Bu ellər bizim ellər
Layihənin istiqaməti: Regionların
sosial-iqtisadi inkişafının təşviq edilməsi
"Biz Azərbaycanın bir qarış
torpağını da güzəştə getməyəcəyik və Azərbaycan torpaqları
hesabına ikinci erməni dövlətinin yaranmasına da imkan verməyəcəyik".
Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyev
Hər dəfə cəbhə bölgəsinə yolum
düşəndə mənə elə gəlir ki, indicə
sərhədi keçib doğulduğum kəndə doğru
irəliləyəcəm. Hər dəfə də
bu yolun tən yarısında əlisilahlı əsgərləri
görəndə elə bil soyuq suya düşüb
çıxıram. Bütün fikirlərim,
xəyallarım pərən-pərən düşür və
mən gerçəkliklə barışmalı oluram.
İndiki zamanda isə günün iki gerçəkliyi var.
Onun birincisi işğal altında olan torpaqlar, yəni cəbhə,
digəri isə tikilib-qurulan, abadlaşan Azərbaycanın
bugünkü mənzərəsini ortaya qoyan arxa cəbhə...
Əvvəllər hətta bəzi həmkarlarımı
da inandıra bilmirdim ki, Dağlıq Qarabağın aran
torpaqlarının müəyyən hissəsi işğaldan
azad edilib və həmin ərazilərdə o torpağın
qanuni sahibləri - xocavəndlilər məskunlaşıb.
Onlar bu ərazilərdə həm təsərrüfatla
məşğuldular, həm də qurub-yaratmaqla. Özü də
bu rayon sakinlərinin ən maraqlı və bəlkə də
ən kədərli məqamları ondan ibarətdir ki, onlar
günün istənilən saatında ermənilərin nəzarəti
altında olan kəndlərində, evlərində tək-tək
də olsa yanan işıqları, ot-ələf basmış
çəpərləri, bağları, yolları rahatca
görürlər. Necə deyərlər,
ovuc içərisində olan Muğanlı, Kuropatkino kəndləri
adama gəl-gəl deyir. Buna beş
addımlıqda dözüb dayanmaq və həm də
qurub-yaratmaq özü Allahın xocavəndlilərə verdiyi
dözümün, inamın nəticəsidi. Və
bir də bu inamın söykəndiyi daxili və xarici siyasət,
eləcə də Azərbaycan ordusudu.
Bütün Azərbaycanın sevincə qərq
olduğu bu günlərdə məmləkətimizi
dolaşan məşəl Xocavəndə də gəldi. O məşəlin
işığında qarşımda açılmış mənzərə
məni doğrudan-doğruya heyrətləndirir. Xocavəndlilərin yenicə məskunlaşdıqları
qəsəbə əsl şəhəri xatırladır.
Enli küçələr, yolları işıqlandıran
lampalar, qəsəbənin ortasından keçib gedən - mənim
çaşıb çay demək istədiyim kanal, eləcə
də bir-birindən yaraşıqlı inzibati binalar... Bu binaların arasında məktəb xüsusilə
göz oxşayır. Ən müasir
tikinti üslubunda inşa edilmiş ikimərtəbəli
böyük binanın geniş dəhlizi, işıqlı
sinif otaqları və təbii ki, həm də hər bir məktəblinin
arzusu olan kompüterlər. Məktəbin
giriş foyesində xocavəndlilərin qüruru olan şəhidlərin,
sevilən qəhrəmanların, ümummilli liderin şəkilləri
ilə bəzədilmiş mənzərə həqiqətən
adamı ayaq saxlamağa, xəyala dalmağa, xatirələrə
baş vurmağa vadar edir. Həmçinin
məktəbin adını daşıdığı
döyüşçünün də guşəsi onun
şücaətindən təqdimatsız xəbər verir.
Bu isə qəsəbənin böyük səhiyyə
ocağıdı. Qarşısında "03"
yazılmış müasir təcili yardım
maşınları dayanmış bu bina
özü-özlüyündə orada
çalışanların işgüzarlığından,
xidmətin səviyyəsindən söz açır. Sadəcə, ora yanaşmaq, söhbət etmək
kifayətdir ki, xocavəndlilərin sağlamlığı
keşiyində duran insanların əməyindən, zəhmətindən
xəbər tutasan. Demək olar ki, burda əksəriyyətini
tanıdığım səhiyyə işçiləri
sıxıntıdan xilas olduqlarını, onlar
üçün rahat iş şəraiti
yaradıldığını ürəklə etiraf edir və
bunun üçün ölkə prezidentinə minnətdarlıqlarını
dilə gətirirlər.
Bax bu isə Rayon İcra Hakimiyyətinin binasıdır. Doğrusu, bu
cür əzəmətli bina bir çox oturuşmuş,
işğaldan çox-çox uzaqda olan
rayonlarımızın mərkəzlərində yoxdur. Mən binanın daxilini gəzib zövq ala-ala rayon
icra hakimiyyətinin başçısının
otağına - ikinci mərtəbəyə qalxıram. Köməkçi bildirir ki, icra
başçısı Eyvaz Hüseynov binanın önündə
aparılan tikinti-abadlıq işlərinə nəzarət
etmək üçün fəhlələrin yanına
düşüb. Mən də ora gedirəm.
Ulu öndərin abidəsinin
qarşısında açılan böyük meydanda əməlli-başlı
torpaq işləri gedir. Eyvaz müəllimlə
söhbət zamanı onu da bildirir ki, tezliklə bu meydan hər
kəsin diqqətini çəkəcək. Buradakı yaşıllaşdırma, abadlıq
işləri hamının ürəyincə olacaq.
Böyük ürəklə və həvəslə
görülən işlər barəsində məlumat verən
Eyvaz Hüseynov onu da vurğulayır ki, artıq rayonumuz bir
növ komleksləşir.
Yəni Beyləqan şəhərinin mərkəzində
ayrı-ayrı binalarda yerləşən Xocavəndin icra
strukturları qəsəbədə tikilən inzibati binalar
köçürülür.
Necə deyərlər, artıq hər kəs öz evində,
öz damının altında oturub öz sakinlərinə
xidmət etmək imkanı qazanır. Bax elə qəsəbənin
girişində Rayon Polis Şöbəsi üçün nəzərdə
tutulan binanın tikintisi yüksək səviyyədə
başa çatdırılıb. Respublika
daxili işlər naziri Ramil Usubovun xüsusi qayğısı
ilə inşa edilən bu bina əməkdaşları öz
qoynuna alıb.
Bəli, mən bu yeni qəsəbədə hər
şeyin necə ürək oxşadığını
yaddaşıma köçürərkən bir-birini tamamlayan
məqamları xüsusilə yaddaşıma yazdım. Onlardan biri təmir-abadlıq
işləri aparılan meydanda qurulmuş dövlət
bayrağıdır. Yəni Bayraq
meydanında işlərin sürətlə getməsində məncə
bu bayrağın xüsusi rolu, xüsusi əhəmiyyəti
var. Çünki o bayraq Beyləqandan və ümumiyyətlə
ətraf yerlərdən baxanda son dərəcə əzəmətli
görünür və son dərəcə də
böyük çağırış edir, özü də
qələbə çağırışı.
Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının
Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət.-2015.-10 iyun.-S.7.