O MƏSTAN Kİ...

ƏDƏBİ HƏYAT

 

 (Şairin 80 yaşı bu ay tamam olur)

Məstan Dəmirçioğlu. Məstan Əsrikli. Məstan Məsum. Məsum Əliyev. Məstan Əliyev. Məstan. Məstan Günər.

Bu imzalar əlli ildən artıq poeziya yolçusu olan bir şairin tanıtmaları idi. Amma hansı imzaynan çıxış etməyinə baxmayaraq bir şeirindən, hətta bir misrasından bilirdik ki, bu şeir Məstanındır.

Bəli, o, dəmirçi oğlu idi. Sonralar onun misraları da elə bil dəmirçi kürəsindən çıxmışdı. Möhkəm, özüllü. İsti.

Bəli, o, Tovuzun Əsrik-Cırdaxan kəndində anadan olmuşdu. Atası müharibədə həlak olmuşdu. Anası böyütmüşdü onu. Sonralar ən gözəl şeirlərindən birini anasına həsr etmişdi. O şeiri Azərbaycan poeziyasında ən lirik, ən həzin, ən duyğulu ANA şeirlərindən biri hesab edirik.

 

Səndən ötrü qəribsədim,

a saçları yovşan anam.

Yaş ötdü, yaşın hökmünə

öyrəşən, uyuşan anam.

 

Yeri taxıllı, tənəkli,

zər naxışlı, gül döşəkli,

göyü göyərçin bəzəkli,

çöllərə yaraşan anam.

 

Sellər ilə süpürləşən,

çətin günlərdə kürləşən,

göyçək əli kömürləşən,

birçəyi qarlaşan anam.

 

Fikirli yatsa gecələr -

yuxusunu qatsam əgər,

gördüyünü səhər-səhər

sulara danışan anam.

 

Şeir insan hisslərinin poetik ifadəsidir bu şeirdə poeziyanın bütün komponentləri öz əksini tapmışdır. Birincisi; təsvir olunan Ana obrazına diqqət yetirək... Son dərəcə milli koloritlidir. Ona yaraşdırılan təşbehlər çox dəqiq seçilmişdir: ana saçlarından yovşan iyi gəlir. Yovşan elə bir bitkidir ki, çöllərdə bitir. Qəribə, gözəl qoxusu var. O qoxunu ancaq çöldə, kənddə-kəsəkdə yaşayanlar duya bilər. Saçın yovşana bənzədilməsi oğul həsrətinin bir ifadəsi deyilmi? Kənddən ayrılıb şəhərdə yaşayanlar həmişə çölü, çəməni xatırlamışlar. Çöl genişlikdir təbiətin gözəlliklərini özündə əks etdirir. Ananın çöllərə təşbeh edilməsi maraqlı tapıntıdır. "Birçəyi qarlaşaq ana" - orijinal səslənir. Şeirdə Ana mənəvi planda da görümlüdür:

 

inciyən, kin bilən;

ürəyini tez-tez silən,

ağladığı dəmdə gülən,

küsüb, tez barışan anam.

Yola çıxar köç görəndə,

uçmaq istər quş görəndə,

qollarını boş görəndə,

hərdən qubarlaşan anam.

 

Məstan şeirə elə çöllərdən, kənddən-kəsəkdən, eldən-elatdan, anaların-ağbirçəklərin, ataların-ağsaqqalların mehrindən, aşıqların sazında dillənən havalardan, bulaqların zümzüməsindən, bənövşələrin yaz qoxusundan gəlmişdi. Deyirdi ki: "Mən bənövşə vurğunu idim. Bənövşələr yanında ağlayardım. Niyə ağlayardım, özüm bilmirəm. Yayda yaylaqlara gedərək, çay qırağında köç salardım, ocaq çatardıq mən o ocaq işığında çaya baxardım. Görərdim ki, dalğalar bir-birini qova-qova gedirlər, Ay da sularda üzür. Bu mənzərə ürəyimi titrədərdi. Məni şeirə bax, o yanında diz çöküb ağladığım bənövşələr, bir Ay işığı gətirib". Ancaq o, yalnız ilk gənclik illərini kənddə yaşamışdı, uzun illər şəhərdə-nəşriyyat işində, Radio Televiziya Şirkətində. mətbuatda çalışdı, bir ömrünün son illərində Tovuza qayıtdı. Heç vaxt kənd, təbiət onun yaddaşından silinmədi. Məstanın şair ömrü xalq ruhu ilə xalqın yaratdığı poeziya ilə heç vaxt ayrılmadı.

Məstan Günər ədəbiyyata əllinci illərdə gəlmişdi. Ürəyi dolu idi. Amma bu dolu ürəyi boşaltmaq üçün təkcə təbii ilham, istedad kifayət etmirdi, öyrənmək, müşahidə etmək, şeirdə öz fərdi dəst-xəttini yaratmaq, seçilmək, fərqlənmək lazım idi. O, xalq şeirindən, folklordan öyrənə-öyrənə, müasir şeirin qarşıya qoyduğu tələblərə cavab verməyə çalışdı. Onun yetmişinci illərə qədər yaradıcılığını məhz axtarış dövrü kimi səciyyələndirmək olar. Məstan bu illərdə həm xalq şeiri ənənələrini davam etdirirdi, qoşmalar, gəraylılar yazırdı, həm müasir heca şeirinin müxtəlif şəkillərinə müraciət edirdi. Mövzuları da rəngarəng idi, həyatın, gerçəkliyin hər yönünə baş vururdu, kəndi, təbiəti, eli-obanı unutmurdu, xalqın sevinci ilə yaşayır, qəmi ilə üzülürdü. Yetmişinci-səksəninci illərdə isə artıq o, yetkin bir şair kimi diqqəti cəlb edirdi. Məstan şeiri artıq formalaşmışdı. Xalq şeiri ilə müasir şeirin vəhdətini əks etdirən bu poeziya özünün məxsusi ahəngini, ifadə özünəməxsusluğunu yaratmışdı. O, hamının müraciət etdiyi mövzulara üz tuturdu, amma deyilmiş, təkrar olunmuş fikirlərdən, ifadə üsullarından qaçmağa çalışırdı. Müharibənin ağrı-acılarından o illərin uşaqları - gələcəyin şairləri çox yazdılar. Atasızlıqdan, boysuzluqdan, anaların intizarından Məstan da yazdı. Budur, şair, əsgər məzarları qarşısındadır:

 

Yüz otuz məzar var

Yüz otuz dəfə

yüz otuz kürədə yanır əllərim.

Acı fəryadımı necə eşitsin

qəbirlərdə oda bürünənlərim, -

beşiklərdə daşa bələnənlərim?!

Əsgər məzarda yox, yatar beşikdə;

enirəm sükutla daş pillələri,

yüz otuz beşikdən

durub gəlirəm,

ümidəm yüz otuz evdə-eşikdə.

Yerləri, göyləri, təbəssümləri

Qopardım yüz otuz dərdin əlindən.

Yüz otuz ananı həsrət qoymuşam,

yüz otuz gözəlin sevinclərinə,

yüz otuz görüşə gecikmişəm mən.

 

Məstan şeiri kifayət qədər poetik sənətkarlıq nümunələri ilə zəngindir. Təkcə orijinal təşbehlər, metaforalar bir yana, bu şeirləri oxuyanda qarşında insan hisslərinin, duyğularının coşqun çaylarına, dənizlərinə baş vurursan. Məsələn, sazın insan həyatına, varlığına necə hakim kəsildiyini çox şairlər ifadə edib. Amma Məstan Günərin ifadəsində bənzərsiz bir mənzərə yaranır:

 

Gecələr vadini kimdir ağladan,

orda sevənlərin bağrımı qandır?

Bir saz tüstülənib istər ondan,

sədəfli köksündə yoxsa tufandır?!

 

Ay qalxır uzaqdan, gecədir yenə,

görəsən o kimdir, vadidə təkdir?

Sazını döndərib Kərəm könlünə,

qəsdi çöllərimi kül eləməkdir?

 

Orda Usuboğlu tənha dolanır,

o el nəğməkarı, el aşığıdır.

Sağa göz gəzdirir, sola boylanır,

qolları sazının sarmaşığıdır.

 

Bura qədər Saz Aşıq obrazları təsnif edilir, "qolları sazının sarmaşığı" olan Usuboğlunun "sədəfli köksündə"ki tufanın naləsini, hayqırtısını eşidirik. Ancaq sonra mənzərə dəyişir, düşünürük: "Bülbüllər susanda, güllər yatanda aşığı vadiyə gətirən nədir?" birdən "Qızıl qaya"nın daşına dəyən durnalar xatırlanır, "Qayanın dibində durna qanından aşığın sinəsi qırmızılandı". Ona görə : "Sazı sinəsində, özü yerdəsə, aşığın xəyalı göy üzündədir. Qalan durnalarla verib səs-səsə, ölən durnaların əvəzindədir". Həmin o durnaların qanadları vaxtsız gedənlərin baş daşlarına bənzər.

Məstan Günərin əksər şeirlərində xalqın adət-ənənələri, mərifət dünyası, əxlaqi görüşləri öz əksini tapır və hətta heyrətlənirsən ki, bu qədər bilgi və məlumatı necə əxz edib. O, təbiətdəki hər gülün, çiçəyin, hər daşın, təpənin, bağın, gülüstanın görünüşündə incə mənalar axtarırdı. Ocaq daşında nərgiz ətrini duyur, "aylı buluddan ot tayasına mirvari töküldüyünü" görürdü. Şairliklə rəssamlıq - bu iki sənət sahəsi bir-birinə həmişə qoşa qanad kimi yaxın olublar. Məstanın elə şeirləri var ki, orda sözlərin yaratdığı məna rəssam fırçasından yaranan tabloya çevrilir. "Yaz çağı gilənar çiçəklənəndə zirvədən gədiyə duman enir. Təmiz dağ nəfəsi gətirir kəndə, tayalar şehlənir, çör-çöp nəmlənir". Bu, adi təbiət təsviridir. Amma baxın: "Simləri ağlağan, sevgisi körpə, Kərəm cürəsiydim o yerlərdə mən. Kərəmə dönmüşdü yanıq bir təpə, qolları cığırdan, mizrabı mehdən". Bu isə sözlərin, duyğuların yaratdığı mənzərədir.

Məstan müasir şeirimizdə qoşma ustası kimi özünü sevdirə bildi. Heca şeirimizin bu forması Məstan şeirində özünün yeni ifadə tərzi ilə yaşayır, - desək, yanılmarıq. Onun qoşmaları XX əsr insanının, daha doğrusu, sevən aşiqin könül çırpıntılarını əks etdirir. Bu qoşmalarda Vaqif şeirinə məxsus nikbinlik sanki yenidən üzə çıxır. Gözəllikdən zövq almaq, sevdiyi gözəlin həm daxili, həm də zahiri portretini yaratmaq, məhəbbətin, sevginin ötəri hiss olmadığını sübut eləmək bu qoşmaların mahiyyətini təşkil edir.

 

Söylə, yadındamı, yaz aylarıydı,

Tutmuşdun əlində dəstə gülləri.

Gördün yaranışdan gül xəstəsiyəm,

Verdin ki, qoxlasın xəstə gülləri.

 

Canımda qırx ilin intizarıdı,

Taxtı dönsün, nə deyəsən, tanrıdı.

Güllər göyərçin yadigarıdı,

Hara qoyum bu şikəstə gülləri?

 

Unutmaq çətindir o boy-buxunu,

Görür hər gün el sinəmin oxunu.

Ötürübdü Məstan ömrün çoxunu,

Kimə verim son nəfəsdə gülləri?

 

Məstan Günər həm tanınmış bir uşaq şairi idi. Bu sahədə uğurları az deyildi Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdü. Heyf ki, bugünkü ibtidai sinif dərsliklərində onun şeirlərinə rast gəlmirik.

Onun bir qoşmasının qəribə taleyi olub. Aşıqlar onu böyük şairimiz Səməd Vurğununki hesab edirdilər. Amma çap olunandan sonra əsl müəllifi məlum oldu. Elə sözümüzü o qoşmayla bitirək. "Ruhu şad olsun", - Məstanın deyək:

 

Gedirəm, ay ellər, sözüm-söhbətim,

Neçə şirin-şirin dillərə qaldı.

Cüyürlü yamaclar, ceyranlı çöllər,

Körpə çiçəklərə, güllərə qaldı.

 

Gözümün önündə durar həmişə,

Otlu biçənəklər, yamyaşıl meşə.

Mən ki, aparmıram şehli bənövşə,

Çöllərdə bitmişdi, çöllərə qaldı.

 

Elə çalma çoban qardaş, tütəyi,

Bir görüşərik dağlar küləyi!

Məstanın bu yerə qonaq gəlməyi,

Deməyin aylara, illərə qaldı.

 

ədalət.-2015.-26 iyun.-s.15.