"BELƏ YAXŞIDI" VAQİF BƏHMƏNLİ...

 

ƏDƏBİ HƏYAT

 

Ədəbi dərgilərdə ən çox Vaqif Bəhmənlinin şeirlərini oxuyuram. Bu "çox" sözünü xüsusi hallandırmaq istəmirəm. Bir dəfə hansı tədbirdəsə ona çox yazmağı irad da tutdular. Amma şairə pis şeir yazdığına, öz səviyyəsini aşağı saldığına görə irad tutulmalıdı.

Vaqif - mənim adaşım doğrudan da çox yazır, amma əsas məsələ budur ki, yaxşı yazır. Mənə bağışlamadığı iki kitabı - "Hamı" və "Belə yaxşıdı" əlimin altındadır, bir də "Azərbaycan" jurnalının builki ilk sayında iyirmi beş şeiri.

Bu şeirləri oxuyurambu günümüzün ovqatını, çevrəmizdə baş verən hadisələri, olayları, günün reallıqlarını, Qarabağ harayını, Xanın səsini, Ağabala Abdullayevin "Segah"ını, insanın bu təzadlı zəmanədə ürəyiynən baş-baş verməsini, çox olmayan sevincini, az olmayan kədərini, doğulduğu Bəhmənli kəndi ilə bağlı yaddaşından silinməyən xatirələrini izləyirəm, hələ də içində yaşayaniçini qocalmağa qoymayan sevgi duyğuları ilə baş-başa verirəm. Misralar mənə tanış gəlir - təmiz Azərbaycan dilində, bu günün şairinin ədəbi dil normalarına tam uyğun.

Min dəfə, milyon dəfə belə bir sual verilir: ŞEİR nədir? Məncə, şeir elə hissdir, duyğudur, sözlərin addım-addım, pillə-pillə ürəkdən dodağa, dodaqdan səsə, səsdən sehrə çevrilməsidir. Şeir Füzulinin, Sabirin, Səməd Vurğunun, Şəhriyarın, Rəsul Rzanın, Bəxtiyarın, Hüseyn Arifin, Nəbi Xəzrinin, Məmməd Arazın, Ramiz Rövşənin, Vaqif Bayatlının, Zəlimxanın, BehrudininVaqif Bəhmənlinin yazdıqlarıdır.

 

Ərşə-fərşə qapalı

ən dərin sirrə girdim-

sözdə!

Atımı qoçaqlığın

güllü bağına sürdüm-

sözdə!

Zər atıb bəxti uddum-

sözdə.

Arazı içib qurutdum-

sözdə.

Qoşun çəkib -

Təbrizi tutdum-

sözdə.

Yenə bir qoşun çəkib

Şuşanı tutdum-

Sözdə.

Qeyrət deyilən xislət

nə sizdədi, nə bizdə.

Sözdə,

sözdə,

sözdə.

 

Vaqif Bəhmənlinin poeziyası Sözlə davranmağın, Sözün canından musiqini, ritmi, mənanı, enerjini çıxarıb şeirə çevirməyin bir örnəyidir. "Artıq çoxdan unutmuşam, həyatım mənim həyatımdır, yoxsa şeirlərimin həyatıdır" - bu da qırx ilə yaxın bir söz vurğununun gəldiyi qənaətdir. Mən Vaqif Bəhmənlinin öz etirafında şeirə necə gəldiyini sizə xatırlatmaq istəyirəm: "Mənim, eləcə də eyni dövrdə yaradıcılığa başladığımız istedadlı qələm dostlarının istedadını görən, dəyərləndirən ustad sənətkarlar olub, özüçox olub. Bizim Füzuli rayonunun yetirməsi olan, zəhmətkeş, istedadlı bir şair vardı - Mətləb Misir. 6-cı sinifdə oxuduğum vaxtdan ta universitetə daxil olduğum günə qədər bütün şeirlərimi məktubla ona göndərmişəm, qonşu Gecəgözlü kəndinə. O, bezib-usanmadan yolladığım "şeirləri" oxuyub düzəlişlər aparıb, məsləhətlərini yazıb, bəzi hallarda rayonda çızan "Araz" qəzetində çap elətdirib". Allah Mətləb Misirin ruhunu şad eləsin, belə bir istedadlı cavana qayğı göstərib.

Vaqifin şeirləri haqqında ilk məqalələrdən birini də mən yazmışam. Onun yetmişinci illərdə, "Azərbaycan" jurnalının öz qapılarını istedadlı cavanların üzünə taybatay açdığı dövrdə "Heykəllər" silsiləsindən şeirləri dərc edilmişdi. O şeirlər Vaqifin böyük ədəbiyyatda ilk qələbəsi desəm, - yanılmaram.

Bəhmənli Azərbaycan şeirinin həm qoşma-gəraylı-heca, həm də sərbəst şeir məkanına yaxşı bələddir. Qoşmalarında, heca şeirlərində klassik texnolojiyanı nöqtəsinəcən hifz edir, amma unutmur ki, o, XX-XXI əsrlərin şairidiroxucuya təzə söz deməlidir..

Vaqifin "Heyrət", "Belə", "Quyu", "Xoşbəxt yalquzaq", "Cinli adam", "Kişinin göz yaşı", "Sağlığında cəza verin insanlara" şeirlərini son illərdə yazdığı ən yaxşı poeziya nümunələri hesab edirəm. Bu şeirlərdə yaşının bu çağında da axtarışdan yorulmayan bir qələm əhlinin poetik uğurları ilə qarşılaşırsan. Misal üçün, götürək "Xoşbəxt yalquzaq" şeirini. Burada lirika ilə epik xətt vəhdətdədir: şeirdə şairin bağ səyahətindən söz açılır: "Yaşıl yarpaq içində nar qızarır köz kimi, qumluqda qarağatın kilkəsi saçaq-saçaq. Uca boylu evkalipt naz eləyir qız kimi, deyir: Boyun çatırsa, gəl, belimi quc, qoçaq!" Sonra isə belə bir etiraf: "Beş addım o tərəfə, beş addım bu tərəfəgXoşbəxtliyin özüymüş demə xırda bir bucaq. Məni yetirdin, Allah, görboyda şərəfə - Nə nazir var burada, nə arvad var, nə uşaq". Çox səmimi bir etirafdır. Bu etirafa görə şairi-lirik qəhrəmanı qınamaq olmaz. O öz tənhalığına, "xoşbəxtliyin özü olan" "xırda bir bucağa" qovuşub. Burada yalquzaq səadəti bir bucaq xoşbəxtliyin rəmzinə çevrilir.

Vaqifin "Kişi ağlayanda Allah ağlayır" silsiləsindən "Kişinin göz yaşı" şeiri isə artıq daşlaşmış bir inanca ("Ağlamaq arvad işidi") tamam əks bir mövqeni ifadə edir. Bu şeirdə fikir təzəliyi var. Şair ailə-məişət söz-söhbətini o çərçivədən çıxarır, bəşəriləşdirir.

 

Həvvadan cehizdi Adəmə günah

Kişidə qabırğa, cinah ağrıyır.

Arvad ağlayanda sevinir Allah,

Kişi ağlayanda Allah ağlayır.

 

Vaqif şeir mədəniyyətinə, necə deyərlər, poetik texnologiyaya yaxşıca yiyələnən bir şairdir. Bayaq dedim: Qoşma da yazır, gəraylı da, hecanın müxtəlif ölçülərində sınayır qələmini. Xüsusilə, qoşmada müasir poetik təfəkkürün ifadəsi ilə qarşılaşırsan. Bu qoşmalar XXI əsrin şeir mədəniyyətini özündə əks etdirir qənaətinə gəlirsən. Budur, bir nümunə:

 

Ömür ki od aldı, əriyir şam-şam-

yağı-yalavaca paylanır cam-cam,

Fələyin qolunda səhəngdi adam-

sonda qopur qulpu, lüləyi belə...

 

Qafil o kəsdi ki, çörəkdən qaçır,

Eşqin yeri dardı, ürəkdən qaçır...

Mehdə hünər hanı? -

Küləkdən qaçır,

Şəlləmə belinə küləyi beləəə...

 

 

Ürəyi at verdi... Allah, min, dedi-

Çapırsan...

Görmürsən tər içindədi?-

Allahın verdiyi yaman gündədi;

Adam əldən salmaz ürəyi belə!

 

Sözün şövqü dəyəsə qızıl qanayar,

Kəlməni ləldən çək, qızıldan ayır!

Mürəkkəb ayrı şey, qızıl qan ayrı-

Qandı şax saxlayan lələyi belə...

 

Can ona sadağa, baş ona peşkəş,

Xas aşiq qul olmaz ötərgi eşqə!

Kimsəyə dil vermə Tanrıdan başqa,

Buraxma evinə mələyi belə!

 

Bəhmənlinin XXI əsrin-bu yeni dövranın-bu mərəkkəb zəmanənin ovqatını əks etdirən şeirləri də varbu şeirlərdə İnsanın müasirliyə köklənməsi, lakin bu müasirliyi ənənəvi ruhu ilə "barışdırması", onların qəribə harmoniyası nəzərdən qaçmır. Bir şeiri var - "Eyni" - deyir ki, hər şey eynidir, yol da, yolaq da, göz də, qulaq da, səs də, qan da, dalaq da. Lakin "eyni olsa da hamı, tərsə çəkir dərs məni... anlamır, bəs niyə heç kəs məni". Plüralizm dövründə bu "eyniliklər" heç də fərdlərin - Vaqiflərin mənəvi muxtariyyətini əlindən almır.

"Belə yaxşıdı" şeirlər kitabının üz qabığında mən Vaqifin cavanlıq şəkli ilə qarşılaşdım və o şəkil məndə bir nostalgiya yaratdı. O şəkildən gözlərində həyat eşqi qaynaşan, təbəssümü də ən mənalı şeiri xatırladan bir cavan boylanırdı. O cavanın o illərdə yazdığı sevgi şeirlərindən çiçək qoxusu gəlirdi, küləklər də o şeirlərdə zərif-zərif əsir, yol üstündə bitən güllər qızlara dönüb fağır oğlanları yoldan eləyirdi.

Vaqifin sevgi şeirləri yaşanılan, duyulan hisslərin poeziyada əks-sədasıydı. İllər keçir, o sevgi ölmür, ruhda, canda yaşayır, amma ağıl örtüyünə bürünür, müdrikləşir, ürfani mahiyyət alır:

 

Sevgi qədim bir adətdi,

Səni candan alır, alır...

Çox qəribə ibadətdi,

Canı dindən alır, alır...

 

Durma, cala baxtı baxta,

Say ki, yatır şah yataqda.

Sevgi güldü şah budaqda,

Əllə üzsən solur, solur...

 

Canın yetim quzusudu,

Mələrtisi ruzusudu.

Sevgi alın yazısıdı;

Məzarda da qalır, qalır...

 

Min desələr, yüz bilmərik,

Yol desələr, iz bilmərik

Sevgi nədi? Biz bilmərik-

Onu göylər bilir, bilir...

 

Bu yazını buradaca bitirmək olar. Bəhmənlinin "Sözdü vaxt, sözdü baxt, sözdü məhəbbət" misrasını yazıya epiloq seçirəm.

 

Ədalət.-2015.-7 mart.-S.15.