HACI MAHMUD ƏFƏNDİ

 

 (əvvəli ötən şənbə sayımızda)

İndi isə haqqında söhbət açdığımız kitabda, Sufi və təriqət şairi, filosofu kimi təqdim olunan Camal Ağa Dibazinin Hacı Mahmud Əfəndi haqda yazdığı məkirli və qərəzli fikirlərinə qayıdaq:

"Şeyx Hacı Mir Həmzə əfəndi həzrətlərinin üstündə bir məscid və bir türbə binası qoyulmuş, tədbirlər görülmüşdür. Hər bir vilayətdən və ələlxüsus Qafqazdan pullar, minlərlə xalılar, taylar ilə yövmən-fəyyumən göndərilir idi. Haman türbənin məsarifi üçün bir müddət içərisində hasilə gəlib və civarində gözəl mədrəsələr yasalıb, bir mərtəbədən iki mərtəbəyədək tikilib hasil olmuşdur...

Bu tərəfdən vasitələr ilə əl kağızı ilə məzun olan Qazaq qəzasının İncəli kəndində sükunət edən Hacı Mahmud əfəndi Mövlanə şahın əl kağızı ilə xilafətə keçən bir molla olub, xilafətdə avvam cəmaətin arasında bir böyük şöhrətə nail olmuşdur. Mövlanə şahdan sonra bunun ziyarətinə gələn avvam çəmaətimiz - elimsiz vəhşi cəmat (sufi təlimi görmüş alimin fikirlərinə nəzər yetirin - M. D.) axın-axın olub tökülüb gələrdilər. Küllü məbləğlərlə və töhfələrlə yığıb gətirərdilər ehsanlarını, zəkatlarını və qeyri-qeyri Hacı Mahmud əfəndinin evinə təslim edərdilər. Varidatdan bir an geri durmazdılar. Guya ki, avam cəmaətə behişt vermək vəd etmiş kimi bunları aldadırdı. Kəllələr ilə qənd, boğazı qumroylu erkəklər, boğazı kəlağayılı inəklər, cöngələr, dürlü-dürlü yeməklər gətirirdilər...

... Guya ki, burası böyük bir şeytan yuvası olub, doğmaz qadınlar, qısır övrətlər "olar" niyyətinə yığışıb sovqatlar ilə gələrdilər. Orada müftəxor lotular özlərini dəliliyə vurub orada yaşardılar. Qadınlar, lotu dəlilər bir odada yığılıb dınqır çalıb. Çılpaqlanıb oynardılar, çırağı keçirib qarışardılar bir-birinə. Hacı Mahmuda xəbər verərdilər, "işiniz yoxdur, eşq və məhəbbət aləmidir". Hacı əfəndi babasının ocağında sanki xəlqin gözünü bağlayıb varını soyurdu, alırdı..."

Mərifətdən kənar "Sufi ülamsı"nın qərəzlərini çox uzatmaq istəmirəm. Bilirəm ki, söyüşiftiraya bənzəyən hər kəlmə iman əhli olan hər bir adamı qəzəbləndirəcək. Nəqşibəndi alimi, Sufi şairi kimi təqdim olunan müəllifin belə qərəzli kəlamlarıyla tanış olduqca, Şəriyyət, Təriqət, Mərifə və Həqiqət təlimi görmüş müriddən çox, dinin imanın düşməni olan kommunist bolşeviklərini xatırlayırıq. Bu təbii haldır ki, insan qüsursuz olmaz və yəqin ki, Hacı Mahmud Əfəndi, nüfuzu, hörməti ilə digərlərini kölgədə qoyurdusa deməli rəqibləri, düşmənləri də yaranacaqdı. Bu hallar Peyğəmbərimizin dövründə də olub, dünən də vardı, sabah da olacaq. heç şübhəsiz görünür bu hallar Camal ağa Dilbazi və özünə mürşid sayrığı Yəsari Hüseyn Xülusi əfəndi arasında da belə ixtilaflar olub və Hacı Mahmud Əfəndinin nüfuzu qarşısında məğlub olaraq qisaslarını bu kimi iftiralara almaq istəyiblər.

Müqəddəs ocaqlar, ziyarətgahlar bütün bölgələrdə və ölkələrdə var. Hər bir Allahını sevən iman sahibi xalqın inanc və müqəddəs məkanlarına hörmətlə yanaşır, ora yad nəfəslərin belə toxunmasına imkan vermirlər. İncəli deyilən üç para kəndin mənəviyyat və inanc yerini təhqir etmək, camaatını dəli və fahişə adlandırmaq nə dərəcədə doğru sayıla bilər? İnanc yerinin belə təhqir olunması Böyük, dağdan ağır Qaraçöp, Borçalı ellərindən axın-axın olub gələn iman sahiblərini, bu müqəddəs məkanı özlərinə and yeri seçmiş Şıxlıların, Salahlıların və digər ətraf kəndlərin şərəf və ləyaqətinin təhqir olunması deyilmi?

Hirsinin, hikkəsinin, nifrətinin əlində əsir olan bu "sufi şairi", eynən özündən güclüyə gücü çatmayıb axırda ana söyüşü söyən bir cocuğa bənzəyərək, hətta Hacı Mahmud əfəndi xəlifəliyini Maviyyənin xəlifəliyinə bənzədir.

Elə bilirəm ki, çox qəzəblə başladığım bu yazını oxuyan imanetiqad sahibləri məni anlayacaqlar. Zaman-zaman Hacı Mahmud Əfəndi Ocağı mübarək könüllərin yaraşığı, ümidsiz insanların ümid çırağı olaraq yaşamaqdadır. Amma İsmayıl Umudlunun toz basmış arxivdən tapdığı bu Sufi şairi İndiyə qədər heç Dilbazilərin özlərinin belə yadına düşmürdü. Əgər belə olmasaydı İndiyə qədər bu şair saralmış dəftərlərdə qalmazdı. Və əminəm ki, ön söz müəllifi bu qərəzli sözləri, fikirləri kitaba salmasaydı, Camal Ağa Dilbaziyə bir şair kimi sayğı və sevgiyarana bilərdi...

Mənim indi söyləyəcəklərim Allaha inananlaronu sevənlər üçündür. İnsanın və bütün kainatın yaşamı və nizamı o böyük yaradana məxsusdur. Bəzən elə düşünürlər ki, pirlərə, ocaqlara imaninam gətirənlərin arzularını iman gətirdikləri pirlər nazil edir. Qətiyyən belə deyil. Hər bir dua edən kəs bu müqəddəs məkandan Allaha dualar edirlər. Ona görə pirlərə, inanc yerlərinə üz tuturlar ki, orada iblis nəfəsi və qara qüvvələrin çamırı yoxdur. Belə müqəddəs məkanlardan edilən dualar Allaha əyan olur.

Mən çox çalışdım yazımda nifrət və qəzəb olmasın. Sadəcə bilmək istərdim ki, Sufi şairi kimi təqdim olunan Camal ağanın Hacı Mahmud Əfəndiyə ünvanlanmış bu balaca bölməsini kitabdan çıxara bilməzdilərmi? Axı bu bölmə insanda qəzəb və ikrahdan başqa bir duyğu oyatmır. İnanıram ki, belə olsaydı, bu kitab böyük sevgilərlə qarşılanardı. Əgər bunu etməyiblərsə, deməli, bu işdə Tərtibçinin və maliyyəçinin xüsusi maraqları var.

Haşiyə:

Doxsanıncı illərdə bir neçə "Şahqulu alim" İrana gedib, yorulmadan, ərinmədən Koroğlu dastanının İran nüsxəsini tapdılar. Azərbaycan dilinə tərcümə edərək çap etdirdilər. Mərhum şairimiz Akif Səməd həmin kitabı mənə göstərərək: "Hamı getdi quş gətirdi, Şahqulu bayquş gətirdi", - deyib kitabdan parçalar oxudu. Türkün qəhrəmanlıq dastanı burada təhqir olunmuşdu. Koroğlu düşmən tərəfindən tutulmuş, qolları bağlanmış, gözü qabağında qadınının namusuna toxunulmuş, Koroğlu isə qorxusundan Koroğlu olduğunu boynuna almamışdı. Başqa bir səfərdə Eyvazı Çənlibelə gətirməyə getmiş, Eyvazın gözəlliyinə vurularaq onu qaçırmış, tərkində oturtduğu Eyvazın bədəni arxadan ona toxunduqca ehtirası coşmuş və qarşı dərəyə enməyə tələsmiş ki, Eyvazı orada zorlasın. Əlbəttə olduğu kimi olmasa da məzmunu təxmini beləydi. O zamanlar Akif Səməd təkbaşına bu "Şahqulularla" savaşdı, hətta televiziya ekranlarına qədər böyütdü həmin məsələni.

Tərtibçiyə və himayəçiyə sonda ona görə sağ olun deyərəm ki, kitabı cəmi 200 nüxsəylə buraxıblar. Bu ondan irəli gəlməyib ki, vəsait korluğu olub. Elə olsaydı kitabı bu qədər nəfis şəkildə buraxdıra bilməzdilər. Sadəcə görünür öz şəcərələri üçün buraxıblar.

Son olaraq bir balaca əhvalatı da yazaraq, nəticə çıxarmağı buraxaq tərtibçi ilə himayəçinin öhdəsinə.

2000-ci illərin əvvəllərində Tovuzlu Əli Quluyev Bozalqanlı aşıq Hüseynin yeni çapını hazırlayırdı və ön sözü yazmağı Akif Səməddən xahiş etmişdi. Kitabın rəssam işlərini isə mənə tapşırmışdı. Akif kitabı oxuyarkən Qaymaqlı İbrahim koxaya yazılmış həcvə gözü sataşır. Bir zamanlar Tovuzlularla İncəlilərin az qala qan düşmənçiliyinə gətirəcək bu həcv artıq yaddan çıxma ərəfəsində bunun yenidən çap olunması Akifi çox narahat etdi. Xahiş etdi ki, bu həcvi kitabdan çıxarsınlar. Elə də oldu.

Çox sonralar isə buna bənzər bir hadisə oldu. Yen Tovuzlular Xəyyat Mirzənin yubileyinə kitab hazırlayarkən onun portretini işləməyi məndən xahiş etdilər. Kitabı toplayan Bağban Baba bir cızma-qara şəkil gətirdi ki, təxminən Xəyyat Mirzənin cizgiləridi. Mən o cizgilərdən istifadə edərək öz təfəkkürümün Xəyyat Mirzəsini yaratdım övladları da çox bəyənmişdilər. İri bir sarayda təntənəli yubiley tədbiri baş tutdu, Milli məclisin vəkili Qənirə Paşayeva bu işin əsas dəstəkçisi idi giriş sözüylə gözəl bir çıxış yapdı. Kitabların bir hissəsi orada paylandı. Evə gələndə kitabı vərəqlədim, İbrahim koxaya yazılmış həcvin dastan şəklində versiyasını oxudum dərhal Bağban Babaya zəng edib söylədim ki, bir zaman Akif Səməd bu şeiri Hüseyn Bozalqanlının kitabından çıxarmışdı. İndi siz dastan şəklinə salıb vermisiniz. Köhnəlmiş ədavəti yenidən alovlandırmaq nəyə gərək. İbrahim koxanın da törəmələri var. Bu qisası sizdə qoymazlar... s. Bağban Baba Qənirə xanımla məsləhətləşmiş, elə həmin günü bütün kitablar yığılaraq yandırılmış yenidən 500 nüxsəylə həmin əhvalatsız çap edilmişdir.

Unutmaq lazım deyil ki, Hacı Mahmud Əfəndinin çox böyük şəcərə tarixi var. Azərbaycanda Seyidovlar, Tükiyədə, Amasyada oğlanları Əhməd əfəndinin Veys əfəndini Qaramanlı şəcərəsi Böyük Türkiyədə nüfuz sahibləridirlər hətta Böyük Millət Məclisinin millət vəkilinə qədər yüksəlmişlər.

Bəzi hallarda əsəbimi cilovlaya bilməyərək söylədiyim kobud ifadələrimə görə, oxuculardan üzr diləyərək İsmayıl UmudluKamil Dilbazi əfəndilərdən xahiş edərdim ki, bu yazımı qərəz kimi qəbul etməsinlər. Hacı Mahmud əfəndi aşiqlərinin, müridlərinin, Qərb bölgələrimizin nifrət və qınaqlarına tuş gəlməmək üçün nə edəcəklərini düşünsünlər.

 

Ədalət.-2015.-26 iyun.-S.10.