlı idi.
Arzu edirdim ki, S.Səxavətin digər əsərlərində
olduğu kimi, bu əsərində də boluca işıq görüm. Yəni, əsərin sonu Xalqın ölümü və süqutu ilə bitməsin, xalq dirçəlib ayağa dursun. Amma "Nekroloq" romanı
elə işıqsızlığın
faciəsini qələmə
almırmı?
İŞIQ
dedim, Seyran Səxavətin ilk povesti
"Ağrı" və
"Gözü işığa
düşmüş adam" povestini xatırladım. Maraqlıdır ki, bu iki əsərdə işıq boldur və hətta o qədər boldur ki, adamın lap gözləri qamaşır.
Bədii
təsvirdəki çoxrənglilik
təhkiyə tərzindəki
dinamika, obrazların fərdiləşdirilməsindəki çalarlar diqqətindən
yayınmır və bundan əlavə natura ustalığı bu əsərləri sevdirir. "Ağrı" səhv etmirəmsə, Seyranın
ilk povestlərindən biridir
və bu povestdə Seyranın gələcək yazılarına
xas olan bir çox ümdə xüsusiyyətlər
nəzərə çarpır.
Xüsusilə, təbiilik kimi
hə vacib məziyyət bütün
rəngarəngliyilə üzə
çıxır. Seyranın kənd
həyatına bələdliyi,
kəndçi psixologiyasını
dərindən bilməsi
bu povestin hər abzasında hiss olunurdu. Doğrudur, bu əsərdə
hələ qüvvətli
xarakterlər, dolğun
obrazlar yox idi, amma qibtəediləcək
dərəcədə kənd
koloriti görünürdü.
Əsər müharibə illərindən
söz açırdı,
onun ağrı-acılarından
danışırdı. Seyranın
"müharibə uşağı"
olmadığını bilirik,
amma bu, qətiyyən əsərdə
hiss olunmurdu, elə bil, Seyran o illərdən
çıxıb gəlmişdi
və gördüklərini
danışırdı, eşitdiklərini
yox. Yazıçı məharəti də
elə bunda idi.
Seyran Səxavəti
"kənd yazıçısı"
adlandırmaq istəməzdim,
bu istilah indi sadəcə olaraq gülüş doğura bilər. Ancaq kənddən
yazılan çox-çox
əsərlər var ki, həmin əsərlərdə kəndin
ancaq adı var, belə əsərlər qupquru bir süjetdən və bir-iki insan surətinin təsvirindən başqa heç nə deyil. Seyranın kənddən, kənd
adamlarından qələmə
aldığı bütün
əsərləri bir
yerə yığsan,
üstündə möhtəşəm
bir "KƏND" sözü
yazmaq olar. Təsvir olunan Aəzrbaycan kəndi bütün görkəmiylə
Seyranın povest və hekayələrində
bardaş qurub oturub - bir-birinə bənzəyən və bir-birinə bənzəməyən
adamlarıyla, otuynan-ələfiynən,
daşıynan, gədiyiynən,
çölüynən-çəməniynən,
ağsaqqalı-ağbirçəyiynən,
nağılı-nəğməsiynən...g
Əgər diqqət yetirsək, Seyran Səxavətin kənddən yazdığı
əsərləri zaman
xronikallığı baxımından
da ardıcıl düzə bilərik. "Ağrı"
povesti müharibə illərindən söz açır, "Ocaq daşı" müharibədən
sonrakı illərin kəndini və adamlarını təsvir edir, "Gözü işığa düşmüş
adam" əllinci illərin sonları-altmışıncı
illərin əvvəllərini
gözlərimizin önünə
gətirir, yetmişinci-səksəninci
illərin kəndi də Seyranın bir çox hekayələrinin mövzusuna
çevrilir ("Qaçay
müəllim", "Çayçı
Rəşid", "Mən
kiməm", "Bir
kisə kartof",
"Alça çiçəyi",
"İşıq xətləri").
Eyni zamanda, Seyranın hekayə və povestlərində kəndin
get-gedə şəhər
elementlərini qəbul
etməsi ("Gözü
işığa düşmüş
adam") və kənddən gələnlərin şəhərdəki
macəraları da öz əksini tapır, bu da 60-70-ci illər Azəbaycan nəsri üçün xarakterik mövzulardan idi.
Seyran Səxavət nəsrini elmi-tənqidi fikrimizdə "altmışıncılar" adlandırdığımız ədəbi nəslin uğurlu davamı kimi də səciyyələndirmək olar. Burada heç bir qəbahət görmürəm. Ancaq DAVAM TƏKRAR DEYİLDİR. Əgər "Yeni Azərbaycan nəsri" termini bir daha gündəmə gəlirsə, Seyranın əsərlərini də bu o zamankı təbirlə söyləsək, yeni nəsr saymaq olar. "Yeni Azərbaycan nəsri" dünya ədəbi prosesində başlanan bir hərəkatın Azərbaycan nəsrindəki özünəməxsus, milli səciyyəli inikası idi. Burada "Yeni Azərbaycan nəsri"nin ən istedadlı nümayəndələrindən olan Anarın "Nəsrin fəzası" məqaləsinin sonluğunu xatırlayıram. Anar öz ədəbi nəsli (Y.Səmədoğlu, Ə. Əylisli, İ.Hüseynov, Elçin, İsi Məlikzada, M. və R. İbrahimbəyovlar) haqqında, onların nəsr əsərləri barədə çox səmimi elmi-publisistik söhbətini beləcə tamamlayır: "Əlbəttə, Azərbaycan yazıçılarının son nəsli-Vaqif Nəsib, Mövlud Süleymanlı, Ramiz Rövşən, Şahmar, Afaq Məsud, Baba Vəziroğlu, Seyran Səxavət, Natiq Rəsulzadə və onlardan da gənc olan Saday Budaqlı kimi orijinal nasirlər haqqında söhbət bu məqalənin hüdudlarından kənarda qaldı". Deməli, Anar sonrakı ədəbi nəsli də "Yeni Azərbaycan nəsri"nin sırasında görür. Bu, təsadüfi deyil. "Altmışıncılar"ın başqa bir istedadlı nümayəndəsi Elçin isə 1983-cü ildə "Literaturnayı uçyoba" jurnalının oxucularına Seyran Səxavətin "Madonnanın əri Fərəməz kişi" hekayəsi haqqında səmimiyyətlə söz açmış, onun bir nasir kimi özünəməxsusluğunu qeyd etmişdi. Elçinin o zaman Seyran Səxavətin bu hekayəsi barədə söylədiyi fikirlər tezliklə özünü doğrultdu. Seyran Azərbaycan nəsrinə ilk növbədə, koloritli qəhrəmanlar və bu qəhrəmanları səciyyələndirən məxsusi danışıq tərzi gətirdi. Fərdi üslubun realizəsini biz həm bu qəhrəmanların tipajında-məxsusi səciyyəsində, həm də onların nitqində izlədik.
Elçinin təqdir etdiyi "Madonnanın əri Fərəməz kişi" hekayəsi adi insandan dolğun xarakter yaratmağın ən uğurlu nümunəsidir. Bü hekayədə Mirzə Cəlil, Haqverdiyev nəsrindən süzülən işıqlı bir yumor var. Müəllif çevikliklə Fərəməz kişinin-heç kimə ziyanı dəyməyən, heç kimdən təmannası olmayan bu gülməli və məzəlililiyi ilə hamını güldürən bu insanın sadəcə hərəkətlərini izləyir və izlədikcə də onun qəribə hərəkətləri arxasında bir saflıq, bir təmizlik axtarır. Yox, Fərəməz kişi kimsənin anlamadığı faciəli qəhrəman deyil, əksinə, o, komik qəhrəmandır. Budur, bir səciyyəvi detal: "Kənd arvadlarının çoxusu Fərəməz kişini kişi hesab eləmirdilər, ondan utanıb-çəkinmirdilər. Çünki Fərəməz kişi onların "məclislərinin" daimi iştirakçısı idi. Arvadlar ona öyrəşmişdilər, onu özlərinin biri hesab edirdilər. Fərəməz kişi bulaq başında saatlarla arvadlara nağıl danışır, bəzən də nağıldan kənara çıxıb ağzına gələni uydururdu.
Fərəməz kişi müharibədə də poçtalyon olub. Ona elə gəlirdi ki, savad məsələsində kənddə heç kəs onun qabağına dura bilməz. Kənddə göstərilən kinofilmlərin hamısına baxırdı".
Sonda yazıçı onun ölümünü təsvir edir. Bu qəfil ölüm hamını çaşdırır və beləliklə, kəndin adət etdiyi bir adam onları tərk edir, hamı məyus olur. "Fərəməz kişi günbatan vaxtı canın tapşırmışdı. Dəfni sabaha saxladılar. O gecə səhərə kimi arvadlar bardaşqurma oturub Fərəməz kişinin üstündə ağı deyib ağladılar".
Seyran Səxavət elə ilk hekayələrindən "yazıçı müdaxiləsi" deyilən bir mövqedən qaçmışdır. Bizim anladığımız mənada bu, müəllif təhkiyəsinin əsas elementinə çevrilən, obrazların hərəkətini, düşüncə və anlaq tərzini planlaşdırılmış şəkildə müəyyənləşdirən şərhlərdir. O, əksər nəsr əsərlərində demək olar ki, müəllif müdaxiləsinə ehtiyac duymur, yəni obrazların "işinə qarışmır". O, təsvir etdiyi obrazı dəfələrlə müşahidə etdiyi, ona tam bələd oluğu şəkildə götürür.
Seyran Səxavətin nəsri ilk növbədə, həyatın, gerçəkliyin fəci və dramatik mənalarını əks etdirməsi baxımından maraq doğurur. Doğrudur, bu nəsrdə başlanğıcdan bir ilıq yumor, xalqın məzə dünyasına məxsus zarafat, kinayə çalarları boldur, ancaq əsərlərin ümumi ruhu, məzmun-ideya qatı onun yazılarının problemliliyini kölgədə qoya bilməz.
Seyran Səxavətin qəhrəmanlarının heç biri Sovet ədəbiyyatının "müsbət qəhrəman"larından deyil. Əksinə, o, bəlkə də "müsbət qəhrəman"lara parodiya səviyyəsində qələmə alınan obrazlara daha çox meylli olmuşdur. Onun təsvir etdiyi obrazların əksəriyyəti təmiz və işıqlı insanlardır. "Gözünə işıq düşmüş adam" povestindəki Salman obrazını Seyranın obrazları içərisində bəlkə də ən işıqlısı hesab edirəm. Nə qədər qəribə və bəlkə də Seyranın özü üçün də gözlənilməz olacaq bir fikrimi gizlətmək istəmirəm - Salmanla Seyran Səxavət arasında bir oxşarlıq görürəm. Məncə, Salman bir proobraz kimi həyatda hansı işi görürsə, Seyran da ədəbiyyatda elə bil, o işi görür.
Əlbəttə, deyə bilərsiniz ki, yazıçı hər hansı gözəl obrazını yaradarkən, əslində, özündən də ora nəsə əlavə etməlidir. Bu, məlum. Amma mən belə düşünürəm: Salman yaşadığı kəndə şəhərin zahiri görüntülərini gətirir, kəndçilikdən çıxır, fəhləlik edir, pul qazanır və kəndin uşaqları da ona oxşamaq istəyirlər. Və get-gedə kənddə şəhər "lirikası" yaranır. Amma son anda kəndə "xəyanət etmiş" bu adam kolxozun fermadakı mal-qarasını yanğından xilas edir, beləliklə, kəndçi stixiyası qalib gəlir. Seyran Səxavət də Azərbaycan nəsrinə güclü kənd koloritini və sadə danışıq tərzini gətirir, hətta bu mənada "şəhərliləşmiş" bəzi kəndçi qardaşlarının ədəbi dil normalarına necə can-başla riayət etdiklərinə etina qılmayıb Gülalının, Qaçay müəllimin, Fərəməz kişinin yonub-yontulmamış danışıq ədasını və düşüncə tərzini nəsrə gətirir. Hətta şəhər həyatından lövhələr təsvir edəndə də bu sadə üsluba sadiq qalır.
Seyran Səxavətin əsərlərində bir təmiz, işıqlı, necə deyərlər, ürəkaçan lövhələr var, bir də "Nekroloq" romanında, "İt intervüsü" , "Cəhənnəm", "Boynu əyri kişi" hekayələrində olduğu tək qara, tünd lövhələr. Təbii ki, bu qara, tünd lövhələr yazıçının təsvir etdiyi həyat hadisələrinə faciəvi aspektdən yanaşdığını sübut edir. Həyatın neqativ olaylarından yalnız bu şəkildə söz açmaq olar. Bu, yazıçının nə üslubunu, nə də həyata münasibətini ikiləşdirmir. Onun "Qızıl teşt" povestini 70-80-ci illər Azərbaycan gerçəkliyinin tragik notları hesab etmək olar. "İt intervüsü", "Boynu əyri kişi" və "Cəhənnəm" hekayələri isə Azərbaycan gerçəkliyinə böhtan deyil, yaşadığımız günlərin ağrıları-acılarının inikasıdır. Bu hekayələrdə Seyran Səxavət bir azca yazıçı-rentgenoloqa bənzəyir. Jurnalistlə söhbətində Boynu Əyri kişi belə bir fikir irəli sürür ki, "Xalqımızı yetkin, əxlaqlı, mədəni xalqlar cərgəsinə çıxarmaq üçün gecikmədən dövlət səviyyəsində yer üzündə analoqu olmayan bir institut yaratmaq lazımdır. Sonra isə genetik seçim yolu ilə təzə doğulmuş körpələri - oğlan və qızları bu mühitdən uzaqlaşdırıb tam ayırmaq, onlar üçün son dərəcə sağlam bir mühit və hər cür şərait yaratmaq, bir millət kimi hər şeyi təzədən başlamaq lazımdır". Ancaq bu maksimalizmlə yaşayan Boynu Əyri kişi labüd ölüm ərəfəsi çox çətin bir dilemma qarşısında qalır: "Stolun siyirtməsində altı il bundan qabaq ölmüş əmək kitabçası əlinə keçdi, vərəqlədi, gördü ki, on altı yaşından işləyir. Əmək kitabçasının boş vərəqində diyircəkli qələmlə Mürdəşirin, Qəbirqazanın, Mollanın, qırx gün ərzində urvatsız bir adam üçün verilən ehsanın pullarını dəqiq hesabladı və onun aləmində çox fantastik bir rəqəm alındı. Bədəni buza döndü. Fikirləşdi ki, yaşamaqla ölmək arasında o qədər də böyük fərq yoxdur.
...Boynu Əyri kişi qalxıb pəncərəyə yaxınlaşdı, pəncərəsini payızın üzünə açdı. Çiskinləyirdi.
Payızdan utanmasaydı, var gücü ilə qışqırardı:
-Yaşasın Azərbaycan xalqı!!!
Nəhayət, bu yazıda mən Seyran Səxavətin son illərdə qələmə aldıği "Qaçaqaç" romanı haqqında qısaca söz açmaq istəyirəm. Azərbaycan ədəbiyyatında bu səpgili avtobioqrafiq romanlar çox azdır. Seyranın bu romanı həmin boşluğu müəyyən dərəcədə aradan qaldırır.
"Qaçaqaç" Seyran Səxavətin illər boyu gördüyü, müşahidə etdiyi hadisələrdən söz açır. Elə hadisələr, olaylar ki, onları biz də görmüşük, amma Seyran çox ustalıqla onları qələmə alıb. Ədəbi mühit son dərəcə mürəkkəb və hətta mən deyərdim ki, təzadlıdır. Bunun özü sanki ayrı bir dövlətdir. Ayrı bir ərazidir və Seyran Səxavət böyük bir ustalıqla bizi o ərazidə gəzdirir. Bu romanda bizim bilmədiyimiz həqiqətlər var ki, Seyran onların qapılarını üzümüzə açır. Hələ ayrı-ayrı ədəbi şəxsiyyətlər... Ustadlar, Seyranın ünsiyyətdə olduğu qələm dostları, dünyasını vaxtsız tərk eləmiş istedadlar... Bu böyük yazıçımız İlyas Əfəndiyev... bu, "məşhuri-cahan" Vidadi Məmmədov, bu Rauf Soltan, bu Nadir Cabbarlı, bu Vaqif Bəhmənli, bu Çingiz Əlioğlu, bu da Ayaz Vəfalı. Bəzən ciddi, bəzən yumoristik planda təqdim olunan bu şəxsiyyətləri Seyran Səxavət bizim maraq dünyamıza qovuşdurur.
Mən Seyran Səxavətin
nəsri barədə yalnız düşündüklərimi
yazdım. Amma yazmağa
dəyərmiş ha... İstedadlı qələm
dostuma yaşının yetmişi
ərəfəsində ancaq
cansağlığı arzulayıram! Qoy
xəstələnməsin, amma öz gözəl yazıları ilə bizi "xəstələndirsin".
Ədalət.-2015.-10 iyun.-S.7.