GƏNCƏMİZİN

 

Çağırdım, daş dövründən gəldi səsi Gəncəmizin!

Can verib tarixlərə gül nəfəsi Gəncəmizin!

 

Lalələr ox yarasından qan çəkib dalğalanır,

Hər ulu daşda qalıb qılınc dərsi Gəncəmizin!

 

Min dəfə qanım ilə sədd çəkilib dövrəsinə,

Min dəfə avand olub, vallah, tərsi Gəncəmizin!

 

Doğulub Göy-gölümüz Kəpəzin ana bətnindən,

Ah olub, ərşə çıxıb, zəlzələsi Gəncəmizin!

 

Çevirdim eraların yaddaşını varaq-varaq,

Hər əsrə həkk olunub ulu əksi Gəncəmizin!

 

Fəxr elə, gəncəlidir, cahanın söz peyğəmbəri,

Nizami Gəncəvidi müqəddəsi Gəncəmizin!

 

Tanrıya dua edən əl kimi uzanıb göyə,

Şah Abbas məscidinin minarəsi Gəncəmizin!

 

Comərdi Qəssabına mehman olub Həzrət Əli,

Bir zaman Gəncə olub öz Məkkəsi Gəncəmizin!

 

Anamız Tomris alıb Kirdən qisası Gəncədə,

Düşmənə bac verməyib qanlı bəhsi Gəncəmizin!

 

Ağlayır hönkür-hönkür yad eldə Gəncə qapısı,

Olub haqqın qapısı hər bir kəsi Gəncəmizin!

 

Çağlayır Gəncə çayı Bəndərin ruhundan bəri,

Boyanıb üsyan ilə hər zərrəsi Gəncəmizin!

 

Yoğrulub hər kərpici Cavad xanın qəzəbindən,

Ağsaqqal çinarlardır düşüncəsi Gəncəmizin!

 

Ey Murovdağlı, axır qiymətini verdin onun,

Tay olmaz bir daşına Yer Kürəsi Gəncəmizin!

 

EY TÜRK, YÜRÜŞƏ BAŞLA...

 

Ey türk! Yürüşə başla səbrinin meydanından,

Başının tükü sayda keçsən də öz canından...

Dərdinə sığınıbsan Turanın viranından,

Cəsarətə qapı aç dözümünü şil elə!

Hər qarış torpağında qanını məşəl elə!

 

Yüklə dəvə dağları, karvan ötür haqqına,

Yəhərlə daş atları, çatınca sür haqqına,

Günəş türkün möhrüdür, al, vur möhür haqqına,

Daş dövründən bu günə təsdiq elə adını!

Altun tarixlərinlə təltif elə adını!

 

Orxondan, Yeniseydən Qobustana, Azıxa,

Gorundur hər mağara, hər kaha, hər bir zağa.

Doğudan Batıyadək yandırdığın ocağa,

Zamanın qasırğası, tufanı turp əkibdi!

Türkün sərhədlərindən taleyin əl çəkibdi!

 

Alın yazın çırpınır dibsiz ümmanlarında,

Ayaq izin daşlaşıb ulu ünvanlarında,

Türklüyün azıb qalıb dərdin dumanlarında,

Bir nərə çək, alışdır, kül elə dumanları!

Bayquşlar çəpərləyib qurduğun sahmanları!

 

Bir tonqal Şərqdə qala, bir tonqal Qərbdə, ey Türk!

Oyat yatmış ruhları, birləşdir hərbdə, ey Türk!

Sən özünü ara tap, zərbədə, zərbdə, ey Türk!

Bir bayraq meşəsi sal yürüşlər axarında!

Axırın əvvəlində, əvvəlin-axırında!

 

Qanın axan arxların dəyirmanı işləmir,

Yad məkrinə su gedir, sənin qanın işləmir...

Kəsmir polad qeyrətin, bir zindanın işləmir,

Zamanı çarxa döndər, çarxlan, itilən indi!

Babaların məzarı ən iti kəsərindi!

 

Deyirsən - mülkündəsən, bəs niyə sürgündəsən?!

Özgə xaçı hörülən qalanda, hörgündəsən...

Sən hələ də Hun, Şumer, İç Oğuz mürgündəsən,

Min ildir səndən sənə qurd ulayır, dur daha!

Mürgülər qəfəsini qəzəbinlə qır daha!

 

Hanı Mətənin yurdu, Atillanın məzarı,

Çingiz Xan, Əmir Teymur, Osman Qazi vüqarı?!

Ata Bəy, Uzun Həsən, Şah Xətai damarı,

Qılınc-qalxan götürüb ürəyinə yol gəlir!

Haqqına baş əyməyə gör nə qədər qul gəlir!

 

Sən Başqırsan, Tatarsan, Uyğursan, Qaraçaysan,

Tuvasan, Qaqauzsan, Saxasan, Cığataysan,

Sən Balkarsan, Bolqarsan, Avarsan və Noqaysan,

Sən Çuvaşsan, Özbəksən, Qırğızsan, Türkmənsən!

Qazaxsan, Azərisən, Türksən, sən elə - sənsən!

 

Təzə yüzillik gəlir azman yaşının üstə,

Haqq-hesabın, tərəzin, ölçün, arşının üstə,

Zamanı bayraq kimi yellət başının üstə,

Göydə Allah sənindi, yerdə torpaq sənindi!

Ey Türk! Bu nurlu cahan, ayağa qalx, sənindi!!!

 

QOCALAR EVİNDƏ OYNAYAN ANA

 

Ömrünü gözünün selində yuyub,

Gəlib sükutuna yad olmuşların.

Dünyanın işini dünyada qoyub,

Artırıb sayını atılmışların -

Qocalar evində rəqs edən ana.

 

Ölüb oğul-qızla öpüşü daha,

Bilmir, bu dünyanın nə zamanıdı.

Yıxılıb əksindən gülüşü daha,

Üzü sevincinin qəbristanıdı -

Qocalar evində rəqs edən ana.

 

Gecələr gözündən qaçıb yuxusu,

Oğlunun üstünü örtüb qayıdır.

Onu atanları atmır duyğusu,

Hər kəsin hayına yetib qayıdır -

Qocalar evində rəqs edən ana.

 

Daha saçlarından ağdı qarğışı,

O kimə qarğasa günü olar.

Qocalar evində qəmdi tanışı,

Qəmsiz də rəqs edib oynamaq olar?

Qocalar evində rəqs edən ana.

 

Süzür, göz yaşının əlindən tutub,

Əl çalır, oynadır xəcalətini.

Dərdini hamıdan uzaq, gen tutub,

Tanrıya saxlayıb şikayətini -

Qocalar evində rəqs edən ana.

 

Gəlinmi köçəcək? Fatası yoxdu,

Vaxt çatıb, zamansız yerə gedəcəkg

"Vağzalı" çalınır, xatası yoxdu,

Burdan da ölümə ərə gedəcək -

Qocalar evində rəqs edən anag

 

 

HARALISAN

(Məmməd Araza)

 

Bu millətin dərdlərini çeşid-çeşid saydım ki mən,

Kəpəz, Qoşqar ucalıqda "haralısan" dağı da var.

"Haralısan" qılıncının qanı axdı ürəyimdən,

Öyrəndim ki, "haralısan" qılıncının çarxı da var.

 

Hansı soydan, addan gəlir bu ayrılıq, bu özgəlik, bu ögeylik,

Bəlkə ulu babamızın "haralısan" əhdi varmış?!

Xanlıq oldu, bəylik oldu bu mənəmlik, bu yekəlik,

"Haralısan" ərki ilə bizə kimin qəsdi varmış?!

 

Xətainin ana dili bölməyibdi bütövlüyü,

"Haralısan" yozumunu doğrayaram tikə-tikə!

Ana yurdu bölünənin ölməyibdi bütövlüyü,

Ana yurdu "haralısan" xanlığına bölək bəlkə?!

 

"Haralısan" ölkəsini xəritədə göstər mənə,

"Haralısan" ölkəsinin fəxri oğlu, vətəndaşı!

"Haralısan" torpağında hünər, qeyrət becər mənə,

Qaytar ana ünsiyyətin, ulu dilin hörgüsünə,

"Haralısan" sapandında ilim-ilim itən daşı.

 

"Haralısan" dəyirmanı dən üyütmür, "Mən" üyüdür,

Bir-birinə sürtülən daş iki əlin kölgəsidi...

Nadanlığı adamlığa qarışdırıb tən üyüdür,

Bu yanğıya su axıdan "haralısan" bölgəsidi.

 

Sən qırdığın bir güzgüyəm, hər zərrəmdə bütövəm mən,

Türk oğluyam, Təbriz haqqı, Dərbənd haqqı, Göyçə haqqı.!

Bu millətin dərdi kimi bir rəngdəyəm, bir növəm mən,

Laçın haqqı, Şuşa haqqı, Bakı haqqı, Gəncə haqqı!

 

Bülövdaşı niyyətinlə "haralısan" çarxalayırsan,

"Haralısan" mismarından papağını asan kişi...

"Haralısan" sınağında sən özünü yoxlayırsan,

"Haralısan" məktəbində inşa yazı yazan kişi...

 

 

Söylə görüm, haralıdı bu məzarlar, daş oğullar,

Yetim qalan göz yaşları, qul gözəllər haralıdı?!

Bu torpağın hörgüsünə baş qoyublar baş oğullar,

Məzarlara gül daşıyan dul gözəllər haralıdı?!

 

"Haralısan" uçrumundan yoxluğuma yuvarlandım,

Hökm eləyən "haralısan" ağalığı, xanlığıdı.

"Haralısan" baltasının ağzı boyda yaralandım,

Alnımdakı dərin qırış "haralısan" çapığıdı...

 

Bu sualı verməyiblər məhbusa da, əsirə də,

Haralısan Uzun Həsən, Qara Yusif, Məmməd Araz?

Bütövlüyü yarma çəkdik sükut adlı kirkirədə,

Bu süfrədə "haralısan" çörəyi var, yemək olmaz!

 

Mən bu xalqın qarışqası, fili boyda düşünürəm,

Yerə qoysan yeri əyər "haralısan" yükün sənin.

Mən gecələr ulduzları ürəyimə düşürürəm -

Qorxuram ki, ulduz ola "haralısan" görkün sənin!

 

"Haralısan", zindanında döydüyün söz nə gündədi,

"Haralısan" qalayının "haralısan" görükçüsü!

 

"Haralısan" namərdliyi başının hər tükündədi,

"Haralısan" kəhərinin yəhərçisi, hörükçüsü.

 

Sən barama qurdu dərdə yarpaq-yarpaq yedirt məni,

Vətən qalıb bircə addım, bük şalına, papağına!

"Haralısan" çatlarının arasıyla yerit məni,

"Haralısan" yalı içirt, "haralısan" köpəyinə.

 

Yazıq Vətən, qandı yuxun, mürgün sənə,

Soruşmurlar səndən niyə "haralısan"?!

Ulu Tanrı, qorxuram ki, bir gün sənə,

Batdığımız günah deyə: "haralısan"?

 

MƏNİM ÜRƏYİMİN ÇATI ARAZDIR

 

Ünlədim, keçmədi ün arasından,

Pərdədir, asılıb çən arasından...

Azərlə Baycanın tən arasından,

Bir qəmli çay axır, adı Arazdır!

 

Dünya anasıdı yas ilə toyun,

Durnalar, dərdimi dənləyin, doyun...

O tay qara oyun, bu tay ağ oyun,

Bu Vətən şahmatdı, matı Arazdır!

 

Suyunu ovcuma içirəmmirəm,

Boyunu gözümə köçürəmmirəm,

Üstündən o taya keçirəmmirəm,

Göz yaşım suyunda batır, Arazdır!

 

Tikanlı məftillər yolları boğdu,

Bu yurdda torpaq da, ölüm də toxdu...

Yüz ildir çağırıb ayıldan yoxdu,

Həsrətə baş qoyub yatır, Arazdır!

 

Qar altda gizlədib dağlar sirrimi,

Arazdan göyərdib fikirlərimi...

Gəlişsiz-gedişsiz körpülərini,

Əynindən soyunub atır, Arazdır!

 

Azdı qayğısına ömür vətənin,

Adını, haqqını bölür vətənin.

Hər gün sınığında ölür vətənin,

Məzarı Xəzərə çatır, Arazdır!

 

Dağlar da yaylıqdı - göz yaşı silən,

Bölüb yolları da, vətəni bölən...

Bir xalqın ağrısı sığışa bilən,

Mənim ürəyimin çatı Arazdır...

 

BİR DƏ MƏN İDİM...

 

Məlikməmməd nağılıydı dünya o zaman,

Buğda-buğda ayrılırdım uşaqlığımdan.

Yol gəlirdik doğmalığın uzaqlığından,

Əlim idi, ətək idi, bir də mən idimg

 

Yonca boyum yolda qoydu yovşan boyumu,

Ögeylərim görüb aldı nişan-boyumu,

Harayladıq zirvələrdən aşan boyumu,

Sevgi idi, ürək idi, bir də mən idimg

 

Yadımdadı, həsrətini öydük bir gecə,

Durnaların harayına dəydik bir gecə,

Gedib sənin pəncərəni döydük bir gecə,

Yağış idi, külək idi, bir də mən idimg

Qar yağmışdı, quşsuz idi soyuq bir yuva,

Tüstüsünə buxarıydıq yananda soba.

Köksümdəki döyüntüdə çıxmışdıq ova,

Qorxu idi, tüfəng idi, bir də mən idimg

 

Gəncliyimlə bir gün qışdan yaza gedirdik,

Hissimizin yamacında lalə bitirdik...

Şəklimizi bir bulaqda salıb itirdik,

Arı idi, çiçək idi, bir də mən idimg

 

Vaxt dayanır, bu dünyadan adam köçəndə,

Qara yerin yuxusunu qatan köçəndə...

Tabutuna çiyin verdik atam köçəndə,

Ruhu idi, mələk idi, bir də mən idim...

 

SÖZÜN KÖYNƏYİNDƏ GƏLMİŞƏM, DÜNYA

 

Əməl dərsindəyəm bu kainatda,

Hesabım cəmlənir vaxtda, saatda.

Sənə qaranquşun köksünün altda,

Durna lələyində gəlmişəm, dünya.

 

Mələklər göylərdə ulduz sayanda,

Bəxtin gözü qalıb ulduz payımda.

Narağacı gecə ulduzlayanda,

Bir nar çiçəyində gəlmişəm, dünya.

 

Xəbərçi küləyin pıçıltısında,

Sənə kəpənəyin pıçıltısında,

Arıyla çiçəyin pıçıltısında,

Bir bal pətəyində gəlmişəm, dünya.

 

Qəlbimə nur düşüb, tanrı təbindən,

Min yol kəsilmişəm bəxt məktəbində.

Mən sənə qələmin mürəkkəbində,

Sözün köynəyində gəlmişəm, dünya.

 

Dərə sevgisinn, dağ məzarının,

Quran ayəsində sirli yazının.

Mən sənə anamın - o türk qızının,

Oğul diləyində gəlmişəm, dünya.

 

Sözün canındadı andı şairin,

Hər sözü xətadı, qandı şairin.

Aydın Murovdağlı adlı şairin,

Sənə ürəyində gəlmişəm, dünya.

 

ədalət.-2015.-25 iyun.-S.6.