NAR GİLƏSİ, NAR DƏNƏSİ, AZƏRBAYCAN TƏNTƏNƏSİ

I Avropa Oyunları Təşkilat Komitəsinin Sədri Mehriban xanım Əliyevaya.

 

Qədim Oğuz diyarında

Bu gün dostluq bayramıdır.

Qobustanın daş yazısı,

Əbədiyyət ehramıdır.

Qoy dünyaya olsun bəyan -

Bir yumruqda əlli milyon,

Nar giləsi, nar dənəsi -

Azərbaycan salnaməsi.

 

Avropaya saldı səda,

Musiqimin qələbəsi.

Sazı, sözü bir sərvətdir,

YUNESKO-dan gəlir səsi.

Məna dolu bir həyatdır,

Tar-kamandır, muğamatdır,

Nar giləsi, nar dənəsi -

Qarabağın zənguləsi.

 

Millətlərin arasında

Öz yolum var, nizamım var.

Ulu Heydər yadigarı,

Polad qollu İlhamım var.

Məşəlimi tutdu uca,

Yürüş etdi Yurd boyunca,

Nar giləsi, nar dənəsi -

Qalibiyyət təranəsi.

 

Nar çiçəyi şərəf tacı,

Atəşgahdan od püskürür.

Vətənimin vüsətini,

Saf ürəkli gözlər görür.

Dostlar olur qonağımız,

Gül-çiçəkdir qucağımız,

Nar giləsi, nar dənəsi -

Qoy ucalsın Haqqın səsi.

 

Gəlin siz şahid olun,

Ölkəmdəki bu vüsətə.

Ay-ulduzlu bayraq altda,

Dörd rəngilə dörd cəhətə.

Görün necə örnək olmuş,

Nağıl deyil, gerçək olmuş,

Nar giləsi, nar dənəsi -

Odlar Yurdu əfsanəsi.

 

Vüqarlıdır dağlarımız,

Bəhrəlidir bağlarımız.

Himnimizin sədasıyla,

Dalğalansın bayrağımız.

Tarixlərdə qalacaqdır,

Zəfərlərin ünü, səsi,

Nar giləsi, nar dənəsi -

Vətənimin təntənəsi.

 

ədalət.-2015.-25 iyun.-S.6.