"Türk dövlətləri bu asılılıqdan xilas ola biləcək"

 

İlham İsmayılov: "Türk dünyası ilə bağlı dövlət başçıları səviyyəsində siyasi iradə ortaya qoyulub"

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun Adalet.az-a müsahibəsi

 

- İlham müəllim, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin 7 yaşı tamam oldu. Bu illər ərzində fəaliyyətinizi necə xarakterizə edərdiniz?

- Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) fəaliyyət göstərdiyi müddətdə milli maraqlarımıza, eləcə də türkçülüyə xidmət edən yüzlərlə layihə həyata keçirib ki, həmin layihələrin böyük bir qismini xarici ölkələrdə həyata keçirilən beynəlxalq tədbirlər təşkil edib. Bu illər ərzində təşkilat olaraq Türk dünyasının müxtəlif bölgələrində təşkil olunan tədbirlərə də vaxtaşırı dəvət almışıq və bir çox hallarda Türk dünyası üçün vacib olan belə tədbirlərdə iştirak etmişik. Bu gün Respublikamız türk dünyasının inkişafında, türkdilli xalqların inteqrasiyasında mühüm rolu olan əsas ölkələrdəndir. Son illər bu istiqamətdə türk dövlət başçılarının atdığı mühüm addımlar biz ictimaiyyət nümayəndələrinin də aktivləşməsinə təkan verib. Təşkilatımız da bu istiqamətdə mühüm addımlar ataraq,  türkdilli dövlətlərlə əlaqələr yaratmaq, türk xalqları arasında inteqrasiyanı sürətləndirmək, onları  bir amal ətrafında birləşdirməyi öz qarşısına məqsəd qoyub. Biz fəaliyyətimizi əsasən bu istiqamətdə qursaq da, fəaliyyət prinsiplərimizdən biri də Dağlıq Qarabağ həqiqətlərini türkdilli xalqlar və onların diaspora təşkilatları vasitəsilə bütün dünyaya çatdırmaq   bu işdə onların da Azərbaycana dəstək verməsinə nail olmaqdan ibarətdir. Bu istiqamətdə təşkilatımız bir çox beynəlxalq layihələr həyata keçirib və bu həyata keçirilən layihələrdə Dağlıq Qarabağ problemi bütün türk dünyasının ortaq problemi olaraq təqdim olunub. Belə ki, 2010-cu ildə Türkiyənin Ankara şəhərində Türkiyə Strateji Araşdırmalar Mərkəzi ilə birgə "Dağlıq Qarabağ probleminə türkdilli dövlətlərin dəstəyinin artırılması” ilə bağlı beynəlxalq tədbir keçirmişik. Türkiyədə fəaliyyət göstərən 150-dən çox beyin mərkəzləri, millət vəkilləri, QHT və siyasi partiya nümayəndələrinin iştirak etdiyi tədbirdə əsas məqsəd Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması və bu problemin həllinə həmin mərkəzlərin dəstəyinin artırılması olub. Biz bu tədbirdə bir təşkilat olaraq Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ortaq problemi olduğunu önə çəkmişik. Mərkəzimiz Dağlıq Qarabağ problemininin türk dünyasında tanıdılması işinə sistemli olaraq yanaşmaqdadır. Biz 2010-cu ildə türk dünyası ilə bağlı daha bir beynəlxalq tədbiri Naxçıvanda həyata keçirdik. Türk dünyasının akademik tibb və tarix konfransı adı altında keçirilən dörd günlük konfransda da ortaya qoyulan mövzularla yanaşı, Dağlıq Qarabağ problemi də ən geniş şəkildə müzakirə olundu. Ötən ilin oktyabr ayında Qarabağ bölgəsində - mərkəzi Xocavənd rayonu olmaqla Qarabağ regionunun həkimləri üçün 4-cü Türk dünyası Akademik Tibb və tarix Konfransları keçirdik. Bu konfransın Qarabağ bölgəsində keçirilməsində əsas məqsədlərimizdən biri də məhz Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olmasını və tarix boyu bu torpaqların yalnız Azərbaycana məxsus olduğunu bir daha türkdilli dövlətlərin diqqətinə çatdırmaq oldu. Həmin konfransın yekunu olaraq, Türkiyə Gastreontoloji Vakfı rəhbərliyi Beynəlxalq Qarabağ Universitetinin yaradılmasını təklif etdilər.

- ATXƏM-in fəaliyyətinə nəzər saldıqda görürük ki, Türk xalqları ilə əməkdaşlıqla yanaşı, diaspora və lobbiçilik fəaliyyətinə də xüsusi önəm verir...

Doğrudur. ATXƏM Dağlıq Qarabağ həqiqətlərini yalnız türkdilli dövlətlərdə deyil, eyni zamanda türkdilli xalqların diaspora təşkilatları ilə birgə əməkdaşlıq şəraitində qabaqcıl Avropa dövlətlərində tanıdılması işində də mühüm addımlar atmaqdadır. Mərkəzimiz bu istiqamətdə Avropanın siyası paytaxtlarından hesab olunan Avropa Şurasının yerləşdiyi Fransanın Strasburq şəhərinə və Avropa Birliyinin yerləşdiyi Belçikanın Brüssel şəhərinə xüsusilə əhəmiyyət verməkdədir. Biz 2010-2013-cü illərdə ənənəvi olaraq Strasburq şəhərinin mərkəzində hər il fevralın 26-da Xocalı faciəsinin tanıdılması ilə bağlı geniş mitinqlər təşkil etmişik. Bu il fevralın 25-də isə biz Xocalı soyqırımı ilə bağlı Brüsseldə - Avropa Parlamenti önündə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə yürüş-mitinq təşkil etdik. Təbii ki, bu mitinqlərin təşkil olunmasında Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının böyük dəstəyi olmuşdur. Mərkəzimizin fəaliyyəti dönəmində ən mühüm hesab etdiyim layihələrdən biri də 2011-ci ildə təşkilatımız tərəfindən Brüsseldə Avropa Parlamentinin binasında Dağlıq Qarabağ problemi ilə bağlı təşkil etdiyimiz beynəlxalq konfrans olub. Bu konfransın əhəmiyyəti ondan ibarət idi ki, ilk dəfə Azərbaycandan bir QHT Avropa Parlamentində belə bir səviyyədə tədbir təşkil etmiş, bu tədbirə dörd nəfər Avropa Parlamentarisi və onlarla Avropada fəaliyyət göstərən beyin mərkəzləri rəhbərləri qatılmışdır.

Eyni zamanda təşkilatımız ötən bu illər ərzində türk dünyası ilə bağlı bir çox beynəlxalq konfranslarda iştirak edib. Dünyanın bir çox yerində keçirilən belə konfranslarda da Dağlıq Qarabağ probleminin gündəmə gətirilməsinə və konfransların yekun bəyannamələrində Dağlıq Qarabağla bağlı məsələlərin ayrıca bənd olaraq salınmasına nail olmuşuq. Ümumiyyətlə, fəaliyyətimiz dönəmində çalışmışıq ki, mərkəzimizin əsas prinsipi olan türkdilli xalqların əməkdaşlığını genişləndirək, Qarabağ həqiqətlərini bu dövlətlərin ictimaiyyətinin diqqətinə çatdıraq və bu problemin həllində həmin dövlətlərin də dəstək olmasını təmin edək. Təbii ki, təşkilatımızın fəaliyyətində Qarabağ problemi ilə yanaşı, müxtəlif mövzuları əhatə edən onlarla beynəlxalq layihələr də həyata keçirmişik. Qısaca olaraq bildirim ki, həyata keçirdiyimiz bu layihələrin böyük bir qismi məhz türk dünyası üçün vacib olan gələcək strateji hədəflərin müəyyənləşdirilməsi ilə bağlı olub.

- Rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti istiqamətində Türkdilli xalqlarla əməkdaşlıq mühüm yer tutur. Bu yöndə mövcud vəziyyəti necə dəyərləndirisiniz?

-Son illərə nəzər salsaq görərik ki, bu ötən illər ərzində Türk dünyası ilə bağlı dövlət başçıları səviyyəsində siyasi iradə ortaya qoyulub, türk birliyinin əldə olunması üçün mühüm işlər görülüb. Xüsusilə, 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli dövlət başçılarının IX zirvə görüşündə qəbul olunan qərarlar olduqca əhəmiyyətli olub. Məhz bu zirvə görüşündə qəbul olunmuş qərarlar doğrultusunda Türkdilli Dövlətlərin Parlament Assambleyası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaranmış, əməkdaşlıqda real addımlar atılmışdır. Şuranın ortaq bayrağının qəbul olunması isə artıq bu birliyin tam olaraq ciddiyətini göstərməkdədir. Hazırda türk birliyinin qurulması üçün bütün sahələrdə işlər sürətlə davam etməkdədir. Təbii ki, bu birliyin qurulmasında ən vacib olan məsələlərdən biri də türk dövlətləri ictimayyət nümayəndələrinin könüllü olaraq bu prosseslərdə çox fəal şəkildə iştirak etmələridir. Hesab edirəm ki, ötən bu illər ərzində ATXƏM türk dövlətləri ilə əlaqələrdə özünün Azərbaycanda sağlam bir tərəfdaş olduğunu göstərə bildi. Çünki ötən  illər ərzində türk dünyası ilə bağlı ortaq layihələr həyata keçirmişik və bu gün də bizimlə türk dünyasında və Avropa məkanında ortaq layihələr gerçəkləşdirmək təklifi ilə bağlı ciddi qurumlar danışıqlar aparmaqdadır. Ötən il təşkilatımızla Qazaxstanda fəaliyyət göstərən Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı ki, biz bağlamış olduğumuz müqaviləyə əsasən 2014-15-ci illərdə pulsuz təhsil almaq üçün 17 nəfər aztəminatlı ailələrdən olan tələbəni bu Universitetdə oxumağa göndərdik. Qazaxstan və Türkiyənin birgə qurmuş olduğu bu dövlət universitetinin Azərbaycanda tərəfdaş kimi bizi seçməsi təbii ki, təşkilatımıza olan inam, etibar və ciddiyətdən irəli gəlmişdir.

- Araşdırmalar da göstərir ki, Türkdilli ölkələrə qarşı ikili standartlara qarşı cavab müəyyən qədər gecikir. Bəzi hallarda türkdilli ölkələr vahid mövqedən çıxış etmirlər. Bu dünya birliyinin yürütdüyü siyasətdən irəli gəlir ya daxildə hər hansı çatışmamazlıq var?

-Türk birliyi ilə bağlı son illər görülmüş işlər göstərir ki, bu ideya artıq bir xəyal deyil, reallaşmaq mərhələsindədir. Hər ötən gün biz bu birliklə bağlı atılan addımların ciddiliyini hiss etməkdəyik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması və az bir zaman ərzində ciddi addımlar atması sübut etdi ki, Türk dövlətlərinin ölkə rəhbərləri bu birliyin qurulması üçün yetərincə siyasi iradə nümayiş etdirirlər. Siyasi iradə və iqtisadi dəstəyin olması əsas təməl bazalardır və yalnız bundan sonra səmərəli fəaliyyət göstərmək lazımdır. Son bir neçə il ərzində Türk birliyi ilə bağlı mühüm qərarlar qəbul edilib. Hətta, Türk dövlətlərinin ortaq iqtisadi məkanının yaradılması məsələsi də zaman-zaman gündəmə gəlib. İnanıram ki, vahid iqtisadi məkanın yaranması Türk Birliyini reallaşdıran əsaslardan biri olacaq. Çünki bir çox Türk dövlətlərinin iqtisadi asılılığı onların Türk dünyasına inteqrasiyasına əngəl olan əsas amildir. Türk dövlətlərinin müasir mənzərəsinə nəzər salsaq görərik ki, Azərbaycan, Türkiyə, Qazaxstan və nisbətən Qırğızstan Türk Birliyinin reallaşması üçün daha cəsarətli və praktik addımlar atırlar. Təbii ki, burada iqtisadi amillərlə yanaşı, dövlət rəhbərlərinin siyasi iradə ortaya qoymaları da xüsusi rol oynayır. Özbəkstan və Türkmənstanın tam olaraq qərarsız mövqələri və bir qədər də iqtisadi asılılıqları onları Türk Birliyi tablosunun içərisində bir az zəif göstərən amildir. Amma bununla belə indiki geopolitik reallıqlar müstəvisində bu iki qardaş ölkə də öz gələcəklərini bu birliyin içərisində düşündüklərini sezməkdəyik. Təbii ki, Türk birliyinin qurulmasını istəməyən supergüclər, böyük dövlətlər mövcuddur. Üstəlik, postsovet məkanında mövcud olan mühafizəkarlıq və asılı politika yürütmək meylləri hələ də qalmaqdadır. İnanıram ki, yaxın vaxtlarda bütün Türk dövlətləri bu asılılıqdan xilas ola biləcək və Türk birliyinə doğru daha inamla yanaşacaqlar. Artıq dünyanın real mənzərəsi və indiki durum bunu daha da vacib edir.  

 

- Siz hər il "Türkçülük günü"nü və Qafqaz İslam Ordusunun Bakıya gəlişini qeyd edirsiniz. Bu tədbirlərin əhatə dairəsinin genişləndirilməsi yönünhdə hər hansı danışıqlar aparırısınız?

- Artıq beş ildən çoxdur ki, ATXƏM-in hər il təşkil etdiyi "3 may – Türkçülük günü”nü böyük təntənə ilə qeyd edir. Hətta, bizim bu tədbirlərə Türkiyə ilə yanaşı, Fransa, Belçika,Rusiya, Ukraynadan olan  diaspora rəhbərləri də qatılırlar. Təşkilatımız yarandığı gündən ənəvi olaraq,  "3 may – Türkçülük günü”nü və sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini və Bakının erməni-bolşevik birləşmələrindən azad etməsi gününü böyük təntənə və bayram əhval-ruhiyyəsində qeyd edir. Ötən il sentyabrın 15-də  Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycanı gəlişinin 95 ili tamam olurdu. Mərkəzimiz bu təqvimin yubiley ili olduğunu nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası ilə birgə jurnalistlər arasında müsabiqə keçirdi və qalib yazarları mükafatlandırdı. Hesab edirəm ki, hər iki bayram günü Azərbaycan üçün çox əhəmiyyətlidir və bu bayramlar  gələcəkdə daha böyük müstəvidə keçiriləcəkdir. Çünki, sovetlər birliyi dönəmində bizə unutdurulmuş tarixi gerçəkliklərimiz üzə çıxdıqca, tariximizə də özümüz qiymət verəcəyik və bizim üçün mühüm olan tarixi günləri məhz bayram əhval-ruhiyyəsində qeyd edəcəyik.

 

-  Bir müddət öncə Qarabağ universitetinin yaradılması yönündə ölkə başçısı İlham Əliyevə müraciət ünvanlamışdınız. Bu yöndə işlər hansı səviyyədədir?

- Ötən il oktyabrın 24-25-i tarixlərində Xocavənd qəsəbəsində ATXƏM və Türk Qastroenteroloji Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən "IV Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix Konfransı” keçirildi. Konfransın yekununda iştirakçılar adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlandı. Müraciəti Türkiyənin elm adamlarından professorlar  Əli Özdən, Yılmaz Çakaloğlu, Tankut İlter, Əhməd Musaoğlu və Ömər Özütəmiz imzalayıblar. Müraciət müəllifləri dövlət başçısından Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması məqsədilə beynəlxalq standartlara cavab verən Qarabağ Universitetinin yaradılmasını xahiş edirdilər. Müraciətdə qeyd olunurdu ki, sürətlə inkişaf edən Qarabağ belə bir universitetin açılması ilə inkişaf sürətini bir qədər də artıracaq. Təbii ki, bu gözəl ideya da bizim tərəfimizdən rəsmi qurumlara çatdırılıb. Hətta bu ideyanın gerçəkləşməsi üçün millət vəkillərinə, ziyalılara da müraciət etmişik. Bu müraciətlə bağlı Qarabağ bölgəsindən  millət vəkili olan Aqil Abbasa da müraciət etmişik. Bu gözəl bir ideyadır, bu ideyanın gerçəkləşməsi və resursların təmin olunması, strateji əhəmiyyəti haqqında rəsmi qurumların fikirləri çox önəmlidir. Amma onu deyə bilərəm ki, gec ya tez biz işğal altında olan Qarabağı tezliklə azad edəcəyik və orada belə universitetlərin də yaradılması xəyal yox, görəcəyimiz əsas işlərdən biri olacaqdır.

 

Ədalət.-2015.-17 mart.-S.4.