SONSUZLUĞUN AHƏNGİ
Əhməd Qəşəmoğlu müasir Azərbaycan poeziyasında artıq öz dəst-xəttini, fərdi üslub ahəngini yaratmış şairlərdən biridir. Bu fikri iyirmi-iyirmi beş il öncə də söyləyə bilərdik. Hətta deyə bilərik ki, Əhməd Qəşəmoğlu şeirimizin lirik-fəlsəfi xəttinin aparıcı nümayəndələrindən birinə çevrilməkdədir. Onun yeni, "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülmüş "Sonsuzluğun ahəngi" şeirlər kitabı da bunu sübut edir. Əhməd Qəşəmoğlu kitaba yazdığı ön sözdə qeyd edir ki: "Bu şeirlər hər zaman ruhu ilə ədəbi ənənələrə sadiq qalaraq, ədəbi aləm üçün ənənəvi olmayan bir aləmdən xəbər gətirirlər. Bu elə bir aləmdir ki, onun barəsində hökmən insanların xəbəri olmalıdır. Bu, ahəng aləmidir. Dünyanın dili ahəng dilidir. Ahəng yolu Allahın yoludur. Qəlbim mənə deyir ki, nə qədər ki, insanlar dünyadakı əməllərini ahənglə kökləməyiblər, özləri də, ətrafları da, yer üzü də qan-qada içində olacaqlar... Dünyanın bir çox sirlərinin açarı elə həmin ahəng aləmindədir".
Bəli, dünyamız ahəng üstə köklənib, dünyada heç bir zərrə adi deyil, hər şey, hər nəsnə ahəng içindədir. Yer üzü də, göy üzü də, dünya özü də. Hər şey nizam içindədir, bir ahəngə tabedir. Əhməd bütün şeirlərində bu ahəngin fəlsəfəsini açıqlamağa can atır. İlahinin yaratdığı bu ahəngin EŞQ mərtəbəsinə, ujalığına köklənməsi insanın Sirri-xudaya sonsuz məhəbbətinin ifadəsidir.
əlində şamın işığı...
göylərin dərin yerinin,
sirri, sehri, yaraşığı...
ölürdüm, yoldan qaytardı
məni bu şamın işığı...
bilməm ki, o şamın şöləsi
nədən bu qədər doğmadı?
yuxularda eşitdiyim
ilahi, sirli nəğmədi...
Əhməd hər bir gülün, çiçəyin, dağın, çayın, dənizin və əlbəttə, insanın, onun mənəvi dünyasının, qəlb aləminin, eşqinin, sevdasının içində o ahəngi axtarır. Deyir ki, varlıqların bir-birinə məhəbbətinin kökündə ahəng dayanır. "Yer üzünü gözəllik xilas edəcək" deyiblər, yalnız ahəng yarandıqda gözəllik yaranır...
...dünyada təlatüm var,
kainat çılğın bir eşq əlindədi.
ulduzlar məhəbbət oduna düşüb,
sevda qoynundadı ay, planetlər...
sonsuzluq içində dalğa-dalğa,
dünya-dünya yayılıb
qəlbimin telləri...
qəlbim boyu
günəş nuru, ay nuru kimi
uyuyan pəri!
yer üzünə gələndən bəri
sənin qüdrətinlə yazdım,
bu dünyada sənə həsr elədim
bütün sevgi şeirlərimi.
Əhməd Qəşəmoğlunun sevgi şeirlərində sufilikdən, ilahi eşqə məhəbbətdən doğan bir duyğu var. Bu sevgi həm real, həyatidir, həm də ilahi eşqə doğru yol gedir. İnsan sevdiyi gözəli dünyaya, Tanrıya olan sevgisiylə bir tutur, qəlbindəki gözələ sevgisini ilahiləşdirir. "İki gündü dünyaya təbəssümünün işığı düşüb. İki gündü dünyanın hər tərəfindən sənin baxışların baxır... sular sənin səsinlə axır". Deyir ki:
...bu sevgi
yer üzünün sevgisi deyil...
kainatın hər qatından
nur axır bu sevgiyə...
kainatın hər qatında
boy verir bu sevgi.
Bəli, dünyanın ahəng qanunu sevgilər üstündə köklənib və Əhməd Qəşəmoğlu bu sevgini kainatın, təbiətin və insanın vəhdətində axtarır. "Çiçəyə vurulan adam, o çiçək də sənə vurula bilər. Buluda qəzəblənən adam, o bulud da sənə qəzəblənə bilər", - deyir. "Tənha çiçək" şeirində insanla çiçək arasında əbədi, əzəli bir doğmalıq axtarır: "Taleyimiz nə qədər oxşardı bir-birinə... qaynayıb-qarışaydım sənin ləçəklərinə".
Ahəngi həm də təbiətdə, onun gözəlliyində axtarır Ə.Qəşəmoğlu. Günəşin çıxması dünyada bir ahəng yaradır. Şəfəqin rəngi sübhün əlvanlığını yer üzünə yayır. "Ağacların budaqlarına eşq oxuyur sübh xəbəri gətirən vurğun küləklər". Bunlar dünyadakı hər bir təbiət hadisəsinin Tanrının iradəsindən doğduğunu xəbər verir.
Sevgi şeirlərində yaşanılan hisslər, duyğular öz poetik ifadəsini tapır. Biz Əhmədin sevgi şeirlərində qətiyyən "payız sevgisini", ömrün qürubuna qarışan sevgini hiss eləmədik. Və inandıq ki, yaşın altmış beşində də cavanlıqda olduğu kimi eyni ürəklə, eyni hərarətlə sevmək olar. "Sənin ətrin gəlir heyva çiçəklərindən" - deyir sevən adam. O adam dəniz kənarındakı ağaclardan sevdiyi qadının sözlərini, pıçıltılarını eşidir.
göy üzündəki ağappaq,
süzgün buludlar
heç vədə
bir-birinə dəyməyən əllərimizdi.
üstümdən yarpaq-yarpaq meh əsir...
sənin xəyallarındı...
çiçəklər-təbəssümün
otlar-mənə yazılası məktublarındı.
çiçəyə bənzəyən bu gözəl quşlar
dünyaya gəlməyəcək
körpələrimizin ruhudu.
Qeyd edək ki, Əhmədin şeirlərinin əksəriyyətində təşbihlər, metaforalar beləcə sıralanır, içərisində təzələri daha çoxdu.
Əhməd Qəşəmoğlunun sırf "ictimai" şeiri yoxdur, onun Vətən haqqında yazdığı şeirlərində də yenə o vəhdət-o ahəng hiss edilir:
canında nə qədər yaran var, vətənim?
gözümün önündə qanın axır,
düşmənlər kəsibdi başın üstünü,
görürəm, vətən!
qəfəsdə çırpınıb, yanıram vətən!
əlim çatmır vətən, əlim çatmır,
dualarımı qoyuram yaralarına.
O, türk ruhunun da ahəngə kökləndiyindən söz açır. "Ahəngə köklənib türkün ruhu.
Göylərin, təbiətin ahəngindən, sevgisindən yaranıb türk. Yer üzü doğma balasıdı türkün. Türk yer üzünün ulu memarıdı. Türkün ruhunda uyuyur yer üzünün ruhu".
Amma dünyanın ahənginin, əbədi-əzəli nizamının pozulduğu, ahəngsizliyin qırıldığı məqamlar da yox deyil. Gözəllik qanunları bəzən ahəngsizliyin cəngində məhv olur, dünyada, təbiətdə, insanda harmoniya pozulur, təsdiq inkara, tezis antitezisə çevrilir. "Hələ günah qayıqlarında, günah aləmində üzür insanlar... günah-silah, silah-günah hələ silahlar doğulur günahlarından insanların viran qoyur yurd-yuvasını".
Dünyanı ahəngə köklənən görən Ə.Qəşəmoğlunun şeirlərinin də öz ahəngi var.
Onun şeirlərinin yüzdə doxsan faizi sərbəstdə yazılmışdır. Onu Rəsul Rza ədəbi məktəbinin müdavimlərindən biri hesab edə bilərik. Ustadı kimi o da sərbəst şeirdə qətiyyən ənənəvi şeirə zidd olmayan, amma müstəqil ahəngi, ritmi olan şeirləri ilə diqqəti cəlb edir. Onun şeirlərində dil sadəlik, səlislik ahənginə tabedir, mücərrəd səslənə biləcək ifadələrdən, şeirə yad kələ-kötür sözlərdən, kəlmələrdən qaçır. Əhmədin şeirlərini hansı şairinsə şeirləri ilə eyniləşdirmək, oxşarını tapmaq mümkün deyil. Ən əsası odur ki, Əhməd Qəşəmoğlunun şeirlərinin əksəriyyəti fikir poeziyası nümunələridir. Məlum fikirlər də tapmaq olar, təzə, orijinal səslənən fikirlər də.
günəşin özü şeir deyil hələ
şeir onun istisidi, işığıdı.
dənizin özü şeir deyil hələ,
şeir onun nəfəsidi, nəğməsidi.
sevgilimin özü şeir deyil hələ,
şeir onun ilqarıdı, vədəsidi.
xəyallarım bulud-bulud
taleyimin dünyasında-
şeir onun şimşəyidi.
dərin suların
dibindən
qaynayıb qalxan bulaq şeirdi.
dünyanın içi
ilə yeriməyə
nə var ki,
dünya sənin
içində yeriyəndə
şeirdi.
Əhməd Qəhəmoğlu ixtisasına
görə riyaziyyatçıdır
(ADU-nun mexanika-riyaziyyat fakültəsini
bitirib), fəlsəfə
ilə də məşğul olur, amma biz onu şair
kimi tanımışıq
və ögey deyil bizə. Şairlik üçün
isə xüsusi diplom lazım deyil, İSTEDAD və
İLHAM lazımdır ki,
o da Əhməd Qəşəmoğluda tükənməyib.
Ədalət.-2015.-24
iyun.-S.7.