“Sürəti azaltmağa, kökdən
düşməyə mənəvi haqqımız yoxdur!”
Rafael Hüseynov:
“Azərbaycanın elə bir ümdə ictimai-siyasi problemi
yoxdur ki, bu illər ərzində Avropa Şurasında
qaldırılmamış olsun”
Mandat. O
hər kəsə qismət olmur. Gərək
seçiləsən, xalqın tərəfindən
seçilmiş olasan. Azərbaycanda hər 5 ildən
bir, 125 nəfərə belə səadət nəsib olur:
xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə
növbəti seçki keçiriləcək. İndiki
deputatlardan yenə seçilmək istəyənlər olacaq.
Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi?
Özlərindən soruşmaq daha məqsədəuyğundur.
Necə deputat olduqlarını, hansı təkliflərlə,
çıxışlarla, mövqeləri ilə seçildiklərini
daha yaxşı özləri bilər. Əlbəttə
qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini
gərək mütləq və mütləq özün biləsən.
Beləliklə Mandat rublikasının bugünkü
qonağı 58 saylı Hacıqabul-Kürdəmir seçki
dairəsinin millət vəkili Rafael Hüseynovdur.
-- Rafael
müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə
dəyərləndirirsiniz?
--
Artıq bitməkdə olan 5 illik müddətdə Azərbaycan
Milli Məclisinə IV çağırış
dövründəki deputatlıq fəaliyyətimi mən
2001-ci ildən başlanan yolun ayrılmaz bir parçası
hesab edirəm və irəlicədən içərimdə
müəyyənləşdirdiyim başlıca vəzifə
də bundan ibarət idi ki, hansı ritmdə hərəkət
etmişəmsə o tempi də saxlayım. Zənnimcə,
bu vəzifəni də yerinə yetirməyə müvvəffəq
oldum.
-O
"ritm” dediyim, fəaliyyətimizin sabit qalmalı nəbzi nədən
ibarət idi?
-İş elə gətirib ki, mən Milli Məclisə
üzv seçildiyim ilk başlanğıcdan həm də
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan
Daimi nümayəndə heyətinin üzvü olmuşam. 15 il ərzində
həmin tərkibdə dəfələrlə dəyişilkilər
baş verib və ilk heyətdən bugünədək qalan
ikimizik Səməd Seyidovla mən.
Orada stajlı üzv olmağınsa yalnlz təcrübə
baxımından deyil, həm də illərcə müxtəlif
avropalı həmkarlarımızla qurulmuş dostluq əlaqələri,
təşkilatın çox incəliklərinə yaxından
bələdlik baxımından faydaları misilsizdir.
AŞPA Azərbaycan üçün xüsusi əhəmiyyət
kəsb edən ən nüfuzlu beynəlxalq təşkilatlardandır
və həmin qurumda Azərbaycan nümayəndə heyətinin
ilk rəhbəri bu gün Azərbaycan dövlətinə uğurla
rəhbərlik edən Prezident İlham Əliyev olmuşdu.
15 il ərzində bu təşkilatda bizim
çox nailiyyətlərimiz olub və beynəlxalq təşkilatlar
sırasında AŞPA yeganəsidir ki, əvvəldən
işlərin düzgün qurulması və sistemli şəkildə
davam etdirilməsi səbəbindən ermənilər burada
daim məğlub durumda qalmışlar.
Beynəlxalq təşkilatlar sırasında
münaqişə başlanandan bəri Ermənistanı
birbaşa olaraq rəsmən işğalçı
adlandıran ilk qətnaməni də 2005-ci ilin yanvarında məhz
Avropa Şurası qəbul edib.
Mən bir neçə ay əvvəl bu qurumdakı 15
illik fəaliyyətimi kitablaşdırmaq qərarına gəldim. Çünki bu bizim
müasir tariximizin ən diqqətəlayiq səhifələri
barədə hadisələrin içərisində olan şəxsin
müşahidələri kimi bütün gələcəkdə
siyasətşünaslar, tarixçiçilər üçün
də mühüm qaynaq ola bilər. Bunlar müstəqilliyimizin elə maraqlı və
nadir səhifələridir və həmin yolda
çoxlarına bəlli olmayan, mətbuata çıxmayan o
qədər ilginc pərdəarxası məqamlarla
rastlaşmışıq ki, bunları gərək gələcək
nəsillər bilə.
Materiallar bir cildə sığmadı. Bu 15 il ərzində mən
100-ə yaxın müxtəlif qətnamə, 14 mühüm
mövzulu məruzə hazırlamışam və plenar
iclaslarda, üzvü olduğum müxtəlif komitələrdə,
siyasi qruplarda, Assambleya tərəfindən təşkil edilən
kollokviumlarda və forumlarda 200-dək çıxış
etmişəm.
Vurğulamaq istərdi ki, Avropa Şurasının məruzəçisi
olmaq bu qurumda ən yüksə statuslardan hesab edilrir. Bir çox
üzv ölkələrin heç indiyə qədər bircə
məruzəçisi də olmayıb. Mənə
həvalə olunmuş məruzələrin əksəri isə
son dərəcə aktual ümumavropa problemlərinə həsr
edilib.
Beləliklə baxdım ki, indiyədək
görülmüş işlərin sadəcə mətnləri
700-800 səhifə edir. Amma bu müddət boyunca yüzlərlə
müxtəlif görüşlər, səfərlər, hadisələr,
gərgin anlar da yaşanıb ki, onların da hamısı ilə
bağlı yaddaşlarım, düşüncələrim,
müşahidələrim var. Elə bu da təxminən həmin
bayaqkı həcmdə digər cild deməkdir. Güman edirəm ki, 2016-cı ildə həmin iki
cildi sahmana salaraq nəşr etməyə müvəffəq
olacağam. Ancaq bunu da nəzərə
almaq lazımdır ki, həmin çıxışların və
hazırlanmış sənədlərin, məruzələrin
hamısı ingilis dilində olub. Deməli,
faktik olaraq Azərbaycan oxucusuna təqdim etmək istədiyim
iki cildin ingiliscəsi də paralel olaraq yaranır və o cildlərin
beynəlxalq auditoriyaya çatması çox
mühümdür. Bu minvalla, iki cild ingiliscə,
2 cild azərbaycanca.
Azərbaycanın elə bir ümdə ictimai-siyasi
problemi yoxdur ki, bu illər ərzində Avropa Şurasında
qaldırılmamış olsun. Mən bu sahədə 15 il əvvəl nə qədər səfərbər,
məsuliyyətli, ardıcıl idimsə, həmin iş və
mübarizə ovqatını bu gün də saxlayıram. Çünki bu çətin mübarizəli, məsul
yol bir tərəfdən ölkəmizin və
xalqımızın ümdə maraqları ilə əlaqədardırsa,
digər tərəfdən həmin yolda ilk rəhbərimiz
olmuş, indi də AŞPA-dakı fəaliyyətlərimizi
daim diqqətdə sxlayan cənab İlham Əliyevin adı ilə
bağlıdır.
Sürəti
azaltmağa, kökdən düşməyə,
sayıqlığı itirməyə mənəvi
haqqımız yoxdur!
Avropa Şurası 1949-cu ildən möcduddur. Bu illər ərzində
hansı ölkələrdən hansı deputatlar oranın
üzvü olub və nə işlər görüb,
hamısı qurumun rəsmi saytında əksini tapıb.
Açıb baxsanız şahid
olacaqsınız ki, şəxsən mənim
gördüyüm həcmdə işləri yerinə yetirməyə
müvəffəq olmuş AŞPA üzvlərinin sayı bu
66 illik dövrdə tək-təkdir.
Bu da nəzər alınsın ki, biz orada yalnız
ölkəmizin maraqları ilə bağlı məsələlər
qaldırmırıq, ümumavropa problemləri ilə də məşğul
olururuq ki, bu da Azərbaycanın Avropa Şurasına verdiyi
töhfələr kimi qiymətləndirilir.
Bütün
bunları nəzərə alaraq məmnunluqla qeyd edə bilərəm
ki, son 5 ildə də AŞPA-da Azərbaycanı ləyaqətlə
təmsil etmək üçün can yandırdığımı
təsdiq edə biləcək yetərincə işlər
görmüşəm.
Başa
çatan 5 il və ondan əvvəlki digər
5 illik dönəmdə də mən Hacıqbul-Kürdəmir
dairəsi üzrə deputat seçilmişdim. Əsasən
Hacıqabul rayonu və Kürdəmirin də bir neçə
kəndi bu dairəyə daxildir. 10 il
əvvəlki Hacıqabulla bugünkü Hacıqabulu
müqayisə etsək, yer-göy fərq var. İnkişaf
göz qabağındadır. Təbii, bu ilk
növbədə dövlətimizin diqqəti,
qayğıları və səyləri ilə
bağlıdır.
Bəzən nabələd adamlar deputatın vəzifə
və slahiyyətləri ilə icra strukturunun vəzifələrini
qarışdırır, hakimiyyətin qanunverici
qanadının təmsilçisi olan deputatdan əslində
ona aid olmayan işləri görməsini də tələb
edirlər.
Lakin bu yanlış yanaşmada belə ən azı o həqiqət
var ki, deputat gərək bütün sahələrlə
maraqlansın, seçicinin səsinin çatmadığı
məqamlara onalrın səsini çatdırmağa,
müşküllərini həll etməyə əlindən gələni
əsirgəməsin.
Mən də öz növbəmdə Hacıqabul
üçün həyata keçirilməsi vacib olan işlərin
planlaşdırılması və icra edilməsi, tikintilərin
reallaşdırılması və digər məsələlərdən
ötrü mütəmadi olaraq cürbəcür instaniyalara
müraciətlər etmişəm, imkanım
çatdığı dərəcədə
çalışmışam.
Ayrı-ayrı vətəndaşların yüzlərlə
xahiş və istəyinin yerinə yetirilməsi, problemlərinin
həlli, şikayətlərinə baxılması yolunda da səylərimi
əsirgəməmişəm.
Ola bilər nəsə alınıb, nəsə
alınmayıb, amma mən bir seçicinin də bircə məkubuna
belə etinasız qalmamışam, hamısını
istisnasız olaraq cavablandırmışam.
Qanun yaradıcılığı istiqamətində də
fəaliyyətlərimi davam etdirmişəm. "Muğam
sənətinin qorunması və inkişaf etdirilməsi
haqqında” hazırladığım qanun layihəsi dəfələrlə
üzvü olduğum Mədəniyyət komitəsində
müzakirə edilib, Azərbaycanın görkəmli sənət
adamları və sənətşünaslarının
iştirakı ilə bir neçə dəfə mötəbər
ekpert süzgəcindən keçirilib, plenar iclasda
baxılması tövsiyyə edilib. Haçan
gündəliyə salınacağı isə artıq Milli Məclis
rəhbərliyi tərəfindən həll edilməli məsələdir.
Ancaq mən əlavə olaraq həmin silsilənin davamı
kimi "Azərbaycan aşıq sənəti haqqında”,
"Azərbaycan miniatür sənəti haqqında” qanun layihələrini
hazırlamışam, həmçinin "Azərbaycanın
daşyazma, əlyazma və səsyazma irsinin qorunması və
inkişafı” haqqında lazımlı bir qanun layihəsi
üzərində də işimi əsasən
yekunlaşdırmaqdayam.
Bunu da diqqətə çatdırmaq istərdim ki, mənə
yalnız seçilmiş olduğum Hacıqabul və Kürdəmir
rayonunun sakinləri müraciət etmirlər. Bakıdan,
Abşerondan və Azərbaycanın dörd bucağından
yanıma da gəlirlər, məktub da yazırlar, zəng də
vururlar. Bu hələ deputat
olmadığım vaxtlarda da belə idi, yəqin həmişə
də belə qalacaq. Səni kimsə
ümid yeri bilirsə, ağız açırsa, kömək
diləyirsə gərək bacardığını edəsən,
həm də bunu sonra hay-küylü hesabat vermək, mətbuata
çıxarmaq üçün deyil, sakitcə, reklamsız,
təbliğatsız, qəlbinin, vicdanının hökmü
kimi yerinə yetirəsən.
Sənin
çiyinlərin hansısa yükləri
daşımalıdırsa, "sağ ol”, təşəkkür
gözləmədən işinin başında olmalısan. Kimsə bunları görməyə bilər, kimsə
görmək istəməz, kimsə görüb dilə gətirməz.
Buna görə ruhdan, həvəsdən
düşməyə, inciməyə dəyməz.
Geci-tezi var. Sən xeyirxahlığını, nəcibliyini et, görməli olduğun işləri
gör, vaxtı yetişəndə yerdə insanlar və
dövlət, göydə Allah mütləq hər şeyi
görür, bilir, dəyərləndirir.
Ən azı sən özün bilirsən, daxilən
rahatlanırsan ki, düz və haqq yoldasan.
İndi
arxada qalan və hələ tam bitməmiş 5 illik
deputatlıq yoluma, həmin yol içərisindəki
özümə qiymət verəsi olsam, bunu deyə bilərəm
ki, getməli olduğum düz yola, o yolun insanımıza və
Azərbaycanımıza təmənnasız xidmət şərtlərinə
hər an sonacan sadiq qalmışam.
-- Bu
müddət ərzində hansı problemin həlli sizi daha
çox sevindirib?
--
Bilavasitə mənim ən yüksək instansiyalara
ardıcıl müraciətlərimin nəticəsi olaraq
Hacıqabulda Mərkəzi kitabxananın,
Diyarşünaslıq muzeyinin inzibati binalarının tikilməsi
qətiləşdirilib və bununla əlaqədar həm Nazirər
Kabinetindən, həm Mədəniyyət və Turizm
Nazirliyindən, həm İqtisadi inkişaf nazirliyindən, həm
Maliyyə Nazirliyindən rəsmi cavablar almışam. İnanıram ki, Hacıqabulda çoxdan
olamasını arzuladığımız musiqi məktəbi
də apardığımız işin və
yzışmalarımızın nəticəsi olaraq uzaq olmayan
gələcəkdə həmin tərzdə həllini tapacaq.
Bunlar elə ocaqlardır ki, qarşıdakı onillər
boyu oradan minlərlə gənc keçəcək,
işığını artıracaq, bu ünvanların hər
biri durmadan bölgədə və ölkədə yüksəlişlərə
yardımçı olacaq.
Yol, su, qazlaşma məslələri ilə əlaqədar
da bir sıra kəndlərimizin, yaşayış məntəqələrimiizn
çoxdan açıq qalan
çatışmazlıqlarının həllinə
mümkün təsirimi göstərmişəm.
Bir ağac əkirsən, onun il-il böyüməsinə,
qol-budaq atmasına fərəhlənirsən.
Sadaladığım mədəniyyət, maarif
ocaqları zaman ötdükcə nəhəng çinarlar
kimi ucalacaq və o ünvanlardan gələn hər xoş
sorağa mən də könüldən sevinəcəyəm.
Hər dəfə
yolum o tərəflərdən keçəndə
xatırlayacağam ki, bax bu məkan bir vaxtlar ilan mələyən
bom-boş düzənlik idi, indi isə içi də,
çölü də cənnət kimi göz, ruh oxşayan
məkandır...
-
MANDAT-ını qazandığınız seçicilərin həll
olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?
- Problemlər
heç vaxt tükənən deyil. Çünki
yaxşının və arzunun hüdudu yoxdur. Bu gün
nəyəsə nail olursan, sabah ondan daha
yaxşısını istəyirsən. Bu da
çox təbiidir, elə belə də olmalıdır.
Ömür qısadır, Azərbaycan insanı
xoşbəxt olmaq, rifah içərisində yaşamaq
haqqı olan gözəl xalqdır və nəyinsə daha da
yaxşısını istəyirsə, bu
narazılığın əlaməti deyil, daha gözələ
sahib olmağa doğru canatmadır. Daha
yaxşıya yetişməyə çalışaq, amma eyni
zamanda həm də qədirbilən olaq, nankorluq etməyək,
görülən miqyasasığmaz dərəcədə
böyük işlərin də qiymətini verək, minnətdar
hisslərlə yaşamağı da bacaraq.
Fikrimcə,
əsas uğur ondan ibarətdir ki, biz istər Azərbaycan
üzrə, istərsə də Hacıqabulda əhalinin
ümumi problemlərinin əksərinin həllinə tədricən
nail omuşuq və oluruq. Fərdi məsələlərin
həlli isə daha asan həll olunandır. Yəni bir var bir dağ kəndinin yol, qaz,
işıq, yaxud su problemi köklü şəkildə həll
edilsin, bir də var, tutalım həmin kənddə yaşayan
imkansız bir şəxsin hansısa qəzadan yararsız hala
düşmüş evinin bərpasına vasitəçi
olasan. Əlbəttə ki, ikincinin həlli
daha sadədir. Amma gərək həm o, həm bu məsələyə
eyni məsuliyyətlə, eyni şövqlə yanaşasan ki,
nəticə qənaətbəxş, sevindirən ola bilsin.
--
Qarşıdan gələn parlament seçkilərində
iştirak etmək niyyətiniz varmı?
- Milli Məclis
mənim nəzərimdə dövlət və millət
üçün son dərəcə gərəkli olan elə
ali bir qurumdur və millət vəkilliyi də
o qədər yüksək bir addır ki, yalnız şəxsi
ambisiya və istəklərini əsas götürərək
deputatlıq sevdasına düşmək yaramaz.
Vəziyyəti avqust-sentyabr aylarında, seçki ərəfəsində
bir də diqqətlə təhlil edəcəyəm. Əgər
tam əmin olsam ki, mən yenə bir deputat kimi
qarşıdakı 5 ildə də dövlətə və
millətə lazımam, onda namizədliyimi irəli sürəcəyəm.
-- Rafael
müəllim, Azərbaycan Milli Məclisində aktiv olan millət
vəkilləri azlıq təşkil edir. Hətta
onlar barmaqla sayılacaq qədərdir. Bunun
səbəbi nə ilə əlaqədardır?
- Qəribədir
ki, bəzən millət vəkilinin fəallığının
meyarı kimi yalnız onun iclaslarda nə qədər
çıxış etməsini götürürlər. Ola
bilər ki, hansısa deputat plenar iclaslarda ayda-ildə bir dəfə
danışır, lakin dövlət üçün, xalq
üçün Milli Məslis xətti ilə çox iş
görür. Sadəcə, gördüyü
işi həm də hamıya göstərməyi münasib
saymır. Elə deputat da ola bilər
ki, heç susmaz, ifrat canfəşanlıq göstərərək
hər məsələdən danışar, fəaliyyətlərinin
nəticəsi də uçub gedən quru söz olar.
Bu baxımdan Milli Məclisin indiki tərkibində də
mən zahirən bəlkə qabarıqlığı ilə
seçilməsə də, mahiyyətdə yetərincə fəal
olan çoxlu deputatın varlığına şahidəm.
Ancaq bunu
da kiməsə nəsihət vermək, ağıl öyrətmək
niyyəti ilə deyil, elə vacib istəyim olaraq söyləyirəm
ki, millətin vəkili kimi şərəflidən şərəfli
adı daşımaq xoşbəxtliyinə nail olmuş istənilən
şəxs gərək bunun həqiqətən tarixi bir qismət,
əsl səadət olduğunu daim yadında saxlasın. Bu adın və mandatın qədrini bilsin. Bu
ada özünü qorumaq üçün əlavə vasitə,
siyasi fürsət, mandata isə biznesini toxunulmaz edəcək
zireh kimi baxmasın, əksinə, həyatının hər
anında bu adın ucalığını hifz etməkdən
ötrü bir Vətən və millət əsgəri kimi
ürək qoysun!
Milli Məclisin IV çağırış dönəmindəki
5 illik yolu sona yaxınlaşır. Az iş
görülməyib. Lakin hər halda ən dəqiq
tərəzi elin gözüdür. Son qiyməti
xalq verir. Arzu edək ki, növbəti tərkib bundan da
sanballı olsun!
- Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində
nə deyə bilərsiniz?
- Dilə
gətirdiyim sözün bütün tarixi məsuliyyətini
hiss edərək tam səmimiyyətimlə bəyan edirəm
ki, Azərbaycan xoşbəxtdir ki, bu gün onun İlham
Əliyev kimi qüdrətli, qətiyyətli, yüksək
intellektli və ali zövqlü
üstündən üstün lideri var.
Bu fikirlərim nəşr olunacaq, tarixdə qalacaq və siyasi havaların istənilən şəraitində 10, 20, 30 il sonra da bu sözlərimə cavabdeh qalacağam.
Bunca qəliz bir geosiyasi məkanda qərara tutmaq, dövlətlərarası münasibətlərin bunca pırtlaşıq kələfində həmişə ən dürüst qərarları qəbul etmək mürəkkəbdən mürəkkəb bir işdir.
Prezident İlham Əliyevlə Azərbaycanın boyu bu gün əslində olduğundan da xeyli möhtəşəm görünür.
Hərdən hansısa siyasətçi, məmur, lap deputat çıxış edərək dünyaya üz tutur və "heç kəs bizimlə güc dili ilə, yuxarıdan aşağı baxaraq danışa bilməz”, "heç bir dövlət bizə təzyiq göstərə bilməz” deyir.
Necə yəni danışa bilməz, necə yəni təsir göstərə bilməz!
Edər,
o yana da keçər!
Bir özümüzə baxaq, bir bizdən qat-qat iri,
güclü dövlətlərə.
O
sözü demək haqqı yalnız Prezident İlham
Əliyevindir. Əsərin qəhrəmanı odur! Onun iradəsi, qətiyyəti, dünyadakı
nüfuzudur ki, bizimlə zor, diktə, hökm dili ilə
danışmağa cürət etmirlər.
Çünki kimliyindən, nəhənglitindən, bizimlə
tərəfdaşlığının səviyyəsindən
asılı olmayaraq Prezidentimiz bu iddiaya düşənlərin
anındaca bütün kəskinliyi ilə cavabını
verir, lap qardaşımız ola, milli mənafelərimizə
ziyan verə biləcək hansısa addımı atmaq
xülyası qafalarından keçənlərə qəfilcə
elə sərt mövqe, boz sifət göstərir ki, dərhal
özlərini yığışdırmağa məcbur
qalırlar.
Azərbaycan Milli Məclisinin regiondakı nüfuzu və
apatıcı rolu da ilk növbədə Prezident İlham
Əliyevin regionda və dünyadakı yüksək
nüfuzuna bağlıdır.
O
böyükdür, ona görə biz də güclü
görünürük və Prezidentimizə layiq olmaq, təsəvvür
edildiyimiz gücdə olmağımızı sübut eməkçün
də ikiqat, üçqat artıq səylər qoyuruq.
-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?
- Şəxsən nənim istər Haciqabul, istərsə də Kürdəmir rayonlarının icra hakimiyyətinin hazırkı başçıları ilə çox səmimi, işgüzar, qarşılıqlı hörmət və ehtirama əsaslanan nümunəvi münasibətlərim var. Onlar rəhbəri olduqları rayonların inkişafı üçün ürəkdən çalışan intizamlı, dövlətə, onun rəhbərinə sadiq etibarlı insanlardır. Mənim üçün əsas şərt də budur. Kim ki Prezidentin layiqli əsgəridir, dövlətimizə və millətimizə cani-dildən qulluq edir, mən daim onlarla bir yerdəyəm, çiyin-çiyinə, əl-ələyəm. Və şəxsi münasibətləri də bu müstəvidə həmişə kənara qoymağı bacarmaq lazımdır. Mən o yüksək məqam tutan məmurları anlamıram və qətiyyətlə qəbul etmirəm ki, müəyyən hallarda cılız hisslərə əsir olaraq höcətləşmələrini, qarşılıqlı narazılıq və iddialarını ictimailəşdirir, əlləri çatan vasitələrdən yararalanaraq açıq ya anonim şəkildə mətbuata çıxarırlar. Lap yumşaq desəm, bu, dövlətin içərisində olub mahiyyət etibarı ilə, dövlətin normal fəaliyyətinə mane olmaqdır. İstər depuatat olsun, istər icra başçısı, istər nazirlər, istərsə də digər yüksək çinlilər. Belə hallar ortaya çıxanda bu qəbil çaşmışlara qarşı ən sərt tədbirlər görülməlidir. Ailənin bir başçısı var və kimin harada olmasını da o, onun tövsiyyələri, siyasəti, apardığı xətt müəyyənləşdirir. İndiki mürəkkəbdən-mürəkkəb zəmanədə, içəridə və dişarıda löyün-löyün rəqiblərimizin, bədxahlarımızın, bəzənsə lap düşmənlərimizin mövcud olduğu riskli əyyamlarda biz hər saniyə sərvaxt olmalı, belə cızıqdançıxmalara yol verməməliyik.
Ədil
Ədilzadə
Ədalət.-2015.-19 iyun.-S.3.