"MİLLİ İRS MÜKAFATINA" LAYİQ GÖRÜLMÜŞ QAX RAYONU "MİLLİ MƏTBƏX PAYTAXTI" ELAN OLUNMUŞDUR

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"...Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər görülür, vaxtaşırı Prezidentin ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər öz həllini tapır. Növbəti illər üçün bu günə qədər həll edilməyən məsələlər öz həllini tapacaqdır".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Bu gün Azərbaycan ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" əsasında özünün dinamik inkişaf dövrünü yaşayır.

Azərbaycanın tarixdə ilk dəfə keçirilən möhtəşəm I Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin günbəgün artan sosial-iqtisadi, siyasi qüdrətinin beynəlxalq aləmdə təsdiqi, xalqımızın yüksək bəşəri dəyərlərlə zəngin mədəniyyətinə, adət-ənənələrinə, tarixi keçmişinə verilən yüksək qiymətdir. Hər bir xalqın inkişafında onun malik olduğu milli-mənəvi dəyərlər böyük rol oynayır.

Azərbaycan xalqı bütün dövrlərdə öz mənəvi dəyərlərinə sadiq qalmış, onu yüksək bəşəri dəyərlərlə zənginləşdirərək nəsildən-nəsilə ötürmüşdür. Hazırki qloballaşan dünyamızda Avropaya, Qərbə inteqrasiya edən Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, zənginləşdirilməsi dövlət siyasətimizin prioritetlərindəndir. Ulu Öndərimiz Heydər Əliyevin müvafiq məsələ ilə bağlı 13 avqust 2001-ci ildə imzaladığı ayrı-ayrı vətəndaşlara, dövlət məmurlarına, ziyalılara çağırış xarakterli tarixi bəyanatının özünün müəllifi olduğu azərbaycançılıq ideologiyasının təbliğində, dövlətçiliyimizin qorunmasında, müstəqilliyimizin möhkəmləndirilməsində, bugünkü müasir Azərbaycanın inkişafında böyük rolu olmuşdur. Hazırda Ulu Öndərimizin milli-mənəvi dəyərlərimizin möhkəmləndirilməsi istiqamətindəki ideyaları, azərbaycançılıq ideologiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə sosial-iqtisadi həyatımızın digər sahələrində olduğu kimi, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərində xalqımızın milli maraqları qorunur, yerli memarlıq ənənələri yaşadılır, tarixi yaşayış yerləri bərpa edilir, mühafizə olunur. Son dövrlər bir sıra bölgələrimiz sanki öz milli kökləri üzərində yenidən qurulur.

Belə bölgələrdən biri Qaxdır. Qax bu gün milli irsin qorunması, təbliği, gələcək nəsillərə, dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən quruculuq, təmir-tikinti, abadlıq işlərinə görə respublikamızda sayılıb-seçilən bölgələrdəndir. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz İlham Əliyev hələ 2011-ci ildə bu bölgəyə səfəri çərçivəsində Qax şəhərinin tarixi yaşayış məhəlləsi olan İçəribazar ərazisində rayon ağsaqqallarının, ziyalıların rəhbərliyin ideyaları, gərgin əməyi sayəsində, yerli sənətkarların yaradıcılıqla, daxildən gələn bir el-oba sevgisi, qan yaddaşı ilə ötürülən milli-memarlıq ənənələrinə uyğun apardıqları təmir-bərpa işlərindən sonra bu yerləri seyr edərək demişdir: "Bu kiçik qəsəbə böyük məharətlə, zövqlə tarixi həqiqəti saxlamaq şərtilə yaradılmışdır. Əslində burada gördüklərimiz qədim tarixdən bizə miras qalan əsərlərdir. Ancaq bax, bu gözəl binaları bu səviyyədə bərpa etmək, burada sözün əsl mənasında turizm mərkəzini yaratmaq böyük peşəkarlıq məharət tələb edirdi. Mən çox şadam ki, Qaxın tarixi simasını əks etdirən bu kiçik guşə artıq fəaliyyətə başlayır".

Doğrudan da belədir. Qax şəhərində son illərin ən uğurlu yeniliklərindən biri şəhərin mərkəzindəki tarixi yer-abidə olan İçəribazarın restavrasiyası, nəticə etibarı ilə onun daha mükəmməl bir görkəmdə şəraitdə istifadəyə verilməsidir.

Bu unikal abidənin yenidən qurulmasının ideya müəllifi, eyni zamanda maliyyə dəstəkçisi elə bu torpağın yetirməsi fəxri olan Azərbaycan Respublikası Meliorasiya Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. Bölgədə bundan əlavə bir sıra diqqətçəkən tədbirlərin təşəbbüskarı təşkilatçısı kimi Ə.Əhmədzadənin adı həmişə iftixarla çəkilir.

Bir vaxtlar Məzahir Əhmədoğlu İçəribazar, onun tarixi keçmişi indiki unikal görkəmi haqqında geniş həcmli məqaləsində "Şöhrət" ordenli həmyerlimizin bu cür xeyirxah təşəbbüslərindən söhbət açarkən yazmışdır: "...Özü bütün bu xeyirxah əməllərin onun adıyla bağlanmasını təvazökarlıq edərək istəməsə müəyyən qədər biz belə bir alicənab davranışla razılaşsaq da, görənləri heyrətə gətirən İçəribazarın yeni həyatının müəllifinə ən azından təşəkkür etməyi borc bilirik".

Qələmə aldığımız mövzu elə bir istiqamətdədir Qaxın keçmişi - bu günü baxımından elə məsələlər xatırlanır ki, biz bir daha M.Əhmədoğlunun həmin yazısına müraciət etməli oluruq. O tarixi faktlar əsasında qeydlərini təqdim edərək keçmişləri yada salırdı: "Karvan yollarının qovşağı sayılan Qaxda Alazan çayı vadisində çox qədimlərdən yurd-yuva yeri olan Minbərək, Torpaqqala, V-VI əsrlərdə iri ticarət şəhərləri olan Ləkit Qum Qax ərazisində qərblə şərqin, cənubla şimalın karvan yollarının keçirdi, həm bu yerlərdə qalıb idxal ixrac ticarəti ilə məşğul olan tacirlərin fəaliyyət meydanı olmuşdur.

Minbərəkdən sonra karvan yollarının Şəki-Şirvan, Şamaxı Dərbənd tərəflərə genişlənməsi ilə bağlı Qaxda ikinci bir dayanacaq - karvanların ticarət edənlərin yeni bir gecələmə şəhərciyi - "Minbir saray" şəhristanı Kürmük çayının sol tərəfində tacirlərin bazar yerinə çevrilmişdir. Lakin dəli Kürmüyün "Minbir saray"ı yerlə-yeksan etdikdən sonra qalan kiçik bir ərazidə Qax şəhərinin bir hissəsi olan Qaxmuğal ərazisinin yaşayıb çalışdığı ərazi hesab olunur. Məhz İçəribazarın da zaman-zaman həmin yaşayış əraziləri ilə sıx əlaqə olması, bir-birini özlərinə məxsus funksiyalarla tamamlaması tarixi həqiqətdir".

Hörmətli Prezidentimizin milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, tarixi yaşayış yerlərinin bərpası istiqamətində həyata keçirilən bu işlərə verdiyi yüksək qiymətdən ruhlanaraq ölkəmizdə yaradılmış əlverişli şəraitdən lazımınca bəhrələnən qaxlılar həmin vaxtdan xalqımızın qan yaddaşının gələcək nəsillərə çatdırılması, tarixi yaşayış yerlərinin bərpası, mühafizəsi, turizmin inkişafı üçün daha böyük, maraqlı layihələrin həyata keçirilməsindən ötrü əzmlə çalışırlar. Artıq "İçəribazar"la bərabər Heydər Əliyev Azərbaycan prospektlərində, İmam Mustafayev, M.P.Vaqif, M.Ə.Rəsulzadə, N.Gəncəvi, M.Məmmədov, Qaxmuğal digər küçələrdə, ayrı-ayrı məhəllələrdə görülən təmir-tikinti, abadlıq işləri məhz milli-memarlıq ənənələrinin prinsiplərinə uyğun aparılmaqla şəhərin simasını xeyli gözəlləşdirmişdir.

(ardı gələn sayımızda)

                   

Novruz ŞABANOV

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

Ədalət.-2015.-24 iyun.-S.7.