BU, DİLSUZDUR...
ƏDƏBİ
HƏYAT
Neçə illərdir onunla qonşuyuq.
Dördüncü mərtəbədə o, ikincidə mən...
hər gün onu görürəm. Və hər gün
bir-birimizi görə-görə yaşa doluruq,
qocalırıq. Hər gün salamlaşır, hal-əhval tutur,
bir-birimizin kefini soruşuruq. Beləcə yaşa
dola-dola, qocala-qocala oğullarımızı evləndirdik, nəvələrimiz
dünyaya gəldi. Yaşa dola-dola
sosializmdən kapitalizmə keçdik, o birisinin zülmündən
qurtarmamış, bu birisinin girdabına düşdük.
Heç vaxt içəridən kasıb olmasaq da, mənən
özümüzü güclü saysaq da, elə günlərimiz
oldu ki, maddiyyatımız sıxıntılı keçdi,
ilham pərisinin bizdən üz döndərdiyini
gördük, Abbas Səhhətin bu misraları dilimizə gəldi:
"Ürəyimdə daha yox qönçə dodaqlar dərdi,
Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi".
Amma çox şey dəyişdisə, dəyişilməyən
adlarımız-soyadlarımız oldu: Dilsuz Mustafayev, Vaqif
Yusifli.
Bu il, martın 1-də Dilsuzun 70 yaşı tamam
oldu. Uzun müddət mətbuatda, ədəbi dərgilərdə
səsi az eşidilsə də, sağ
olsun Abid Tahirli dostu ki, onu bir yubiley məqaləsi ilə yad elədi.
Amma məsələ kiminsə az və ya
çox yazmağında, mətbuatı fəth eləməyində,
ya da gözə görünməməyində deyil, əsas
odur ki, sənin ədəbiyyatda heç olmasa bir qarış
yerin varmı? Nəsə yazmısanmı və
o yazı səndən ürəynən danışmağa
imkan verirmi? Bu baxımdan Dilsuz mən deyərdim,
xoşbəxt adamdır.
Dilsuzla
1979-cu ilin dekabrında tanış
olmuşuq. "Azərbaycan" jurnalında-ədəbi tənqid
şöbəsinə müdir vəzifəsində işə
başladım və elə birinci gün-21 dekabrda redaksiya
işçiləri ilə ünsiyyət qurdum - bu - baş
redaktor Əkrəm Əylisli, bu - onun müavini Nadir
Cabbarlı, bu - Fikrət Qoca, bu - Mövlud Süleymanlı, bu
- İsi Məlikzadə, bu-Natiq Səfərov, bu - Nemət
Veysəlli, bu - İntiqam Qasımzadə, bu da - Dilsuz
Mustafayev. Mənim ən çox
oturub-durduğum, söhbət elədiyim, məsləhət
aldığım bir İntiqam Qasımzadə idi ("Azərbaycan"ın
indiki baş redaktoru, o zamankı məsul katibi), bir də
Dilsuz. 1992-ci ildə Dilsuz işdən
çıxdı, Nazirlər Kabinetində Elçin müəllimin
yanında işə düzəldi. İnsafən,
deyim ki, o boyda idarədə işə düzəlsə də,
Dilsuz dəyişmədi, hər günkü salamlaşmaq, əhval-pürsanlıq,
səmimiyyət limitini pozmadı.
Dilsuz
Politexnik İnstitutunun avtomatika fakültəsini bitirmişdi,
amma öz ixtisasına uyğun cəmi üç il çalışdı. Bunun da
səbəbi vardı. O, içindəki, xarakterindəki
ƏDƏBİ ADAM obrazına xəyanət eləmədi, bir
müddət Azərbaycan Radio və Televiziya Şirkətində
çalışdı, bir jurnalist kimi xeyli yazılar
yazdı, verilişlər hazırladı, bal arısı pətəyə
cuman kimi sözdən yapışdı, həyatın qaynar
axınına qoşuldu.
Bədii
istedad, xüsusilə şairlik istedadı Tanrının
insana bəxş elədiyi xüsusi bir istedaddır və
Dilsuz bu cövhəri misra-misra ağ səhifələrə
düzdü. Onun ömrü boyu, vur-tut bircə kitabı
çıxıb: "Ağ atlı oğlanın
nağılı". Yadımdadır ki, əl
içi boyda olan o kitab satışda qalmadı. İndi ondan heç Dilsuzda da yoxdu.
Amma o kitabdakı şeirlərin dadı-duzu, şirinliyi
indi də oxucuların damağından getməyib.
Dilsuz yetmişinci illər ədəbi nəslinin
nümayəndəsi idi. Həmin illər şeirimizdə folklora, Dədə
Qorqud motivlərinə xalq şeirinə güclü bir
qayıdış verdi. Gənc
şairlər, o cümlədən Dilsuz xalq poeziyasının
ən qədim örnəklərinə müraciət edir,
poeziyada yaşarı ənənələrə sadiq
qalırdılar. Dilsuz həm də
türk şeirinən heyranı idi, Nazim Hikməti mütaliə
etmək onun gündəlik vərdişinə
çevrilmişdi. Həm də
türkçü idi və bunu o zaman heç gizlətmirdi də.
Onun şeir dili Dədə Qorqud öyüdləri və
sintaksisi üzərində köklənmişdi və burada
heç bir imtasiya və təqlid axtarmırdıq. Bu, ədəbi
varisliyin yaşanılması, yeni bədii çalarlar
qazanması demək idi.
Sözün
böyüyüncə ululuğun böyüsün,
Ululuğun
böyüyüncə ozan dilinə düşəsən;
Qobuzdan-qobuza
Yayladan yaylaya sevgin böyüsün.
Ağca-ağca
oğuz qızları
Göyçə-göyçə yaylalardan gül
toplasın.
Gündoğandan Günbatana orduların qopsun.
Oğuz
ellərindən arxan gəlsin,
Yağıların yaman yerdə axşamlasın.
Bizim elli durnalar ötüncə göyün
böyüsün.
Yaylardan
yaylalara,
Dənizlərdən
dənizlərə
Gündoğandan
Günbatana
bayraqların küləkləsin.
Dədə Qorqud dünyası əzəli-əbədi
türk dünyasının ən parlaq bir səhifəsidir və
Dilsuz neçə-neçə şeirində bundan təsirlənib. Amma bu təsir
təqlid səviyyəsində olmayıb. Dilsuz
Dədə Qorqud müdrikliyini, dastandakı qəhrəmanlıq,
ərənlik missiyasını cavan nəsillər
üçün örnək hesab edib. Onun məşhur
"Beşik nəğməsi"ndən uzaq əsrlərdə
anaların, nənələrin həzin layla səsini
eşidirik:
Ərcə
balam,
Bircə
balam,
Ərcəm
laylay,
Bircəm laylay.
Dədəm
Qorqud
Bir ad versin.
Qoç
Koroğlu
Qırat
versin,
Körpəm,
laylay,
Öfkəm, laylay.
Dilsuz o zamankı ədəbi nəsil içərisində
ilk növbədə, məhz şeirlərinin dili, ifadəliliyi
və obrazlılığı ilə seçilirdi. Nədən
yazırsa-yazsın, o şeirdə sözdən düzülən,
misralardan boy atan poetik bir tablo canlanırdı. Sözlər şeirə, şeir isə poeziyaya
çevrilirdi.
Güllərdən
toxunub çölü, çəməni,
Baxaram, sevdası vurar başıma.
Gedərəm,
dağları ötürər məni,
Gedərəm, dağları çıxar
qarşıma.
Burda
çiçək-çiçək bəzənir torpaq,
Ürəyə xal salır lalənin xalı.
At kimi
kişnəyən boz sellərə bax-
Havada oynayır ağappaq yalı.
Bu misralar Dilsuzun "Vətən" şeirindəndir. Vətəni
pafosla, quru ritorika ilə mədh yoxdur bu şeirdə. Yeri gəlmişkən deyim ki, Dilsuzun "Bura Vətəndir"
şeiri neçə illərdir Cavanşir Quliyevin bəstəsində
radioda, televiziyada səslənməkdədir. Onun bir
çox şeirlərinə Ramiz Mirişli, Oqtay Rəcəbov,
Aydın Əzimov, Azər Dadaşov mahnılar bəstələmiş,
bu mahnıları Zeynəb Xanlarova, Arif Babayev, Nəzakət Məmmədova,
Elmira Rəhimova, Flora Kərimova, İlhamə Quliyeva, Akif
İslamzadə, Yalçın Rzazadə kimi
tanınmış müğənnilər oxumuşlar. "Nəğməkar şair" ifadəsindən
heç xoşum gəlmir, çünki əsl şair elə
nəğməkar olmalıdır, şairin şeir dili, poetik
tələffüzü ritm, ahəng, melodiya üzərində
qurulmalıdır. Dilsuz bu mənada
şeirlərində sözlərin musiqisini yaradan şairlərdəndir.
Göydə
ulduz gülə-gülə,
Yığmaq olmaz gilə-gilə.
Mən
baxaram-qəlbim yanar
Sən baxarsan gülə-gülə.
Bu yaxınlarda Dilsuzun hələ çap
olunmamış şeirlərini oxudum (Onların bir qismi
"Ədəbiyyat qəzeti"ndə işıq
üzü gördü). Hiss elədim ki, uzun müddət ədəbi dərgilərdə
şeirləri dərc edilməsə də (bunun günahı
elə Dilsuzun özündədir), Dilsuzun
şairlik istedadına heç zərrə qədər də
xələl gəlməyib. Əksinə,
Dilsuzun yeni şeirlərində günümüzün,
reallığımızın mənzərəsi əks
olunur. Budur, "Çadır şəhərciyindən
reportaj":
Axşam
namazından sonra
böyrü-başı dəlik-deşik bir çadırda
bir
qarı köks dolusu bir ah çəkdi!
"Yer
üzündə yerimiz yox,
Göy
üzündə göyümüz yox,
Gücümüz
yox, heyimiz yox...
Səni dağılasan, dünya!"
Bu ahdan
çatladı göy qübbəsi-
Sapı
qırılmış təsbeh dənələritək
dağıldı ulduzlar,
Ay-namnazik
yemiş dilimi
qopub
düşdü yerə.
Qurudu
irmaqlar,
Yandı, kül oldu dağlar.
Nə
göy üzündə göy qald,
Nə yer
üzündə yer...
Ora
bax...Ora bax...
Bu
vurhavurda
başını götürüb,
şeytan
buludların arasıyla
harasa
qaçır Allah.
Şeiri bütünlüklə misal gətirdim ki, onun
içindəki mənzərə tam, aydın
görünsün. Çadırlarda yaşayan soydaşlarımızın
taleyi çox şeirdə əks olunub, amma belə poetik,
obrazlı şeirlə az
qarşılaşmışam.
Şeirdə
fikirlə hiss vəhdət təşkil etməlidir. Təbii ki, birinci fikirdir, amma onu şeir sehrinə
bürüyən şeiriyyətdir. Şeirin
hansı formada, hansı vəzndə yazılması şərtidir,
istedadlı şairin qələmində o, öz poetik həllini
tapacaq. Dilsuz hecaca da, sərbəstdə də
eyni dərəcədə uğur qazana bilir.
Dilsuzun sevdiyi şairlər çoxdur, amma mənim
fikrimcə, onun ən çox sevdiyi bir şair var - Nazim Hikmət. O, ustad şairə bir
neçə şeir həsr edib. Nazimin ölümünə
həsr etdiyi bir şeir daha təsirlidir:
Anadolu
qovaqları yelləndi-qalxmadın,
Gözəllərin yanaqları allandı-qalxmadın.
Heyvalar,
armudlar ballandı-qalxmadın,
Ulu
Göy üzündən
Alnına
qocaman-qocaman ulduzlar yağdı-
qalxmadın.
Yer
üzünün küləkləri
Aldı başına qara sevdanı-qalxmadın.
Yanıq-yanıq
bağrımıza qalxmadın,
Ağrımıza, acımıza qalxmadın.
Dağlar, daşlar dilə gəldi, qalxmadın.
Dilsuz Mustafayev yetmişinci illərin sonlarında "Azərbaycan" jurnalında "Yol" adlı bir hekayə çap etdirdi. Hekayə müəyyən səs-səda doğurdu və hamı gözləyirdi ki, bu ilk hekayəsinin uğurundan sonra Dilsuz nəsrdə də öz sözünü deyəcək. Amma... daha ardı gəlmədi. Amma bunun əvəzində tərcümə ilə məşğul oldu. Çox olmasa da, sanballı tərcümələr elədi.
Dilsuzun yetmiş yaşı... Yazımın əvvəlində
dedim ki, yaşa doluruq, qocalırıq, amma inanın,
istedadlı adam üçün qocalıq məfhumu yoxdur və
mən Dilsuzun üzü payıza, qışa yol alan
ömür karvanına yox, istedadının yeni baharına
boylanıram.
Ədalət.-2015.-14 mart.-S.15.