HƏR GÜN GÖRÜŞDÜYÜM ADAM

Onun təbəssümü də danışır

 

"İçimdəki adamlar"

Onunla həyatda üz-üzə gəldiyimiz günü çox dəqiq xatırlayıram. Çünki bu elə bir tarixi an idi, elə bir zaman kəsiyi idi ki, onu unutmaq mümkün deyil. Və bu an, bu zaman həm də təkcə mənim üçün yox, həm də Azərbaycan üçün də önəmli idi. Mən də bu Azərbaycanın bir sıra nəfəri kimi öz içində coşub-daşan, dalğalanan Azərbaycan adlı dəryanın necə sakitləşəcəyini, necə durulacağını gözləyirdim. Amma tam səmimiyyətimlə etiraf edim ki, həmin o zamanda mənim suların nə vaxtsa durulacağına o qədər də böyük ümidim, inamım yox idi. Təbii ki, bunun da əsas səbəbi yurd-yuvamdan didərgin düşməyim, necə deyərlər, günün günorta çağı evimin-eşiyimin əlimdən alınıb özümün zorən qaçqın həyatının qoynuna atılmağım idi. Bax, belə bir məqamda, belə bir gərgin durumda onunla qarşılaşdıq, onunla üz-üzə gəldim. Amma ona qədər...

Az-çox ədəbiyyata, sözə bağlı olduğumdan sovet dönəminin barmaqla sayılan və hər kəsin də sevimlisi olan bir neçə ədəbi məcmuəsi var idi -"Ulduz", "Azərbaycan", "Qobustan" jurnalları və bir də daha çox ədəbiyyata yer ayıran "Azərbaycan gəncləri" qəzeti. Təbii ki, bir də "Ədəbiyyat və incəsənət" qəzeti... Bax, bu söz yüklü ədəbiyyat daşıyıcısı olan qəzetlərin, jurnalların səhifələrinə düşmək, ordan Azərbaycan oxucusuna üz tutmaq hər adama nəsib olan iş deyildi. Hətta aylarla, illərlə növbə gözləyən, yazıları redaksiyaların arxivində az qala kiflənən imza sahibləri olub ki, onların vaxtında araya-ərsəyə çıxmağa imkan verilmədiyindən elə öz içlərində sönüblər. Bəziləri də "bir atımlıq barıtla" çəkilib gediblər. Məhz bu sadaladığım söz dünyasında ədəbi camiyədə qarşılaşdığım imzalardan biri də Səyyad Aranın imzası olub. Yenə bir oxucu olaraq etiraf edim ki, eyni dörvdə yaşayıb, eyni dövrdə sözə könül versək də, mən Səyyad Aranın 80-ci illər ədəbi yaradıcılığını özüm üçün maraqlı bir tapıntı hesab edirəm. Çünki onun yazı üslubunda, xüsusilə dilində mənə şirin gələn, məni özünə çəkən çalarlar var idi. Ona görə də bu imza ilə qarşılaşanda heç vaxt vərəqi çevirməmişəm. Həmişə oxumaq və nəyin necə yazıldığını öyrənmək istəmişəm. Həmin o oxuduğum Səyyad Aranla nə vaxtsa, özü də burulğanlı bir gündə, zamanda qarşılaşacağımı nə düşünmüşdüm, nə ağlıma gətirmişdim. Görünür, bizim görüşümüzün tale yazısı qaçqınçılıqla, didərginliklə bağlı imiş. Yəni qoynuna atıldığım bu ağır həyatın bir işığı da Səyyad Aran olmalı imiş...

Bəli, Qarabağın dağlıq hissəsi demək olar ki, bütünlüklə işğal olunmuşdu. Biz bu bölgənin köklü-köməcli sakinləri Xocavənd rayonunun qışlaq sahəsi olan Haramı düzündə məskunlaşmaq məcburiyyətində qalmışdıq. Onda 1992-ci il idi... 92-ci ilin bir payız günü məkunlaşdığım uşaq bağçasındakı hücrəmə bir ismarıc gəlib çatdı. Dostlar xəbər göndərmişdi. O vaxtlar Xocavənd rayon polis şöbəsinin rəisi işləyən Sahib Həsənov işçilərindən birini arxamca göndərmişdi. Gələn polis nəfəri bircə kəlmə dedi:

- Rəis dedi ki, qonaqlarımız var, buyurub gəlsin...

Təbii ki, müdriklərin bir deyimi var, indi onu xatırlatmağın yeridi. Müdriklər söyləyib ki, "çağrılan yerə ar etmə, çağrılmayan yeri dar etmə". Mən də bu kəlama söykənərək dəvət olunduğum yerə üz tutdum. Açığını deyim ki, gözlərimə inanmadım. Çünki həyatda dəfələrlə qarşılaşdığım, bir yazı adamı kimi həmsöhbət olduğum mərhum akademikimiz Fərəməz Maqsudov məclisin yuxarı başında əyləşmişdi. Otaqda bir xeyli adam var idi. Onlardan biri də şəkildən tanıdığım Səyyad Aran idi. Məclis xeyli davam etdi. Sonra başqa bir ünvanda açılmış süfrə arxasına toplaşdıq. Demək olar ki, burda da əvvəlki söhbət nöqtə vergülünə kimi davam etdirildi. Yəqin bu yazını oxuyanda düşünəcəksiniz ki, Fərəməz Maqsudovun, eləcə də Səyyad Aranın həmin 92-ci ildə Beyləqan səfəri nə ilə bağlı idi və burada söhbət nədən, kimdən gedirdi. Mən də marağınızı nəzərə alıb deyə bilərəm ki, bəli, mərhum akademikimiz Səyyad Aranla birlikdə bu bölgədə Yeni Azərbaycan Partiyasının yaradılması üçün, Ulu Öndərimizlə bağlı fikirləri ictimaiyyətə çatdırmaq üçün gəlmişdilər və onları da xalqımızın böyük oğluna inamları, sədaqətləri ilə seçilən insanlar qarşılamışdılar...

Bəli, həmin məclisdə mən həmkarım Səyyad Aranla xeyli söhbət etdim, onun maraqlı fikirlərini dinlədim və anladım ki, ixtisasca filoloq olan Səyyad müəllim daxilən həm də bir siyasətçidi. Özü də torpağa, millətə, onun ümid yerinə bağlı olan siyasətçi. Bu insan qarşısına qoyduğu məqsəd üçün gərəkli olan addımların hamısını atmağa daxilən hazırdı. İndi kimsə deyə bilər ki, başqaları da bu proseslərdə özünü müxtəlif prizmalardan göstərib. Ancaq mən bir şeyi anlayıram, başa düşürəm ki, Səyyad Aran həmin hərəkata içinin tələbiylə, ürəyinin səsiylə qoşulmuşdu. Onun məqsədi özünü reklam etmək, özünü Heydər Əliyevin əsgərləri sırasında göstərmək deyildi. Sadəcə, bu insan bu torpaq üçün, bu dövlət üçün və bu xalqın xilaskarı üçün gərəkli olan yerdə dayanıb çiyninə düşən yükü daşımağa hazır olduğunu ifadə edirdi. Nümayiş etdirmirdi yox, sadəcə ifadə edirdi. Onu dinləyəndə, onun söylədikləriylə Səyyad Aranın özünün həyatını paralelləşdirəndə aydın olurdu ki, daxili tələbatla can atılan məqsəd həmahəngdi, bir-birini tamamlayır...

Beləcə tanış olduq Səyyad Aranla. Yeri gəlmişkən, həyatımda ilk dəfə özümü də tərifləmək istəyirəm. Həmin görüşdə məni gələn qonaqlara təqdim edəndə Səyyad müəllim dedi ki, "tanıyıram Əbülfəti, oxuyuram yazılarını". İndi özünüz fikirləşin, həyatda maddi olan nə varsa hamısını itirmiş, uşaq bağçasına sığınmış bir yazı adamı haqqında söylənilən bu sözlərin nə boyda çəkisi var, nə qədər əhəmiyyəti var... Mənə olan bu münasibət mənim Səyyad Arana olan oxucu münasibətimi təzələdi, onun rəngini, onun durumunu, onun miqyasını dəyişdi. Hiss etdim ki, sözüylə, yazısıyla tanıdığım bir qələm adamı hamının yanında, hər kəsin eşidəcəyi tonda, özü də tam səmimiyyətlə söylədiyi bircə kəlmə ilə ürəyimin qapısını açdı. Hansı ki, o qapıdan içəridə mənim iç dünyamın adamları yaşayırlar...

İllər ötdükcə artıq Səyyad Aranla təmasım genişlənməyə, şaxələnməyə başladı. Onu ictimai həyatın üst qətanda görmək, onunla məclislərdə iştirak etmək, onunla həmsöhbət olmaq təkcə bir jurnalist kimi yox, həm də bir dövrün şinelindən çıxmış iki söz adamı kimi dərdləşmək mənim alın yazımın ən yadda qalan sətirlərindən oldu. Və mən həmin o təmaslardan, o söhbətlərdən bir daha anladım ki, Səyyad Aran ilk görüşdə tanıdığım, qəbul etdiyim durumundan geri çəkilməyib, dəyişməyib. Doğrudur, illər ona da öz təsirini göstərib, onun da yaşının üstünə yaş gəlib. Amma onun əqidəsində, onun inamında, onun həyata baxışına və bir də silahı olan qələmə sədaqətində o, olduğu kimi qalır. Tutduğu vəzifələrdən, göz önündə olmasından asılı olmayaraq, Səyyad Aran Azərbaycan oxucusu üçün öz yazıçı çalarlarını, yazıçı imkanlarını həmişə bülövlü saxlayıb, onu solmağa qoymayıbdı. Hər yeni kitabında bunu rahatca görmək, duymaq mümkündü...

Mən Səyyad Aranı öz həmkarlarına, yəni söz, qələm adamlarına olan münasibətlərində də dəyişməz gördüm. Həyat təxcrübəmədən, şahidi olduğum məqamlardan çıxış edərək deyə bilərəm ki, Səyyad müəllimin söz adamlarının necə ürəklə getdiyini dəfələrlə müşahidə etmişəm. Jurnalistlərə, mətbuata qarşı göstərdiyi sayğını, diqqəti də bura əlavə etsəm, heç də yanılmaram. Hətta olub ki, bunu müxtəlif zamanlarımda hansısa bir məsələyə münasibət öyrənmək, hansısa problemin çözümünə əl uzatması üçün ona telefon açmışam. Sonra da onun özüm onun səmimiyyətinə, onun göstərdiyi diqqətə heyranlığımı gizlədə bilməmişəm. Bir dost, bir iç adamı kimi necə həvəslə, necə maraqla, zövq ala-ala, nəticəyə sevinə-sevinə onun önə düşdüyünü, problemi çözmək üçün əlindən tutduğu adamla birlikdə qapılar döydüyünü ən azı kənardan seyr etmək şəxsən mənə həm könül rahatlığı verir, həm də bir ümid işığının alovlanmasına şərait yaradır. Baxıb görürsən ki, doğurdan da dünya yaxşılardan, diqqətlilərdən, qayğıkeşlərdən fani deyil. Sadəcə, həyatın yükünün, problemlərinin çoxluğu zamanın məhdudluğu bəzən bir çox məsələlərin vaxtında həll olunmasına imkan vermir. Amma buna baxmayaraq, Səyyad Aran dostlar üçün, xüsusilə söz adamları üçün zamandan zaman kəsməyə həmişə imkan tapır, həmişə buna maraq göstərir...

Günlərin birində Səyyad müəllimə telefon açdım. Ondan bir məsələni çözməkdə yardımçı olmasını istədim və bildirdim ki, imkanı, vaxtı olanda bu məsələyə bir diqqət, nəzər yetirsin. Həmin günün axşamı mobil telefonuma zəng gəldi. Səyyad müəllim idi. O, problemin çözüm yollarıyla bağlı fikirlərini mənimlə bölüşdü, məsləhətlərini, tövsiyyələrini verdi. Onun bu operativliyi həqiqətən məni kövrəltdi. Təşəkkürümü bildirəndə Səyyad müəllim vurğuladı ki, mən bir dəfə demişəm, yəqin ki, yadında qalıb:

- Əbülfət Mədətoğlunun yazılarını oxuyuram və ona böyük hörmətim var...

Hə, həmin 1992-ci ilin payızı təkrar yadıma düşdü. Onda yenidən anladım ki, əqidə adamı olmaq, məslək daşıyıcısı kimi bütün erroziyalardan qorunmaq hər insana nəsib olmur. Çünki o nəsiblik Səyyad müəllimdən yan keçməyib...

Bugünlərdə Səyyad müəllimlə söhbət edəndə vurğladı ki, mən səninlə hər gün görüşürəm. "Ədalət" stolüstü qəzetlərimdən biridi. Sən məni az-az görürsən, mən hər gün "Ədalət"də səni görürəm...

Doğurdan da hər gün bir-birini öz içində görmək, bir-birini öz içində salamlamaq çox müsbət bir keyfiyyətdi, gözəl bir haldı. Kaş ki, biz öz çevrəmizdə olanları, öz dostlarımızı, ən vacibi isə iç dünyamızın adamlarını hər gün görə bilək, hər gün onların səsini, sözünü eşidə bilək. Zənnimcə bu, təkcə həmin o iki tərəfin yox, həm də bütün cəmiyyətin xeyrinə atılmış addım olar. Axı qarşılıqlı anlayış, qarşılıqlı səmimiyyət inamdan, ümiddən, etibardan, ən vacibi isə adamların bir-birinə diqqətindən xəbər verir. Deməli, bunlar olan yerdə hörmət və sevgi də hamıya öz qollarını açır...

Mən bu yazını bilgisayara diqtə edərkən ürəyimin pıçıltılarının necə qəbul olunacağını heç ağılımın ucundan da keçirmirəm. Çünki yazını diqtə edən elə ürəyin özü idi!..

 

ədalət.-2015.-25 iyun.-S.5.