"Bu, bir barış mesajıdır"
Yadigar Məmmədli: "Qədim Atəşgahdan alovlanan məşəl bütün Avropanı dolaşacaq"
I Avropa Oyunları
davam edir. Bakıda keçirilən
bu mötəbər yarışa gələn idmançılar, rəsmilər
və turistlər tədbirin təşkilatçılığını
yüksək qiymətləndirirlər.
Yarışın rəsmi açılış
mərasimi isə öz möhtəşəmliyi
ilə hər kəsi valeh etdi.
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin mətbuat
xidmətinin rəhbəri
Yadigar Məmmədli belə hesab edir ki, Avropa
Oyunlarının Azərbaycandan
start götürməsi
təkcə bu yarışın deyil, ölkəmizin yeni tarixi üçün mühüm hadisə olacaq.
- Yadigar bəy, I Avropa Oyunlarının təntənəli açılış
mərasimini izlədinizmi?
- Əlbəttə. Özü
də böyük maraq və qürur
hissi ilə. Dilimizdə tez-tez
işlədilən bir
"möhtəşəm" ifadəsi var, I Avropa Oyunlarının açılış törəni
barədə danışanda
bu ifadə tam yerinə düşür.
Əvvəldən də bilirdim
ki, fərqli açılış mərasimi
hazırlanır, lakin
belə möhtəşəm
olacağını şəxsən
mən gözləmirdim.
Son günlər ünsiyyətdə olduğum
əcnəbilər də
vurğulayırlar ki,
açılışda gördüklərindən
heyrətə gəliblər.
Təsadüfi deyil ki, üstündən bir həftədən də çox bir müddət keçməsinə
baxmayaraq xarici mətbuat, telekanallar hələ də I Avropa Oyunlarının açılış törənindən
danışır. Yüksək peşəkarlıqla hazırlanan
bu tədbirdə Azərbaycan dünyaya bir neçə çox önəmli mesaj verə bildi.
- Hansıları xüsusi qeyd edərdiniz?
- Kompozisiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin obrazının, onun ölməz əsərlərindən
seçmələrin yer
almasını qeyd edə bilərəm. Bəzi ölkələr zaman-zaman
Nizaminin onlara məxsus olması iddiası ilə çıxış edirlər.
Amma biz bu tədbirlə bütün dünyaya bir daha sübut
etdik ki, dünya ədəbiyyatına
nadir incilər bəxş
edən Nizami Gəncəvi Azərbaycan
şairidir. "Sarı gəlin" mahnısına sahib çıxmaq
istəyən bədnam
qonşularımız da
tutarlı cavablarını
aldılar. Tədbirdə Qobustan qayalarının, xalçalarımızın təsvir
olunması, muğamın
səslənməsi xalqımızın
qədim tarixə və zəngin mədəniyyətə malik
olmasını bir daha dünyaya çatdırdı. Açılışda baş verənləri sözlə demək asandır, lakin bütün bu məsələləri qısa
müddət ərzində
peşəkarlıqla hazırlamaq
və həmin səviyyədə də gerçəkləşdirmək həqiqətən də böyük uğurdur.
Azərbaycanın birinci xanımı
Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Təşkilat Komitəsi qarşıya çıxan bütün
çətinlikləri, maneələri
aradan qaldırmağı
bacardı, hətta inanılmaz görünən
işləri reallaşdıra
bildi. Elə bilirəm ki,
torpağını, Vətənini
və dövləti sevən hər bir azərbaycanlı buna sevinməlidir.
Bir məsələni
də vurğulamaq istərdim, son illər ölkəmiz artıq ikinci dəfədir ki, qısa müddət
ərzində böyük
miqyaslı tədbirlər
keçirmək bacarığını
nümayiş etdirir. 2012-ci ildə
paytaxtımız Bakı
57-ci Avroviziya Mahnı
Müsabiqəsinə ev sahibliyi etdi. O zaman belə
bir tədbirə hazırlaşmaq üçün
cəmi bir il vaxtımız
var idi, buna baxmayaraq ölkəmiz bütün
işləri vaxtında
yekunlaşdıra bildi
və müsabiqənin
necə yüksək səviyyədə keçirildiyini
bütün Avropa gördü.
- İstərdim bir qədər də I Avropa Oyunlarının əhəmiyyətindən danışaq...
- Əvvəla onu
qeyd edim ki, belə bir
tədbirin müəllifi
Azərbaycan deyil, adından da bəlli olduğu kimi, bu, Avropanın
tədbiridir. Qitənin 30-dan çox dövləti
mötəbər yarışın
ölkəmizdə keçirilməsinə
səs verib. Yəni demək istəyirəm ki, Azərbaycan əlifba sırasına uyğun olaraq bu tədbirə
ev sahibliyi
etmir. Səsvermədə
ölkəmizin seçilməsini
isə şərtləndirən
səbəblər var. Son illər
dünyada və Avropada iqtisadi böhran yaşanır, belə bir vaxtda
hər bir ölkə Olimpiyada, Dünya Çempionatı
və bu kimi digər böyük yarışları
keçirmək qüdrətində
deyil. Yalnız bir neçə
ölkə var ki, buna hazırdır,
onlardan da biri məhz Azərbaycandır. I Avropa Oyunlarına hazırlıq və görülən işlər
bunu bir daha sübut etdi. Cəmi 2 ilə ancaq
Azərbaycan bütün
bunları reallaşdıra
bilərdi. Gerçəkdən, bu, bir tarixi
hadisədir.
Bəzi qüvvələr həm Bakıda Avroviziya müsabiqəsi keçirilən
zaman, həm də I Avropa Oyunları ərəfəsində
ölkəmizə qarşı
açıq və gizli kampaniya aparır, təzyiqlər edirdilər. Lakin dövlətimiz bu
təzyiqlərə, boykot
çağırışlarına baxmayaraq haqlı mövqeyindən geri çəkilmədi. Bəzən deyirlər
ki, I Avropa Oyunlarına bu qədər vəsait xərcləməyə dəyərdimi?
Bir məsələni
bilmək lazımdır
ki, belə böyük miqyaslı tədbirlər böyük
pullar tələb edir. Amma nəzərə alaq ki, xərclənən
vəsaitin 78 faizi infrastruktura sərf olunub. Salınan yollar, tikilən
stadionlar gələcəkdə
də Azərbaycan xalqına xidmət edəcək.
Məlum olduğu kimi, müasir Olimpiya Oyunları ilk dəfə
1896-cı ildə Yunanıstanın
paytaxtı Afinada keçirilib. Olimpiya məşəli də odunu Afina
yaxınlığındakı məbəddən götürüb
və bu günə kimi dünyanın müxtəlif
ölkələrini dolaşıb.
Hər dörd ildən bir hansı ölkədə keçirilməsindən
asılı olmayaraq, bu mövzuda danışılanda hökmən
Afinanın adı xatırlanır. Avropa Oyunlarının
tarixi isə bu gün yazılır,
yarışın məşəli
öz odunu Bakıdakı qədim Atəşgah məbədindən
götürdü. Gələcəkdə
Avropa Oyunlarına hansı ölkənin ev sahibliyi
etməsindən asılı
olmayaraq, paytaxtımız
Bakının adı çəkiləcək, Atəşgahdan
alovlanan məşəl
bütün qitəni
dolaşacaq.
Bu gün dünyanın
müxtəlif yerlərində
silahlı münaqişələr
yaşanır, dini zəmində qarşıdurmalara
rast gəlirik. BMT-nin Baş Katibi
Pan Gi Munun da qeyd etdiyi
kimi, III Dünya müharibəsi gedir, lakin bu müharibə
ayrı-ayrı yerlərdə
aparılır. Belə bir
mürəkkəb zamanda
Azərbaycan dövləti
I Avropa Oyunları keçirməklə təkcə
qitəyə deyil, bütün dünyaya bir barış, dostluq mesajı verir.
Son illər Bakını
Davosla müqayisə edirlər və belə düşünənlər
haqlıdırlar. Çünki dünyanın iqtisadi
məsələləri Davosda
çözülürsə, humanitar sahə ilə bağlı məsələlər Azərbaycan
paytaxtında müzakirə
edilir. Beynəlxalq Humanitar Forumun
və digər beynəlxalq tədbirlərin
Bakıda keçirilməsi
buna sübutdur. Paytaxtdan kənarda, Qəbələdə,
Şəkidə müxtəlif
festivalların, müsabiqələrin
keçirilməsi Azərbaycanın
real durumunu ortaya qoyur.
- Bu gün dünya həm də Azərbaycandakı tolerantlıq
mühitini müzakirə
edir və bizim nümunədən öyrənməyə çalışır...
- Tolerantlıq, digər mədəniyyət və
dinlərə dözümlü
yanaşma xalqımızın
min illərdən bəri
formalaşan xüsusiyyəti,
bir yaşam tərzidir. Yalnız yüksək mədəniyyətə
malik xalqlar tolerantlıq nümayiş
etdirə bilirlər.
Ümummilli Lider Heydər
Əliyev isə bunu bir dövlət
siyasətinə çevirdi.
Bu gün multikulturalizm
və tolerantlıq dövlətimizin prioritet məsələlərindən biridir.
Ölkə başçısının
ötən il
mayın 15-də imzaladığı
fərmanla Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə
başlayıb.
- Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi
hansı layihələri
həyata keçirir?
- Yarandığı bir il ərzində
bizim mərkəz tədrislə bağlı
çox mühüm layihələr reallaşdırıb
və bu proses bu gün
də davam edir. Dövlət müşaviri, akademik
Kamal Abdullayevin təşəbbüsü ilə
həm ölkəmizdə,
həm də müxtəlif xarici ölkələrdə "Azərbaycan
multikulturalizmi" fənni
tədris olunur. Bununla bağlı proqram hazırlanıb və həmin proqrama uyğun olaraq 7 Azərbaycan və 7 xarici ali məktəbdə
bu fənnin tədrisinə başlanılıb,
fənni tədris edən müəllimlərin
hazırlanması ilə
bağlı seminarlar keçirilib.
Daha bir ciddi layihəmiz barədə danışmaq
istərdim. Şifahi xalq ədəbiyyatımızın
qədim yazılı
abidələrindən olan
"Kitabi-Dədə Qorqud"
dastanının alman şərqşünası Fridrix
fon Dits
tərəfindən tərcümə
edilərək ilk dəfə
dünyaya tanıdılmasının
bu il 200 illiyi tamam olur.
Məhz
1815-ci ildə Dit dastandakı "Busatın
Təpəgözə qalib
gəlməsi" boyunu
tərcümə və
tədqiq edəndən
sonra dünya "Kitabi-Dədə Qorqud"
barədə məlumat
alıb. Akademik Kamal
Abdullayevin təşəbbüsü
ilə bununla bağlı təkliflər
hazırlandı və
dövlət başçısına
təqdim olundu. İlham Əliyevin imzaladığı
sərəncamla bu ilin sonuna kimi
müxtəlif tədbirlər
keçirəcəyik. Onu deyim ki,
həmin sərəncama
uyğun olaraq dastanın "Busatın Təpəgözü öldürməsi"
boyu Azərbaycanda 26 dilə, o cümlədən,
ingilis, fars, yapon, çin, ingiloy, talış, ləzgi dillərinə tərcümə edilərək
nəfis şəkildə
çap olunacaq.
ədalət.-2015.-20 iyun.-S.9.