"GÖYDƏN GƏLƏN BİR
İŞIĞAM"
Akif Amal Qubadlıda dünyaya göz açıb. Tibb İnstitutunu bitirib və neçə ildir Sumqayıtda həkim işləyir. Şeir yazmağa səksəninci illərdə başlasa da, doxsanıncı illərdən mətbuatda imzasını tanıdıb. İndiyə kimi altı şeir kitabı çap olunub. Ancaq həmişə "gizlənib", ifrat təvazökarlığı üzündən illər boyu üzə çıxmayıb, şeirləri barədə də bir kimsə söz deməyib. Deyir ki, Yazıçılar Birliyinə sənədlərimi təqdim etdim, xəbər çıxmadı. Amma bu yaxınlarda Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün yenidən sənədlərini təqdim edəndə ona dedilər ki, sən 2006-cı ildən üzvlüyə qəbul olunmusan. Niyə xəbərin olmayıb? Niyə gəlib biletini almamısan?
Bax, buna nə deyəsən? Vaxtilə, doxsanıncı illərin əvvəllərində "Azərbaycan" jurnalında, "Ulduz"da onun şeirləri dərc edilmişdi, poeziyaya istedadlı bir gəncin gəlişini xəbər verirdi bu şeirlər. Sonra şeir kitabları da çıxdı, amma bundan çoxları xəbər tutmadı. Kimdir günahkar? O və həm də Biz!
Akif Amalın nəşriyyata təqdim etdiyi şeirlərini əlyazması halında oxudum və bu yazını da isti-isti qələmə aldım...
Göydən
gələn bir zamanam-
Yaşayıram
an yerinə.
Arzu dolu
asimanam-
Açılıram dan yerinə.
Göndərildim
işıq kimi,
Doğuldum bir uşaq kimi.
Mən gəlmişdim
aşiq kimi-
Görünürəm
can yerinə.
İnsan gəlir dünyaya. Onun gəlişi adi
bioloji, fizioloji hadisə olmayıb, daha çox Allahın
(Xaliqin) sonsuz qüdrətinin təzahürüdür. Xaliqlə məxluq əslində mütləq bir vəhdət,
bölünməz bir bütövlük təşkil edirlər.
Allah insanı ona görə yaradır ki, öz
gücünü bəyan etsin, öz idrakını
sınağa çəksin.
İnsan gəlir dünyaya. Onun bu dünyaya gəlişi
Zamanın Anda reallaşması, Anın Zamana
qovuşmasıdır. O, işıq kimi gəlir. İşıq fəlsəfəsi Zərdüştdən,
Xeyrin Şər üzərində əbədi mübarizəsindən
yaranıb. Diqqət edin-İşıq
sözü Aşiq sözü ilə həmqafiyədir.
Aşiqlər də işığa bənzəyirlər.
Məcnun öz zəmanəsində mənəvi
zülməti işığa qərq etmək istəyirdi, onu
məhz bu işıqlı idealları üçün
yaşadığı mühit, orta əsr zehniyyəti səhralara
çaldı. Prometey işığı
allahlardan oğurlayıb insanlara payladığı
üçün Qaf dağında çarmıxa çəkildi.
Dünyanın ən işıqlı
insanlarıdır Aşiqlər.
Yer
şumladım, taxıl əkdim,
Çiçək dərdim, çələng
bükdüm.
Ulu
sözdən şirə çəkdim-
Yığdım qəlbə, - şan yerinə.
Dünyaya gəldi insan. Yer şumlamağa,
taxıl əkməyə, çiçək dərməyə,
sevməyə, sevilməyə, nəsil yaratmağa. Sözlərdən şirə çəkməyə.
"Bu xəlvət pərdəsini açan
zaman əlbəəl, Söz oldu bu cahanda cilvələnən
ilk gözəl" (Nizami). Allahın
"Kon" ("Ol") kəlməsindən yarandı
dünya, insan, söz. Söz insanın
başqa canlılardan fərqidir. Sözü
Allah mənziləsinə ucaldan, onu insan qəlbinin ahənginə,
musiqisinə çevirən isə şairlərdir. "Səfin önü, arxası o zaman ki, düzəldi,
Əvvəlcə peyğəmbərlər, sonra şairlər
gəldi" (Nizami).
Keçdim
ömrün parasından,
Ayrıldım
can sırasından.
Ulduzların
arasından
Ruhum baxdı Dan yerinə.
Zərrəyəm-ərzi
saracam,
İşığam-zülmət yaracam.
Bir ovuc
haqqam-vuracam-
Ürəklərdə qan yerinə.
Dünyaya gəldi insan. Sufi təliminə
görə, İnsan bütün ömrü boyu Allaha
doğru yol gedir. Dörd mərhələdən
keçir: şəriət, təriqət, mərifət və
həqiqət mərhələlərindən. "İnsan
şəriət dövründə mehr və pəhriz məqamlarını
bilməli, halal və haram hüdudlarını
ayırmalı, ikinci mərhələdə aydın təriqət
tutmalı, mərifət mərhələsində Allahı dərk
və qəbul etmək dərəcəsində kamilləşməli,
nəhayət, həqiqət mənzilinə yetib haqqa
qovuşmalıdır" (Ədəbiyyatşünas Sabir
Əliyev).
Əsil insan özünün "bir ovuc haqq"
olduğunu dərk edir və o, haqq yolunun yolçusu olur.
Və nəhayət:
Akif,
ömrün son anında,
Nə
yazılıb, - zamanında,
Ulu
Tanrının yanında -
Duracam bir Xan yerinə.
Misal gətirdiyim
və mümkün qədər izah etməyə
çalışdığım bu şeir sufi
ləfzinə uyğun gələn bir şeirdir.
Onun müəllifi Akif Amaldır.
Akif sufi düşüncəli bir şairdir və
sözümü isbata yetirmək üçün onun eyni
ruhda başqa bir şeirindən misal gətirmək istəyirəm:
Çəkdiyim
eşq-dərdim, - haqdı,
Hər
vaxt dərdi dərdim, - haqdı,
Ən
ucada göpdüm Haqqı -
Uca tutdu bir söz məni.
Tanı
bir az büküb göyə,
Qismətimi
yazıb deyə,
Göz
açandan üzü göyə
Çəkir bir əl, bir göz məni.
Əməllərim-ömrün
barı,
Aydan
arı, sudan duru...
Doğulandan
Haqqa sarı
Aparır yol, bir iz məni.
Akif,
haqqın dur izində,
Ucal
Tanrının gözündə...
Güldürəcək
göy üzündə
Açıq
alın, ağ üz məni.
Akif
Amalın şeirlərində İnsanın bu dünyada Haqqa,
Tanrı dərgahına qovuşmaq istəyi, bu istəyin, bu ali məram uğrunda
çırpıntıları əks olunur - hər halda
oxuduğum şeirlərdən gəldiyim ümumi nəticə
budur. Amma bu, İnsanı, onun həyat,
ölüm, varlıq, Vətən və sevgi haqqında
düşüncələri ilə heç də ziddiyyət
təşkil eləmir.
Onun təsvir etdiyi İnsan - lirik qəhrəman -
şair Akif Amal dünyanı yetərincə dərk etməyə
çalışır və özünəməxsus
duyğu və düşüncələri ilə diqqəti cəlb
edir. İlk baxışda onun bu düşüncələri
arxaik təsir bağışlayır, axı, həyat,
ölüm, varlıq, insan və zaman haqqında olan həqiqətlər
orta əsrlərdən üzü bəri ustad şairlərimizin
poeziyasında səslənib. Amma bu, zahiri
aldanışdır. Akif Amal bu
günün, çağdaş dünyamızın mənzərəsindən
həmin məlum həqiqətlərə yenidən
qayıdır və təbii ki, YENİ SÖZ deməyə
çalışır. Axı, dünya dəyişib
və əbədi meyarlar da dəyişilir, yeniləşir.
Özü də bu dəyişmələr
hamımızın gözləri qarşısında baş
verir:
Əyri
düzü ta sındırır,
Yalan
doğrunu yandırır,
Qanmaz
qananı qandırır,
Dünyanın üzü dəyişib.
Köhnə
yazılar pozulur,
Hər
şey tərsinə yazılır,
Yeni
planlar cızılır,
Tarixin izi dəyişib.
Yer
üstündən yellə axan,
Qara
buludlarla yağan,
Ulduzla
boylanıb baxan
Göylərin gözü dəyişib.
Akifin şeirlərində bu günün
düşünən, həyatın, gerçəkliyin təzadları
qarşısında səsini, səbrini içinə
salmayıb etirazçı bir mövqedə dayanan bir fərdin
duyğu və düşüncələri əks olunur. Oxuyursan bu
şeirləri, razılaşdığın məqamlar da
olur, razılaşmadığın da. Deyir ki:
Mənə
dəli kimi baxma, qardaşım,
Hər kəs elə bir cür pünha, dəlidir.
Yoxdur dərd
duyanım, bir qəm sirdaşım,
Saxta təbəssümlü dövran dəlidir.
Dəyişən
dövranlar, çərxi-fələkdir,
Akif tək
zərrələr, dalğa, küləklər...
Şeytanlar,
iblislər, huri-mələklər-
Allahdan
aşağı hər yan dəlidir!
Təbii
ki, hər bir fərdin dövr və zəmanə haqqında
öz müstəqil fikri ola bilər və
Akifin də belə düşünməyi onun öz
içindən gəlir. O istəyir ki, Yaradanın yeri
bilinsin, insanlar haqq yolunun yolçuları olsunlar. "Min il ötüb keçib, - sanki keçib an, Nə
məslək dəyişib, nə din, nə iman... Dövran o dövrandı, zaman o zaman". Təbii ki, bu misralar da eyni əhval-ruhiyyəni ifadə
edir. Bu nöqtədə Akiflə
razılaşmayaq. Doğrudur, onun "Nə xəbər"
şeirində böyük Nizamidən gələn
"Dünyaya zülm edən padşahlar hanı" kəlamından
doğan bir həqiqət var, amma zamanın, dövranın dəyişmədiyini
"Ac elə ac qalıb, toxdan nə xəbər?" arxaik
"modelinə" sığışdırmaq doğrumu?
Zamanı da, dövranı da tənqid etmək olar, bu
günün - XXI əsr - qloballaşan dünyanın təzadlarına
münasibət prizmasından... Amma mən Akifin
dövran və zəmanə haqqında şəxsi, subyektiv
düşüncələrinə hörmətlə
yanaşıram, bunu müstəqillik dövrü şairinin fərdi
düşüncəsi hesab edirəm.
Akif Amalın şeirlərində Tarix və
Müasirlik, dünən və bu gün bir-birindən
ayrılmazdır. O, tarixə keçmiş kimi baxmır. Tarix
təkcə yaşanılan, ötüb-keçən zaman
deyil, tarix hər zamanda yenidən doğulan ibrət dərsidir.
Tarixə bax, özünü, mənliyini,
xalqını, millətini dərk elə. Akif
Amalın "O daş bizi bağışlasın"
adlı poeması var və bu poema DAŞ təkcə simvol, rəmz
olaraq qalmır, Vətən tarixini səhifə-səhifə
bizə oxudur. Bütün təzadları
ilə.
Ulu
Füzulinin
Dərdə
dirsəklənən
Dünyəvi
qəzəlləri
Qürbətdən çığırır.
Babəkin
Qırılmıqş
qolları
Qəzəblə qalxır.
Türkün
bir vaxt
Cahana
sığmayan oğulları
İndi çöllərdə qurulan
Cırıq çadırlara sığır...
Bu şeir keçən əsrin doxsanıncı illərində qələmə alınıb. Səbr və dözümün, hiddət və qəzəbin sırası isə tükənmir, ona görə də: "Cənab Ali Baş Komandan! Siz bu gün, ən geci bu gecə müharibə əmrinə imza atsanız - əlinizdən öpərik. Biz O Əmrlə ən müasir silahların, tankların, topların keçə bilməyəcəyi səddə, sipərə dönərik".
Akif Amalın şeirləri təkcə mövzuya, toxunduğu mətləbə aydın, səlis münasibəti ilə deyil, həm də forma, şeir texnikası baxımından da diqqəti cəlb edir. O, sözün poetik rənglərini, çalarlarını yaxşı duyur, şeirdə artıq söz ifratçılığına, döyənək olmuş təşbihlərə, bədii təyinlərə müraciət eləmir. Hər şeirində sözün yeni, indiyəcən işlənməmiş xam qatına üz tutur. Məsələn, "Qərib bir qayıq"da sevdilinin obrazını belə yaradır: "Sən - Uca, çox uca göylərin ənginliyində, sonsuz dərinliyində asılıb qalmış Dan ulduzusan". Amma parıltılı və soyuq. Xəyala dalmış bir şairin şirin arzusu. Ləpələrin ağuşunda yelkənsiz üzən qərib bir qayıq. Və orda-şahə qalxan dalğaların qoynunda tənha çarpışan bir şairin vüsala köklənmiş ümidi, gümanı. Qırıq... qırıq... Şeirdə bu könüllərin uzaqlığı, vüsala köklənmiş ümidin qırıqlığı baş tutmayacaq bir sevginin səssiz fəryadı kimi mənalanır.
Sevgini yaşanılan, duyulan hiss kimi qələmə alır. Payız ömrünə bir gecikmiş bahar sevgisi gələ bilər. Amma gecdir.
Sən payız ömrümə gecikmiş bahar-
Bir solğun çiçək də gətirməmisən.
Könlüm bir eşq üçün etsə də qubar
Qəlbimdə qərənfil bitirməmisən.
Oxuduğum şeirləri içərisində Akifin xalq poeziyasına, aşıq şeirinə vurğunluğunun da şahidi oldum. Şeir dilində kələkötürlüyün, yanlışlığın izinə rast gəlmədim. Müasir qoşma mədəniyyətinə, heca şeirinin yaşarı ənənələrinə yaxşı bələddir. Sərbəst şeirdə də "avazı" yaxşı gəlir.
Daha nə yazım? Uğurlar...
Ədalət.-2015.-17 mart.-S.7.