Çanaqqala səfərindən təəssüratlar

I yazı

 

Desəm ki, Vətənim, Ulusum saydığım Türkiyəni görmək ən qutsal arzularımdan biri idi, çox adamlar yəqin ki, mənə gülər. Ona görə belə düşündüm ki, indi Türkiyəyə səfər etməmiş az-az adamlara rast gəlmək olar. Nə danım, bizi ağzına alıb sel kimi qovan vaxt, iş-güc, yaşam qayğıları gözümü açmağa macal vermədiyindən bu arzuları yığvalın umuduna buraxmışdım. Və günlərin birində kəramətinə heç vaxt ümid etmədiyim yığval üzümə güldü. Çağdaş Azərbaycan və bütöv Türk dünyasının tanınmış (bunu çəkinmədən və iftixar hissi ilə söyləyirəm) şairi və ədibi, Çanaqqala Universitetinin professoru və fəxri hocası (müəllimi) Məmməd İsmayıl məni Çanaqqala şəhərində düzənlənəcək və ənənəvi olaraq hər il keçirilən Uluslar arası şeir şöləninin Çanaqqala dəniz zəfərinin 100 illiyinə həsr olunmuş tədbirinə dəvət etdi. Bu bir fürsət idi və dərhal razılaşaraq səfərə hazırlaşdım.

Səhər tezdən İstanbul hava limanına endim. Çanaqqalaya gedəcək avtobusla səfəri davam etdirdim. Yollar boyu açılan bir-birindən gözəl mənzərələri gözlərimlə içir, bu böyük vətənin əngin hüdudlarını seyr edərək içimi dolduran fəxarət hisslərimin sərxoşluğunda xumarlanırdım. Sən demə, Egey dənizini Mərmərə dənizinə qovuşduran Dardanel boğazı eyni zamanda Çanaqqalanı quru sahədən ayıran bir dəhliz imiş. Avtobus, çox da iri olmayan paromun içinə daxil oldu və yarım saat müddətinə Çanaqqala Boğazını üzərək Şəhidlər diyarı Çanaqqalaya yetişdi.

Avtobusun pəncərəsindən məni qarşılamağa gəlmiş Məmməd İsmayılı və yanında olan bir neçə nəfəri gördüm.

Xaraktercə tündməcaz sandığım Məmməd abi qucaqlayaraq məni sinəsinə sıxdı, gülər üzlə xoşgəldin edib, əslən Azərbaycanlı olan rəssam Vahid Novruzovusevimli tələbəsi ilə məni tanış edib özümü vaxtında yetirdiyimi söylədi. Şölənin açılışına bir neçə saat qalmışdı. Məmməd abi limanla üz-üzə olan izdihamlı küçəyə tərəf addımlayaraq şəhərlə məni tanış etməyə başladı. Böyük prospektə bənzəyən küçənin girişindəki lövhəni göstərərək: "Çanaqqalalılar sənin gəlişinə sürpriz hazırlayıblar" - deyib küçənin adını mənə göstərdi. "Demircioglu prospekti". Heyranlıqla lövhəyə baxmağa başladım. Bu doğrudan da belə idi. Bu izdihamlı, geniş küçənin adı "Demircioğlunun" adını daşıyırdı. Yəqin ki, buna sizinana bilməyəcəksiniz və mən də inanmadım. Məmməd əminin zarafatı yerinə düşmüşdü. Bu küçə doğrudan da "Demircioğlu" küçəsi olsa da mənim adımı daşımırdı. Xoş bir üst-üstə düşmə idi.

Çanaqqala şeir axşamlarının ilk gecəsi Çanaqqala On səkkiz Mart Universiteti Eğitim Fakültəsi Süleyman Demirel Salonunda gerçəkləşdi. Təmtəraqla bəzənmiş salon şeir sevdalılarıyla dolmuşdu. Səhnənin baş tərəfində şölən iştirakçılarının portret fotolarından düzəldilmiş iri bir afişa asılmışdı. Sol tərəfində isə Türkiyyənin, Kərkükün və Azərbaycanın bayrağı asılmışdı. Məmməd İsmayıl: "Azərbaycan bayrağı sənin şərəfinə asılmışdı" - deyib, onsuzda iftixar hissi ilə dolu olan ürəyimi bir az da fərəhləndirdi.

Aparıcılar şövqlə şölənin giriş sözlərini söyləyib sözü Çanaqqala Valisi Ahmet Çinara verdilər. Zahirən çox sadə görünən Vali geniş və məzmunlu çıxışıyla şöləni açıq elan etdi. Ahmet Çinarın məntiqli çıxışı hamımızı valeh etmişdi. O bu şölənin mahiyyətini açıqlayaraq sözün qüdrətindən söhbət açdı. Ən sivil ölkələrin öz mədəniyyətinə, ədəbiyyatına milli ənənələrinə güvəndiyini vurğulayaraq, Rusiyada Tolstoya, Dostoyevskiyə, Puşkinə verilən dəyərləri misal gətirərək, bu şölənlərin nə qədər əhəmiyyətli olduğunu söylədi, Akademik şeir ailəsi Kültür və Ədəbiyyat Dərnəyinin hər il düzənlədiyi şeir şöləninə dəstək verərək bu işi daha da genişlədirməyi tövsiyə etdi.

Sonra Akademi Şeir Ailəsi Kültür və Ədəbiyyat dərnəyinin Başqanı Mustafa Berçin, Qazetçi Yazar Mustafa Atmaca, Uluslararası Kültür Dil və Ədəbiyyat Dərnəyinin Başqanı Uğur Kılıc çıxış edərək gördükləri və görüləcək işlərindən söhbətlər açıb gələn qonaqlara və tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.

ŞölənəTürkiyənin 14 müxtəlif diyarlarından gəlmiş qonaqlariki aşıq qatılmışdı. Tədbir iştirakçılarından ilk olaraq söz musiqiyə verildişair ozanlar, Ozan Nihat və aşıq Aytən Gülçinar öz maraqlı, koloritli çıxışlarıyla bir canlanma yaratdılar.

Sonra isə şairlərdən ilk olaraq Çanaqqala universitetinin professoru, Bütöv Türk dünyasının tanınmış şairi Məmməd İsmayıla söz verildi. Məmməd İsmayıl dərin məzmunlu və əhatəli çıxışıyla ağzınacan dolmuş salonu heyrət içində saxladı. O Çanaqqala və Azərbaycan Şəhidlərinin ruhlarını yad edərək onların bir millətin qəhrəmanlıq, şərəf və ləyaqət tarixini öz qanlarıyla tarixə həkk etdiklərini söyləyib, aşağıdakı şeirlə çıxışını tamamladı:

 

Bir zaman yoğrulub qanla bu torpaq,

Bekle azaldığın mayası qandır.

Canı unutmaqdır qanı unutmaq,

Qanı unudanlar unudulandırg

Unutmaq sırası sanamı düşdü,

Unutma ele bir an gele biler.

Bu gün şehidleri unutsaq işdi

Sabah bulaqlardan qan gele biler!!!!

 

Beləliklə bir-birini əvəz edən çıxışçılar, rəngarəng şerləri ilə salonun alqışlarına qərq olurdular. Kəlkükdən gəlmiş şair Şemseddin Küzeçi, Toqatdan Osman Baş, İzmirdən Hava Köşeoğlu, Şerifə Çinar, Çanaqqaladan Mustafa Berçin, Öznur Keçici Demirel.Adapazarı-ndan Ömer Emecan, Ankaradan Ramazan Özyurt, Uğur Kılıc Özgür Bacaqsız, Amasiyadan Ali Rza Atasoy, bir-birinə bənzəməyən şeirləri ilə çıxışlar etdilər.

Həyəcanlı olmağıma baxmayaraq "İsaq-Musaq oxuyur" şeirimlə çıxış edib tamaşaçıların alqışlarını qazana bildim. Ustad Məmməd İsmayılın əlimi sıxıb təbrik etməsindən anladım ki, çıxışım uğurlu alındı.

Beləliklə tədbirin yekununda Şəhərin Valisi tədbir iştirakçılarına hədiyyələr Təşəkkürnamələr verib xatirə şəkilləri çəkdirdilər.

Ertəsi günü tədbir iştirakçılarını Hasan Mevsuvun adını daşyan Şəhidlər Xiyabanına apardılar. Bu xiyaban Çanaqqala Boğazının Anadolu yaxasında köhnə Çanaqqala yolunun kənarında yerləşir. Burada uyuyan şəhidlər 1915 ci il, martın 18-də yadelli işğalçıların, ingilis gəmilərinin boğaza soxulduğu zamanda ağılagəlməz qəhrəmanlıqlar, əfsanəvi şücaətlər göstərərək düşmənlərə toplardan ağır zərbələr endirmişlər. Həmin döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş Batareya komandirləri Üsteğmən Hasan Teğmen Mevsufun xatirəsini əbədiləşdirmək üçün bu xiyabana Hasan Mevsuv adı qoyulmuşdur.

Boğazın sol cinahında, hündür təpənin üstündə yerləşmiş azman toplara, sıralarla düzülmüş şəhidlərin məzar daşlarına baxdıqca qulaqlarımda o dəhşətli döyüşlərin nəriltisi, gurultusu səslənirdi. Başdaşlarına yazılmış yazıları oxuduqca yaralı topçuların, telefonçuların döyüşçülərin qan içində zarımalarını, can verərkən söylədikləri vəsiyyətləri eşidilirdi. 18 mart, 1915-ci ildə göstərdikləri şücaətləri ilə şəhidlik zirvəsinə qalxan Hasanın, Mevsufun, komandanlığı altında döyüşən telefonçular Er Mustafanın, Er İsmayılın, Mehmetin, baterya komandiri Hasanın, zabit Namzedi Halimin yüzlərcə şəhidin məzarlarları ilə bəzənmiş bu xiyaban, Çanaqqalanın Türkün baş endirdiyi müqəddəs bir məkana çevrilmiş. Girişdəki mərmər lövhəni oxuyuruq " YOLÇU, 22 düşman harp gemisinin zorladığı Çanakkala Boğazı Türk azmi karşısında geçilmedi. O gün (18 mart 1915) Türk zeferinin üstün başarısını bu topçu bataryası göstermiştir. Burada o gün yurdu için savaşırken şehidlik mertebesine yükselen Batarya komutanı Üsteğmen Hasan ile Takım komutanı Teğmen Mevsuf ve dört eri yatmaktadadır..."

Qulaqlarımda top nərələri, qanlı savaşlarda şəhid olan ərənlərin hayqırtıları. can üstə olan əsgərin yoldaşına verdiyi məktub. "Sağ qalsan bu naməni anama göndər". Namədə yazılıb: "Annecim, konşumuz Ahmedə para borcum vardı. Onu ver. Vere bilməsən söyle ki, haqqını halal etsin". Bir başqasının məktubundan oxunanlar: "Anne, dostum Mehmetin mene para borcu vardı, söyle ki, haqqımı halal etdim". (bu əhvalatları Nigar Lalsahrudun söylədiklərindən götürdüm. Olduğu kimi yazmadığımı bilirəm. Bunlar nəzərə alınsın.). Beləcə, fikirlər içində avtobusa otururuq, Lapseki şəhərinə doğru yola düşürük. Lapsekinin adı qədim yunan əsatirlərinə söykənir. Lapseki, o dönəmdə bu yerlərə məskunlaşmış bir filosofun qızının- Lampsakosun adını daşıyır. Lapseki Çanaqqaladan 45 km. aralıda, meyvə bağlarıyla bol olan bir mənzərəli məkanda qərarlaşmış, güneyindən Çan Yenice, qərbindən isə Gökçekada Bozcaada ilə sərhədlənir.

Antik mədəniyyətinin qalıqlarını hələ özündə saxlayan bu ecazkar bölgə haqda kitablar yazılıb mən bu yazımda bunları bura yerləşdirə bilmərəm. Lapseki haqda gözəl nəfis bir kitab mənim söyləyə bilmədiklərimi özündə cəm etmişdir. Yazdığım məlumatları isə bu kitabın müəllifi, Qazetaçı Mustafa Atmacanın Lapseki görüşlərimizdə söylədiklərindən yararlandım. Bu nurlu bilgili insan ürəyimi fəth etdi, könlümdə özünə bir yuva qurdu.

Sonra bizi Lapseki Bələdiyyə başqanlığına gətirdilər. Qonaqları qəbul edən Bələdiyyə başqanı Eyup Yılmaz Lapseki şəhidləri haqda bilgilər söyləyib, Lapsekinin uzaq yaxın keçmişindən söhbətlər açdı, əsasən meyvəçiliklə məşğul olan bölgənin məhsullarının dünyanın hər yerində satıldığını söylədi. Şölənimizin davamı isə qədim tarixə söykənmiş Çardak Handa düzənlənmişdi. Soyuq olmasına baxmayaraq, bu möhtəşəm qədim saray çox güman ki, zamanlar isə karvansara olmuşdur. Burada da şöləni Bələdiyyə başqanları açaraq meydanı müxtəlif diyarlardan gəlmiş şairlərə verdilər.

Elə burada da ilk sözü Türkün böyük şairi Məmməd İsmayıla verdilər. Hamını heyran edəcək çıxışyla könüllər sevdalısı Məmməd İsmayıl "Türkün sevgisi" şeiri ilə bütün zalı coşdurdu, sürəkli alqışlara səbəb oldu. Mən öz növbəmdə çıxış edərək "Gizlənib" şeirimi oxudum.

Sonda gözlənilməz bir sürpriz hamının marağına, mənim isə sevincimə səbəb oldu. Çanaqqala universitetinin professoru, Türkün ünlü şairi Məmməd İsmayılın adına təsis edilmiş mükafatın təqdim etmə mərasimi Məmməd İsmayılın özünə gözlənilməz bir hədiyyə oldu. İlk mükafatı Müəllif qismində Məmməd İsmayıl özü təqdim etdi...

Elə bu yerdəcə qeyd edim ki, illər öncə başlamış, indi isə 6-cı olaraq düzənlənmiş bu şölənin təşkilatçısı Mustafa Berçin öz vəsaiti hesabına bu xeyyriyə işinin müəllifidir sona qədər bütün müsafirlərin qayğılarını çəkməkdən nəinki usandı, hətta zövq aldı deyərdim. Mən öz növbəmdə bu böyük könül sahibinə dərin minnətdarlığımı bildirirəm, bu yolda ona bol-bol uğurlar sağlıqlar diləyirəm.

Səfərin ikinci yazısı da olacaq. Hər kəsə salamlar olsun.

 

Ədalət.-2015.-14 mart.-S.10.