Xalq, dövlət və bayraq üçün...

 

Bu başlığı oxuduqdan sonra yəqinki yazıya ani olsa göz gəzdirənlər "Sən etmisən" sualını axtaracaqlar. Məqsədim heç bu deyil. Bu gün "mən azərbaycanlıyam" deyən hər kəs öz çapında, öz çevrəsində Vətənimizin inkişafı, onun tanınması üçün az da olsa görə bilirsə, o dövrümüzün qəhrəmanıdır. Əslində, min bir əzab-əziyyətlə övlad böyüdüb ərsəyə gətirən cəmiyyətə fayda verənlərə əsl Vətən övladı titulunu verib onları digərlərinə örnək göstərmək olar. Bu yerdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun valideynlərinin əllərindən öpürəm. Hər işimizdə Mübariz olmalıyıq...

Döyüşlərdə qəhrəman olmaq hamının alnına yazılmır. Bu tale, zaman, məkan işidir.

İlk Avropa Oyunlarının, sülhün həmrəyliyin bariz nümunəsi kimi yaddaşlara yazılan, hələ çox illər bundan sonra da xoş xatirələrlə anılacaq bir idman bayramının açılış mərasiminin möhtəşəm görüntüləri bir daha sübut etdi ki, bütün dünyanın gözünün dikildiyi çətin məsuliyyətli işin altına çiynini verməyin özü böyük bir qəhrəmanlıqdır. O qəhrəmanları təkcə biz, Azərbaycan xalqı deyil, dostlarımız, düşmənlərimiz daha yaxından tanıdılar.

On minlərlə tamaşaçının, ölkəmizə gələn əcnəbilərin gözü qarşısında əsl Azərbaycan reallığının təntənəsi kimi tarixə qızıl hərflərlə yazılan o möhtəşəm gündə Vətənimizin bugününü, gələcəyini, qədimliyini, mənəvi mədəni irsini, adət-ənənəsini, həm Avropanın bir parçası olduğunu bütün dünyaya böyük bir coşqu ilə göstərə bildik...

Azərbaycanın idman ölkəsi kimi dünyada tanınmasında, himnimizin dünyanın böyük idman arenalarında səslənməsində, bayrağımızın dalğalanmasında onların da əməyi az deyil. Bu qəhrəmanlar həm sabitliyin keşiyində dayanır, asayişi qoruyur, həm cinayətkarlıqla mübarizə aparırlar...

Bir müddət öncə Azərbaycandan İtaliyanın Liqnano şəhərinə 7 nəfər getmişdilər. Dörd nəfəri Azərbaycan Polisi, Daxili İşlər Nazirliyinin əməkdaşı idi. Bilirdilər ki, uzaq İtaliyada onları çətin sınaq gözləyir. Rəqibləri güclü olsa da, illərin idman sınağından çıxanları bu qorxutmurdu, əsas hədəfləri qalib olmaq, qızıl medal qazanmaqdı. Tək deyildilər, başlarının üstündə, burada onlara güc, qüvvət verən, qələbəyə səsləyən üçrəngli Azərbaycan bayrağı da var idi...

Onunla Nəsimi RPİ-nin 22-ci Polis Bölməsində görüşdüm. Divardan asılan "Fəxri fərman"lar, diplomlar, kuboklar həmkarımın idman uğurlarından xəbər verirdi. İtaliyadan da əliboş dönməmişdi, qəhrəman kimi, qalib kimi qayıtmışdı.

Polis kapitanı İlkin Səfərovun adı idmansevərlərə yaxşı tanışdır. Onu bu gün təkcə vətənimizdə deyil, dünyanın əksər ölkələrində adlı-sanlı bir idmançı kimi tanıyırlar. 2010-cu ildən bu günə kimi qatıldığı hər bir yarışdan, döyüşdən qalib kimi ayrılıb...

Hal-əhval tutub birbaşa mətləbə keçdik. Vətənə qələbə ilə dönmək necə hissdir" sualıma cavab verməzdən öncə üçrəngli bayrağımızı göstərib dedi: "Bax, bu bayraq üçün, azərbaycanlı olduğum üçün mütləq qəlib gəlməliydim".

yarış haqqında təəssüratlarını bölüşdü:

"Yarışda 34 ölkənin idmançısı gücünü sınayırdı. Müasir standartlara cavab verən idman arenasında baş tutan yarış çox gözəl təşkil olunmuşdu. Mən 95 kiloqram çəki dərəcəsində gücümü sınayırdım. İlk rəqibim şotland idi. Ona qəlib gəldikdən sonra macar idmançısı ilə qarşılaşdım qələbə çaldım. Ən həlledici görüşüm final mərhələsində iranlı idmançı ilə oldu. Rəqibimi bundan öncə keçirilən yarışlara, dünya çempionatlarına qatıldığı üçün orada yaxşı tanıyırdılar. Çox güclü təcrübəli idmançı olmaqla bərabər, onun çəkisi mənimkindən çox idi. O, ilk həmlədə güclü zərbələrlə hücuma keçsə göz açmağa imkan vermədim. Bütün gücümü toparlayıb 125 kiloluq iranlıya sübut etdim ki, əsl idmanda qalib olmaq üçün güclülər düşdüyü hər bir sınaqdan üzü çıxmağı bacarır".

İlkin Səfərov deyir ki, digər ölkələrdə olduğu kimi, İtaliyada da olarkən müşahidə etdiyi nüanslar - idmançılarımızın qatıldığı yarışlarda, keçirdiyi döyüşlərdə əcnəbilərin qısqanclığı, hətta, sözün əsl mənasında bizim idmançılardan qorxduqları, bizi özlərinə daha güclü rəqib kimi görmələri diqqətindən yayınmayıb...

"Əlbəyaxa döyüş üzrə İtaliyada keçirilən dünya çempionatı dəfələrlə qatıldığım professional qaydasız döyüş yarışlarından çox fərqlənirdi. Burada boğma, qırma kimi fəndlərdən istifadə etmək qadağan olunmuşdu",- deyən həmkarım onu da bildirdi ki, ilk növbədə psixoloji fiziki hazırlığı yerində olmasaydı qələbədən əllərini üzəcəkdi.

Qeyd edək ki, yarışda birinci yeri İtaliya, ikinci yeri isə İran yığmasının idmançıları tutub. Azərbaycanı, Daxili İşlər Nazirliyini təmsil edən dörd nəfər idmançımızdan ikisi - polis kapitanı İlkin Səfərov 95, Qaradağ RPİ-nin əməkdaşı, polis serjantı Nizami Məmmədov daha ağır çəkidə qızıl medal qazanaraq çempionatın ən yüksək pilləsində qərarlaşıblar. Digər idmançılarımız da uğurlu nəticələr göstəriblər...

İndi o, avqust ayında dünya kuboku uğrunda Hindistanda keçiriləcək daha məsuliyyətli bir yarışa hazırlaşır. Ümidvarıq ki, uzaq Hindistandan da həmkarımız, polis kapitanı İlkin Səfərov qələbə ilə qayıdacaq hər birimizi sevindirəcəkdir.

Bu danılmaz faktdır ki, Xalq, Dövlət Bayraq naminə göstərilən hər bir qəhrəmanlıq qızıl hərflərlə tarixə yazılır, qərinələr, əsrlər keçsə belə silinmir, itmir.

Azərbaycanımızın adını üçrəngli bayrağımız kimi uca tutan oğullar isə dövlətimizin, ölkə baçşısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və qayğısı ilə qələbədən-qələbəyə doğru inamla addımlayır, xalqımıza sonsuz sevinc bəxş edirlər.

 

Ədalət.-2015.-24 iyun.-S.5.