HƏR YER XOCALI, HƏR
YERDƏ XOCALI!
Aqil ABBAS
Adətən əlimdə gündəlik qəzet
olmasına baxmayaraq, seçicilərimlə
görüşümü və ya hansısa tədbirdəki
iştirakımın mətbuata
çıxarılmasını qoymuram, ya da nadir hallarda
çox xəsisliklə bir xəbər kimi oxuculara
çatdırıram. Çünki bunları bir borc bilirəm,
borcumun da reklam olmasını istəmirəm. Türkiyəyə
sonuncu səfərimi də yazmayacaqdım, amma bu səfər
zamanı yol yoldaşım professor Fəzail İbrahimlinin və
Xocalı soyqırımı ilə əlaqədar Türkiyədə
keçirilən möhtəşəm tədbirlərin təşkilatçısı,
İstanbul Baş Konsulluğumuzun çəkdiyi zəhməti
oxuculara çatdırmamaq bəlkə də günah
olardı.
İstanbuldakı
Baş Konsulluğumuzun bir-birindən yüzlərlə
kilometr aralıda bələdiyyələrlə, universitetlərlə,
Azərbaycan üçün canını verməyə
hazır olan Sivil Toplum Örgütləri ilə birgə
qısa bir zaman kəsiyində bu qədər tədbirlər
hazırlaması və bu tədbirlərin hamısına
çatdırması, hamısında Azərbaycanı təmsil
etməsi, özü də heç də böyük olmayan
bir kollektivlə, doğrudan da böyük bir zəhmət və
ürək yanğısı tələb edirdi.
Ayın 21-də Fəzail müəllimlə birgə
Bakıdan İstanbula, İstanbuldan isə birbaşa İzmirə
uçduq. İzmirdən isə Turqutlu şəhərinə
yola düşdük. İstanbuldakı
baş konsulumuz hörmətli Həsən Zeynalov hələ
biz Bakıda olarkən keçiriləcək tədbirlərin
proqramını bizə çatdırmışdı. Baş Konsulluğumuzun Turqutlu şəhər bələdiyyəsi
ilə Turqutlu-Azərbaycan Kültür dərnəyinin birgə
təşkil etdiyi Xocalı soyqırımı tədbirlərində
iştirak edəcəkdik. Onu da qeyd edim ki,
Türkiyənin başqa şəhərlərindən də
bu tədbirə qatılanlar vardı. Tanınmış
türk yazıçısı Hüseyn Adıgözəl də
İstanbuldan gəlmişdi. Tədbirdə
şəhərdəki bütün partiyaların nümayəndələri,
Sivil Toplum Örgütləri, bələdiyyə
başkanlarının müavinləri iştirak edirdi. Çıxış edənlərin
hamısının qəlbində bir Azərbaycan sevgisi
vardı. Tarix elmləri doktoru, professor,
millət vəkili Fəzail İbrahimlinin
çıxışı isə dinləyicilər
üçün tamamilə yeni idi. O, tamamilə
başqa bir aspektdən yanaşırdı məsələlərə.
Ermənilərin təkcə XX əsrdə həm
Azərbaycan türklərinə, həm də Türkiyə
türklərinə qarşı törətdiyi
soyqırımlar haqqında dəqiq və geniş analizli məlumatlarından
demək olar ki, bəlkə də çoxlarının xəbəri
yox idi. Ona görə də professorun
çıxışı dəfələrlə
alqışlarla qarşılandı. Mən
də türklər demiş, bir kaç kəlmə söylədim.
Sonda isə rejissor Elxan Cəfərovun çəkdiyi
Qarabağ müharibəsinin dəhşətlərini
özündə əks etdirən «Dolu» filminin nümayişi
oldu.
Ayın 22-də İstanbula qayıtdıq.
İstanbulun böyük sinema mərkəzlərinin birində
Taleh Heydərovun rəhbərlik etdiyi Avropa-Azərbaycan Cəmiyyətinin
Xocalı soyqırımı ilə bağlı çəkdiyi
sənədli filmin təqdimatı keçirildi. Təqdimatda
demək olar ki, Türkiyənin müxtəlif yerlərindən
gəlmiş yazıçılar, sənət adamları,
bilim adamları, aydınlar iştirak edirdi. Hörmətli
Həsən Zeynalov filmin təşkilatçılarına,
yaradıcı heyətinə hamının adından təşəkkür
elədi, uğurlar arzuladı və Xocalı
soyqırımı ilə bağlı geniş bir
çıxış elədi. Sonra filmin
rejissoru Aleksandras A.Brokas bu filmin necə ərsəyə gəlməsi
haqqında danışdı. Daha sonra «Sonu
görünməyən dəhliz» filmi nümayiş etdirildi.
Filmdəki ağrı-acı
tamaşaçıların da üz-gözünə
çökmüşdü. Və bu
ağrı-acıları o vaxt da, elə indi də
yaşadığım üçün mənə bəlkə
də daha ağır təsir elədi. Hətta
bayıra çıxıb siqaret də çəkməyə
məcbur oldum.
Onu da qeyd edim ki, millət vəkili, şair Musa Urud Ermənistanda
öz doğma kəndləri haqqında çəkdiyi film də
mənə belə ağır təsir
bağışlamışdı.
Bunu da vurğulamaq istəyirəm ki, Qarabağ dəhşətlərinin,
Xocalı soyqırımının dünyada tanıdılmasında,
təbliğində filmlərin, xüsusilə də belə
filmlərin çox böyük rolu var.
Ayın 24-də Bursa şəhərində İstanbul
Baş konsulluğunun Uludağ Universiteti Türk
Dünyası Kültür İcmasının birgə təşkil
etdiyi anım mərasimində iştirak elədik. Həmin
gün universitetdə Xocalı soyqırımı ilə
bağlı iki tədbir keçirildi. «Türkün
könlündə qaynayan yara: Xocalı» adını
daşıyan tədbirdə professor Mustafa Cəmiloğlu,
Bursa Türk Ocağı şöbəsinin sədri, professor
Səlcuq Kırlı, universitetin prorektoru Müfit Parlak
çıxış etdilər. Sonra «Dolu»
filminin tamaşası oldu.
Günün ikinci yarısında isə tədbiri
professor Sahimə Yücəər aparırdı. Tədbirdən
sonra universitetin rektoru Kamil Dilək qonaqları qəbul elədi
və burda da Türkiyə-Azərbaycan münasibətlərindən,
elmi və mədəni əlaqələrdən geniş
söhbət oldu.
Həmin gün İstanbulda Qartal bələdiyyəsində
də Baş konsulluğumuzla birgə Anım mərasimi
keçirilirdi. Həmin Anım mərasimində də
baş konsulumuz Həsən Zeynalov və professor Fəzail
İbrahimli iştirak edirdilər. Baş
konsulluğumuzun Sakaryada təşkil etdiyi Anım mərasimində
isə xalq şairi Sabir Rüstəmxanlı getmişdi.
İstanbulda Azərbaycan Dərnəyi adlanan bir Sivil
Toplum Örgütü fəaliyyət göstərir, dərnəyin
başkanı da Türkiyə-Azərbaycan əlaqələrinin
möhkəmlənməsində böyük zəhməti
olan Səfər Karaqoyunludur. Baş
Konsulluğumuzun bu Sivil Toplum Örgütü ilə birlikdə
təşkil etdikləri bir çox layihələrdə mən
də iştirak etmişəm. Üsküdarda
keçirilən bu Anım mərasimi bir neçə saat
çəkdi. Sanki hamı ürəyini
boşaltmaq istəyirdi. Təbii ki, tədbiri
hörmətli Həsən Zeynalov açdı, təkcə
Xocalı soyqırımı ilə bağlı deyil, bir millətin
iki dövlətinin münasibətləri haqqında da
geniş çıxış etdi. Professor
Fəzail İbrahimlinin bu tədbirdəki
çıxışı və məsələlərə fərqli
aspektdən yanaşması dinləyicilər tərəfindən
böyük bir ilgi gördü. Bilirsiniz,
məsələ belədi də, bəzən
çıxış eləyənlər baş verən faciənin
ağrı-acısından danışırlar, Fəzail
müəllim isə daha çox səbəb və nəticələri
önə çəkirdi, hamısı da faktlarla. Səfər Karaqoyunlunun da çıxışı
dəfələrlə alqışlarla qarşılandı.
Azərbaycandan gəlmiş qələm dostumuz
Aqil Ələsgər də Xocalı
soyqırımının dünyada tanıdılması
üçün təbliğatın necə qurulması
haqqında danışdı.
Azərbaycanın görkəmli şairi Sabir Rüstəmxanlı
da öz çıxışını bir qədər fərqli
məcraya yönəltdi. Həm Türkiyə
türklərinin, həm də bizlərin başına gələn
bu fəlakətin səbəblərini izah etməklə
yanaşı, hadisələrin bugünki gedişatına diqqət
çəkdi. Və əgər birliyimiz
daha da möhkəmlənməsə bundan da böyük faciələrlə,
bundan da böyük soyqırımla qarşılaşa biləcəyimizi
vurğuladı.
Səhəri gün isə Təkirdağa yollandıq. Təkirdağ
bələdiyyəsinin keçirdiyi bu tədbirdə
iştirakçılar daha çox universitet və orta məktəbin
yuxarı sinif şagirdləri idi. Yəni
gənclərə daha çox üstünlük vermişdilər.
Millətin gələcəyi olan gənclər əsl
həqiqəti bilsinlər. Tədbiri
İstanbuldakı konsulumuz Kənan Murtuzov açdı. Kənan müəllim də
çıxışını təkcə Xocalı
soyqırımı ilə bağlı deyil, həm də Azərbaycan-Türkiyə
münasibətləri üstündə qurdu. Bələdiyyə
başkanı Kadir Altundağ tədbirə qoşulan qonaqlara
onları sayıb gəldiklərinə görə təşəkkürünü
bildirdi və çıxışını Ulu
Atatürkün bir fikri ilə bitirdi: «Azərbaycanın
acısı acımız, sevinci sevincimizdir!».
Sonra professor Fəzail İbrahimli, yazıçı,
elmlər doktoru Seyfəddin Altaylı dərin məzmunlu
çıxışlar etdilər. Təbii ki, bəndəniz
də bütün görüşlərdə özünəməxsus
çıxışlar eləyirdi və təvazökarlıq
da məni bağışlasın, bəndənizi də
alqışlayırdılar.
Həmin
gün İstanbulda Kalyon Sinema Mərkəzində Vahid
Mustafayevin çəkdiyi «Qanlı Yanvar» filminin də
böyük bir təqdimat mərasimi keçirildi, amma təəssüf
ki, İstanbulun yoğun trafiki bizi o tədbirə
çatmağa imkan vermədi.
İstanbul Baş Konsulluğumuzun təşkil etdiyi bu
anım mərasimlərinin hamısına qoşulmağa təbii
ki, imkanımız və vaxtımız çatmırdı. Ona görə
də bəzən Fəzail müəllimlə
ayrılmalı olurduq. Fəzail müəllim
konsulluğun əməkdaşı ilə bir tədbirə, mənsə
başqa bir tədbirə getməli olurduq.
Bir çox tədbirlərə də xalq şairi Sabir
Rüstəmxanlı və onun xanımı Azəri Türk
Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı
qatılırdı. Həm Sabir müəllimin, həm də
Tənzilə xanımın Azərbaycan-Türkiyə
münasibətlərinin möhkəmlənməsində və
inkişaf etdirilməsində xidmətləri təqdirəlayiqdir.
Məni ən çox təəccübləndirən
bir şey o idi ki, İstanbuldakı Baş Konsulluğumuz bu qədər
tədbirləri necə hazırlaya bilmişdi və bunlara necə
vaxt tapıb çatdıra bilmişdi? Həm də
bütün Anım mərasimlərində Baş
konsulluğumuzun təşkil etdiyi foto sərgilər də
böyük ilgi görürdü. Biri var
eşitdiyin söz, biri də var gözünlə
gördüyün faktlar. Bu sərgilərin
də böyük effekti olurdu. Mən təəccübümü
Həsən müəllimə bildirəndə dedi:
- Bu bizim dövlətimiz və millətimiz
qarşısında borcumuzdur. Bu yolda yorulmaq olmaz!
Ədalət.-2015.-7 mart.-S.8-9.