"Ədalət"in vaxtı: Ağəli İbrahimovla

 

“Bütün zamanlarda layiqli insanlar, əsl, mərd kişilər, yaxşı-pis adamlar olub”

 

Zaman və insan qarşılaşdırması, münasibətləri haqqında mülahizələr heç bir düşünən beyindən yan keçmir. Sadəcə, bunları düşünmək üçün insana bir an, məqam gərəkdir: vaxtı yetişəndə Əlahəzrət Zaman özünü xatırladır. Amma zamanı yaradıcı insanların qələmində, fırçasında görmək,  ona, həmçinin öz düşüncələrinə kənardan baxmaq deməkdir. Bəlkə də zamanla ən çox çarpışan da yaradıcı insanlardır: həm özləri üçün, həm də başqaları üçün bu mübarizəni təsvir etməyə çalışırlar. "Ədalət”in vaxtı”nda bu dəfə zamana rəssam düşüncəsi və fırçası ilə yanaşdıq:

Azərbaycanın xalq rəssamı Ağali İbrahimov -  1946-cı il fevralın 6-da Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-1966-cı ildən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2007-ci ildə "xalq rəssamı" fəxri adına layiq görülüb. Hazırda Rəssamlar İttifaqının katibidir.

 

 

... Və Ağali İbrahimovun zaman anlayışı:

 

"Bildiyimiz qədər bilirik, amma bilmədiyimizin sonu yoxdur”

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zaman nə əvvəli, nə də sonu olmayan, Yaradan tərəfindən bəşəriyyət üçün təyin olunmuş bir prosesdir. Niyə məhz bəşəriyyət üçün? Çünki Allahın qatında zaman və məkan anlayışı yoxdur və ya tamamilə bizim anlamayacığımız tərzdədir. Bəşər üçün nəzərdə tutulan zaman anlayışını isə insan övladı sona qədər dərk edə bilməyib. Biz bildiyimiz qədər bilirik, amma bilmədiyimizin sonu yoxdur. Ta qədimdən insanları bu anlayış maraqlandırıb, bizə qədər gəlib çatan daş kitabələrdə, papiruslarda, Brahmanların fəlsəfəsində, sonralar səmavi dinlərdə bu barədə çox danışılıb, ayrı-ayrı müdriklər bu barədə maraqlı fikirlər yürüdüblər, lakin nə qədər bəhs olunsa da zaman insan üçün anlaşılmaz qalıb. Böyük alim Eynşteyn deyirdi ki, "mən bir olan Tanrını tanıdım, onun necə yaratdığını bilirəm, amma nə üçün yaratdığını bilmirəm”.

Mənim fikrimcə, həyata gəlmiş insan yaşadığı ömür boyu kim olub və kim olaraq da yaddaşlarda qalacağını düşünməlidir. Yəni, hər bir düşünən insan, mütləq kimliyini və bu həyata niyə gəldiyini, məramını dərk etməlidir. Təbii ki, bu hər adama nəsib olmur. Yerdən səmaya – doğuşdan ölümə gedən yol hamar deyil. Dahi Nizami Gəncəvinin belə bir sözü var: "Yer üzündə elə get ki, çalış otları da incitməyəsən, ona da ağır olmasın”.  Amma müdriklərin sözlərinə əməl olunsaydı nə vardı ki! Təəssüf ki, bütün zamanlarda insanlar nəinki otları, bütövlükdə təbiəti, insanlığı incidiblər. Xüsusən indi elə bir zamanda yaşayırıq ki, millətlərin, dinlərin bir-birinə nifrəti sonsuz dərəcədə artıb.

 

"Bu günün materializmi insanları korlayıb”

 

– Deyirsiz, yəni zəmanə korlanıb?

– Zəmanə yox, insanlar korlanıb... Bu günün materializmi insanları korlayıb. Əslində, elə bir dövran olmayıb ki, orda müharibə olmasın. Tarixə baxsaq, hər bir zamanda müharibələr, itkilər, dağıntılar olub. Bəzi müharibələrin ağrıları, psixoloji fəsadları indi də çəkilir. Amma bugünkü zamanın nifrəti idarəolunmaz hala gəlib. İnsanlar artıq bir-birini başa düşmək istəmirlər. İnsan kəşf etdikcə, imkanları, şəraiti yaxşılaşdıqca mənəviyyatdan uzaqlaşır, maddiyata üz tutur. Bax, vaxtilə Cordano Brunonun, Qalileyin və digər alimlərin əllərinin altında heç bir vəsait yox idi. Kor-koranə ulduzları, qalaktikanı öyrənirdilər, amma bu gün müxtəlif icadlar, qurğular, texnika ola-ola onu lazımi istiqamətə yönəltmirlər, yəni qurmurlar, əksinə dağıdırlar.

 

– Belə çıxır ki, cəmiyyət inkişaf etdikcə, texnika irəlilədikcə insan və ya insanlıq geriləyir...

– Bəli, tamamilə düz buyurdunuz. Bu da insanlığı məhvə aparır. Dünyanın çox ölkəsində olmuşam, hər yerdə də fəsadlara rast gəlmişəm. Bəlkə də sıravi insan buna barmaqarası baxa bilər. Amma yaradıcı insanı çox narahat edir. Mən o insanlardanam ki, həyatda hər zaman müşahidəçi olmuşam. Yaşadığım bütün zamanlarda gördüklərimi düşünmüşəm, nəticə çıxarmağa çalışmışam. Adicə heyvanlarla münasibətdə çox şey öyrənmişəm. İllərdir saxladığım bir itim var idi, artıq iki ildir ki, yoxdur, amma mən onu hər gün düşünürəm, onun mənə sədaqətini xatırlayıram. Acınacaqlıdır ki, insan heyvanı əhilləşdirir, onu bəsləyir, heyvan da əvəzində ölənə qədər ona sadiq qalır. Amma insanlar əsrlərdir bir-birləri ilə münasibətdədirlər, yanaşı yaşayırlar, bununla belə bir balaca araları korlanan kimi düşmənə çevrilirlər, o duz-çörəyi unudurlar, vəhşiləşirlər. Mən "Soyqırım” adlı rəsm üzərində işləyirdim. Bu əsərə başlamazdan öncə ermənilərin təkcə Qarabağ müharibəsində deyil, ondan öncə, yəni əvvəlki əsrlərdə Qubada, Şamaxıda törətdiyi qətliamlar haqqında oxudum, hətta o ərazilərdəki  kütləvi məzarlıqların şahidi oldum. İnanın ki, dəhşətə gəldim! Axı qonşu olduğumuz, çörək kəsdiyimiz, sovetlər dönəmində bir ideya altında yaşadığımız millət necə belə vəhşi ola bildi?! Bax, elə insanlığın məhvi də budur!

 

"Zaman insanın mənəviyyatı ilə yanaşı formasını da dəyişir”

 

- Zamanla dəyişən nələr sizi narahat edir?

- İnsanların mənəvi hisslərlə bağlı düşüncələri: məsələn mənim üçün xoşbəxtlik odur ki, başqalarını xoşbəxt edə biləsən, insanlığın yaxşılığını istəyəsən. Amma kimsə xoşbəxtliyin əsl mahiyyətini dərk etmədən ondan danışanda əsəbləşirəm: hardasa incidilən, zorlanan qadınları görüb, buna əhəmiyyət verməyib sonra da qadınlara olan sevgidən necə danışmaq olar?! Başqasının çətin şəraitinə göz yumub, onun yanında var-dövlətdən necə dəm vurmaq olar?!

Narahat edən məsələlərdən biri də insanların hər şeyi normal kimi qəbul etməsidir. Zaman insanın mənəviyyatı ilə yanaşı formasını da dəyişir: artıq 3-cü cins də yaranıb – saqqallı qadın, özündə həm kişini, həm qadını birləşdirən insan, Evrovizion yarışmasında gördük...

Zamanla nələr dəyişmir ki! Bu gün qəbul etdiyimiz gözəllik anlayışı belə zamana tabedir: İntibah dövrünün Mona Lizası bu gün olsaydı heç üzünə baxmazdılar: qaşsız, sönük qadın. Bu günün də arıq gözəlləri o vaxta düşsəydi qəbul olunmazdı. Zamanın özü yox, tələbləri, şərtləri dəyişir...

 

 

 

– Maraqlıdır, zaman anlayışını öz rəsmlərinizdə işləmisizmi?

– Mənim belə bir əsərim var: "Sonun əvvəli”, orda zamanı bir proses olaraq ardıcıl şəkildə, yaradılışından tutmuş, bəşəriyyətdə əhəmiyyəti, dəyişkənliyinə qədər yaratmağa çalışmışam. Orda insanlar şeytan və mələk obrazında müxtəlif dövrlərdə, müxtəlif obrazlarda təqdim olunub. Bu elə zamanın özüdür! İnsanın zaman içində dəyişkənliyi... Bütün rəssamlar öz yaradıcılığında zamana yer veriblər. Çünki bu proses onları çox düşündürüb. İstər impressionizmdə, istər kubizmdə və yaxud sürrealizmdə zaman anlayışı aparıcı mövzulardan olub...

 

– Elə sürrealizmdə dayanaq: Bəlkə də, zamanla əlaqəli xüsusi diqqətlə işləyən, hətta bu məhfumu sadə insanlara belə çatdırmağı bacaran ən yaxşı rəssam Salvador Dali olub. Onun təkcə "Axan saat”ı zaman haqqında nələr  "danışır”. Yeri gəlmişkən, qolunuzdakı saat da Salvador Dalinin məşhur "Axan saat”ı formasındadır... Bu, Daliyə olan sevgidəndir, yoxsa zamana xüsusi yanaşmadır?

– (Gülür) Müşahidə qabiliyyətiniz yaxşıdır.

 

– Siz danışdıqca, əllərinizi sözlərinizə uyğun hərəkət etdirdikcə, təsadüfən gözümə dəydi... Amma maraqlı təsadüf oldu: zaman haqqında söhbət və gerçəklikdən yuxarıda, dayanmadan axan vaxt...

– Ümumiyyətlə, təkcə rəssamlar deyil, bütün yaradıcı insanlar bəşəri, ilahi prosesləri öz əsərlərində əks etdirməyə çalışıblar. Maraqlanıblar, yaradıblar, göstəriblər... Nə dərəcədə hamısında alınıb, bunu elə zaman özü göstərib. Əlbəttə ki, zaman və rəssam deyəndə ilk ağla gələn də Salvador Dali olur. Onun bütün rəsmləri realizmin üstündə, öz qəribəlikləri ilə "danışır”. "Axan saat” da həmçinin. Zamanın necə axıb getdiyini, vaxtın necə qısa olduğunu sadə, amma dərin mətləbdə çatdırır. Təbii ki, Daliyə bir rəssam kimi heyranam, üstəlik zamana da yaradıcı insan kimi xüsusi yanaşmışam.

 

"Hər şeyə ancaq mədəniyyət, incəsənət və ədəbiyyatla qalib gəlmək olar”

 

  Həm sovetlər, həm də müstəqillik dönəmini yaşamaq sizə nəsib olub, hansı dövrdə yaradıcı insanlar üçün daha rahat idi?

– Qeyd etdiyim kimi indi insanlar daha maddiyatçı olublar, xüsusilə gənclər. Onları sənət, kitab az maraqlandırır. Sovet dönəmində, yadıma gəlir, əlimizdən kitab düşməzdi. Bir maraqlı kitab tapanda dostlar arasında onu oxumaq üçün növbə tutardıq. Sovet vaxtı da yaradıcılığa diqqət vardı, amma bu gün, məhz bizim ölkəmizdə mədəniyyət və incəsənət sahəsinə ayrılan diqqət, mən deyərdim ki, heç başqa ölkələrdə yoxdur. Ümumiyyətlə, müstəqillikdən sonra 20 il ərzində qazandığımızı heç 70 ildə qazanmamışdıq. İstər iqtisadi inkişafımız olsun, istərsə də mədəni sahədə. Azad, müstəqil bir dövlətdə yaşayırıq, asılacağımız yoxdur. Muğama, rəssamlığa, xalçaçılığa, filmlərə çox böyük vəsaitlər xərclənir, başqa ölkələrdə təbliğ olunur. Yeni yaradıcı nəsil yetişdirilir. Çünki insanlarımız çox yaxşı anlayırlar ki, bu dünyada hər şeyə ancaq mədəniyyət, incəsənət və ədəbiyyatla qalib gəlmək olar. Bizim bir millət olaraq üstünlüyümüz də ondadır ki, çox istedadlı xalqıq. Bizim soy kökümüz, gözəl ənənələrimiz var. Bundan yararlanıb, öz adət-ənənələrimizi, milli mədəniyyətimizi gərək daha da yaşadaq, təbliğ edək.  Yaşlı nəsil sovetlər kimi qatı bir sistemdə öz milli mədəniyyətimizi, mənəvi sərvətimizi böyük çətinliklə qoruyub bu günə çatdırdı, gənc nəslə təhvil verdi. Gənclərin də işi bunu yaşadıb, özündən sonrakı nəslə layiqincə ötürməkdir.

 

- Həyatınızda vaxt itkisi olubmu, "kaş ki vaxtımı boşa keçirməyəydim”, - deyə təəssüflənmisizmi?

- Olub, əlbəttə. Amma onlar da insan üçün bir təkandır, yanlışdan oyandırıb bir daha onu etməməyə çağırır. Bəzən adam hansısa bir işin vacib olub-olmadığını anlamır, bunu sonradan dərk edir, amma arada itən vaxt olur. Bunsuz da mümkün deyil, səhvlər həmişə olur, gərək onlardan dərs alasan.

 

"Əzizlərin itkisi ilə insan ölümü daha yaxından dərk edir”

 

- Bəs zamanın sizdən aldıqları necə, çoxmu olub?

- Ən ağrılı məqamlarım bu sualın cavabındadır. Zaman illəri alıb, yaxşı dostlarımı, əzizlərimi alıb. Qohum-əqrəba Allahın verdikləridir, onları adam özü seçmir, amma əlbəttə ki, itkiləri ağrıdır. Ancaq dostları insan özü seçir, ən çətin, ən yaxşı günlərini onlarla keçirir. Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əlövsət Əliyev və başqa yaxın dostlarım, yəni bizim yaş dövrünün yetirmələri o vaxt 10-12 nəfər dostlar idik. Yığışardıq Buzovnada emalatxanaya, işləyərdik, söhbətləşərdik. Çox gözəl günlərimiz vardı... Ən gözəl anlarımı əziz dostlarımla keçirmişəm. Lakin burda başqa bir məqam da var: əzizlərin itkisi ilə insan ölümü daha yaxından hiss edir, onu dərk edir və ölümə hazır olur. Anlayırsan ki, bu qapıdan keçməlisən və ölüm xofu nisbətən yüngülləşir.

 

 

- Yəqin ki, rəssam planlı şəkildə yaşamaz...

- Yaradıcı insanların özünəməxsus həyat tərzi olur, onlar bəzən, hətta çox hallarda özlərinə qapanırlar, başqa ənənələrlə yaşayırlar. Azadlıq onlar üçün hava, su kimidir. Həyatda qul olmaq asanddır, azad olmaq çox çətindir. Çünki azad olmaq üçün gərək mübarizə aparasan, nələrdənsə imtina edəsən ki, buna da hər adamın iradəsi çatmır. Azad olanda insan bilir ki, kimdir, bu dünyaya niyə gəlib və nəyə nail olmaq istəyir. Ancaq cəmiyyət, həyat tərzi istər-istəməz insanı çərçivəyə salır. Mənim də özümə xas qəribəliklərim var, tələblərim var. Hərdə mənə sual verəndə ki, harada yaşamaq istərdin deyirəm Hindistanda.

 

– Niyə məhz Hindistanda?

– Birinci səbəb günəşdir. Dünyanın çox isti yerlərində olmuşam, amma Hindistan istisi və günəşi başqa aləmdir. Gün işığı da mənim üçün çox önəmlidir. Mən tutqun havanı sevmirəm, günəşli havanı sevirəm. Yaradıcılığımda da işıq əsas xəttdir. Ona görə də Hindistanı təkcə elə gün üçün seçərdim...

 

– Van Qoq kimi... O da elə işıq arzusu, gün bolluğu istəyi ilə günəşli yerlər axtarır, tapanda da çılğıncasına işləyərmiş...

– Elədir! Bilirsiz ki, Van Qoqu maddi cəhətdən qardaşı Teo təmin edirdi, həftəlik yemək xərci göndərirdi. Amma Van Qoq o pulun 3 gününü yeməyə, qalanını da rənglərə boyalara xərcləyirdi. Aldığı o boyalar da günəş altında hədsiz işləməkdən quruyurdu. Rəssam onu qaşıyır, yenidən çəkməli olurdu, bir sözlə günəşlə mübahisə edirdi. Amma günəşlə "mübahisə”nin özü belə çox xoşdur. Mənim Hindistan sevdam günəşdən başqa həm də bu millətin tarixi, fəlsəfəsi, brahmanların kitabələridir: çox diqqətimi çəkir.

 

"İnsan bir zamanda ləyaqətini qoruya bilmirsə, başqa zamanda da edə bilməz”

 

– Məkanı dediniz, bəs dövran olaraq hansı zamanda yaşamaq istərdiniz? Çünki var elə insanlar: öz zamanlarında deyil, başqa dövranda yaşamalı olduqlarını deyirlər.

– Hə belə insanlar var: biri elə mənim qızım (aktrisa və model Naina İbrahimovanı deyir). Bəlkə də oynadığı rolların təsirindəndir, hərdən deyir, ata, kaş mən keçmişdə yaşayardım. O dövrün təmtəraqlı geyimləri onun çox xoşuna gəlir. Amma mən yox, düşünürəm ki, öz zamanımdayam. Bu zamanda rəssamlara yaradılan şəraitdən çox razıyam. O ki qaldı problemlərə hər dövrün öz çətinlikləri var. Problemlərdən qaçmaq yox, onu həll eləmək lazımdır. Eləcə də hər zamanın öz gözəllikləri və ya üstünlükləri var. Bütün zamanlarda layiqli insanlar, əsl, mərd kişilər, yaxşı-pis adamlar olub. Müdrik o insandır ki, yaxşını, pisi bir-birindən ayıra bilir. Bu isə zamandan yox, insandan asılı olan məsələdir. İnsan əgər bir zamanda ləyaqətini qoruyub, işini qura bilmirsə, başqa zamanda da edə bilməz.    

 

- Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

- Müqəddəs Quranda deyilir: Bu günkü günü sabahkı gün kimi yaşa!  Edəcəyi hər əmələ görə cavab verəcəyini insan gərək unutmasın. Həyatı, insanları, işini sevsin. Vaxtını öz sənətinə həsr eləsin. Hər şeyi öz vaxtında eləməyə çalışsınlar.

 

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

 

Şəfiqə Şəfa

Ədalət.-2015.-5 mart.-S.3.