Klassik bəstəkarlara improvizə
edən cazmen
Azərbaycanın görkəmli
caz pianoçusu və bəstəkarı Vaqif Mustafazadənin
martın 16-sı doğum günüdür. Vaqif Mustafazadə Azərbaycan musiqisinin,
muğamının klassik Amerikan
caz musiqisi ilə sintezini yaradıb, bununla da XX əsr milli musiqimizə
tamamilə yeni ruh və
abu-hava gətirib. Onu
Azərbaycan Muğam Caz
Hərəkatının memarı, Azərbaycan cazının banisi adlandırırlar. Elə onun həyat yoldaşı Eliza
Mustafazadə Azərbaycanın peşəkar caz-muğam
tərzində oxuyan ilk
qadın ifaçısıdır.
Vaqifin lap erkən yaşından musiqiyə bağlanmasında qeyri-təbii bir şey yox idi. Özünün etiraf etdiyi kimi: "Anam, dəniz və İçərişəhər" onun taleyini birdəfəlik musiqiyə bağladı. Anası Zivər xanım Əliyeva Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını pianoçu kimi bitirmişdi. Əslində o, Azərbaycanın ilk pianoçu qadınlarından biri idi. Muğamları gözəl bilən və onları fortepianoda səsləndirməyi bacaran Zivər xanım bu sevgini, bütün bilgilərini oğluna da aşılaya bilmişdi. Uzun müddət 1 nömrəli musiqi məktəbində çalışmış, sonralar Vaqif Mustafazadənin ev-muzeyinin direktoru olmuş Zivər xanımın ən böyük yaradıcılıq uğuru da elə oğlu Vaqif oldu. Təsadüfi deyil ki, artıq 3 yaşından pianoya bağlanan Vaqifin məhəllədəki ləqəbi "muzıkant" idi.
V. Mustafazadə 1940-cı il mart 16-da Bakıda İçəri şəhərdə
anadan olub. 1963-cü ildə Asəf Zeynallı adına
Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. Burada kiçik konsertlər
verib və klublarda çıxış
edib. Dəyərli sənətkar əsasən,
klassik caz, bluz ifa edib.
Hətta
klassik bəstəkarların
- Bax, Motsart, Bethoven, Şopen, Şuman, Raxmaninovun əsərlərini çalarkən
caz improvizələri
edərdi. Deyilənə
görə o vaxt məktəbdə heç
kim onun
kimi çala bilmirdi. Vaqif həmin dövrün
ilk əsl virtuoz caz pianoçusu idi.
1964-cü
ildən "Orero"
ansamblına, "Qafqaz"
caz üçlüyünə,
"Leyli" və
"Sevil" qadın
vokal instrumental və
"Muğam" instrumental ansambllarına rəhbərlik
edib. Beynəlxalq caz müsabiqələri
və festivallarının
("Tallin-66", "Tbilisi-78", Monte-Karlo)
laureatı olub. Fortepiano və simfonik
orkestr üçün
konsertin, "Muğam"
simfoniyasının (tamamlanmamış),
bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş
və orijinal bir janr ortaya
çıxarmış "Muğam” simfoniyasının
müəllifi Vaqif Mustafazadə 1979-cu ildə
Azərbaycan Respublikasının
əməkdar artisti fəxri adına
layiq görülür.
1982-ci ildə artıq ölümündən
sonra Azərbaycan Dövlət Mükafatına
layiq görülüb.
V.Mustafazadə 1979-cu il
dekabrın 16-da Daşkənddə qastrol
zamanı ürək tutmasından vəfat edib
və Bakıda dəfn olunub.
Ədalət.-2015.-17 mart.-S.8.