DÜNYANIN MİN RƏNGİ VƏ
ƏBƏDİYYƏT
MİLLİ MƏTBUAT - 140
Yarandığı
gündən bəri ölkəmizin ictimai, siyasi, mədəni həyatında müstəsna rol oynayan Azərbaycan mətbuatı dövrün qabaqcıl ideyalarını təbliğ etmiş,
bədii fikrin inkişafına təsir göstərmişdir. Həsən bəy Zərdabi tərəfindən
əsası qoyulan
"Əkinçi"nin
ənənələrini davam
etdirən mətbuatımız
dövrün tarixini obyektiv işıqlandırmış,
milli-mənəvi dəyərlərin
təbliğində, xalqımızın
müstəqillik arzularının
gerçəkləşməsində mühüm rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev "Azərbaycan
milli mətbuatının
140 illik yubileyinin keçirilməsi haqqında"
sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki,
ötən yüzilliyin
sonlarında Azərbaycan
dövləti müstəqilliyini
bərpa etdikdən sonra cəmiyyət həyatının bütün
sahələrində olduğu
kimi milli mətbuatın inkişafında
da əsaslı dönüş yaranmışdır.
1993-cü ildə yenidən
hakimiyyətə qayıtmış
ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti
quruculuğunu dövlət
siyasətinin başlıca
istiqaməti kimi müəyyən edərək
söz və məlumat azadlığını
məhdudlaşdıran süni
maneələri, o cümlədən
senzuranı aradan qaldırmış, KİV-lərin
fəaliyyətini tənzimləyən
mükəmməl qanunvericilik
bazasının formalaşdırılması,
mətbuatın kəmiyyət
və keyfiyyət göstəricilərinin yüksəlməsinə
şərait yaratmışdır.
Tanınmış yazıçı-publisist Müzahim
İsmayılzadənin "Anamsız – amansız dünya" kitabı milli mətbuatımızın
140 illik yubileyinə həsr olunmuşdur. Kitab bütünlükdə
ictimai, siyasi mədəniyyətin inkişaf
etdirilməsinə, mənəvi-əxlaqi
dəyərlərin qorunub
saxlanmasına və təbliğinə həsr
olunmuşdur. Kitabı
şərti olaraq iki hissəyə ayırmaq olar: birinci hissədə ömrünün 60 ilini ucqar dağ kəndində insanların
sağlamlığının qorunmasına həsr edən Ananın obrazının sənədlərlə
bədiiləşməsi öz
əksini tapmışdır,
ikinci hissədə isə müəllif əbədiyyətə qovuşmuş
anasından sonra yazdığı əsərləri
oxuculara təqdim edir.
"Anamsız – amansız
dünya" xatirə-oçerkin
qəhrəmanı müəllifin
anası – ömrünü
insanların şəfa
tapmasına həsr etmiş Aminə Abulovadır. Uşaqlıq illəri Stalin respublikasına,
Böyük Vətən
müharibəsi illərinə
təsadüf etmiş
Ana bütün çətinliklərə
baxmayaraq tibb təhsili alaraq ucqar dağ kəndində fasiləsiz
olaraq, demək olar ki, ömrünün
sonuna qədər bu şərəfli peşəni ləyaqətlə
xalqın xidmətinə
həsr etmişdir.
O, 50–60-cı illərin ağır
dövrlərini, ağır
zəhməti, aclıq
illərini, yoxsulluğu
təkbaşına deyil,
bütöv bir el-oba ilə bərabər,
çiyin-çiyinə daşımış,
bəzən onların
son ümid yeri olmuşdur. Dərman qıtlığı, tibbi
avadanlıqların primitivliyi,
bəzən isə yoxluğu o demək deyildi ki, səfa
diləməyə gələnləri
naümid qoyasan!
Bəzən onun adi bir
sözü hansısa
xəstəyə ümid
işığı verib.
Bəzən isə onun adicə
varlığı, quruca
adı ucqar dağ kəndində yaşayan böyüklü-kiçikli
hamıya ürək-dirək
verib.
İnsanların adi məişət qayğılarından tutmuş
yaşamaq eşqinə
qədər ağrılı-sevincli
günləri çiynində
daşıyan Ana həm
də ailə sahibi, övlad anası, cəmiyyətin öncül üzvlərindən
biridir. Vaxtilə "qız uşağı
oxumaz" fikri, tənəsi ilə onun atasını qınayanlar və danlayanlar indi onun varlığına necə sevinirlər?
Ana hər yaşında anadır!
O, gah övladını bağrına basaraq şaxtadan, borandan qoruyub ürəyinin, canının istisilə onu qızdırır, gah kürəyinə qaldırıb şalla bağlayır, iki əllərini iş görmək üçün
azad edir, gah da övladını
qorumaq üçün
sinəsini sipər edir!
Müəllifin qeyd etdiyi kimi
ən böyük qəhrəman, ən zərif məxluq Anadır. O, yeganə və təmənnasız
bir varlıqdır ki, təbiətin ən əlverişsiz şəraitlərindən övladlarını
qoruyur, bu yolda hətta canından belə keçmək ona şərəflidir.
M.İsmayılzadənin "Anamsız – amansız dünya" xatirə-essesi
Ananın keçdiyi həyat yolu ilə cəmiyyətdə
baş verən proseslərə aydınlıq
gətirir; oxucu repressiya illərini, Böyük Vətən müharibəsində yaralanıb
əsir düşən
və sonradan Vətən həsrətilə
geri qayıdanların
aqibətini, partiyanın
hegemonluğunu və onun törətdiyi haqsızlıqları bir anlıq da olsa
təsəvvüründə canlandırır.
Ana bütün bunların canlı şahididir, görür və özünü, övladlarını
əməyə, zəhmətə,
təmizliyə, saflığa
səsləyir! O, həm
də dözümlü
və səbirlidir – haqqın tapdanıb ayaq altına atılmasına ürəyi
göynəsə də,
son nəticəni gözləyir.
Haqq nazilər, üzülməz!
Haqq gec-tez öz yerini tutmalıdı!
"Anamdan sonra yazdıqlarım" bölməsində
müəllifin kiçik
həcmli hekayələri
və şeirləri toplanmışdır.
"Mən hansı bir romanı, povesti, hekayəni, hətta şeiri yazanda elə bilirəm ki, publisistik yazı yazmışam!".
Doğrudan da, bu hekayələri
oxuyanda, publisistik yazı ilə üzləşdiyini hiss edirsən. "Çürümüş
meyvə satan
qoca", "Qaçqın
bazarı", "Qırmızı,
yaşıl, sarı...
bir də boz", "Fəlsəfə
imtahanı" hekayələri
qısa, məntiqli,
ilk baxışdan diqqəti
çəkən əsərlərdir.
İxtiyar qoca, yaşı səksəni ötmüş
müharibə veteranı
bazarda çürümüş
meyvələri piştaxtaya
düzür. Onun öz alıcıları
var. O alıcılar onun
kimi veteranlar, döyüş dostlarıdı.
Qocanın bazardakı yeri
sanki onların görüş yeridi.
Gec gələndə narahat olur, darıxırlar.
Uşaq sadəlövhlüyü ilə
onun bu hərəkətini
izləyən gənc
onun alverdən nə qədər qazanc götürdüyünü
soruşur.
– Həyat qədər! – cavabı gənci
düşündürməyə və onun nə
üçün günlərini
bazarda keçirdiyinə
cavab tapmağa kömək edir.
"Qaçqın bazarı"
sanki reportaj janrında yazılmışdır,
vaxtilə tələbə
yataqxanası olmuş
bina indi qırx yerdən yamanaraq yurdunu-yuvasını
itirmiş qaçqınların
yaşayış yerinə
çevrilmişdir və
yataqxananın böyründün
içəriyə doğru
çəkmə kimi
uzanan palçıqlı,
antisanitar ərazidə
hər şeyi ucuz satılan bazar fəaliyyət göstərir. Alıcıların tıxacı maşınların
tıxacından betərdir.
Bir-birinin ayağını tapdayan, itələyən
alıcılara məsləhət
görürlər ki,
əgər elə rahatlıq istəyirlərsə,
çox da uzaqda olmayan parıltılı "Şüşəli",
"Kolxoz" bazarlarına
getsinlər. Ora isə üz tutan yoxdur: qiymətlər
də bazarın içi kimi parıldayıb gözləri
qamaşdırır.
"Fəlsəfə imtahanı" sənədli
hekayəsi isə müəllifin tələbəlik
illərindən retro-xatirədir. Maraqlı süjetə
malik əsər müəllifdən sevimli
müəllimi, gözəl
insan və alim-filosof Əziz Bayramovun unudulmaz xatirəsinə həsr olunub. "Üzü
Allah tərəfinə" adlanan şeirlər toplusu Müzahim İsmayılzadənin müxtəlif
mövzulara həsr etdiyi lirik silsilədir
və bu silsilədə müəllifin
ictimai, siyasi baxışları ilə
yanaşı sevgi duyğuları əks olunmuşdur.
"Anamsız – amansız
dünya" kitabında
yazıçının ədəbi
dilinin sadəliyi və gözəlliyi diqqəti çəkən
cəhətdir, bu sadəlik və şirinlik oxucunu kitabı birnəfəsə
oxumağa sövq edir.
Digər cəhət müəllifin
təhkiyəsinin həyat
həqiqətləri və
tarixə dönmüş
anları milli-əxlaqi
zəmində oxuculara
çatdırmaqdır. İnanıram
ki, "Qızıl qələm" və Araz media mükafatlarının
laureatı, Prezident təqaüdçüsü, ömrünün
30 illik bir dövrünü fasiləsiz
olaraq aparıcı
KİV-də məsul
vəzifələrdə çalışmağa
həsr etmiş Müzahim İsmayılzadənin
"Anamsız – amansız
dünya" adlandırdığı
və milli mətbuatımızın 140 illiyinə
həsr etdiyi kitabı oxucuların zövqünü oxşayacaq,
maraq dairələrində
olacaq.
Ədalət.-2015.-18
iyun.-S.4.