ADİL MİRSEYİD

 

III yazı

                      

Məmməd Dəmirçioğlunun qara sazı üçün üçüncü hava:

 

hücrəmin damı yastı

bir qapı iki pəncərə

götür qara sazı çal

dəymə gümüş xəncərə

 

bir pəncərədə günəş

o birində qar yağır

bir pəncərədə mələk

birindən şeytan baxır

 

bir pəncərədə səhər

o birində axşamdı

qara sazda nə çalsan

elə mənim havamdı

 

Dünya insanların və digər canlıların yaşam məkanıdır. Canlıların yaşadığı başqa bir planet hələ bizə məlum deyil. Ola bilsin günəşin əks üzündə, təxminən günəşin yer qədərki məsafəsində də canlılar yaşayan başqa bir planet mövcuddur. İnsan zəkası və xəyalı isə heç günəşə belə gedib çatacaq iqtidarda deyil. Sirlər dolu kainatın və kainatda baş verən bütün hərəkətlərin bir nizamlayıcısı mövcuddur və buna mənim şübhəm yoxdur. İdarə olunmayan bir hərəkət olmadığı kimi, Sahibi olmayan bir zərrə də yoxdur.

Bu dünya eyni zamanda insanların yaşayacağı məkandı. Allahın və təbiətin qanunlarına istinadən hər kəsə bir alın yazısı, bir yaşam tərzi bəxş olunur. Bu nizam elə delitantcasına qurulmuşdur ki, hər kəs ancaq öz ömrünü yaşamaq, hər kəs öz talehindən barışmaq məcburiyyətində qalır. Belə ki, dəniz canlıları suda, dağda, meşədə yaşayan öz məkanında və s. insanlarda öz tale yüklərini daşıyaraq, varlılar bolluq, kasıblar zəlalət yükünü daşıyaraq son məkana bir vicud olaraq yoxluqdan gəldikləri kimi, bir vicud olaraq da yoxluğa qovuşurlar.

Təbii ki, bu cürə subyektiv fikirləri hər kəs bir baxış bucağı altında söyləyə bilər. Çoxlu suallar var ki, onlar cavabsızdı. Riyəzi elmlər min illərlər ötsə belə bu suallara cavab tapa bilməyəcəklər. Məsələn, bir bəsit suala cavab axtaraq. Zəngin bir ölkədə yaşayırıq. Ölkədə kifayət qədər zəngin insanlar yaşayır, Çox mənasız işlərə milyonlarla pul xərclənir. Düz, geniş, hamar yollar ildə bir neçə dəfə sökülür, yenidən inşa olunur və hər dəfə də bu işə milyonlarla pul xərclənir. Zəngin insanlar var ki, bir anlıq kefləri üçün milyonları göyə sovururlar. Olmazdımı ki, bu pullar, bütün ömrünü elmə, ədəbiyyata həsr edib, özü isə kirələrdə, kasıblıq və zəlalət içində yaşayan ziyalı insanların ən vacib problemlərinin həllinə yönələydi?

Mən Adil Mirseyid haqda yazıya başlayanda qızı Ayan xanımdan müəyyən məlumatlar istədim. Sonda o belə bir fikir söylədi: "Məmməd əmi qızınız olaraq yazılarınızda kirayəlik ehtiyaclıq olmasın çox xahiş edirəm. Sırf ruh qardaşınız olsun. O tip yazılardan artıq yorulmuşam. İnşallah məni anlayarsınız".

Mən sizi anladım, qızım. Bu yazını oxuyandan sonra əgər azacıq da olsa vicdanı olsa çox adamlar sizin bu qeyrətiniz önündə diz çökəcək, yığdığı, qarmaladığı milyonlarına baxıb utanacaqlar. Utanacaqlar ki, hər misrası onların milyonlarından daha dəyərli, bütün ömrünü xalqının, millətinin mənəviyyat işlərinə xərcləmiş, öz sağlamlığından belə keçərək milli dəyərlərimizə kifayət qədər xidmətlər göstərmiş Adil Mirseyid bu vətəndə özünə bir yuva qura bilmədi. Daha doğrusu ona bir yuvalıq yer vermədilər. Mən bir zamanlar üzü Adil Mirseyidə bir şeir yazmışdım. Yerinə düşər deyə yazıma əlavə edirəm:

 

Hər yanda qərib quşlara,

Dünyanın hər yanı vətən.

Bir yuvalıq yerin varsa,

Mənim yuvam hanı, vətən?

 

Qəbir yeri qalarmı heç,

Köçüb elindən gedənin?

Din- imanı olarmı heç,

Haqqı əlindən gedənin?

 

Söndürmüşük ocaqları,

Ocaq yerləri sönməyir.

Qoşulardım qatarına,

Durnalar geri dönməyir.

 

Hanı başı papaqlısı,

Papağı qeyrət olanın?

Durnaları qayıdarmı,

Vətəni qürbət olanın?

 

Al-qumaş satan ölkədə,

Geyməyə kətan gəzirik.

Vətəndə qərib yaşayıb,

Ölməyə vətən gəzirik.

 

Baxıram gülməyim tutur,

Güldükcə ağlayammıram,

Gəlin bağlayın dilimi,

Dilimi bağlayammıram...

 

Hər yanda qərib quşlara,

Dünyanın hər yanı vətən.

Bir yuvalıq yerin varsa,

Mənim yuvam hanı, Vətən?

 

Çox maraqlıdı. Adil Mirseyidin bütün yaradıcılığını varaqlayın. Ona bu qədər biganə olan vətəninin, mühitinin, dövlətinin əleyhinə bir dənə də olsun şikayətnamə yazmayıb. Ona görə yazmayıb ki, bu dünya malında, görüntüsüylə göz qamaşdıran maddiyyatda gözü olmayıb. O nəfsi tox, ruhunu göylərə uçurmuş bir dəviş misal üzü Allaha qara sevdalar dolu nəğmələr oxumuş, ölümlə kəlmələşmiş, qürbət fanidə darıxaraq, azad məkana can atmaqla məşğul olmuşdu. Amma onun ailəsi, balaları da vardı axı. Onun bütün istirabları da bu idi. Axı onların nə günahı vardı. Heç buna rəğmən də Allahına küsənməz, bir dəfə də olsun bu kəmtər tale üçün Allahından küsüb, şikayətlər etməzdi. İçi, dışı şükranlıqla dolu idi. Ən böyük şikayəti bu olardı:

 

Bir dəli şeytan deyir

Sən də at şeirin daşını

Çıx get qara Afrikaya

Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap

Bir də köndələn daxma

Heç kimə məktub yazma

Güzgülərə də baxma

Nə din, nə dil, nə də Vətən

Hamısı çıxsın yadından

Amma bir gün uçan yerdə

Vursunlar qanadından

Sonluqda nə söylədiyini anladınızmı? Hətta xəyalən qurduğu bu "azadlığı" da özünə çox görür. Qarğış edir ki, belə azad olmaqdansa qanadından vurulmaq daha xoşdu.

Adili başa düşəcək az-az adamlar vardı. Amma onu anlayan, hər an yanında olan dostları da vardı. Adlarını sadalamasam da bilənlər bilir.

Adil moderin bir təfəkkür sahibi idi. Bu ona məncə rəssam olmağından, rəssamlıq cərəyanlarından gəlmişdi. Onun şeirlərinin içindən Modilyanini, Pikassonun, Qoyyanın, Van Qoqun, Salvador Dallinin və digər İmpersionist Sürrialist rəssamların bəşəri duyğuları mücərrəd və çox aydın fəlsəfəsi təfəkkürləri bir axın olaq axmaqdadır.

 

"Salvador Dalinin amorf saatları və yağış" şeirinə nəzər yetirək:

yağışın yeknəsək səsi tənhalığın nəğməsi

iki adam dayanıb vidalaşar yağışda küçə fənərinin altında

yağış səsini öz səsi kimi dinləyən pişik odamda göz qırpmadan

 

yalqızlığın kölgəsinə çəkirdi keşik

yağış isə yağardı hey yağırdı

bu yağış altında ötən günləri

sənsiz xatırlamaq yaman ağırdı

sürüşüb əlimdən yerə düşdü

şərab dolu büllur qədəh

hər an dayanacaqmış

kimi döyünür ürəyim

pişik nəsə pıçıldayır

mən anlayacaq halda deyiləm

 

Mən mühafizəkarlıqdan uzaq bir insanam. Əsasən Türk poetik ənənələrinə sadiq olaraq şeirlər yazıram. Amma bu, o demək deyil ki, modern adı altında yazılan bu tipli sürrial və impersional fikirlərin əleyhinəyəm. Əksinə hərdən bu cür mükəmməl şeirləri yazanlara yaxşı mənada qibtə də edirəm. Adilin şeirlərində bir misra belə hoqqabazlıq məhsulu deyil. Ona görə ki, ona bu missiya eyni zamanda onun rəssamlığından gəlir. O mükəmməl rəssamlıq təhsili almış, anatomiyanı risunoku, skletdəm əzələyə, əzələdən dəriyə, dəridən geyiməcən mükəmməl bilir, akademik strukturlara yiyələnmiş bir istedad sahibi idi. Onun rəsm əsərlərinə, akvarel işlərinə tamaşa etdikdə eyni ovqatı asanca görmək olur. O, hər şeiri ilə bir sürrializm tablosu yarada bilir. Bunu anlamaq üçünsə sadəcə bilgili insan olmaq kifayətdir. Əzimzadədə oxuyarkən müəllimim olmuş görkəmli rəssamımız Hafiz Məmmədov deyirdi ki, yaradıcı insan çobanın səviyyəsinə enməməli, çobanı sənətin səviyyəsinə qaldırmalıdı. Bu baxımdan Adilin şeirlərini anlamaq üçün onun səviyyəsinə ucalmaq gərəkdi.

 

Sən bir payız axşamı

quşlar qürbətə uçanda

Öz içindən çıxıb birdən

qaça bildiyin qədər

qaçmısanmı sevdalanmış

könüldən qaçmısanmı

bir meyxana küncündə

səhəri açmısanmı

boğazında qurğuşundan

ağır bir kədər

içindəki ifadə bir maska

kimi soyuq

cocuq gözlərin böylə

yalansız filan

ürəyin dəlik-deşik

ürəyin oyuq oyuq

qəribin ürəyi

dostum qəribin ürəyi.

 

Adil Mirseyidin publisistik yazılarına nəzər salarkən aydınca anlamaq olur ki, o kifayət qədər zəngin bir bilgiyə sahibdir. Dünya ədəbiyyatına, Şərq, Qərb və digər ölkələrin mədəniyyətinə yetərincə bələd olan Adilin silsilə publisistik yazılarını oxuduqca hiss edirsən ki, bu yazıların hər biri mükəmməl ədəbiyyat inciləridir. Elə ona görədir ki, istər qələmlə, istərsə də fırçayla yaratdığı bütün əsərləri mükəmməl məntiqin məhsullarıdır. Adil sərbəst yazdığı şeirlərdə də milli ənənlərimizə sadiq qalır, sözlər hara varsa da gəlib bir nizamın içindən keçir. Onun qafiyəli şeirləri də çox yeni və original olaraq qoşma, gəraylı, bayatı və digər milli poeziyamızın ətrini duydurmaqdadır.

 

Qarlı günün röyası

 

bütün günü qar yağıb

yolları bağlayırdı

aynada bir xəyal

səssizcə ağlayırdı

liman qoxusu gəlir

şeirimin sözlərindən

heç kədər əskik olmur

anamın gözlərindən

həyata məna verən

hər şeyimi itirdim

son məktubumu yazdım

son nəğməmi bitirdim

ölüm yaxınlaşdıqca

anılar daha şirin

aynada röyasını

görmüşdüm bu şeirin

 

Xəstəlik tez yaxaladı dostumu. Bu amansız xəstəliklər eyni zamanda hücuma keçdi Azərbaycan şairlərinə. Zəlimxan Yaqubu, Vaqif Səmədoğlunu, Adil Mirseyidi...

Adil Mirseyid Xalq şairi olmadığından onu nə Almaniyaya, nə İzrailə, nə də Türkiyyəyə müalicə üçün göndərmədilər. Heç kimə də ağız açıb yalvarmadı bu dəyərli insan. Ancaq ölümün yolunu gözləyərək son nəfəsə qədər ölümün özünü belə utandıracaq şeirlər yazdı.

"Dua" şeirini oxuyun:

səndən ölüm diləmişdim

allah mənə ölüm göndər demişdim

allah bağışla bəndəni

bu gecə öldürmə məni

bilirəm qul olduğumu

bilirəm şair olduğumu

qulamsa şairliyimi al məndən

şairəmsə gəl məni qul eləmə

bir kimsə görmədən

başım üstündə uçur

sən göndərən bəyaz kölgə

anlat mənə allahım anlat

mənə kim olduğumu

bir anadan doğulmuşuq biz bəlkə

o dünyadan gəlmişdim

bu dünyaya alışdım

amma nə qul nə də şair

taleyimlə barışdım

allahım niyə mənə qanad vermişdin

bilirdin ki qıracaqlar qanadlarımı

uçub gələ bilməyəcəm dərgahına

yapayalnız qalacam fani dünyada

 

Budur Adil Mirseyidin bizə söyləyəcəkləri. Bizlərin çoxu Adil Mirseyidi görə bilmədik, onun yaralarına məlhəm olacağımız halda Allahın ona bağışladığı qanadlarını belə sındırdıq.

 

dualarım dilimi yandırır

söz qızıl balıq kimi

sürüşüb çıxır əlimdən

sürüşüb çıxır əlimdən uşaqlıq xatirələri

sürüşüb çıxır əlimdən sevgilimin göz yaşı

sürüşüb çıxır əlimdən qardaşımın əli

mən yenə sərgərdan yenə də yarı dəli

buludlar sürüşüb çıxır əlimdən

umudlar sürüşüb çıxır əlimdən

sürüşüb düşür əlimdən sirlərim

sürüşüb düşür əlimdən şeirlərim

bir dua nə bir söz

çıxmır çıxmır dilimdən

ürəyim sürüşüb düşür əlimdən

 

Adil Mirseyid sürüşüb düşdü əlimizdən. Bu dünyadan sürüşüb düşdü. Bu amansız zamanın, bu mürvətsiz cəmiyyətin, bu biganə millətin əlindən sürüşüb düşdü.

 

Ədalət.-2015.-7 mart.-S.10.