Tanrının yanına gedəcəyəm mən

Fəxrəddin Teyyub poeziyasında Tanrı sevgisi və İslami dəyərlər

 

Fəxrəddin Teyyubun ailəmizə hədiyyə edilmiş "Kölgəm mənim yol yoldaşım" şeirlər kitabını birnəfəsə oxudum...

Oxuduqca illər boyu tanıdığım insanın özünü, ürəyini görürdüm misralarda... Həyatda necədirsə, misralarında da elə idi... Fikirlərinin hamısı səmimi idi... Ömrü boyu yalnız özü üçün yaşamağı özünə "haram" edən insan, şeirlərində də elə özü idi. Ona görə yazır ki, "Başım doğmalara elə qarışdı, Unutdum özümə gün ağlamağa"... Hətta tanımadığı adamların da dərdlərini özünə dərd bilmiş, onların dərdlərinə dərman olmaq üçün çalışmışdır. "Doğma bildim, əziz bildim sizi mən, Siz, ey məni tanımayan adamlar" yazanda bu sətirləri həqiqətən səmimi yazmışdır.

Onun şeirlərində məni ən çox cəlb edən isə Tanrı, İslami dəyərlər mövzusu oldu və məhz bu barədə geniş yazmaq qərarına gəldim.

Azərbaycan poeziyasında Allah, İslam mövzusu daim olub, yüzlərlə şair bu mövzuda yazıb. Amma müasir günlərimizdə bu mövzuya çox ziddiyyətli yanaşmalar var. Fəxrəddin Teyyubun şeirlərində isə mən dinimizə böyük hörməti, Allaha düzgün münasibəti, qanun və qadağalara düzgün yanaşmanı gördüm... Gənc yazarların seçilmək, özlərini müasir göstərmək məqsədilə dinə zidd fikirlərinə qarşı Fəxrəddin Teyyubun şeirləri layiqli cavabdır.

Quranda deyilir ki, "Hamımız Allahdan gəlmişik və Ona da qayıdacağıq". Hz.Əli də deyib ki, "Ağıllı adam odur ki, hardan gəldiyini, harda olduğunu və hara gedəcəyini bilir". Fəxrəddin Teyyub da öz şeirində "Ağıllı adamlar Tanrı quludur" deyir və onun bu fikri Allahın Quranda dediyi ayə ilə üst-üstə düşür. Fəxrəddin Teyyub öz şeirlərində dəfələrlə bu mövzuya, bu fikrə toxunur:

 

Yer adamı göyə baxdı,

"Uca tanrım" deyə baxdı.

Ruhum haqdı, mayam haqdı,

Haqqın özündən gəlmişəm,

 

- deyir.

 

Və bir zaman da Ona qayıdacağını vurğulayaraq,

 

Tanrım verdiyini qaytarmalıyam,

Yetişib zamanı xərac ömrümün,

 

- deyir.

 

Quranın ilk surəsi olan "Fatihə" surəsində Allah deyir: "De... Yalnız Sənə ibadət edirəm və yalnız Səndən diləyirəm". Bu ayə bizə öyrədir ki, bizim bütün ibadətlərimiz sırf Allaha olmalıdır və yalnız Ondan istəməliyik. Fəxrəddin Teyyub da belə deyir:

 

Bəndənin payını neynirəm axı,

Səndən istəmişəm diləyimi mən.

 

Fəxrəddin Teyyubun Tanrı sevgisi çox güclüdür, bütün ümüdlərini, arzularını, həyatda qazanmaq istədiklərini də yalnız Ona bağlayır, Allah sevgisini də həmişə bütün sevgilərdən əvvələ qoyur:

 

Ömür-gün yoldaşım qoy bağışlasın,

Tanrıya sevgimdir yaşadan məni.

 

Və yaxud:

Ünvanı heç zaman bəndə olmayıb,

Tanrı sevgisinə möhtac ömrümün.

 

"Tanrı, mənə yol qoymusan, Mən o yola qurban olum" deyən şair bütün həyatı boyu Allahın qoyduğu bu yolla getməyə çalışıb və onun bu misraları heç də gəlişigözəl söz kimi deyilməyib, bu misralar şairin əsl həyat kredosu olub. "Tanrı sevgisini əsirgəməyə, Şeytanın şərindən qoruna adam", deyərək, daim pisliklərdən, şeytanın hiylə və tələlərindən qorunmağa çalışmışdır. Allahın onun üçün yazdığı acılı-şirinli bütün həyatına görə daim Allaha razılıq etmiş, "Sevgim bitməz taleyimi yazana" demişdir. Bu isə imanın ən yüksək əlamətlərindən biridir, qəzavü-qədərə imandır ki, çox vaxt hər inanıram deyənlərdə olmamışdır.

Allah deyir ki, hökm sahibi mənəm, yer, göy və onun arasında olan hər şey mənimdir, onlar üzərində hökm sahibi mənəm, hökm yalnız mənə məxsusdur, dünyada nə əldə olunursa, mənim iznimlə, əmrimlə olur. Fəxrəddin Teyyub da bütün bunları qəbul edir və öz misraları ilə belə deyir:

 

Bizim bu dünyada nəyimiz var ki,

Hamımız Tanrının sərəncamında.

 

Və yaxud,

 

Hökm Tanrı əlindədir,

Qarışqanı yarat görüm!

 

Və yaxud,

 

Varınla öyünmə, lovğalanma sən,

Alan da Tanrıdır, verən də Tanrı.

 

"Yarpaq düşməz Tanrı verməsə izni" misrasını yazan şair bir daha hər şeyin Allahın əlində olduğunu qeyd etmək istəmişdir və həm də onun bu fikri birbaşa Quran ayəsidir və Quranda da deyilir ki, "Allahın izni olmadan ağacdan bir yarpaq belə düşmür".

 

Nə vaxtdır zülmətin girovuyam mən,

İşıq saç yoluma, Tanrım, nə olar,

 

- deyən şair, sanki hansısa mərhələdə azan, yolundan çıxan insanların duasını çatdırır hamıya. Fəxrəddin Teyyub da bunu bildiyi üçün məhz belə deyir və hər birimizə də çatdırır ki, bu yolun sahibi Allahdır və bu yolu tapmaq üçün Allahın göndərdiyi iman işığına, onun yardımına ehtiyacımız var:

 

Tanrım, nə vaxt Səndən var istəmişəm?

İşıq istəmişəm, gözümə, işıq...

Bu işıq da məhz iman işığı, İslam işığıdır və məhz Allahın bəsirət verdiyi işıqlı gözlə həqiqi imanın şirinliyini dadmaq olar.

Fəxrəddin Teyyubun şeirlərində leytmotiv kimi keçən mövzulardan biri də bu dünyaya bağlı olmamaq, Axirət eşqi ilə yaşamaq, Axirətə hazırlaşmaqdır:

 

Bilirsən yığdığın harda qalacaq?

Qaranlıq məzarda, gorda qalacaq.

Nəyim var, nəyim yox, burda qalacaq,

Doymayan göz ayrı, mədə ayrıdır.

 

Bu misraların hər biri islam dəyərləridir, İslam tələbləridir və islamın bəşəriyyətə verdiyi mesajlardan biri, bəlkə də ən vaciblərindəndir. Çünki insan oğlunun dünyaya, dünya malına aşırı sevgisidir bütün bədbəxtliklərin, günahların mənbəyi... Cənnətə düşməyin ən yaxşı və rahat yolu isə nəfsini boğmaqdan keçir. Fəxrəddin Teyyub da məhz belə düşünür və həyatı boyu nəfsinin ağlını üstələməsinə imkan verməmişdir:

 

Təmiz maya görməz haram,

Eh, var nədir, özüm varam.

Ayağımla tapdalaram,

Çıxsam tamahın üstünə.

 

"Günahsız qul olmaz" prinsipinə əsasən, Fəxrəddin Teyyub da daim günahlarından təmizlənmək, saflaşmaq istəyir, oxucularını da buna çağırır. Fəxrəddin Teyyub şeirlərində bu günahların dərki, onlardan qurtulma, qorunma və bağışlanma istəkləri vardır:

 

Mənim gəncliyimin min günahı var,

İndi damcı-damcı gözümdən çıxır.

 

Və yaxud,

 

Qorxuram ki, yola çıxam, büdrəyəm,

Bir iz olsa, cığır olsa yaxşıdır.

 

Və yaxud,

 

Bu dünyaya imtahana gəlmişik,

Hələ "əla" alanımız olmayıb.

 

Və yaxud,

 

Oxu Tanrı kitabını,

Hər gün artır savabını.

Günah etsən, cavabını

Alacaqsan, gec-tezi var.

 

Allahın böyük günahlar siyahısına yazdığı günahlardan biri də yalandır. Bu mövzu da Fəxrəddin Teyyub şeirlərində çox qınalılıb, yalanın fəsadları, iyrəncliyi qeyd olunub:

 

Müqəddəsdir ocaq yeri,

Kaş girməsin evə yalan.

Şeytan tora salıb bizi,

Bağlayıbdır yolu-izi.

Yeyir bizim içimizi,

Gecə-gündüz güvə yalan.

 

Yalan barədə hələ bu vaxta qədər belə orijinal misraya rast gəlməmişdim. Həqiqətən də yalanın bizim içimizi, mənəviyyatımızı güvə kimi yeməsi çox yerində işlənmiş bir ifadədir və bu yalanların həyatımızda, cəmiyyətimizdə törətdiyi fəsadlar hamımızın gözü qarşısındadır.

Allahın böyük günahlar sırasına daxil etdiyi ən böyük günahlardan biri də təkəbbərlülükdür. Çünki Təkəbbür yalnız Allaha yaraşır. Cılız bir varlıq olan insanın lovğalığını, təkəbbürünü isə Allah sevmir və bağışlamır.

Fəxrəddin Teyyub şeirlərində də belə bir hərəkətlər, bu cür insanlar daim pislənir və şairin bu insanlara yazığı gəlir:

 

Haram yeyən insana,

Özün öyən insana,

"Dağam" deyən insana,

Nəsə, yazığım gəlir.

İslamda böyük günahlardan biri də spirtli içkilərdir. Bu bəlanın insanlara gətirdiyi bədbəxtliklərin sayı-hesabı yoxdur. Məhəmməd Peyğəmbər demişdir ki, "Bütün günahlar bir otaqda yığılıb, qapısı bağlanıb, həmin qapının açarı şərabdır". Fəxrəddin Teyyub da bu sosial bəla olan böyük günahı pisləmiş, bu barədə öz münasibətini bildirmişdir:

 

Yüz qram içdinmi, əsir dil-dodaq,

Həyalı adamın həyası gedir.

 

Gedib güdazına neçə nərimiz,

Qalıb oba ağlar, qalıb el ağlar.

Səni haram bilib Peygəmbərimiz,

Şeytanla, İblislə qohumluğun var.

 

Məncə araq barədə poetik yolla bundan artıq nəsə deməyə artıq ehtiyac da qalmır. İnsanın abırını, həyasını aparan, neçə igidin arxasını yerə vuran, iblislə "qohumluğu" olan bir şeyi içmək ağıllı insana yaraşa da bilməz və şair bu fikiri çox orijinal surətdə insanlara çatdırmaq istəmiş və mən belə hesab edirəm ki, çox gözəl də buna nail olmuşdur. Düşünən insan üçün bu misralardan nəticə çıxarmaq məncə elə də çətin olmamalıdır.

Fəxrəddin Teyyubun şeirlər kitabı mənim zənnimcə çox simvolik olan "Tanrının yanına gedəcəyəm mən" şeiri ilə bitir. Mən bu şeiri oxuyub səhifəni çevirəndə gördüm ki, artıq kitab sona çatıb. Sanki bu son səhifə mənim ömrümün son səhifəsi kimi gəldi mənə və özümüzün Tanrının qarşısında duracağımızı təsəvvür elədim bir anlıq... Sanki şair bununla bütün insanlığa çağırış edir ki, son məskən yerimiz Tanrı qarşısında olacaq, bunu bilin və buna hazır olun. Tanrı qarşısına çıxacağımız an daim yaxındır və bizim xəbərimiz olmadan baş verəcək. Deməli, həmin günə, saata daim hazır olmalıyıq, həyatımızı elə yaşamalıyıq ki, sonrakı peşmançılığa ehtiyac olmasın.

 

Bundan sonra nəyi itirəcəyəm mən?

Bir azdan ömrümü bitirəcəyəm mən.

Mənə nə veribsə, götürəcəyəm,

Tanrının yanına gedəcəyəm mən.

 

Mən belə hesab edirəm ki, Fəxrəddin Teyyubun bu şeirlər kitabı şairin yaradıcılığında xüsusi yer tutacaq bir kitab olacaq. Bundan sonra daha geniş, daha mükəmməl, daha dərin məzmunlu şeirləri ilə oxucuların görüşünə gələcək. Mən belə hesab edirəm ki, hansı mövzuda yazsa da, Fəxrəddin Teyyubun bütün şeirlərində bir Tanrı sevgisi, Onun yaratdığı ən əşrəf canlı olan insana sevgi daim onun yaradığıcılığının leytmotivini, baş mövzusunu təşkil edəcək. Çünki bu insanın mayası Tanrıya sevgi ilə, insana sevgi ilə yoğrulmuşdur... Tanrı xalqımızı qorusun... Amin!

 

Ədalət.-2015.-10 iyun.-S.5.