SALYANIN YENİ NÖVRAĞI

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"Bizim bir məqsədimiz var. O da əl-ələ verib Azərbaycanı daha güclü, daha stabil bir dövlətə çevirməkdi. Bunun üçün öz imkanlarımızdan bütün gücümüzlə istifadə edib vətəndaşlarımızın bütün ehtiyaclarını ən yüksək şəkildə ödəməliyik".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(Əvvəli ötən sayımızda)

 

Təbii ki, ölkənin bütün bölgələri Azərbaycan prezidenti İlham Əliyev cənablarının imzaladığı Regionların İnkişafına dair Dövlət Proqramına uyğun olaraq öz inkişaf paramertlərini hazırlayıblar. Yəni hər bir bölgənin özünəməxsus coğrafiyası nəzərə alınmaqla yeni inkişaf proqramı da tərtib olunub. Məhz uyğunlaşdırılmış bu proqrama əsaslanan bugünkü inkişaf tempi həm ölkənin, həm regionun ümumilikdə bütün sahələrini əhatə edir. Məhz ayrı-ayrı sahələrin qabardılması isə ölkə prezidentinin hər il elan etdiyi əsas diqqət mərkəzinə çıxarılan sahələrlə bağlıdır. Yəni ötən il Azərbaycanda "Sənaye ili" kimi yadda qaldı. Bu il isə cənab prezidentin vurğuladığı kimi Azərbaycanda "Kənd təsərrüfatı ili" kimi xarakterizə olunur. Deməli, ölkənin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, qeyri-neft sektorunun bütün imkanlarının araşdırılıb ortaya çıxarılması onun inkişafına təkan verilməsi ilin əsas vəzifələrindən biridir.

Bu mənada Salyan rayonu kənd təsərrüfatı rayonu olduğundan burada qeyd olunan sahənin daha sürətli çoxşaxəli bir şəkildə inkişaf etdirilməsi qarşıya bir məqsəd kimi qoyulubdu. Elə bu səbəbdəndir ki, rayon icra hakimiyyətinin başçısı onun komandası, eləcə əlaqədar qurumlar qarşıya qoyulmuş vəzifənin vaxtında effektli icrasını təmin etmək üçün əlbir çalışırlar. Əgər bu ilin birinci rübündə görülmüş işlərə diqqət yetirsək, onda məlum olar ki, Salyan rayonunda kənd təsərrüfatının sürətli inkişafı üçün müvafiq tədbirlər həyata keçirilib. Xüsusi olaraq ölkədə sahibkarlığın inkişafına kömək məqsədilə yaradılmış milli fondun ayırdığı kreditlər sahibkarlara müxtəlif məbləğlərdə vəsaitlərin verilməsi adı çəkilən sahənin inkişafında öz müsbət bəhrəsini verməkdədir. Bir az da konkret ifadə etsək, məhz Sahibkarlığa Milli Fondun kreditləri, maliyyə dəstəyi yerli sahibkarların istehsal emal sahələri üzrə işlərini daha mükəmməl, həm səmərəli qurumalarına xeyli təkan verib. Bunun nəticəsində rayonun bir çox kəndlərində, o cümlədən Çuxanlı kəndində "Şəfa" Quşçuluq Açıq Səhmdar Cəmiyyəti yaradılıbdı. Bu ASC- istehsal gücü 450000 ədəd yumurta olan yumurta sexinin tikintisi, həmçinin rayonun Qaraçala qəsəbəsində fəaliyyət göstərən "Hacı Camalxan" kəndli fermer təsərrüfatı tutumu 10 min ton olan taxıl anbarının tikintisini başa çatdırmışdı. Salyan rayonunda sahibkarlarla fermerlər ayrı-ayrı sahələrə böyük maraq göstərirlər. Elə həmin marağa diqqət yetirsək, onda görərik ki, bu gün Salyan rayonunda 2400 başlıq, özü bütün tələblərə cavab verən beynəlxalq standartlara uyğun süd-əmtəə kompleksi, rayonun Qırxçıraq qəsəbəsində "Ələddin fermer" MMC isə öz növbəsində istehsal gücü 600 ton olan quru meyvə müəssisəsi, Kürsəngi kəndində istehsal gücü 100 min dekolitr olan şərab zavodunun tikintisi sürətlə davam etdirilməkdədi. Sevindirici haldır ki, bu müəssisələrin hamısında Salyan sakinlərinin işlə təmin olunması problemi qismən öz həllini tapa bilibdi. Yeri gəlmişkən, oun da qeyd edək ki, rayonun Kür Qaraquşlu kəndində "Nurgun Aqro" MMC özünün 25 başlıq süd sağımı sexinin tikintisini başa çatdırıbdı. Təbii ki, rayonda süd, ət istehsalına olan bu maraq öz növbəsində heyvandarlığın da inkişaf etdirilməsinə, onun yem bazasının yaradılmasına zərurət yaradır deməli, bütün bu işlər bir növü paralel aparılır.

Salyan rayonunda kənd təsərrüfatının bağçılıq, bostançılıq sahələrinin inkişaf etdirilməsi üçün normal şərait yaradılıb. Yəni hər kəs öz istəyinə bazarın tələbinə uyğun olaraq bostan-tərəvəz məhsulları, eləcə meyvə istehsalı ilə məşğul ola bilir. Bu isə öz növbəsində adamların həm işlə təminatına, həm ailə büdcələrinin möhkəmlənməsinə, xüsusilə insanların torpağa bağlanmasına səbəb olan önəmli cəhətlərdən biridir. Bu gün, daha doğrusu 2015-ci ilin birinci rübündə Salyan rayonunda daimi yeri kimi fəaliyyət göstərən 168 yeri yaradılıb. Deməli, 168 nəfərin işlə təmin olunması, həm 168 ailənin şəxsi büdcəsinin təmin olunması deməkdi.

Yeri gəlmişkən onu da xatırladaq ki, 2015-ci ilin birinci rübündə ötən illə müqayisədə rayonda məhsul buraxılışının həcmi 2,5 faiz, kənd təsərrüfatının ümümi həcmi 4,9 faiz artaraq son nəticədə həm yerli bazarda bolluğun yaranmasına, həm ölkə əhalisinin tələbatının ödənilməsinə öz müsbət təsirini göstərə bilmişdi. Faktiki olaraq 2015-ci ilin məhsulu üçün rayonda təqribən 20 min hektar sahədə taxıl əkilmişdi. Bunun da təqribən 6000 hektarı buğda, 14000 hektarı isə arpadı. Bu heç o demək deyil ki, rayonda əkinçiliyin digər sahələri unudulub. Əgər rəqəmlərə istinad etsək, onda görərik ki, Salyan rayonunda həmçinin qarğıdalı, yonca, kartof, tərəvəz bostan məhsullarının da əkini üçün kifayət qədər torpaq sahəsi ayrılıb. Deməli, torpağa güvənən, torpağa istinad edib ailəsini ətrafını dolandıran hər bir zəhmət adamı ötən illərdə olduğu kimi, bu ildə bol məhsul əldə edəcəyinə inanır. Çünki torpaq zəhməti heç vaxt boşa vermir. Ümumiyyətlə isə Salyan rayonunda heyvandarlıq kənd təsərrüfatının digər sahələri həm rayon rəhbərliyinin, xüsusi olaraq ölkə prezidentinin diqqət mərkəzindədi. Hər kəs birmənalı şəkildə çalışır ki, ölkədə ərzaq bolluğu yaradılsın Azərbaycan vətəndaşının süfrəsi yerli məhsullarımızla zənginləşsin.

Elə bu məqamda ölkə prezidenti cənab İlham Əliyevin reginlara səfərləri zamanı söylədiyi bir fikir öz aktuallığı ilə diqqəti çəkir. Cənab prezident vurğulayır ki, "Bizim bir məqsədimiz var. O da əl-ələ verib Azərbaycanı daha güclü, daha stabil bir dövlətə çevirməkdi. Bunun üçün öz imkanlarımızdan bütün gücümüzlə istifadə edib vətəndaşlarımızın bütün ehtiyaclarını ən yüksək şəkildə ödəməliyik".

 

Ceyhun RÜSTƏMOV

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Ədalət.-2015.-12 iyun.-S.7.