"MƏN TƏNHALIĞI
SEVİRƏM"
Mərhum aktyor, Əməkdar artist
Elçin Həmidovun acı zarafatı necə gerçək
oldu?
O, hər bir rolu ilə tamaşaçıya gülüş, sevinc bəxş etməyə çalışırdı. Bunun üçün
Elçin Həmidova epizodik olsa belə, səhnədə,
televiziya ekranında görünmək kifayət edirdi. Tanınmış sənətçiləri parodiya
etməyi isə başqa bir aləm idi.
Tamaşaçı
Elçin Həmidovu gözləyirdi. Hamı bilirdi ki, istedadlı aktyor həmişə
olduğu kimi, yenə güldürə-güldürə
düşündürəcək. O, bunu yaxşı
bacarırdı. Amma səhnədə, ekranda komik obrazlar
yaradan bu aktyorun həyatda necə böyük faciələrlə
üz-üzə qaldığını çox az adam bilirdi. O, təkcə güldürməyi
yox, həyatda bir-birinin ardınca aldığı zərbələrə
dözməyi də bacarırdı.
Elçinin yaxşı tanıdığı
Məzi...
Bu yazıda Əməkdar artist Elçin Həmidovun
oynadığı rollar barədə yeri düşdükcə
söhbət açacağıq. Aktyorun
yaratdığı Məzi obrazı isə yəqin ki,
çoxlarının yaxşı yadındadır. " Planet Parni iz Baku" KVN Teatrının
"Məhəllə"sindəki Məzi... Uşaq
yaşlarından valideynlərini itirən, qonşuları tərəfdən
hər addımbaşı aşağılanan və sonda
öz müdrik sözləri ilə hamını heyrətləndirən
Məzi... İstedadlı aktyor Elçin Həmidovun son dərəcə
təbii boyalarla yaratdığı Məzi...
Yazıya niyə məhz aktyorun oynadığı bu obrazla
başladıq? Elçin Həmidov bir insan kimi Məzini yaxşı
tanıyırdı, çünki...
1958-ci il iyunun 29-da Bakıda sadə şəhərli
ailəsində dünyaya göz açan Elçin Həmidov
körpə yaşlarından taleyin amansız zərbələri
ilə üz-üzə qalır. Əvvəlcə
atasını, sonra isə anasını itirir. Əmisi Elçin də daxil olmaqla digər
qardaşı uşaqlarını himayəyə
götürür. Amma gələcəyin
istedadlı aktyorunu hələ qarşıda daha böyük
çətinliklər gözləyir. Əmisinin
evində də əziyyətli günlər keçirən,
valideynlərinin itkisindən özünə gəlməyə
macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə
qardaşları vəfat edir. Bir-birinin
ardınca doğmalarını itirən gənc sınmır,
ayaqda qalmağa, özünü sübut etməyə
çalışır. 1977-ci ildə
İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə
daxil olur. 1983-cü ildə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında işə düzəlir.
Lakin istedadlı gəncin səhnəyə gəlişi
də asan olmur. İndi Dövlət
Musiqili Teatrı adlanan bu kollektivdə əvvəlcə
işıqçı kimi çalışmağa
başlayır, daha sonra isə onu artist-vokalist ştatına
keçirilər.
Dövlət Musiqili Teatrının aparıcı
aktrisalarından biri, Əməkdar artist Nahidə Orucova əziz
dostu Elçini belə xatırlayır "Mən tələbə
olanda Elçin institutun yuxarı kursunda oxuyurdu. Tez-tez konsertlərə,
tədbirlərə dəvət olunurdu. Bacım
Xalq artisti İslam Rzayevin ansamblında kamança
çalırdı və məni özü ilə konsertlərə
aparırdı. Elçinlə ilk dəfə belə tədbirlərin
birində tanış oldum və
tanışlıq dostluğa çevrildi. Ali məktəbi
bitirəndən sonra Sumqayıt Dram Teatrında
çalışsam da Elçinlə əlaqə saxlayır,
bir-birimizlə maraqlanırdıq. Sonra tale
elə gətirdi ki, 1993-cü ildə Dövlət Musiqili
Komediya Teatrına dəvət olundum və Elçinlə eyni
teatrda birgə işlədik, dostluğumuz daha da möhkəmləndi.
Bir-birimizin evinə gedib-gəlməyə
başladıq, ümumi dostlarımızla tez-tez ya bizə, ya
da Elçingilə yığışırdıq. Elçin belə məclislərdə Zeki Mürenin
səsi ilə mahnılar oxuyurdu. Maraqlı,
maraqlı olduğu qədər də çox istedadlı
aktyor idi. Tanınmış sənət
adamlarını parodiya edəndə hamının xoşuna gəlirdi,
çünki Elçində bu çox gözəl
alınırdı. Elə bunun özü
Elçinin istedadından xəbər verirdi. Çünki hər aktyor parodiyanı bacarmır.
Elçin həmişə deyirdi ki, Nahidə, sən
qardaşını, mən də bacımı itirmişəm,
ona görə də biz bacı-qardaşıq, dərd
ortağıyıq. Mənin və qohumlarımın bir
şad məclisi Elçinsiz keçmirdi. İndi də belə məclislərdə
gözüm onu axtarır. Vəfatından dörd il
keçməsinə baxmayaraq, hələ də onun
yoxluğuna inana bilmirəm..."
Rza bəy,
Nadir, Mustafa...
Elçin Həmidov doğma teatrın səhnəsində
bir-birindən maraqlı obrazlar yaratmaqla tamaşaçı rəğbətini
qazanır.
İkram ("Boşanaq, evlənərik"), Nadir
("Beş manatlıq gəlin"), Miriş
("Özümüz bilərik"), Mayıl
("Subaylarınızdan görəsiniz"), Mustafa ("Nəğməli
Könül"), Rza bəy ("O olmasın, bu olsun"),
Dilənçi ("Mən dəyərəm min cavana"),
Esfraqon ("İddialı qaraçı)...
Bu siyahını uzatmaq da olar. Elçin Həmidovun
oynadığı Yaiçnitça ("Evlənmə")
rolu barədə isə bir azdan söhbət
açacağıq. İstedadlı estrada aktyoru kimi isə
Elçin tədbirlərdə və konsertlərdə Flora Kərimovanı,
İlhamə Quliyevanı, Əminə Yusifqızını,
Gülşən Qurbanovanı, Elza Seyidcahanı parodiya edirdi.
Uzun illər
Elçin Həmidovla yaradıcılıq əlaqələri
saxlayan rejissor Yusif Əkbərov mərhum aktyoru belə
anır: "Elçin Həmidov Musiqili Teatrın ən
aparıcı aktyorlarından biri idi, bu teatrda tamaşa
hazırlayan hər bir rejissor yeni quruluş verəcəyi səhnə
əsərində onunla birgə çalışmaq istəyirdi.
Şəxsən mən özüm Elçinlə
həvəslə işləyirdim, çünki
yaradıcılığına, tapşırılan rola məsuliyyətlə
yanaşırdı, oynadığı obrazlarda təkrarçılıqdan
qaçırdı, hər dəfə yeni nəsə
tapırdı. O, səhnə üçün doğulan
insanlardan idi, Elçini başqa sənətdə heç
cür təsəvvür edə bilmirəm.
Gözəl
və səmimi dost idi, zarafatlaşmağı, deyib-gülməyi
xoşlayardı, amma bəzən özü bizim zarafatlardan
inciyərdi. Vəfatından bir müddət əvvəl
iş prosesində aramızda anlaşılmazlıq oldu. Bilirdim ki, tez inciyən, həssas adamdı, ona
görə özümü yaman narahat hiss etdim. İnanın ki, bütün gecəni gözümə
yuxu getmədi, səhər tezdən Elçinə zəng
edib könlünü aldım. Kollektivin
iştirak etdiyi məclislərdə onun yeri başqa idi.
Biz hamımız onun xətrini çox istəyirdik,
ona görə də çalışdığı teatrda
Elçinin hər bir kəsin ürəyində yeri var. Onun
yoxluğuna inanmaq çətindir".
"Evlənmə"
və ya sonuncu rol
İstedadlı aktyorun uzun illər
çalışdığı doğma teatrdakı sonuncu
rolu Qoqolun "Evlənmə" tamaşasındakı
Yaiçnitça obrazı olur. Əməkdar incəsənət
xadimi Bəhram Osmanovun quruluş verdiyi bu tamaşa müasir
teatrımızın tarixində bir neçə ilklərlə
yadda qalır və sənət hadisəsi kimi
qarşılanır. Tamaşa Mədəniyyət
və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq
görülür, bu uğurda Elçin Həmidovun da payı
var idi.
Mərhum
aktyorun ən yaxın dostlarından biri, Dövlət Musiqili
Teatrında rejissor assistenti kimi çalışan Elməddin
Dadaşov Elçin Həmidovun "Evlənmə"dəki
son rolundan danışır: "Tamaşanın məşqlərində
hədindən artıq istəkli idi, həvəslə
çalışırdı. Hər epizodu məşq
edib səhnə arxasına keçəndə Bəhram
Osmanovu mənə göstərib deyirdi ki, Elməddin, rejissor
belə olar, illərdir məhz belə bir rejissorla
çalışmaq istəmişəm.
Tamaşa üzərində çalışan
yaradıcı qrupun bütün üzvləri Elçinin
Yaiçnitça obrazına üzərində necə ürəklə
yanaşdığını görürdük. "Evlənmə"nin premyerasında Elçin Həmidov möhtəşəm
bir oyun sərgilədi, teatr ictimaiyyəti,
tamaşaçılar onun ifasına heyran qaldı. Dostluğumuz başlayan gündən onunla etdiyimiz
ürək söhbətləri, məşqlərdə,
tamaşalarda müşahidələrim yadıma
düşür, İran İslam Respublikasında qastrolumuzu
xatırlayıram. Çəkinmədən
deyə bilərəm ki, "Evlənmə"dəki
Yaiçnitça Elçinin şah rolu idi. Sanki ürəyinə
dammışdı ki, bu onun həm də sonuncu rolu
olacaq..."
Taleyin ağır zərbələri ilə üz-üzə
qalan, çox çətinliklər görən Elçin Həmidov
52 yaşına çatsa da ailə qurmamışdı. İş
yoldaşları, dostları bu barədə söhbət
açanda Elçin həmin mövzuda çox
danışmağı sevməzmiş. Bircə
cavabı varmış: "Ölüb gedəcəm,
yazıq qız tək qalacaq, ona görə evlənmək istəmirəm.
Mən tənhalığı sevirəm".
Dostlarının sözlərinə görə, aktyor
paytaxtın Heydər Əliyev prospektindəki mənzilini də
hələ sağlığında bacısı oğluna
bağışlayıb. Deyib ki, mən öləndə qoy evim
sahibsiz qalmasın.
Tənha
ölüm
Bir-birindən
fərqli obrazlar yaradan aktyor bir sənətkar həssaslığı
ilə ölümün soyuq nəfəsini hiss edirmiş yəqin.
Dost məclislərində son vaxtlar deyirmiş ki, bizim ailədə
heç kim 50-ə çata bilmədi, mən
isə bu səddi keçdim. Tənha öləcəyi
barədə dediklərini isə dostlar zarafat kimi qəbul
edirmişlər.
Elməddin
Dadaşovu dinləyək: "2011-ci il martın 4-ü səhər
teatrda "Hərənin öz ulduzu" tamaşasının
orkestrlə məşqi idi. Elçin isə gəlib
çıxmırdı. Məşqə,
tamaşaya heç vaxt gecikməyi sevməzdi, buna görə
də hamıya təəccüblü gəldi. Truppa müdiri Vidadi Həsənov mobil telefonuna zəng
vurdu, telefon açıq olsa da cavab vermədi. Vidadi ilə Elçinin evinə getməyi qərara
aldıq, ümid edirdik ki, qapı açılacaq, dostumuz yenə
gülərüzlə qarşımıza çıxacaq.
Təəssüf ki, bu dəfə belə
olmadı. İçəridən
televizorun səsi gəlirdi, bu bizim
narahatlığımızı daha da artırdı. Elçinin həmkarlarından bir neçəsi də
artıq gəlib çıxdı, əraziyə Fövqəladə
Hallar Nazirliyinin xilasediciləri çağırıldı.
Onların köməyi ilə mənzilin
qapısı açılanda ürəkağrıdan bir həyat
tablosu gördük. Dəhlizdə uzanan
Elçin Həmidov artıq keçinmişdi. Bu mənzərəni görmək çox mənim
üçün çox ağır idi, inanın ki, neçə
gün özümə gələ bilmədim. Çünki ən yaxın dostlarımdan,
sirdaşlarımdan birini itirmişdim.
Məlum oldu ki, irsi ürək xəstəliyindən əziyyət
çəkən aktyor duş qəbul edəndə halı
pisləşib, hamamdan çıxıb divardan tuta-tuta
otağa keçmək istəyəndə əli boşluqda qalıb
və yerə yıxılıb.
Elçin bu dünyada bir kimsənin ürəyini
qırmadı, səhnəmizdə isə özünəməxsus
bir iz qoyub getdi, ruhun şad olsun, Elçin Qəzənfər
oğlu Həmidov!"
Oynadığı obrazlarla tamaşaçıların
yaddaşında qalan Elçin Həmidov sonuncu dəfə
dostları ilə zarafat eləmədi, 52 yaşında tənha
öldü.
Ailə qurmasa da, özündən sonra bu dünyada
övladları qalmasa da, Elçin Həmidov bir istedadlı
aktyor, sadiq dost kimi xatırlanır. Yəqin ki,
hələ çox xatırlanacaq.
İyunun 29-da mərhum aktyorun növbəti doğum
günüdür.
Turan
ETİBAROĞLU
turan_ismayilzadə@mail.ru
Ədalət.-2015.-25 iyun.-S.8.