"YEVGENİ ONEGİN"İN YENİ
TƏRCÜMƏSİ: TƏZADLI MÜLAHİZƏLƏR
( ŞAİR
EYVAZ BORÇALIYA AÇIQ MƏKTUB)
Əzizim Eyvaz müəllim!
Şəxsi
tanışlığımız olmasa da, mən Sizi ədəbi
aləmə öz dəsti-xəttiylə gəlmiş,
yüzlərlə gözəl poeziya nümunələri
yaratmış istedadlı şairimiz, iti qələmli
yazışı-senarist ("Mozalan" satirik jurnalını
nəzərdə tuturam.), müxtəlif nəsilləri təmsil
edən şairlərin neçə-neçə şeir
kitablarının peşəkar redaktoru, nəhayət,
abır-həyalı, öz yerini bilən, gözə girməyən
müdrik bir ziyalımız kimi tanıyıram. Sizin
hansısa bir şeirinizin iki misrası:
Hərdən,
birdən,
yerdən,
göydən
uzaq
olmaq istəyirəm.
Uşaq olmaq istəyirəm.
bəlkə də qırx ildir yadımdan çıxmır.
"Ədəbiyyat
qəzeti"nin 9 yanvar 2015-ci il tarixli
nömrəsində Sizin "Yevgeni Onegin"i nə
üçün tərcümə etdim"
başlıqlı məqalənizi maraqla oxudum. Səmimiyyətimə
inanın. Məqalənizin sonuncu abzasında:
"...haqqında bu qədər ətraflı söhbət
açdığım o məşhur bəndi öz tərcüməmdə
təqdim edirəm. Bəlkə tərcüməni
bütövlükdə oxumadan fikir yürüdənlər,
eləcə də hələ ondan xəbərsiz olan möhtərəm
oxucular həvəsə gəlib təklif etdiyin variantı
sonacan oxuyub öz mötəbər fikirlərini söyləyərlər",-deməyiniz
məni subyektiv fikir bildirməyə sövq etdi.
Mətləbə keçməzdən əvvəl onu
deyim ki, poeziyada tərcümə məsələsinə həmişə
ikili münasibət olub - o dövrdə də, indi də. Bədiilik
öz yerində. Bəziləri orijinala
maksimum yaxın, digərləri isə əsərin məzmunu
və ideyasını saxlamaqla çevirmənin lehinədirlər.
Mən birincilərin tərəfindəyəm,
çünki hər şairin özünəməxsus uslubu
var, şeiri oxuyanda müəllifin məhrəm səsini, nəfəsini
duyursan. Tərcümədə də bu səsə,
nəfəsə xələl gəlməməlidir. Əks halda, yəni ikincilərin tərcümələrində
sanki şairin özü deyil, onun fikirlərini özgəsi,
həm də "xaric səslə" dilə gətirir -
sözçülüyə yol verilir, istər-istəməz
bədiilik itir. Birinci yanaşma isə
xüsusi istedad və böyük məharət tələb
edir. Lakin tərcüməçi
orijinalın əsiri də olmamalı, ona ehtiyatla yanaşmalı,
eyni zamanda ana dilinin bədii imkanlarından maksimum istifadə
etməyi bacarmalıdır. Bunları
xatırlamaqda məqsədim var.
Məlumdur
ki, sovet dövründə klassiklərimizin o zaman əlimizdə
olan, ərəb-fars dilində yazdıqları bədii əsərlər
Həmid Araslı, Mirzə İbrahimov, Cahangir Qəhrəmnov,
Məmmədağa Sultanov, Əkrəm Cəfər,
Mübariz Əlizadə və s. kimi görkəmli alimlərimizin
tərtibi və redaktorluğu ilə işıq üzü
görürdü. M. Sultanov və M. Əlizadənin orijinaldan
birbaşa tərcümələrini nəzərə almasaq, sətri
tərcümə olunan belə əsərlər (həcmindən
asılı olmayaraq) səriştəli mütəxəssislərin
yaxından köməyi sayəsində M. Müşfiq, S.
Vurğun, S.Rüstəm, O. Sarıvəlli, Ə.Vahid, M.
Rahim, M.Soltan, Ə. Əlibəyli, Ə. Tələt, İ.
Soltan, H. Hüseynzadə (Arif), Ə. Ziyatay, M. Dilbazi və s.
kimi şairlərimiz tərəfindən dilimizə
çevrilmişdi. Maraqlı da orasıdır ki, M.Sultanov, M.
Əlizadə və Ə. Vahid öz tərcümələrində
bacardıqları qədər əruz vəzninin (bəhrlərin)
qayda-qanunlrını gözləsələr də, təbii
ki, digər şirlərimiz dili bilməsələr də, əruz
vəznini mənimsəməsələr də, yuxarıda
qeyd etdiyim kimi, əsərdəki daxili səsi duya bilmiş və
orijinaldakı ritmin üstündə köklənərək,
uğura nail olmuşdular. Elə həmin zəhmətin
nəticəsidir ki, bu sahəyə bələd olan diqqətli
oxucu Nizamini Xaqanidən, Nəsimini Füzulidən ayıra bilər.
O zaman
xarici poeziya nümunələri (keçmiş podsovet məkanı
daxil olmaqla) dilimizə birbaşa rus dili vasitəsiylə tərcümə
olunurdu və bu sahədə sətri tərcüməyə
ehtiyac da yox idi. Çünki hamı dili
az-çox bilirdi, bilməyən də lüğətdən
yararlanırdı. Orijinaldan tamamilə kənara
çıxan, söz yığınına çevrilən tərcümə
nümunəsi isə nadir hallarda çapa yol tapardı.
Ötən əsrin 30-cu illərindən indiyədək
şairlərimiz və tərcüməçilərimiz tərəfindən
dünyanın müxtəlif xalqlarını təmsil edən
klassik və müasir şairlərin saysız-hesabsız
şeirləri, iri həcmli poeziya nümunələri, həmçinin
şeir antologiyaları, o cümlədən Bayronun,
Şekspirin əsərləri, eləcə də Dantenin
"İlahi komediya"sı, Hötenin "Faust"u kimi
neçə-neçə monumental əsərlər
böyük uğurla dilimizə çevrilmişdir, əlbəttə,
rus dilindən. Beləliklə, mükəmməl
bir tərcümə məktəbimiz yaranmışdır.
Sizin də qeyd etdiyiniz kimi, rus şeirinin özünəməxsus
vəznləri var ("Ahəng" adlandırmaq daha
düzgün olardı.) -yamb, xorey, daktil, amfibraxiya. Lakin hər hansı rus şeirinin Azərbaycan dilinə
tərcüməsində həmin vəznlərdən istifadə
etmək qətiyyən mümkün deyil, yaxud əksinə.
Demək, bu məqamda əsas rolu daxili səs və
bu səsin kökləndiyi ritm oynayır. Məhz
bu səbəbdən S. Vurğun "Yegeni Onegin"in tərcüməsində
böyük ustalıqla klassik heca vəznindəki onbirliyi -
(6+5) bölgüsünü seçib. Əsəri
orijinaldan oxuyanda da bunu bütün varlığınla,
açıq-aşkar duyursan, sanki misralar əl-ələ
verib, ürəyəyatan həzin bir ahənglə səslənərək,
axar su kimi baş alıb gedir. Çayın
nəğməsindən yorulmaq, bezmək olarmı?! Dastan təhkiyəli bu mənzum roman başqa vəzndə
bədii keyfiyyətini də, oxunaqlığını da itirərdi.
Bəzən adama elə gəlir ki, Puşkin onu
Azərbaycan dilində yazıb. Şair
Puşkini bizə belə sevdirib.
Rus dilinin formlaşmasında müstəsna rol oynayan
"Yevgeni Onegin" nəinki Puşkinin öz
yaradıcılığının, hətta
bütövlükdə ümumrus ədəbiyyatının
şah əsəridir. Xoşbəxtlikdən, belə bir əsəri,
dahi Azərbaycan şairi Səməd Vurğun tərcümə
etmişdir. (Təəssüf ki, indi
"dahi" sözünü o qədər
ucuzlaşdırıblar ki, eybəcər bir yarlıq kimi,
özü də bəh-bəhlə hər yoldan ötənin
boynundan asırlar. Siz böyük səmimiyyətlə
S. Vurğunu "XX əsr Azərbaycan poeziyasının
möhtəşəm sütunlarından biri kimi" dəyərləndirirsiniz
və bu, Sizin böyü ürək sahibi
olmağınızdan irəli gəlir.) Hələ
keçmiş Sovet İttifaqı miqyasında bu tərcümə
ən yaxşı tərcümə kimi yüksək qiymətləndirilmişdi.
Ümumiyyətlə şairlərimiz Puşkini
həmişə sevə-sevə tərcümə etmişlər.
Şeirləri istidir, ürəyəyatımlıdır,
nədənsə onu özümüzə daha yaxın
sayırıq. Bəlkə də bu istilik
onun qanındadır. Axı Puşkinin ulu
babası İbrahim müsəlmandır.
Mən
1974-cü ildə M.F.Axundov adına Rus Dili
və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan
Universiteti) bitirmişəm və qaynar tələbəlik illərində
iki dahini - Sabiri və Vurğunu yenidən kəşf eləmişəm.
Sabirin həyat və
yaradıcılığını dərslikdən öyrənmiş
və bir neçə satirasını əzbərləmişdim.
Nekrasovu oxuyandan sonra "Hohopnamə"ni vərəqlədim
və heyrətimdən donub qaldım":İlahi,
mənim Sabirim nə boyda nəhəng imiş!" Özü demişkən, "elə bir qocaman dağdır
ki" zirvəsini görmək qeyri-mümkündür.
Bu heyrətimin nəticəsi "Bir gecənin
poeması" ("Elm və təhsil" nəşriyyatı,
2012.) oldu. İkinci kursda oxuduğum zaman
artıq rus dilindən az-çox başım
çıxırdı. Puşkin
yaradıcılığını keçəndə
"Yevgeni Onegin"in tərcüməsini orijinalla sətir-sətir
tutuşdurdum və dəhşətə gəldim. S.
Vurğunun bütün yaradıcılığını
(yarımçıq qalmış "İnsan" pyesindən
başqa) demək olar ki, əzbər bilirdim, lakin belə heyrətlənməmişdim.
Bu böyük şəxsiyyətin sənətkarlığına
heyran qalmışdım.
Yuxarıda qeyd etdiyim kimi, səriştəsiz mütərcim
bəzən şeirdəki bir fikri açmaq üçün
hətta bir neçə mənasız misranın əlində
"girinc" qalır. "Onegin"in hər bölümü
14 misradan ibarətdir. Əsər boyu.
əvvəldən axırdək hər bir
bölümü, qafiyələnən hər misranı, həmçinin
hər sətrin mənasını olduğu kimi və öz
yerində saxlamaq yalnız qeyri-adi istedada nəsib ola bilər.
Digər tərəfdən, bu, son dərəcə
əzablı, üzücü, məşəqqətli bir
işdir, ağır zəhmətdir. Şairin
özü demişkən," ömrünün iki ilinə
yanmasa da, alnının inci tərini axıdıb", lakin
sevdiyi şairin bu möhtəşəm əsərini dilimizə
çevirdiyinə görə də qürur hissi keçirir.
Mən bu tərcümədə dilimizin nə qədər
zəngin, nə qədər gözəl olduğunu hələ
o vaxt yəqin etmişdim (Nəsrimizdə isə bu gözəlliyi
və zənginliyi S. Rəhimovun "Şamo"epopeyasında
hiss etmişəm.).
Əsəri Sizin tərcümənizdə tam oxumasam da,
özünüz birinci bölümə və ikinci
bölümün ilk misrasına istinadən mülahizə
yürütdüyünüzə və oxuculara fikir söyləməyi
təklif etdiyinizə görə mən də bununla kifayətlənməli
oldum. Qorki
adına Ədəbiyyat İnstitutunda müəlliminiz
professor Gennadi Nikolayeviç Pospelovun niyə Oneginin əmisini
"abırlı, həyalı", Oneginin özünü
isə "dəcəl", şuluq"( sizin təbirinizcə
desək, "haylaz") adlandırması mənə qəribə
gəldi. Görəsən professor nəyə əsaslanıb?
Yəqin o, Belinskidən bu yana əsər
haqda deyilən fikirlərə "yenilik" gətirmək,
hamıdan fərqlənmək istəyib. Yazıq Belinski
dirilib, ona cavab verməyəcək ki... Mən
hamının fikrinə hörmətlə yanaşıram,
lakin özümün inandığım həqiqəti kimsəyə
güzəştə getmirəm. Axı,
fakt faktlığında qalır. Daha
aydın təssəvür yaransın deyə, yaxşı
olar ki, əvvəlcə orijinalı və hər iki tərcüməni
əyani olaraq diqqətə çatdıraq.
Puşkin
Oneginin diliylə deyir (Bu, həm də baş qəhrəmanın
daxili monoloqudur.):
I
"Moy
dyadya samıx çestnıx pravil,
Koqda ne v
şutku zanemoq,
On uvajat
sebya zastavil
İ luçşe vıdumat ne moq.
Eqo primer
druqim nauka;
No, boje
moy, kakaya skuka
S
bolnım sidet i den, i noç,
Ni otxodya ni şaqu proç!
Kakoye
nizkoye kovarstvo
Polujivoqo
zabavlyat,
Yemu
poduşku popravlyat,
Peçalno
podnosit lekarstvo,
Vzdıxat
i dumat pro sebya:
Koqda je çyort vozmyot tebya?"
II
Tak dumal
molodoy povesa,
Letya v
pıli na poçtovıx.
S.
Vurğunun tərcüməsi:
I
"Mənim
qayda güdən və nizam sevən
Əmim xəstələnib
yatanda gerçək,
Hörmət
etdirərdi özünə cəbrən;
Ağlına yaxşı şey gətirməyərək.
Hər
halı özgəyə bir dərddir, ey vah,
Ancaq nə
ağırdır oturmaq, Allah,
Gecəli,
gündüzlü bir naxoş ilə,
Yanından
getməyib bir addım belə,
Nə qədər
alçaqca bir hiylədir, bax,
Bir
yarımcanlının nazını çəkmək,
Onun
yastığını tez-tez düzəltmək,
Könülsüz
ağzına dərman aparmaq,
Sonra
köks ötürüb deyinmək ki, sən
Nə vaxt cəhənnəmə itiləcəksən?"
II
Belə
düşünürdü o gənc sərsəri,
Tozlu poçt yolunu çapıb keçərək.
Sizin tərcüməniz:
I
"Ən
dürüst əxlaqmış abrı, isməti:
Mənim
xəstə əmim ağır çağında
Canı cəfasına
hörmət gözlədi,
Olmadı
kimsədən umacağı da;
Necə
sıxıntıdı, ya Rəbb, insana,
Xəstənin
yanını kəsdirib durmaq,
Gecəli-gündüzlü
boynunu burmaq:
Ən rəzil
riyadır belə saatda
Nazıyla
oynayıb bir yarımcanın,
Vaxtında
yetirib dava dərmanı,
Yastıq
düzəldərkən başının altda,
Üzdə
ah çəkəsən, qəlbdə deyəsən:
Nə vaxt gedəcəksən cəhənnəmə sən?"
(ardı var)
Ədalət.-2015.-5 mart.-S.7.