"Ədalət"in vaxtı: Rəbiyyət Aslanova ilə      

“Qəhrəmanları zaman özü seçir”

 

"Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir”-deyiblər. Ya da həmsöhbətimin dediyi kimi "İndiki zaman keçmiş və gələcək arasında bir körpü, əlaqədir”. Zaman və onun ölçülərinə düzgün yanaşma insanı həmişə hədəfə aparıb, sabaha  ümidləndirir.  Yaşadığı bugünkü ötən günün səhvlərinə kədərlənməklə, yaxud uğurları ilə qürurlanmaqla keçirməklə sabaha aparan körpünü  yandırmaq isə yalnız insanın özünə ziyan verər. Keçmişlə gələcək arasında o kiçik anı-bu günü  dəyərləndirməyi  zamanın  əsas qayəsi hesab  edən  qonağımızı  yaxından tanıyaq:

Azərbaycanın millət vəkili Rəbiyyət Aslanova - 1951-ci il iyulun 4-  Kəlbəcərdə anadan olub. Azərbaycan  Dövlət  Universitetinin tarix  fakültəsini bitirib. Fəlsəfə elmləri doktoru,  professordur, 6 kitabın 70 məqalənin  müəllifidir.

1978-ci ildə Azərbaycan Dövlət Universitetində  assistent, baş  müəllim, dosent vəzifələrində çalışıb. 2004-cü ildən Bakı  Dövlət Universitetinin fəlsəfə  tarixi və  mədəniyyətşünaslıq kafedrasının müdiridir. Fəlsəfə  elmləri doktoru, professordur. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin  sədridir. ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan  nümayəndə heyətinin üzvüdür.  

...Və Rəbiyyət Aslanovanın zaman anlayışı.

 

- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

- Bizə elə gəlir ki, biz zaman haqqında hər şeyi bilirik. Lakin zaman nədir sualına cavab vermək lazım gəldikdə bunun  qədər çətin olduğunu dərk edirik. Zaman hər kəsin cavab axtardığı, dərk etmək istədiyi anlayışdır. İnsan özünü dərk etdiyi andan son günədək bu sirri, möcüzəni, ona pay verilən ömür adlı zaman kəsiyini dəyərləndirməyə cəhd göstərir. Dünyanın ən böyük mütəfəkkirləri bu mövzuya dönə-dönə müraciət edib və edəcəklər. Zaman, onun əsrarəngizliyi qarşısında  heyrət, Zaman Allahı - Xronos haqqında mülahizələrin yaranmasına səbəb olub.Yunanların fikrincə, bu, xaosdan Kainatın yaranmasına keçid prosesinin əsasıdır. Bu fikirlər insanın varlığı dərk etməsində ilkin cəhdlərdən biridir. İnsanın, baş verən hadisələrin, proseslərin inkişaf qanunauyğunluqlarının məkan çərçivəsindən çıxarıb, onların hansısa bir iradəyə tabe olduğuna  inanaraq bu mənbəyi axtarmaq istəyidir. Görünür, "Əlahəzrət zaman” ifadəsidə belə yaranıb. Düşünmürəm ki,  minilliklər boyu "zaman nədir” sualına cavab axtaran insan müasir dövrdə də elmi-texniki nailiyyətlərin uğurlarına baxmayaraq, konkret cavab tapa bilib və ya onun zamana münasibətində ciddi bir dəyişiklik  yaranıb. Zaman müəmma olaraq qalmaqdadır.

Vaxtı ilə Yunan filosofu Fales söyləyirdi: "Zaman hər şeydən müdrikdir, çünki son və doğru cavabı o verir”.

 

"Zaman iradəmizdən asılı olmayaraq mövcud olan sonsuz gerçəklikdir”

 

Mənim üçün də bu suala cavab vermək də o qədər asan deyil. Zaman –dəyərdir, əgər onun məzmununu zənginləşdirmək imkanın varsa, sənə ayrılan vaxt  içərisində özünüifadəyə, özünütəsdiqə nail ola bilirsənsə, əldə etdiyin zaman qazanılmış, ən böyük dəyərdir. Bunun əksi isə  fəaliyyətsizliyin nəticəsi olan uğursuzluqlar, çətinliklər qarşısında acizlik və s. bu sərvətin dəyərsizləşməsidir.

Fikrimcə, zaman iradəmizdən asılı olmayaraq mövcud olan, dəyişilməz qanunlara, fasiləsiz hərəkətə malik, sonsuz gerçəklikdir. Ümumilikdə isə zamanı tam olaraq anlamaq hələlik, heç kəsə nəsib olmayıb və nə yaxşı ki, olmayıb. Elə möcüzələr var ki, onun üzündən sirr örtüyünü qaldırsaq, o  öz dəyərini itirər. Bir anlığa təsəvvür edək ki, insan əbədidir. Zamanla savaşı qazanıb və bu həyatda yaşamı bitib-tükənmir. Nə qədər maraqsız və yorucu olardı?

Zaman universal və çoxsimalıdır. Onun təkrarolunmaz strukturu -keçmiş, indiki və gələcək zaman adlandırdığımız mərhələlərinin hər birinin fəlsəfəsinin izahı üçün xeyli vaxt lazım gələr. Çünki qeyri-məhdud ölçüyə malik zamandan məkan və hərəkət daxilində hər bir şeyə  hər kəsə pay düşür. Keçmişi indisi və gələcəyi olmayan proses yoxdur. Vaxtı ilə Nyuton zamanı bir iliyuziya adlandırsa da zaman içərisində qocalmaq ona da nəsib oldu.

 

- İnsan zamanın içindədir, yoxsa zaman insanın ?

- Nə təbii, nə də ki fəlsəfi elmdə zamanın haradan başlayıb, harada qurtaracağı, hərəkət istiqaməti bu hərəkətin sürəti haqqında vahid fikir yoxdur. Məkan və hərəkət Zamanın mövcudluğunun təsdiq forması olduğundan insan zaman içərisində mövcuddur. Zamanın keçmişdən başlayıb gələcəyə doğru axması fikrinə əsaslanan insan bu zaman oxunu dövrlərə, mərhələlərə, illərə, saatlara bölərək onu dərk etməyə çalışır. Böyük zamanın içərisində olan insanın da öz daxili zamanı var. Bu psixoloji və fizioloji zamandır.

 

"Qərbdə soruşurlar, niyə gecikirsən, Şərq də isə hara tələsirsən”

 

Daxili zaman ölçüləri nisbi müstəqilliyə malik olsa da nəticədə yenə Universal Zaman qanunlarına tabe olur. İnsana verilən ömür adlı payı artırmaq və azaltmaq ondan asılı deyil. Bu gün gerçək zamanla yanaşı virtual zaman məfhumu həyatımızda yer alır. Nədənsə, insan məkan məfhumundan daha çox zaman məfhumunun cazibəsinə düşür. Onun dünənə, bu günə və sabaha  münasibətində ciddi dəyişikliklərin baş verməsi daha çox bu gün sıxlaşmış zaman çərçivəsində yaşamasından irəli gəlir. Müxtəlif mədəniyyətlərdə Zamana münasibətdə fərqlilik var: "Qərbdə soruşurlar, niyə gecikirsən, Şərq də isə hara tələsirsən. Bu həmin mədəniyyətin daşıyıcılarının düşüncəsində, həyat tərzində özünü büruzə verir.

Belə bir fikir var. Qərbdə zamanın istiqaməti soldan sağa, Şərqdə sağdan sola, Yaponiya da isə yuxarıdan aşağıdır. Bu isə yazı mədəniyyətində olan özünəməxsusluğu nəzərdə tutur. İnsanın formalaşdığı mühit, adət-ənənə, din, mədəniyyət, hətta coğrafi şərait onun hadisələr münasibətini formlaşdırır.

Daxili zamanın bir göstəricisini isə müdriklərin bir fikiri ilə əsalandırmaq istərdim: Qoca 80 yaşında saçları ağarmış, siması qırışlarla dolu hərəkəti məhdud birisi deyil, 30 yaşında dünyadan küskün,  ruhu büzüşmüş, həyat eşqi sönmüş birisidir. İnsanın bütün həyatı sonsuz zaman hissəciklərindən ibarətdir. Bu hissəciklərdən mümkün olanı yaratmağa çalışmaq insandan aşlıdır. Bu hissələr qiymətli boyunbağının ən dəyərli hissəsinə də çevirə bilər, qumsallıqdakı qum dənəciklərinə də. Ömrün dəyəri onun uzunluğunda deyil onun keyfiyyətindədir. Bəzən böyük dahi insanlar haqqında onların dünya mədəniyyətinə, elminə, siyasətinə verdikləri töhfəni düşünərək, bu dahi şəxslərə ayrılan ömrün zamanın başqalarından hec də fərqlənmədiyinin şahidi olursan. İsdedadla yanaşı, zamanı dəyərləndirərək "zaman və mən” demək qətiyyətində olan və missiyalarını ləyaqətlə yerinə yetirmək bacarığıdır. Bu insanların adları üzərinə vurulan tarıxi möhürdə yazılıb. "Əbədi yaşatmalı” Bu insanlar andan əbədiyyətə gedən yolun sirrini bilən insanlar idi.

 

- Siz yəqin insanın keçmişə və gələcəyə olan marağını nəzərdə tutursunuz.

- Fərdi insan taleyi çərçivəsində keçmişə münasibət hər kəsin daxili mənəvi gücündən asılıdır. Keçmişdə yaşanılanlar xarakterindən asılı olaraq xatirəyə çevrilmək və ya unudulmaq haqqı qazanır. Uğurlu, nailiyyətlər, xeyirxah əməllər, insanın yaşadan, sabaha qətiyyətlə addımlamaq şansı verən əsasdırsa, səhvlər yanlışlıqlar şər əməllər sabaha gedən yolda müqavimət səddi yaratdığında insanın keçmişə  münasibətində peşmançılıq və acizlik hissi yaşanılmasına səbəb olur. Yalnız güclü insan hər şeyi yenidən başlamaq əzmində olur. Lakin zaman kifayət qədər səxavətli deyil ki, hər şeyin ön səhifədən başlamasına imkan yaratsın.

 

"Yerinə və zamanına düşməyən istək uğursuzluğa məhkumdur”

 

- Ümumiyyətlə, keçmiş və gələcək haqqında fikirlər həddən artıq xəyalpərəstlikdən irəli gəlmir ki?

- Xəyal qurmaq, arzularla yaşamaq gələcəyin bu günün daha yaxşı olmasına çalışmaq, fəaliyyətini bu sahəyə  yönəltmək çox müsbət haldır.  Xəyalları gerçəkləşdirmək istəyi insana zaman oxu ilə paralel hərəkət etməyə sövq edir. Xəyallar, arzular, insanı məqsədə doğru səsləyən, gələcəklə bağlı gerçək planlar qurmağa səfərbər edən impulslardır. Xəyal arzunu formalaşdırır, arzu isə gerçəkləşməsi mümkün olan, çoxvariantlı gələcəyin ən optimal variantına çatmaq üçün insana stimul verən qüvvədir. Məqsədə doğru gedən yolda ən vacib şərt isə zamanı nəzərə almaqdır. Yerinə və zamanına düşməyən istək uğursuzluğa məhkumdur. Məşhur bir fikir var: "Bacarırsansa əsrdən öndə get, bacarmırsansa əsrlə birgə addımla, ancaq heç zaman əsrdən geri qalma!” İnsan keçmişdən daha çox sabah haqqında düşünməyi üstünlük verir. Çünki sabah - öz qanunları, tələbləri, şərtləri, olan zaman kəsiyidir. İnsan düşüncəsində həmişə belə bir fikir var: "Sabah bu gündən daha yaxşı olmalıdır”.

Düşünürəm ki, əgər bu gün insan öz məsuliyyətini dərk edərək yaşadığı dövlətin, xalqın marağını müdafiə etməyəcəksə, insanlara münasibətdə mərhəmət, şəfqət, qayğı hissini bölüşməyəcəksə, sabahın daha mükəmməl, mütərəqqi olacağına inanmaq əsasız xülyaya çevriləcək.Sabah-gələcək hər birimizdən asılıdır. Bəşəriyyətin yaşadığı qlobal təhlükələr, münaqişələr, müharibələr, qarşıdurmalar gələcəyin özünü belə təhlükə qarşısında qoyur. İnsanlıq qlobal təhlükələr qarşısında ümumi məsuliyyətini dərk etməyəcəksə, gələcək olmaya da  bilər .

 

-Sizin  özünüzün  keçmiş  və ya gələcək  fərq etməz, hansı zamandasa  yaşamaq  xəyalı olub?

-Heç vaxt!  Elə xəyallarım olmayıb. Mənə həmişə elə gəlir ki, məhz öz  zamanımdayam. Hətta mən buna qəti əminəm. Gələcək nə qədər  maraqlı olsa da  naməlumdur, keçmişdə də yaşamaq heç vaxt könlümdən  keçməyib. Biz özümüzün  istəyi ilə dünyaya gəlmirik, amma öz taleyimizlə doğuluruq. Yeri gəlmişkən, mən  tale  faktoruna  inanıram və qismət  anlayışı mənə çox yaxındır.  Hər bir insanın yol ayrıcında qərar qəbul etməli anları olur.

Zamanına, məkanına görə  düzgün  qərar qəbul  etməyə hər adam  nail olmur. Zamanında  deyilməmiş  bir söz,  zamanında  atılmamış addım insana çox ağır  başa gələ bilər.

 

-Yəni zamanını tuta bilmir...

-Zaman insana hər şeyi verir, gənclik, gözəllik, sağlamlıq, imkanları verir. Amma insan  veriləndən düzgün istifadə etməyəndə, bir-bir geri almağa başlayır. Biz ona qocalıq deyirik. Verilənlər gənclikdə dəyərləndirməyibsə, həmin dəyərlər əlindən alınanda bir məyusluq yaşayır. Bəs insanın bu mübadilədə qazandıqları nədir, həyatda etdiyi  xeyirxah əməllər, gördüyü işlər, fəaliyyət, çatdığı yüksək mövqe, mənsəb və s. Yaxud mənfi istiqamətdə, onun xəbis əməlləri, tənbəlliyi,  xoşagəlməz həyat tərzi ola bilər. Başqa sözlə, zamanın şanslardan doğru  istifadə etməyən və özünü təsdiq eləməyi bacarmayan insanların acınacaqlı taleyi hər kəsə məlumdur.

 

"Təkəbbürlü insanın aqibətinin necə olacağını zaman qanunları müəyyən edir”

 

- Zamanın sizə verdikləri çox olub ya aldıqları?

- Zamanın insana verdiyini və aldıqlarını sona qədər hesablamaq olduqca çətin və mürəkkəb işdir. Ən dəyərlisi, insana verilən həyatdır. Bu kainatın, dünyanın, təbiətin gözəlliklərini görmək səadəti,İnsanlar arasında yaşamaq, kim olduğunu, haradan gəlib haraya gedəcəyini düşünmək, övladlıq, valideynlik duyğusunu hiss etmək, müqavimətləri dəf etmək gücünü sınağa çəkmək, insani keyfiyyətləri çiynində ləyaqətlə daşımaq, qətiyyətini ortaya qoymaq, simanı itirməmək, öz əqidənə xəyanət etməmək və daha nələr.

Ömür adlı zaman kəsiyində bizə verilən sərvəti saymaqla bitməz. Zamanın sınağına tab gətirənlərə o, mərhəmətlə yanaşırsa, məğlublara qarşı amansızlığı da az olmur.

Zaman ekspromtlarla doludur. Bəzən nə verib,  alacağı insana məlum olmur. Bu sanki insan-zaman arasında bir oyuna, yarışa, sınağa bənzəyir. Zənnimcə, bu insana bu günü xoşbəxt yaşamaq, əldə etdiyini dəyərləndirmək, sabahın daha yaxşı olmasına çalışmağa bir xəbərdarlıqdır. Təkəbbür və iddialı olanın aqibətinin necə olacağını zaman qanunları müəyyən edir. Verilənləri minnətdarlıq hissi ilə qarşılamaq, müdrikliyin təzahürüdür.

 

-Bir şərq qadını üçün çox uğurlu  bir  fəaliyyətiniz,  karyeranız var, Amma geri dönüb baxanda keçmişlə bağlı  təəssüfləriniz, "kaş ki”ləriniz olubmu?

-Şəxsən  mənim heç vaxt belə düşüncəm olmayıb. Atdığım  bütün  addımları, olduğu kimi qəbul etmişəm. Səhvlərimə haqq  qazandırmamışam. Amma qəbul  etmişəm ki, bu mənim ömür  yolumda olmalıydı. Doğru addımların verdiyi sevinclə yanaşı, yanlışların da acısını dadmaq lazımdır. Bu gün səhv adlandırdığım bir şey bəlkə də, heç səhv deyildi? Taleyin bir yazısı idi! Bəlkə də, o səhv özündən  sonra bir doğruya yol açıb... Niyə hər şeyə neqativ baxaq?! Pozitiv yanaşmaq lazımdır. O səhvlər bəlkə də, mənim daha müdrik   təcrübəli olmağıma imkan yaradıb. Səhvsiz insanın olması ümumiyyətlə,  mümkün deyil, eniş-yoxuşu rahat qəbul etmək lazımdır. Hər yanlışı dəf etdikcə insan püxtələşir, özünü təsdiq edir. "Zamanında bunu  etsəydim...” ifadəsi əslində yaxşı ifadədir. Hesabat xarakterlidir. Amma sırf  itirilmiş  bir  zaman  haqqındadır. Ona görə də ötən günü  dəyərləndirməklə yanaşı, sabah haqqında düzün  qərar vermək, doğru proqnozlar düşünmək, uzağı görə bilmək, özünü sabaha hazırlamaq gərəkdir.

 

- Bu günlə yaşayan insansınız, yoxsa gələcəyə  yönəlik?

- Keşmişi sevmirəm. Çünki o mənə yeni heç bir şey vermir. Düzdür, "sevmirəm” sözü burda bir qədər sərt səslənir. Necə  deyərlər, keçmişinə  güllə atan adamı gələcək topa tutar. "Sevmirəm” o demək deyil ki,  mən  ona dəyər vermirəm. Sadəcə, keçmiş mənə artıq maraqlı olmayan yaşanmış bir dönəmdir. Keçmişdə əldə olunmuş naliyyətlərimlə yaşayan, kifayətlənən  insan  deyiləm. Bu günü isə ancaq gələcəyə hazırlıq  kimi  qəbul  edirəm. Bu günü  gələcək  üçün  öz  qüvvələrimi,  bacarığımı səfərbər etmək anı kimi  dəyərləndirirəm. Çünki, hər dəqiqə  ovuc içində  olan  qum  dənələri  kimidir, azacıq əlini  aralasan, süzülüb töküləcək. Yəni sabah mənim üçün daha  maraqlıdır.

 

- Zamanın qəhrəmanları kimlərdir: zamanın özünün seçdikləri, yoxsa  ona  diktə  edənlər?

- Diktə  edənləri seçən də elə zamandır. Qəhrəmanları - konkret  olaraq  mütəfəkkirləri, alimləri, liderləri və s. zaman özü seçir. Öz qabiliyyətlərini ortaya  qoyan və onu cəsarətlə həyata keçirən insanları  zaman seçib digərlərindən ayırır. Elə onlar da zamana diktə edənlər olur. Məhəmməd Peyğəmbər haqqında La Mensin belə bir fikri var: "Məhəmməd Peyğəmbər o şəxs idi ki, zaman və mən deyə bildi”. Bax bu cür  şəxslər, özünü zamana sübut etmiş insanlardır və zaman da onları  önə çıxarır. Hər kəs tarixdə yaşamaq, adını ora yazdırmaq haqqı qazanmır.

 

-Bəs insan necə hiss edir ki, zaman  məhz onu seçib?

-İnsan onu heç zaman hiss edə bilməz.  Öz dövründə  etiraf edilməyən,  sonralarsa dünya miqyaslı şöhrətə sahib olan dahilər var ki, onlar  seçilmişlər olduğunu ağıllarına belə gətirməyiblər. Makedoniyalı İsgəndər Oykumena arzusunu gerçəkləşdirmədən 33 yaşında dünyadan  köçdü. Oykumena - qlobal dövlət  yaratmaq istəyi idi. Yarımçıq qalmış arzu idi. Tarix isə bu böyük sərkərdəyə qlobal əbədi şöhrət statusu verdi. Seçilmişlərin hər biri zamanın onları nə ilə mükafatlandırdıqlarından  xəbərsiz  bu dünyanı tərk edib.

 

"Zamandan şikayətçi deyiləm"

 

- Planlı şəkildə yaşayan insansız yoxsa ekspromt?

- Mənim ekspromt şəkildə yaşamaq kimi bir lüksüm yoxdur. Belə bir deyim var Allahı güldürmək istəyirsənsə, ona planlarından danış. Ancaq yenə də çalışıram ki, bu ölçülərin içərsində nəyi bacarıramsa sığışdıra bilim. Zamandan şikayətçi deyiləm. Qadınlar adətən zamanın tez keçməsini xoş qarsalamırlar. Onlarda zaman qorxusu olur. Amma mən gələn hər ili sevinclə qarşılayıram, gedən hər ili minnətdarlıqla yola salıram.

 

- Hər şeyə vaxt çatdıra bilirsiniz?

- Çalışıram. Bir gün bir adamdan soruşurlar ki siz bu qədər işi necə çatdırırsiniz? Cavab verir ki, mən 25 saat işləyirəm. Soruşurlar ki  necə ola bilər ki, axı gün 24 saatdır, deyir yuxudan 1  saat tez dururam.

 

- Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz ?

- Çətin sualdır. Hər üzünüzə gələn sabahı xoş qarşılayın, çünki hər sabahın açılışı və bunu görmək imkanı Allahin sizə olan bir lütfüdür.

 

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

 

 Şəfiqə Şəfa

 Ədalət.-2015.-12 mart.-S.3.