VƏTƏN ÜRƏKLƏRDƏN BAŞLAYIR...

 

Vətən-

dünyaya göz açdığım

evdən-eşikdən,

ağışunda mışıl-mışıl uyuduğum

o isti beşikdən başlayır.

Vətən-

"Laylay dedim, yatasan"-

deyən analarımızın

bal dadan kövrək laylasından,

nənələrimizin sirli-sehirli

nağıl dünyasından başlayır.

Vətən-

ata-babalarımızın canından keçdiyi,

uğrunda şəhidlik şərbətini içdiyi

torpaqdan başlayır.

 

Bu sətirlərin müəllifi Ələsgər Talıboğludur, artıq üç kitabın müəllifi olan Ələsgər poeziyada öz dəst-xətti ilə seçilməyə can atır əksər şeirlərində buna nail olur. O, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərimbəyli kəndində anadan olub. Filoloji təhsili var. Mətbuatda da 80-ci illərdən başlayaraq müntəzəm olaraq şeirləri ilə görünməkdədir. "Qəm karvanı", "Vətən nəğmələri", "Bir kəhər kişnəyir yuxularımda" şeirlər kitabının müəllifidir.

Çox sevdiyim bir şair-dostum Adil Mirseyid (Allah onun ruhunu şad eləsin!) Ələsgərin "Qəm karvanı" kitabına gözəl bir müqəddimə yazıb. İstəyirəm ki, söhbətimə elə onun sözləriylə başlayım: "Ələsgər lirik şairdi-onun şeirlərinin mövzusu doğulduğu evin astanasından başlayır. Vətən, torpaq, bayraq sevgisi onun üçün müqəddəsdir. O, söyləyəcəyi sözləri, misraları, bəndləri ürəyindən keçirəndən sonra şeirlərinin misralarına düzür. Beləcə söz canlanır, dünyanın şair qəlbinin dürlü-dürlü sirləri çözülür. Şair ürəyi bəzən qanad açıb göy üzündə uçan durnalara qoşulur, bəzən dəniz kimi coşub dalğalanır yazıqlar olsun ki, şair ürəyi zaman-zaman ayrılıq yalqızlıq dumanına bürünür".

Vətən sevgisi Ələsgər Talıboğlunun bütün şeirlərinin ruhuna hopub. O, nədən söz açırsa, bu sevgini misralarına səpələyir. Deyir ki, "Vətən sevgisi Gecələr yuxularımıza girən sehrli, sirli butadır. Övlad sevgisinə bənzər Vətən sevgisi-acısı da bal dadır". Onun bir çox şeirləri "Vətən" adıyla başlayır. Bu tərənnüm şeirlərində çalışır ki, o sevgini poeziya dili ilə ifadə etsin. Amma Ələsgər Talıboğlu Vətənin gözəlliklərindən, təbiətindən, öz doğma kəndindən, ata ocağından yazdığı şeirlərdə bu sevgini daha duyğulu ifadə edir.

 

Zirvələrin örpəyə bürünər,

Təpələrdə bəyaz duman sürünər,

Gül qoynunda əlvan günəş görünər,

Əzəli yurd yerim, ay Gözəldərəm.

 

***

Yaman qəribsəyib ayaq izlərim,

Süsənim sünbülüm, o nərgizlərim.

Yarpızlı, yosunlu o kəhrizlərim,

Könül qubarımdır, silə bilmirəm.

 

O Heşin bağları, o Söyüdbulaq,

Zəydərə, Pəydərə, o Ardıclı dağ,

Şirin duyğuların qüdrətinə bax,

Həsrətdən ölürəm, ölə bilmirəm.

 

***

Külə dönüb otlaqları, bağları,

Sürüsüzdür obaları, dağları.

Göyə çıxıb o zamankı çağları,

O kənd nədən yetim qalıb görəsən?

 

Vətən sevgisi ilə yoğrulan bu misralarda iftixar hissi var, şikayət, etiraz duyğusu da. Deməli, Vətəni sevmək var, onun bir kəndinin "yetim qalmasından" doğan nigarançılıq da. Onun Qarabağa həsr etdiyi şeirlərində o sevgi daha artıq hiss olunur. Şair igidlərimizi döyüşə səsləyir, "Çağırın meydana ərənlər gəlsin, Düşmənlə savaşa girənlər gəlsin", - deyir.

Ələsgər Talıboğlu heca şeirinin qanadlarında poeziyaya gəlib.

Çoxlu qoşmaları, gəraylıları var hiss olunur ki, xalq poeziyasına, şeirimizin qədim örnəklərinə yaxşı bələddir. Bəzən qoşma gəraylılarında istənilən effekt alınmır, adi sözlərin adi misralarda adiliyi ilə qarşılaşırsan. Amma əksər qoşma gəraylılarında istədiyinə nail olur. "Yuxu" qoşmasına diqqət yetirək:

 

Nədənsə çəkilib yuxum da ərşə,

Nədənsə gecələr yata bilmirəm.

Büründüm taleyin qəm çuxasına,

Dərdimi üstümdən ata bilmirəm.

 

Hər gecə dağlarda duman sürünür,

Mənim ömür yolum qara bürünür,

Hər gecəm bir az da uzun görünür,

Mən səhər şehinə bata bilmirəm.

 

Bir ömür yaşadım ağlı, qaralı,

Bir ömür yaşadım könlü yaralı,

Yurdumdcan aralı, yardan aralı.

Necə verdim ömrü bada, bilmirəm.

 

Ələsgər Talıboğlu günün reallıqlarını da şeirə gətirir, çevrəsində cərəyan edən olaylara, xüsusilə, haqsızlığa, neqativ hallara öz münasibətini bildirir. Dünyada baş verən, insanları fəlakətə, yurdsuzluğa, səfalətə sürükləyən müharibələrə etirazını bildirir.

Sevgi şeirlərində təbiidir, yaşadığı hissləri qələmə alır. Deyir ki: "Dərdimdən bu boyda qala tikilib, Sən isə hələ görünməyirsən".

Ələsgər Talıboğlunun "Yurd həsrəti" adlı poeması da var lirik səpgidə qələmə alınan bu poemada müəllif öz taleyindən, doğulduğu kənddən, o kəndin xatirələrdə əbədiləşən gözəl insanlarından, anasından söz açır.

Bir cəhəti qeyd edim ki, Ələsgərin şeirlərində bədii təsvir vasitələrindən daha çox təşbihə müraciət olunur. Məsələn, o, ömür sapına düzülən günlərini vərəqdə misraların düzümünə oxşadır. Yol çəkən gözlərini mavi donlu dənizə oxşadır. Könül bağçasını yaşıl adaya bənzədir.

 

Könül bağçam yaşıl ada,

De, bənzəri var harada?

İstədiyim tər çiçəyi,

Sən bax, ara, tap orada.

 

Ələsgər Talıboğlunun yurd sevgisini ifadə edən şeirləri çoxdur və əlbəttə, arzu edirik ki, o, eyni mövzuda yazdığı şeirlərində mümkün qədər təkrardan qaçsın.

"Nə qədər qanımda yurd həsrəti var, Demək ki, sən varsan, sən varsan, Vətən" - təbiidir bu misralar, amma başqa bu mövzulu şeirlərində eyni fikir bir neçə dəfə təkrar olunur.

Adil Mirseyid yazırdı ki: "Tənha bir ağac var yol kənarda - o tənha ağac bəlkə elə Ələsgər Talıboğlunun özüdür.

 

Alovmu yandırıb, yağmurmu döyüb,

Yalqızlıq uyuyur budaqlarında.

Vüsal həsrətində qovrulub bəlkə,

Nəğmələr susubdu yarpaqlarında".

 

Mən isə başqa cür düşünürəm. Ələsgər Talıboğlu yol kənarında yox, bu rəngbərəng reklamlarla, insan izdihamı ilə, bu tıxaclarla dolu şəhərdə özünə yer tapa bilməyən bir kənd adamıdır, ya da kənddən qopub şəhərin qərib bir guşəsinə sığınan balaca bir qaya parçasıdır. O balaca qaya parçası heç cür qopub ayrıldığı dağa qayıda bilmir. Özünə yer tapa bilmironun yurd yanğılı şeirləri də elə bu hisslərdən yaranır.

 

Ədalət.-2015.-11 mart.-S.7.